Azərbaycan Dövlət Pedaqoji Kollecində İslam Səfərlinin həyat və yaradıcılığına həsr olunmuş tədbir


ADPU-nun nəzdində  Azərbaycan Dövlət Pedaqoji Kollecində tanınmış şair İslam Səfərlinin həyat  və yaradıcılığına  həsr olunmuş “Gəl sevək bu  həyatı”  adlı tədbir keçirilib.

 

Öncə tədbirin təşkilatçısı, kollecin  Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə  doktoru  Vəfa   Yunusova  şair İslam Səfərli haqqında məlumat  verib. Bildirib ki, Naxçıvandakı 1 nömrəli məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra  şair könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdur.

 

İslam Səfərli dramaturq kimi də bir sıra əsər yazaraq ədəbiyyatımıza töhfə vermişdir. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. kimi sənət əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş,  tamaşaçı rəğbəti qazanmışdır.

 

ADPU-nun nəzdində Azərbaycan  Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  tədbirin tərbiyəvi əhəmiyyətindən  danışaraq,  şairin ailə üzvlərinin  rəhbərlik etdiyi kollecdə   tələbələrlə  görüşməsindən məmnun olduqlarını bildirib.

 

Tədbirdə iştirak edən  şairin oğlu, tanınmış rəssam İlham Səfərli, nəvəsi İslam Səfərli,  yazıçı Əlfi Qasımovun  qızı Gülnar Verdiyeva onunla bağlı xoş xatirələrindən söz açıblar.

 

Tədbirdə İslam Səfərlinin həyat və yaradıcılığına  həsr olunmuş  videoçarx göstərilib. Kollecin rəqs ansamblının üzvləri tədbirdə rəqs edib, mahnı oxuyub və ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.

 

Sonda  İlham Səfərli  belə bir tədbirin təşkilinə görə ailə üzvləri adından   kollecin direktoru  Qulu Novruzova  minnətdarlığını bildirib.

 

Şakir CƏFƏROV