“Gəl sevək bu həyatı” | |
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tanınmış şair İslam Səfərlinin həyat və yaradıcılığına həsr olunmuş “Gəl sevək bu həyatı” adlı tədbir keçirilib.
Öncə tədbirin təşkilatçısı, kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Vəfa Yunusova şair İslam Səfərli haqqında məlumat verib. Bildirib ki, Naxçıvandakı 1 nömrəli məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra şair könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdur.
İslam Səfərli dramaturq kimi də bir sıra əsər yazaraq ədəbiyyatımıza töhfə vermişdir. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. kimi sənət əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbirin tərbiyəvi əhəmiyyətindən danışaraq, şairin ailə üzvlərinin rəhbərlik etdiyi kollecdə tələbələrlə görüşməsindən məmnun olduqlarını bildirib.
Tədbirdə iştirak edən şairin oğlu, tanınmış rəssam İlham Səfərli, nəvəsi İslam Səfərli, yazıçı Əlfi Qasımovun qızı Gülnar Verdiyeva onunla bağlı xoş xatirələrindən söz açıblar.
Tədbirdə İslam Səfərlinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx göstərilib. Kollecin rəqs ansamblının üzvləri tədbirdə rəqs edib, mahnı oxuyub və ədəbi- bədii kompozisiya nümayiş etdiriblər.
Sonda İlham Səfərli belə bir tədbirin təşkilinə görə ailə üzvləri adından kollecin direktoru Qulu Novruzova minnətdarlığını bildirib.
Şakir CƏFƏROV |
|
27.04.2018 | 16:09 | |
|
|
|