Beynəlxalq simpozium Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Ölkəmizin bütün orta, orta ixtisas və ali təhsil müəssisələrində, təlim-tərbiyə ünvanlarında, ədəbi-bədii məclislərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin poetik nümunələri səslənir. Bütün tədbirlərdə Nəsiminin poeziyamıza dünya şöhrəti qazandırması günün aktual məsələsi kimi təhlilə cəlb olunur. Nəsiminin yaradıcılığı bütün türk dünyasında sevilir və böyük məhəbbətlə mütaliə olunur. Bu günlərdə Türkiyədə İ.Nəsiminin 650 illiyi münasibətilə təşkil olunan Uluslararası Simpoziumun təşkili və böyük müvəffəqiyyətlə baş tutması bunu bir daha sübut etdi.
Belə ki, sentyabr ayının 9-dan 11-dək Türkiyə Cumhuriyyətinin Kapadokya bölgəsinin Nevşehir Hacı Bektaş Veli Universitetində İ.Nəsiminin 650 illik yubileyi münasibətilə Beynəlxalq (Uluslararası) Simpozium keçirildi.
Tədbirin açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət himnləri səsləndi.
Nevşehir Hacı Bektaş Veli Universitetinin rektoru, professor-doktor Mazhar Bağlı Uluslararası Simpoziumun böyük Azərbaycan şairinin 650 illik yubileyinə həsr edildiyini, bu işdə onlara yardımçı olan Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Nuğay Əliyevə və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya öz təşəkkürünü bildirdi.
Sonra söz Cənubi Azərbaycandan gələn saz ifaçılarına verildi. Onlar Nəsiminin mərsiyələrini, qissələrini və qəzəllərini xorla oxuya-oxuya sazda müşayiət etdilər.
Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Birinci Tasavvuf Araşdırmaları Uluslararası Simpoziumun Təşkilat komitəsinin üzvləri, Azərbaycan Respublikası Təhsil cəmiyyətinin sədr müavini Taleh Şahməmmədov, cəmiyyətin əməkdaşı Reyhan Mənəfova və Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən tədqiqat qurumunun rəhbərlərindən biri olan Hamidreza Söhrabiabad plenar iclasda çıxış edənlərə öz təşəkkürlərini çatdırdılar.
Simpoziumun bölmə iclaslarında ən ürəkaçan məqamlarından biri Azərbaycan alimlərinin çıxışları ilə bağlı oldu. İlk məruzəni Azərbaycan Universitetinin nümayəndəsi qismində pedaqogika elmləri doktoru, professor olaraq mən (yəni Fərahim Sadıqov) etdim. Mövzu “İmadəddin Nəsiminin didaktik görüşləri və tərbiyəvi fikirləri” adlanırdı. Məruzədə böyük şairin didaktik görüşləri və tərbiyəvi fikirləri anlayışlarının mahiyyəti aydınlaşdırıldı. Göstərildi ki, Azərbaycanın, eləcə də Yaxın Şərq poeziyasının ən görkəmli, bənzərsiz simalarından biri İ.Nəsiminin yaradıcılığında məhəbbət mövzusu geniş yer tutsa da, şairin əsərlərində didaktik fikirlər, tərbiyəvi xarakterli ideyalar diqqəti daha çox cəlb edir. Çünki onun didaktik fikirləri oxucunu bir növ öyrədir, ona təlim verir, onu təhsilləndirir və tərbiyələndirir. Deməliyik ki, böyük şairin irsində mövcud olan poetik fikirlərin hamısı oxucuları təhsilləndirir, onlara yeni elmi ideyalar verməklə yanaşı, onların əxlaqının saflaşmasına istiqamət verir. Altı yüz əlli ildən çoxdur ki, Nəsiminin didaktik görüşləri və tərbiyəvi fikirləri öz təsir gücünü artırır.
Nəsimi Azərbaycan dilində örnək poetik ideyaları ilə Azərbaycan poeziyasında fəlsəfi-estetik fikrin əsasını qoymuşdur.
Nəsiminin belə fəlsəfi fikirlərini onun ictimai-fəlsəfi şeirlərində, müstəzad, tərcibənd, məsnəvi, müləmmə, tuyuq və başqa şeir nümunələrində görmək olar. Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl və örnək nümunələrini yaradan şairdir.
Diqqətə çatdırıldı ki, yaradıcılığında hürufilik ideyalarından uzaqlaşmayan şairin poeziyası bütövlükdə oxuculara dərin elmi biliklər verir. Çünki dərin elmi, fəlsəfi, məntiqi mahiyyət kəsb edən belə didaktik fikirlər insanlara biliklərin əsaslarını öyrədir.
1369-cu ildə Şamaxı şəhərində seyid ailəsində doğulan və əsl adı Əli olan şairin atası Seyid Məhəmməd də öz dövrünün tanınmış adamlarından olmuşdur. Nəsimi ilk təhsilini doğma şəhəri Şamaxıda alsa da, sonralar öz biliyini artırmaq, formalaşdırmaq və təkmilləşdirmək məqsədi ilə geniş mütaliə ilə məşğul olmuşdur. O, bir çox fəlsəfi cərəyanlarla, dini-təriqətlərlə maraqlanmış, onların mahiyyətini, məzmununu, fəlsəfi görüşlərini dərindən öyrənmişdir.
Nəsimi hürufiliyi böyük arenada təbliğ etmək üçün Hələb şəhərinə getməyə qərar verir. Nəsiminin Hələbə getməsinin əsas səbəblərindən biri də o dövrdə Hələbin ən böyük mədəniyyət və ticarət mərkəzi olması idi.
Nəsimi Hələb şəhərinə gəldikdən sonra ətrafına bir çox tərəfdarlar toplayaraq böyük ustadı Fəzlullah Nəiminin yaratdığı hürufi təriqətinin ideyalarını yaymağa başlayır. Bu isə Misir məmlüklərini və Hələb rühanilərini narahat edir. Çox keçmir ki, şəhər ruhanilərinin fitvası ilə Nəsimiyə ölüm hökmü verilir. O, edam edilir.
Azərbaycan ədəbiyyatında söz haqqında bir çox şairlərin öz qiymətli fikirlərini söyləməsi məruzədə yer aldı. Nəsimi də bu mövzuya toxunmuş, fikirlərini poetik şəkildə qələmə almışdır. Odur ki, Nəsiminin didaktik görüşləri içərisində ən maraqlı cəhətlərindən biri onun sözə, dəyərli fikrə, məntiqi mühakiməyə, fəlsəfi ideyalara dərin qiymət verməsidir. O, bir şeirində göstərir:
Dinləgil bu sözü ki, candır söz,
Aliyü asimanməkandır söz.
Bu hədisə nəzər qıl, ey aqil,
Anlayasan ki, bigümandır söz.
Kafü nundan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır söz.
Aqil isən sözünü müxtəsər et,
Ey Nəsimi, çü bigirandır söz.
Dərin didaktik mahiyyət kəsb edən bu misraları təhlil edərkən böyük Nizaminin söz haqqında fikirləri yada düşür:
Sözün də su kimi lətafəti var,
Hər sözü az desən, daha xoş olar!
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verər o da.
Nizaminin məntiqinə görə, hər sözü yerində, zamanında və miqdarında demək lazım gəlir. Sanki Nizami fəlsəfəsindən qidalanan Nəsimi canlı sözün ağılla, səbirlə, təmkinlə dinlənilməsini tövsiyə edir. O göstərir ki, yerin, göyün kəşf olunmasında söz əsas rol oynamışdır. Sözdən yaranan ideyalar elmi həqiqətləri özündə əks etdirməklə elmi ideyaların, kəşflərin yaranmasına səbəb olmuşdur. Lakin anlayan insanlar üçün sözdən yaranan həmin elmi ideyalar əyan olur, başa düşülür, dərk olunur və düzgün qiymətləndirilir. Nəsimi üçün “haqq” sözü əsl ədalət normasıdır. Nəsimi fəlsəfəsinə görə, “haqq” sözü insan həyatının, məişətinin, təhsilinin, tərbiyəsinin, davranış mədəniyyətinin əsl meyarı olub, haqqı özündə təcəlla edən sözdür. Ona görə bir şeirində Nəsimi belə yazır:
Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,
Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.
Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün,
Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?!
Əslində, “ənəlhəq” sözünün əsl fəlsəfi mənası Nəsimi yaradıcılığında, poeziyasında öz inikasını tapır. Çünki “ənəlhəq” sözünün sirləri yalnız Nəsimi şəxsiyyətinə, fəlsəfəsinə, məntiqinə, onun dünyaya, ətraf mühitə baxışlarına məxsus olduğu iddia edilir. Bu şeirlərdəki poetik fikirlərdən görünür ki, ənəlhəqin sirlərini söyləyən insan kimi bu dünyaya gizli gəlməsini qeyri-adi hadisə kimi təqdim edən şair haqq sözünün ona məxsus olduğunu, haqqın isə onun mənəvi dünyasında məskən saldığını bəyan edir. Bütün bunlar hürufizm nəzəriyyəsindən nəşət edən ideyalardır.
Başqa bir şeirində hürufizm fəlsəfəsinin bir sıra digər ideoloji məqamlarını, məntiqi mahiyyətini xatırladaraq deyir:
Bavü sin mim üçün bəşarətdir,
Əlifü lamü ha işarətdir.
Yedi qat yer, yedi dəxi gökdür,
Anla bu yeddiyi ki, külfətdir.
Bir günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Bu şeirdə hürufizmin simvolları daha qabarıq şəkildə öz əksini tapır. Məlum olduğu kimi, “hürufizm” sözünün etimoloji mənasına diqqət etsək, bu sözün birinci tərəfində “hurf” sözünü görmüş olarıq. Yəni “hərf” sözünün əks olunduğunu yəqin etmiş olarıq. Hərf sözündən yaranan bu anlayışın əsas mahiyyəti hərflərə hörmət, ehtiram, onların hər birinin Tanrı tərəfindən yerə göndərildiyi və müqəddəs məna çalarları kəsb etməsi kimi başa düşülür. Hürufilərə görə, bütün cahan 28 hərfin mahiyyətindən, məzmunundan nəşvi-nüma tapmışdır. Tanrı onları yerə göndərməklə yer üzündə ictimai, iqtisadi, siyasi, mədəni fəaliyyətin bütün sahələri üçün zəruri olan elmi ideyaların əsas təmayüllərini insanlara bəxş etmişdir. “Əlif” hərfinin işarəsinin mənası belədir: “Allah təkdir, göydədir, mütləqi hakimdir, onun şəriki yoxdur”. Bey, sin, mim, lam hərflərinin isə simvolik məna çalarlarına görə yer kürəsi hidrosfer, biosfer və litosfer kimi məkanların sirlərini öyrənmək üçün Tanrı bu işarələri insanlara göndərmişdir. Şeirdə hürufizmin rəqəmlərə olan inamı isə 7 rəqəminin müqəddəsliyi ilə özünü təsdiq edir. Nəsimiyə görə, yerin 7 qatı olduğu kimi, göyün də 7 qatı mövcuddur. Əslində, yeddi sözü ərəbcə “həft” deməkdir. “Həft” sözü isə “həftə” sözünün köküdür. Hürufizm nəzəriyyəsində həftənin 7 günün olması ərəb əlifbasının 28 hərfinin yeddi dördün cəmindən yaranması kimi təqdim olunur. Nəsimiyə görə, 7 mərhələdən ibarət olan qalaktikanın sirlərini öyrənmək çox çətindir. Nəsimi özünü qalaktikadakı günəş planetinə bənzədərək izah etməyə çalışır ki, günəşin sirlərini öyrənmək çətin olduğu kimi, onun elmi ideyalarının, didaktik fikirlərinin öyrənilməsi də çox çətindir. Nəsiminin bütün didaktik fikirlərində biliklərin əsaslarının öyrənilməsi dərin mövqe tutursa, həmin misralarda tərbiyə elementləri də öz əksini tapır.
Məruzədə Nəsiminin ayrı-ayrı poetik nümunələrinin əxlaq tərbiyəsi aşılamaq, estetik bədii zövq formalaşdırmaq tərəfləri təhlilə cəlb edildi. Bütün bunlar simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Simpoziumda Azərbaycan Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadənin “Nəsimi yaradıcılığında musiqi mədəniyyəti nümunələri” mövzusunda təqdim etdiyi məruzəsi də çox maraqla qarşılandı.
Türkiyəli alimlərdən İzmir Katib Cələbi Universitetindən prof. Dr. Ömür Ceylan, Nevşehir Hacı Bektaş Veli Universitetindən prof.Dr. Mehmet Çeribaş, İstanbul Kultur Universitetindən Mehmet Fatih Köksal Nəsiminin yaradıcılığını müxtəlif tərəflərdən dəyərləndirilən məruzələri ilə simpozium iştirakçılarının rəğbətini qazandılar. Bu çıxışlar içərisində prof. Dr. Mehmet Fateh Köksalın çıxışı bizim daha çox xoşumuza gəldi. Ona görə ki, o, Nəsiminin əruzun ayrı-ayrı bəhrlərində, o cümlədən rəməl, rəcəz, həcəz, mütəqarib və s. yazdığı poetik nümunələri çox yaxşı təhlil etdi. Professor Nəsiminin tuyuqlarını da ətraflı və qaneedici bir şəkildə təhlilə cəlb etdi.
Simpoziumun sonuncu günü Azərbaycan Dillər Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova, Azərbaycan Milli Elmlər Akademiyasından dos. Dr. Nardanə Yusifova, dos.Dr. Qüdsiyyə Mirhüseyin öz məruzələrində Nəsimi yaradıcılığına müxtəlif parametrlərdən yanaşdılar. Məsələn, Şəfiqə Tahirovanın “Nəsimi yaradıcılığında kamil insan obrazı” mövzusundakı məruzəsi çox maraqla qarşılandı. Konfransda türkiyəli öyrəncilərlə yanaşı, Azərbaycan Universitetinin əlaçı tələbəsi Fəranə Məmmədova da çıxış etdi. Öyrəncilərin Nəsimi yaradıcılığına müraciət etməsi də maraq doğurdu. Çünki öyrəncilərin klassiklərimizin yaradıcılıqlarına müraciət etmələri, onların yaradıcılığının ayrı-ayrı tərəflərini araşdırmaları çox faydalıdır.
Tədbirin bağlanış mərasimində isə ən maraqlı nüanslardan biri Azərbaycan Uşaq Teatrının əməkdaşlarının Nəsimi yaradıcılığına həsr etdikləri kompozisiya məclis iştirakçılarını heyran etdi. Onlar Nəsiminin qəzəllərindən birinə xoreoqrafik elementlər, dramatik süjetlər əlavə etməklə gözəl bir mədəniyyət abidəsi yaratdılar. Nəsimi poeziyası ilə bağlı təqdim olunan poetik nümunələri sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə kamançada ifa etdiyi muğamlarla müşayiət elədi.
Beləliklə, “I Tasavvuf Araşdırmaları Uluslararası Sempozyumu: Nesimi-650” Nevşehir Türkiyə tədbiri başa çatdı. Türkiyədə Nəsimiyə olan sevgi, ehtiram, məhəbbət bizi valeh etdi. Türkiyənin ayrı-ayrı ali məktəblərində Nəsimi poeziyasının tədris olunması Azərbaycan nümayəndə heyətini ona görə sevindirdi ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə alimlərinin türk dünyasının sevimli şairinə hədsiz məhəbbəti vəhdət təşkil edir.
Fərahim SADIQOV,
Azərbaycan Universitetinin professoru, pedaqogika elmləri doktoru