Müasir dünyada həyatın problem dalğalarına sinə gərmək, ayaq üstə qalmaq asan başa gəlmir, həyat yetərli qədər sərtdir. Amma sərtliyi, çətinliyi, ağrı-acısı ilə yanaşı, xeyirxahlığı və mərhəməti ilə də əhatələnmişik. İnternetdə xeyirxah əməli, yaxınlarına, dostlarına deyil, hətta tanımadıqları insanlara görə özünü təhlükəyə atan, əməli saatlarla ayaqüstə alqışlanası insanların əks olunduğu yetərli qədər videolar var. Bəli, belə insanların hərəkətləri dünyanın bu üzü ilə dərk edilməsi üçün gözəl imkandır.
İndi gəlin başqa bir rakursdan baxaq, biznesdə nailiyyət/iflas, idmanda uğur/uğursuzluq, həyatda rəqabət/əməkdaşlıq yönündən. Yəni, yolu keçməkdə çətinlik çəkən bir ahıl insana kömək də var, biznesdə, idmanda rəqibinlə elə rəqib kimi davranmaq da.
Rəqabət elə bir platformada dayanır ki, orada şəxsi üstünlük, fərqlilik, müstəsnalıq hissi, eqo və öz dəyərini bilmə bacarığı rahatlıqla yer alıb. Bəllidir ki, rəqabət əməkdaşlığa antoqonistdir. Bax, bu məqamda müdriklik rəqabətlə əməkdaşlıq arasında qızıl ortanı tapmaq bacarığıdır. Mütəxəssislərin qənaətinə görə, şəxsiyyətlərarası münasibətlərdə 6 müxtəliflik mövcuddur.
“Mən qalib gəldim, sən də qalib gəldin”, “Mən qalib gəldim, sən məğlub oldun”, “Mən məğlub oldum, sən qalib gəldin”, “Mən məğlub oldum, amma sən də məğlub oldun”, “Mən qalib gəldim, başqalarının mövqeyi məni qəti maraqlandırmır”, “Hər iki tərəf nəinki öz marağı haqda düşünür, kiminsə qalib gəlməyəcəyinə şübhələr olduğu halda, ümumiyyətlə, qoşulmamağı qərar verir”.
Rəqabət “Mən qalib gəldim, sən məğlub oldun” rejimində işləyir. Mənim qələbəm sənin məğlubiyyətindən xəbər verir. Əməkdaşlıq isə “mən də qalib gəldim, sən də” düsturu ilə mümkündür. Marketoloq Stiven Kovi yazır: “Qalib/Qalib”- insanlar arasında bütün işgüzar əlaqələrdə hər iki tərəfin mənfəət əldə etməsi üçün ürək və düşüncənin xüsusi köklənməsidir (ayarlama).
Təəssüf ki, şəxsiyyətlərarası münasibətdə daha müdrik “Mən qalib, sən qalib. Mənim qələbəm, sənin qələbəndir” düşüncəsi “Mənim qələbəm, sənin məğlubiyyətin”, “Mən qalib oldum, sən məğlub”, “Mən məğlub oldum, sən də məğlub oldun” rejiminə uduzur. Çünki düşüncələrdə “Eyib etməz, qoy mənim inəyimi aparsınlar, əvəzində sənin 2 inəyin məhv olsun” zəlisi gəzir. Və bu insanların beynində “Qələbə üçün bütün vasitələr keçərlidir”, “Yalnız qaliblər tarix yazırlar”, “Qaliblər mühakimə olunmurlar” hakimdir. Bu xarakter adətən qəddar uğursuzluğa məhkumdur.
İndi bəzi misallarla fikirlərimizi arqumentləşdirək. Tomas Edison və Tesla, Bill Qeyts və Stiv Cobs, Plasido Dominqo və Xose Karreras və başqaları böyük futbol derbilərində olduğu kimi, barışmaz rəqib, bir-birinə aman verməyən biznes vahidləri kimi xatırlanırlar. Halbuki, bu insanların böyük əksəriyyəti məhz rəqabətdən xeyir götürərək bir-birini daha böyük nailiyyətlərə yönəldiblər. Biz bu “rəqib”ləri belə tanımışıq. Əslində, belə deyilmiş.
Məlumdur ki, 2012-ci ildə Apple dünyanın ən böyük şirkəti elan edilib. Stiv Cobs həmin dövrdə dünyanın digər böyük şirkətləri olan “Coca cola”, “Nike”-la rəqabət aparmırdı. Onun bir rəqibi var idi, əzəli və əbədi rəqibi - Microsoft-un qurucusu Bill Qeyts. Həm Stiv Cobs, həm də Bill Qeyts eyni yaşda idilər, bizneslərinə də eyni vaxtda və eyni şəraitdə başlayıblar. Bu illər ərzində sağlam rəqabətdə olublar. Bu rəqabət isə dünyaya “Windows” əməliyyatlar sistemini, Apple, iPhone, iPad-ı bəxş edib.
“Məhsul yaratmaq və yeni şeylər öyrənməklə bağlı bütün fantaziyalarımızı həyata keçirdik. Bu isə rəqabətin sayəsində oldu”- Bill Qeyts deyirdi. Və maraqlı məqam.1997-ci ildə Apple maliyyə cəhətdən çökürdü. Onu xilas edən bir şirkət oldu. Səhmlərinə 150 mln. dollar yatıran şirkət. Kim olsa yaxşıdır? Bir nömrəli rəqibi - “Microsoft” şirkəti! Görəsən, Qeyts Apple niyə çökdürmədi? Məsələnin incə məqamı burdadır: Qeyts əmin idi ki, Cobs kimi rəqibə böyük ehtiyac var. Rəqabətsiz isə inkişaf yoxdur.
Daha maraqlı bir məqam. Futbol azarkeşləri bilirlər ki, Şotlandiya futbol çempionatında 100 ilin əbədi rəqibləri “Seltik” və “Qlazqo Reyncers” qarşılaşması dünyanın ilk onluğunda olan derbilər siyahısında idi. Bu iki komandanın bir-birinə qarşı mübarizəsi, onların Avropanın digər, müxtəlif turnirlərində də özünü büruzə verib, bir-birinə rəqabətə görə daha çox güc sərf ediblər. Yəni, digər klublara qarşı hər zaman ciddi və çətin rəqib olublar. Amma “Qlazqo Reyncers” klubunun maliyyə çətinlikləri üzündən dağılması və aşağı liqaya keçməsi, “Seltik” klubunu da zəiflətdi. Rəqabətsizlik mühiti klubu adiləşdirdi.
Nəhayət, sonuncu misal. Dünyaca məşhur tenor Plasido Dominqo madridli, digər fenomen Xose Karreras isə kataloniyalıdırlar. Dünyanın 3 nəhəng tenorundan ikisi, iki ispan istedad uzun illər düşmən olub. Hətta təşkil olunan konsertlərdə biri iştirak edirmişsə, digəri həmin səhnəyə çıxmaqdan imtina edirmiş. Rəqabət müharibə həddində imiş. Nəhayət, 1987-ci ildə Karrerasın səhhətində ciddi problem yaşanır və ona leykemiya diaqnozu qoyulur. Xəstəliyə qarşı mübarizəyə başlayan müğənninin illər keçdikdən sonra həm səhhəti, həm də maddi imkanı zəifləyir və o, yavaş-yavaş “düşmən”ə təslim olmağa başlayır. Maddi imkanının xeyli aşağı olduğu bir dönəmdə Madriddə xərçəng xəstələrinə dəstək fondu yaradıldığını eşidir və fonda müraciət edir. Məhz “Hermoza” Fondu dahi sənətkarın həyatını xilas edir, Karreras yenidən səhnəyə qayıdır. Yüksək qonorarlar, musiqi yarışmalarına dəvət, TV-lərdə çıxış. Karreras Fondu yaddan çıxarmır və düşünür ki, onun xilaskarı olmuş fonda nədəsə yardımçı olsun. Köməkçilərindən Fondun təsisçiləri və ünvanı haqda məlumat almaq istədiyində, sözün əsl mənasında, şoka düşür. Məlum olur ki, Fondun təsisçisi onun əzəli və əbədi rəqibi Plasido Dominqodur. O da məlum olur ki, bu fond məhz Karrerasın xilas edilməsi üçün təsis olunub. Plasido uzun müddət bunu sirr kimi saxlamağı tapşırıb. Çünki Karrerasın hisslərinə toxunmaq istəməyib. Əmin idi ki, Karreras maddi yardım üçün heç vaxt düşməninə müraciət etməz. Və Madriddə təşkil olunan konsertlərin birində səhnədə çıxış edən Karreras Plasidonu görür, çıxışını saxlayır, ona yaxınlaşaraq diz çökür. Təbii ki, centlmenliyi ilə seçilən Plasido buna imkan vermir və uzun müddət qucaqlaşırlar. Jurnalistlərin “Hermeza” Fondunu yaradılmasında məqsədin nə idi?” sualına Plasido Dominqo möhtəşəm cavab verib: “Biz belə səsi itirə bilməzdik”.
Stiv Kovi yazır: “Xaraktercə “Qalib/Məğlub rejimində olanlar rastlaşdıqda, daha doğrusu, iki qətiyyətli, tərs, eqoist natura iş gördükdə yekunda “məğlub/məğlub rejimi qaçılmazdır. Hər iksi məğlub olacaq. Bəzi insanlar düşmən obrazında o qədər konsentrə olurlar ki, rəqibin uduzdurulmasından başqa heç nə düşünmürlər. Hətta bu məğlubiyyətin öz məğlubiyyətlərinə səbəb olacağını bilsələr də.
Qeyd etdiyim kimi, bu insanlar məğlub olmağı deyil, qalib gəlməyi bacarırlar. Çünki rəqabət əməkdaşlıq, sevgi və qarşılıqlı hörmət üzərində qurulub.
Və bir də... Sahən nə olursa-olsun, yarış. Düşün ki, sənin azından “bir rəqib”in var. Gücün, düşüncən varsa, həmin rəqibin nailiyyətlərini heyranlıqla, bir az da həsədlə izləyəsi deyilsən ki? İmkan olarsa əl tut, rəqib deyil, əməkdaş olmağa çalış. Çünki “Qalib/Qalib” köklənməsi həyatı əməkdaşlıq arenası edir.
Sənan NƏCƏFOV