UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilin əvvəlində  internet asılılığı olan məktəblilərin yüksək statistikasını açıqladı. Ötən həftə  isə BMT virtual məkanın yeniyetmələr üçün doğurduğu təhlükələrlə bağlı narahatedici məruzəsini təqdim etdi. Kibercinayətkarlığın qurbanı olmaq, cinsi istismar, ekstremistlər sırasına cəlb edilmək... internetdən gələn daha nə qədər bəla!

 

Həyəcanlanmaq üçün əsaslar var, həm də kifayət qədər çox! Qalanını da  biz deyək.

 

***

 

Ən qədim əyyamların xəbər aparıb-gətirən ağ-qara, boz göyərçinləri bir gün yerini poçt qutusuna, poçtalyonlara, daha sonra telefona, geniş ictimai xəbərləşmə müstəvisi televizora, radioya verəndə, insan rabitənin bu dinamik, sivil inkişafında sahib olduğu müsbət keyfiyyətlərinin heç birini itirmədi, əksinə, daha da kamilləşdi.

 

İbtidai xəbərləşmə üsulu məktub nümunəsində yazını, ana dilini, əzizlərə qayğını, sevginin, hörmətin xoş həyəcanını öyrənə bildi.

 

Telefon ixtirası ilə kəlmələrinə təmizlik, sözünə dəqiqlik qatmağa, başqa sözlə, nitq mədəniyyətinə sahibləndi. Üstəlik, yaxın insanların arasındakı əlaqələr bu nazik sim tellər üzərinə düşən birləşdirici rolla bir az da möhkəmlənmiş oldu.

 

Televizor və radio insanı geniş xəbər qanadında hər yerə, hər məsələyə daşıdı; onun mənəvi zövqlərə-kinoya, musiqiyə, gərəkli sosial-elmi diskussiyalara yolunu açdı.

 

Amma bütün bu mərhələlərdə insan nə məktub yazmaq xəstəsinə çevrildi, nə televiziya, nə radio düşkününə. Saatlarla asılı qaldığı telefon dəstəyi də qeybətdən daha artıq dərdləşmək, yaxın olmaq niyyətlərinə xidmət etdi. İnsan bunun da əsarətinə heç düşmədi.

 

Əski texnoloji inkişaf güman etməzdi ki, bir gün televiziyanın, radionun, teleqrafın, məktubun - hamısının rolunu kiçicik bir qurğu özündə daşıyıb, təkcə texnoloji dəb, yeni zövq, rahatlıq, çevik informasiya məsələsini ortaya qoymayacaq, eyni zamanda, insanı özündən  ayırıb, tamam başqa bir hala salacaq.

 

Günümüzün VAHİM tərəfi budur və həyəcan siqnalını çalanlar heç də haqsız deyillər.

 

Balaca mobil qurğunun içərisində sanki şeytan əməlli dostluq proqramları, özünü gözəsoxma və yazışma funksiyaları, müxtəlif oyunlar, deyil kitab dəbi, çap mətbəəsi, deyil rahat qoltuqda seyr edilən böyük ekran-cihaz, deyil aybaay aylığı ödənən ev telefonlarının əhəmiyyətini, başlıcası, insanın öz əzizlərinə, doğmalarına münasibətini də dəyişir.

 

Balaca qurğuya bitib-tükənməz eşq AİLƏ EŞQİNİ də üstələyir, kitab həvəsini də, dərs məsuliyyətini də. Saatlarla mobil qurğuya sarılıb, kim nə etdi, nə yazdı, nə paylaşdı, qarabaqara izləməyin, sutkanın yarıdan çoxunu bu macəra ilə keçirməyin sonucu gəncləri təhsildən, atanı evdən, ananı ev qayğılarından qoparıb, təsəvvürəgəlməz mənəvi problemlərin ortasına atır. Çünki texnologiyanın pis tərəflərinə İMMUNİTET güclü deyil.

O yanlış, təhlükəli cəhətləri özündən, ailədən kənar tutmağa iradə çatmır. Əksinə, ailənin kiçik fərdlərinə də, yəni kifayət qədər dərs yükü olan məktəbliyə də texnoloji qurğunun içərisindəki həngamələr sevgisinə yolu bəsit əyləncənin əlinə əsir düşmüş böyüklər özü açır. Nəticədə bəzən dərs auditoriyasında gizli feysbuk, votsap yazışmaları ucbatından 45 dəqiqəlik dərsdən hafizəyə faydalı bir damla düşə bilmir.

 

Bəzən valideyn sonra haray çəkir ki, təhsil niyə biz istəyən səviyyədə deyil! Uşağım niyə məktəbi sevmir; niyə alim ola bilmir?! Halbuki bəsit qurğuya bərk-bərk yapışmaq məktəblini dərsdən soyutduğu kimi, ata-ananı da balanın dərs qayğılarına vecsiz edir.  

 

VAHİMİYYƏT  hələ burda nədir ki!

 

Bir texnoloji rahatlıq əskisini kölgədə qoya, onun tamamilə önünə keçə bilər, amma insanları öz əsirinə çevirməsindən və cazibəni büsbütün öz üzərinə çəkməklə, yaxınlar arasında uzaqlaşma yaratmasından, insanı özünəqapanan, lal, tənbəl, ətrafa laqeyd bir məxluqa çevirməsindən, AİLƏ İNSTİTUTUNU ciddi zədələməsindən böyük dəhşət ola bilməz!

 

Əlbəttə, feysbuk, instaqramda 500 insanın paylaşdıqlarını yatana qədər izləmək, güdmək, bəyənib-bəyənməmək, nəyəsə həsəd aparmaq, nəyəsə qıcıqlanmaq, cavab yazmaq, cavab gözləmək, eyni şeyləri votsapda təkrarlamaq, ya da orda baş verənləri təqib etmək dərs üçün, ailə üçün ayrılmalı vaxtın mənasızcasına itirilməsi, dərs məsuliyyətinin, sağlam ailədaxili müzakirələrin arxa plana atılması, ailə daxilində arzuolunmaz MƏNƏVİ BÖHRANIN başlanması deməkdir.

 

Övlad ata-anadan, ər arvaddan, arvad ərdən uzaqlaşır; bir dam altında yadlaşmanın, tənhalığın, soyuq münasibətlərin təməli atılır.

 

Kimin nə düşünməsi, hansı kədərlə qıvrılması, kiçiklərin nə istəyib-istəmədikləri laqeydlik ucbatından gizli qalanda, bunlar bəsit telefon əyləncəsinin əsirinə çevrilən tərəfin gözünə görünməyəndə, ailə bir-birindən qopmağa başlayıb, dərin bir bataqlığa sarı yol alır.

 

Hər divan, kreslonu bir adamın zəbt edib, qurğuya bərk-bərk sarılması ənənəvi ailə sevincini, ailə xoşbəxtliyini, ailə dəstəyini dərin bir kədərin, QORXULU SÜKUNƏTİN içinə dəfn edir.

 

Bu günün ailəsi öz nəşəsini, dincliyini bir-birinin dizinin dibində, mərhəmətli baxışlarında, qayğıkeş əlində, təsəllisində yox, sosial şəbəkələrdəki şəkillərdə, sözlərdə, söyüşlərdə, konfliktlərdə axtarır.

 

Otağın o biri başındakı oğlunu yeməyə çağıran ananın cavabı mesajla alması, ərin arvaddan çayı votsap üzərindən istəməsi, votsap üzərindən gileylər, xahislər, yaxın adamların qayğıkeşliyinin, hal-əhval tutmanın səssizlik, sükunət daşınan ismarıc üsuluna ötürülməsi insanlar arasındakı mənəvi bağların tədricən qırılması, mənəvi kamilliyin azalması, RUHUN ZƏİFLƏMƏSİ  deməkdir.

 

Sabah səslər tanınmaz, danışmayan dillər küt, insanın kimlik və cazibə sirri nitq qüsurlu olacaq.

 

Hər qorxulu tendensiya üçün tədbir mütləq var. Bəlkə müəyyən qadağa! Bəlkə müəyyən məhdudiyyət! Millətin, toplumun, gəncliyin xeyrinə olan heç bir sərt qanunun, inzibati yasağın, hansısa məhdudlaşmanın anti-demokratiya ilə əlaqəsi ola bilməz...

 

Vəfa ALLAHVERDİYEVA