Ümumi təhsil qanunu respublikamızda bilinqval və polilinqval təlimə zəmin yaradıb


Dünyada qloballaşma və inteqrasiya meyillərinin gücləndiyi, sosial-iqtisadi əlaqələrin və əmək bazarının genişləndiyi bir şəraitdə ikidilli və çoxdilli (bilinqval və polilinqval) cəmiyyətlərdə yeni təhsil konsepsiyaları və modellərinin tətbiqi aktuallaşır. Xüsusilə də multikultural mühitə, digər mədəniyyətlərə açıq və tolerant münasibətə malik ölkələr üçün ikidillilik və çoxdillilik adi bir hala, daha doğrusu, həyat və düşüncə tərzinə çevrilməyə başlayıb.

 

Ana dilinin dominantlığı şəraitində ikidilliliyin və çoxdilliliyin tədrisə gətirilməsi, bunun cəmiyyətdəki real dil situasiyasına, milli maraqlara, həm də yerli və beynəlxalq əmək bazarının spesifikasına uyğun həyata keçirilməsi müasir dünyada maraqla qarşılanan, digər tərəfdənsə, ehtiyatla müşahidə olunan bir prosesdir.

 

İkidillilik və çoxdillilik müxtəlf ölkələrdə və cəmiyyətlərdə tam fərqli cür motivasiya olunur. Deyək ki, bu gün inkişaf etməkdə olan ölkələrdən on və yüz minlərlə əmək miqrantlarını qəbul edən Amerikada və Avropa ölkələrində çoxdillilik bir cür, Rusiya kimi etnik qruplar və millətlər zənginliyinə malik ölkədə başqa cür, əhalisinin əhəmiyyətli hissəsini başqa xalqlar təmsil edən Qazaxıstanda isə  tam ayrı şəraitdən irəli gəlir...

 

Bilinqval və polilinqval ünsiyyət və təhsil məkanı statusunu sosial-psixoloji və  elmi-pedaqoji cəhətdən əsaslandırmaq üçün Azərbaycanın öz arqumentləri var. Bu statusun qazanılması və qorunması müasir dövrdə ölkəmiz üçün olduqca önəmli rol qazandıra bilər.

 

Birincisi, Azərbaycan xalqı öz xarakterinə və mentalitetinə, həyat tərzinə və dünyagörüşünə görə tolerant xalq kimi digər mədəniyyətlərə və xalqlara açıqdır, ikincisi, bu, özünü ölkənin apardığı çevik və balanslaşdırılmış siyasətdə tapmaqla son bir neçə ildə həyata keçirilən beynəlxalq səviyyəli tədbir və layihələrdə, çağırışlarda təsdiqləyib. Üçüncüsü və ən vacibi, bilinqval təhsil və ünsiyyət Azərbaycanın ictimai-mədəni, sosial-iqtisadi həyatında və təhsil məkanında mövcud olan və dərin ənənələrə malik bir haldır. Sadəcə, bu vəziyyətin yeni reallıqlar və dəyərlər baxımından dərkinə, dünya təcrübəsi və yeni elmi-metodiki yanaşmalar kontekstində qiymətləndirilməsinə ehtiyac var.

 

Biz özümüz də dərk etməyə macal tapmamış sosial-ictimai həyat, iqtisadi münasibətlər, internet şəbəkələri, insan resurslarının yerdəyişməsi və sair təsirlər bizi ikidilli və çoxdilli auditoriyalara cəlb edib. İşdə, məktəbdə, universitetdə, elektron resurslar məkanında biz bir neçə dilin istifadəçisinə çevrilmişik. Tədris standartlarına və planlarına uyğun olaraq məktəb və universitetlərimizdə, eyni zamanda ən azı iki xarici dil öyrənirik və istifadə edirik. Bəzi məktəblərimizdə Azərbaycan və rus bölmələri ilə yanaşı, ingilisdilli beynəlxalq tədris proqramları da  fəaliyyətə başlayıb. Bir sıra universitetlərimizdə Azərbaycan, rus və ingilis dillərində mütəxəssis hazırlığı həyata keçirilir.

 

Biz  bu gün nəzəriyyə əsrində deyil, təcrübə, eksperiment, real və həyati layihələrin icrası əsrində yaşayırıq. Həllini gözləyən problemlər sırasına bilinqval və polilinqval təhsil problemi də gəlməkdədir. Bu arada gündəmə gələn olduqca həyati bir qanun - “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu göstərdiyimiz təhsil modellərinin ölkəmizin təhsil məkanında tanınmasını labüd edir.

 

Bildiyimiz kimi, bu gün respublikamızda təlim rus dilində aparılan məktəblərin sayı 350-yə yaxındır. Bu məktəblər əsasən Bakıda yerləşir. Elə təlimi ingiliscə aparan və beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər əcnəbi dillərdə təhsil verən məktəblər də paytaxtın payına düşür. Prezident İlham Əliyevin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Ümumi təhsil haqqında” Qanun (6.4.Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.”) ümumi təhsilin pillələrindən biri sayılan məktəbəhazırlıq mərhələsindən  başlamış bütün digər orta təhsil pillələrində  azərbaycanşünaslıq tədris materiallarının təmsil olunmasına və bu materialların dövlət dilində tədrisinə şərait yaradır.

 

Bu gün müasir sivil cəmiyyətlərə xas olan dil müxtəlifliyi şəraitində böyük məna və əhəmiyyət kəsb edən bilinqval təlimin problemləri müxtəlif elmi konfransların ciddi mövzularındandır. 29 aprel - 3 may 2019-cu il tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində baş tutmuş və dünyanın 49 ölkəsindən 500 nəfərədək tanınmış filoloq, pedaqoq, metodist alimin qatıldığı MAPRYALın “Çoxdilli dünyada rus sözü” adlı XIV Konqresində, eləcə də 19-22 may 2019-cu il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “Rusca. Çoxdillilik kontekstində” mövzusunda II Beynəlxalq konqresdə bilinqval təlimin problemləri geniş müzakirə obyektinə çevrildi. Dəvət aldığımız bu konqreslərdə müxtəlif ölkələrdə rusdilli təhsilin yerli təhsil məkanına inteqrasiyası, dillərin və mədəniyyətlərin ünsiyyəti, əməkdaşlığı şəraitində təşkili müzakirə olunub. ABŞ, Almaniya və Qazaxıstanda mövcud olan ikidilli məktəbəqədər və orta təhsil müəssisələrinin özünəməxsusluğu, tədris prosesinin unikallığı, üstünlük və çatışmazlıqları müzakirə edilib, tanınmış metodist-alim rusiyalı Yelizaveta Aleksandrovna Xamrayevanın Rusiya Dövlət Pedaqoji Universitetində (Sankt-Peterburq) rəhbərlik etdiyi İkidilli və çoxmədəniyyətli təhsil mərkəzinin fəaliyyəti və tədqiqat istiqamətləri, ABŞ-da bilinqval təlim təcrübəsi barədə professor Den Devinsonun, Almaniyadakı bilinqval uşaq bağçaları və məktəblərdə təlimin xüsusiyyətləri haqqında Marina Burdun məlumatları maraqla qarşılanıb. Rusdilli təhsilin Azərbaycan təcrübəsi və mövcud problemlər isə tərəfimizdən təqdim olunub.

 

Bilinqval təlimin problemlərinin müzakirə olunduğu bir zamanda ölkəmizdə qəbul olunan “Ümumi təhsil haqqında” Qanunda tədris dili məsələsinin xüsusi qabardılması (6.1.Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir) və əcnəbi dillərdə təlim aparan məktəblərdə dövlət standartlarının gözlənilməsi və azərbaycanşünaslıq materiallarının tədrisinin məcburiliyi çoxdan gözlədiyimiz yeni tədris situasiyasının formalaşması üçün şərait yaradır.

 

Digər dillərdə təlimin mövcud olduğu bir ölkədə (söhbət əsasən Bakı məktəblərindən gedir) ana dilində tədrisə və ölkəşünaslıq materiallarına yer verilməsi ilə bağlı qanunvericilik aktlarının qəbul olunması və bunun hətta qanun səviyyəsində təsbiti, təbii ki, alqışlanır. Təhsilini rus dilində almaq istəyən uşaqların bu xarici dil üzrə müsahibədən keçirilməsinə başlanılması da başadüşüləndir. Çünki istənilən halda şagird ilk informasiyanı onun daha asan qavraya bildiyi dildə almalıdır.

 

Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının tədrisi əvvəllər də tələb olunurdu. Hazırda bu fənlər əsasən təlim dilində tədris edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən edəcəyi yeni tədris şəraitində artıq bu fənlər qarşısında yeni tələblər qoyulmalıdır: birincisi, tədris planında “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi” və “Azərbaycan coğrafiyası” adlandırılan fənlər ana dilində tədris olunmalıdır; ikincisi, fənn kurikulumunun məzmun xətlərinə müvafiq olaraq, orta və yuxarı siniflərdə şagirdlərin ana dilində onların dil-danışıq bacarıqlarının inkişafi, nitq mədəniyyətinin formalaşması və ədəbi dil qaydalarını mənimsəmələri üçün ən azı 5-9-cu siniflərin tədris planına “Azərbaycan ədəbiyyatı” fənni daxil olunmalıdır (yuxarı siniflərdə fənn ümumi -  “Ədəbiyyat” adı altında davam etdirilə bilər); üçüncüsü, ibtidai siniflərdə 1-ci sinifdən başlayaraq oxu və yazı dərsləri paralel olaraq Azərbaycan və rus dillərində aparılır (Azərbaycan dilinə ayrılmış saatlar da qatılmaqla); dördüncüsü, “İbtidai sinif müəllimi” ixtisası üzrə mütəxəssis hazırlığı proqramında ingilis dilinin tədrisinə də önəm verildiyindən ikidillilik şəraitində müəllim bəzi sözlərin həm də ingilis dilində səslənməsinə və tədricən sinfin çoxdillilik şəraitinə uyğunlaşdırılmasına çalışmalıdır; beşincisi, bilinqval təlim aparılan siniflərdə dillərin paralelliyi şəraitində digər fənlər üzrə tədris materiallarının metalinqvistik köçürülmə prosesi hər bir müəllimdən hər iki dil üzrə biliklərini daim artırmağı, göstərilən fənlər üzrə dərslik komplektlərinin iki dilin paralelliyi təmin olunmaqla tərtibini  tələb edir.

 

Rusdilli ailələrdən məktəbə gələn və ya məktəbəhazırlıq proqramını rus dilində keçən uşaqlardan formalaşan sinif komplektlərində ibtidai sinif pilləsində ana dilində sərbəst ünsiyyətqurma vərdişinin təmin olunması asan və ağlabatan deyil. Bu zaman tədricən tədrisdə dillərin bərabərliyinin (paritetinin) təmin olunması yalnız Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının orta siniflərdə tədrisi yolu ilə reallaşa bilər.

 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tədris dili ilə bağlı tələbinə hörmətlə yanaşmaqla yanaşı, bilinqval təlim üçün vacib olan bir şərti xüsusi vurğulamaq istərdik: şagirdlər hər iki dili ana dili səviyyəsində mənimsəməlidirlər. Bu məqsədlə: 1)ümumi təhsilin ibtidai, orta və yuxarı sinifləri üzrə tədris planları, hər bir fənnin kurikulumu, tədris standartları, dərsliklər bilinqval təlimin məqsəd və vəzifələrinə uyğun tərtib edilməli; 2)Azərbaycan və rus dillərində təlim inteqrativ xarakter daşımalı; 3)bilinqval təlimə cəlb olunmuş müəllimlər müvafiq təlim kursları və treninqlər keçməlidirlər; 4)təlimi rus dilində aparan məktəb və siniflərin sayının artması pedaqoji kadrlar hazırlayan universitetlərimizi bilinqval (ikidilli) müəllim hazırlığı proqramı həyata keçirməyə vadar etməlidir. Fikrimizcə, pedaqoji universitetlərimizin rus bölməsinə tələbə qəbulu planını artırmaqla yanaşı, Azərbaycan bölməsində rus dilinin tədrisi üzrə saatların artırılmasına diqqəti yetirməli, ali məktəblərimizin də elmi-metodiki potensialını bilinqval və polilinqval təlimin xidmətinə yönəltməliyik; 5)nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyətinə xas olan tolerantlıq və multikultural keyfiyyətlər, multikulturalizmin dövlət səviyyəsində dəstəklənməsi və təbliği ölkəmizin təhsil sistemində bilinqval və polilinqval təlimin yer almasına ciddi zəmin yaradır. 

 

Professor Den Devinson ABŞ-da bilinqval təlim təcrübəsi barədə danışarkən bu təlim modelinin üstünlüyünü vurğulayır, ölkə əhalisinin 70%-nin bilinqv olduğunu, bilinqval və polilinqval məktəblərin daha çox müvəffəqiyyət qazandığını göstərir.

 

Qloballaşma dövründə bilinqval və multilinqval təhsil modellərinin qaçılmazlığı qabaqcıl təhsil sistemlərinə malik  ölkələr üçün artıq normaya çevrilməkdədir. Amerikada Kanadanın, Avropada Almaniya və Finlandiyanın, Asiyada Sinqapur və Malayziyanın, MDB-də Qazaxıstanın bu sahədə təcrübəsi maraqla qarşılanır...

 

Qabaqcıl cəmiyyətlər onilliklər və yüzilliklər boyu mədəniyyətlərarası dialoq, Şərq-Qərb əməkdaşlığı, müqayisəli dilçılık və ədəbiyyatşünaslıq, fərqli və oxşar mədəniyyətlərdə tipoloji və ideya-mövzu yaxınlığı, tədrisdə etnomədəni təhsil komponenti kimi məsələləri təkcə elmi müstəvidə nəzərdən keçirmir, həm də onların tətbiqinə nail olmaqla ciddi nəticələr əldə etməkdədirlər. Ölkəmizdə də bilinqval və multilinqval təlimə keçidin kifayət qədər güclü elmi-nəzəri bazası var. Ən başlıca cəhət ondadır ki, eyni məktəblərimizdə təlimin Azərbaycan və rus dillərində aparılmasının böyük təcrübəsi var. Bu təcrübəni məktəb miqyasından sinif miqyasına endirmək, yaş xüsusiyyətlərini, dilmənimsəmə standartlarının tələblərini nəzərə almaqla tədris planlarını qurmaq, müvafiq tədris resursları bazası yaratmaq lazımdır.  

 

Bu gün K.Yaspersin, A.Toynbinin, O.Şpenqlerin, M.Buberin, M.Baxtinin, V.Biblerin, M.Dostoyevskinin, L.N.Tolstoyun, N.Danilevskinin, N.Berdyayevin, N.Rerixin, E.Meylerin, L.Qumilyovun, Y.Lotmanın və onlarla digər tanınmış zəka sahiblərinin mədəniyyətlərarası dialoqla bağlı nəzəri görüşlərini əks etdirən kitab və məqalələr Azərbaycan oxucusuna yaxşı məlumdur. Müstəqillik illərində bir sıra universitetlərimizin və AMEA institutlarının bu mövzuda təşkil etdikləri konfrans, simpozium, forumlar ənənə halını alıb, nüfuzlu elmi dərgilər və məcmuələr çap edilir, göstərilən elmi-nəzəri istiqamətdə elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Məşhur filosof və filoloq Mixail Baxtinin “iki mədəniyyətin dialoqu prosesində onlar bir-birinə qovuşmur, bir-birinin içində ərimirlər, hər biri öz bütövlüyünü və aşkar tamlığını qorumaqla yanaşı, həm də qarşılıqlı surətdə zənginləşirlər” tezisi hazırkı şəraitdə mədəni dialoqun aktuallığını gündəmə gətirib.

Bilinqval və ya poli (multi) linqval təhsil həm də daha çox mədəniyyət və sivilizasiya ilə tanışlığa şərait yaradır. Bu mənada əksər tədqiqatçılar YUNESKO-nun mədəniyyət sahəsində siyasətini bəyan edən Mexiko deklorasiyasına da tez-tez istinad edirlər. Deklorasiyanın bəndlərindən birində deyilir: “Heç bir mədəniyyət mücərrəd şəkildə universallıq hüququ qazana bilməz, universallıq bütün dünya xalqlarının təcrübəsindən hasil olan keyfiyyətdir. Onlardan hər biri özünəməxsusluğunu təsdiq edir. Mədəniyyətin orijinallığı və mədəni müxtəliflik bir-birilə qırılmaz vəhdətdədirlər”.

Avropa və dünyaya sıx inteqrasiya etməkdə olan, eyni zamanda, milli kimliyini və mentalitetini qorumağa, onun özünəməxsusluğunu elə həmin məkanlarda sübut etməyə çalışan ölkəmizdə milli-mədəni inkişaf dünya fəlsəfi təfəkkürünə, Azərbaycan və türk fəlsəfi və ədəbi düşüncə təcrübəsinə əsaslanır. Bu cəhətdən Mirzə Fətəli Axundzadə, Əhməd Bəy Ağaoğlu, Əli Bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Hüseyn Cavid, Heydər Hüseynov, Şıxəli Qurbanov, Cavad Heyət və onlarla digər fikir örnəklərimiz var. Ən müasir tariximizdə Azərbaycançılıq ideyalarını, azərbaycanşünaslığı gündəmə gətirən və aktuallaşdıran ümummilli lider Heydər Əliyev irsi mövcuddur. Dünya əhəmiyyətli milli-mənəvi dəyərlərimizi YUNESKO xətti ilə tanıtmış və kifayət qədər təbliğ etmişik, yenilənmiş milli ensiklopediyamız var, türk respublikaları içərisində birinci olaraq latın qrafikasına keçməklə sovet dövründə yazılanları da saf-çürük edib bütün dünya ədəbiyyatını, milli ədəbiyyatımızı, ən vacib elmi, elmi-kütləvi mənbələri, lüğət və ensiklopediyaları dilimizə çevirmişik. Son bir neçə il ərzində ana dilimizin Dövlət dili kimi qorunması, inkişaf etdirilməsi, işlənmə dairəsinin genişlənməsi, dilimizdə müvafiq informasiya və İnternet bazalarının formalaşdırılması, elmi, filoloji və bədii tərcümə işinin yüksək səviyyədə aparılması istiqamətində verilən Prezident sərəncamları və görülən işlər ortadadır. Təhsil Nazirliyi, universitetlərimiz, elmi-tədqiqat və elmi-metodiki mərkəzlərimiz, dövlətin dəstəyi ilə qeyri-hökumət təşkilatları tərəfindən müvafiq təhsil və məlumat portalları yaradılıb və yaradılır. Bütün bunlarla yanaşı, Konstitusiyamız, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarımız ölkəmizdə digər dillərdə təhsil üçün münbit şərait formalaşdırır. 

 

Çoxdillilik qabaqcıl mədəniyyətlərin göstəricisidir. Bir hadisə kimi onun təhsil müstəvisinə gətirilməsi istənilən xalq və ölkə üçün mütərəqqi faktdır. Rus dili, ədəbiyyatı və mədəniyyəti Azərbaycanda Oktyabr inqilabınaqədərki və sovet dövrü ziyalılar nəslinin yetişməsində müstəsna rol oynayıb və bu gün də öz missiyasını davam etdirməkdədir. Postsovet mərhələsində yetişən ziyalılar və mütəxəssislər nəsli üçün isə digər xarici dillər, ilk növbədə, ingilis dili müstəsna əhəmiyyət kəsb edir. Bizə maraqlı görünən fakt odur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində rus-tatar məktəblərində (bu məktəblər özləri də bilinqval idi. Bu, təhsil tariximizdə olduqca uğurlu təcrübə olub), Sankt-Peterburq, Moskva, Kiyev və s. Rusiya universitetlərində təhsil almış azərbaycanlılır milli ruhlu ziyalılar kimi formalaşmışdılar, kosmopolitizmdən, qərbçilikdən, slavyanofil ideyalarından və sair “izm”lərdən uzaq idilər. Məşhur  “Üç mədəniyyət” kitabının müəllifi Əhməd Bəy Ağayev rus ədəbiyyatı üzrə professor elmi adını daşıyırdı... Elə bu gün də əsas məqsəd milli-mədəni özünəməxsusluğun, milli ruhda tərbiyənin aparılması şərtilə  ümumavropa və dünya məkanına inteqrasiyanın və mədəniyyətlərarası kommunikasiyanın təmin olunmasından, gənc nəslin multikultural ruhda tərbiyəsinə nail olmaqdan ibarətdir.

 

Sonda paytaxt məktəblərində rus bölmələrinə 1-ci siniflərə şagird qəbulu ilə bağlı yaranmış məqama toxunmaq istərdim. “Ümumi təhsil haqqında” Qanun tədris dili kimi dövlət dilini təsbit etdiyindən artıq məktəblərdə “rus bölməsi”, “ingilis bölməsi” anlayışları aradan qalxır. Bu isə növbəti dərs ilinin başlanğıcınadək 1-ci siniflər üçün tam yeni tədris planlarının hazırlanmasını tələb edir. Yəni “Ümumi təhsil haqqında” Qanunun tələbinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisi məsələsinə biz məktəbəhazırlıq mərhələsindən və 1-ci sinifdən başlamaq üçün müvafiq tədris planlarını təqdim və təsdiq etməliyik. Bu isə məktəblərimizdə bilinqval tədris modelinə tədricən keçidin əsasını qoyacaqdır. Bunu necə təsəvvür etdiyimizi konkret olaraq təlim rus dilində aparılan 1-ci siniflərin tədris planı üzərində göstərmək istərdik. Dil dərsinə (eşidib-anlama, oxu və yazıya) həftədə 9, Azərbaycan dilinə 2, həyat bilgisi və musiqiyə 1, eləcə də dərsdənkənar məşğələlərə 1 saat ayrılır. Fikrimizcə, dil dərsinə ayrılan 9 saatdan 7-ni rus dilində eşidib-anlama, oxu, nitqin inkişafına və yazıya, “Dil” və “Azərbaycan dili”ndən götürülmüş 4 (2+2) saatın üstünə 1 saat dərsdənkənar məşğələni gəlməklə (cəmi 5 saat),  eyni qaydada dövlət dilində eşidib-anlama, oxu, nitqin inkişafına və yazıya yer vermək olar. 1-ci sinifdə iki fənnin (həyat bilgisi və musiqinin) rus və Azərbaycan dillərində paralel tədrisi dövlət tədris standartlarının təmin olunmasına yardım edərdi.

 

Təlim rus dilində aparılan orta ümumtəhsil müəssisələrində tədricən bilinqval təlimə keçid hazırkı şəraitdə: 1)rus dili ilə yanaşı, dövlət dilində şagirdlərin eşidib-anlama, oxu, yazı və ünsiyyət vərdiş və bacarıqlarının formalaşmasına; 2)rus, dünya və Azərbaycan  ədəbiyyatı, mədəniyyəti və iqtisadiyyatının bir arada öyrədilməsi, gələcəkdə geniş təhsilalma və iştapma imkanlarının qazanılmasına; 3)bu zaman kəsiyində məktəblərin rusdilli pedaqoji kadrlara olan ehtiyacının müəyyən qədər aradan qaldırılmasına; 4)pedaqoji kollektivlərdə əməkdaşlıq əlaqələrinin, inteqrativ meyillərin və rəqabətin güclənməsinə; 5)yeni məzmunlu dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasına yol açacaq.

 

Fikrimizcə, yeni tədris modelinin reallaşması rus, ingilis, fransız bölmələri adı altında bu gün məktəblərin 1-ci siniflərinə gələn övladlarımıza gələcəkdə ana dilində sərbəst danışma, düşünmə və yazma vərdişləri qazandıracaq, onların milli ruhda tərbiyəsi işinə ciddi töhfə verəcək və ən əsası da onlara eyni səviyyədə əcnəbi dildə ünsiyyət qurma, ali təhsillərini davam etdirmə və əmək bazarında iştapma imkanı qazandıracaq. Kadr potensialı imkan verdikcə, uşaqların və valideynlərin arzusu ilə bir sıra təlim Azərbaycan dilində aparılan məktəblərdə də bilinqval təlim modelini tətbiq etmək müasir və multukultural cəmiyyətimizin maraq və  inkişaf meyillərinə tam cavab verərdi.

 

Telman CƏFƏROV,

BSU-nun tədris işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim