“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev distant təhsilin Azərbaycanda tətbiqi üçün müvafiq mexanizmlərin hazırlanılb qəbul edilməsini zəruri hesab edir.
Onun fikrincə, Azərbaycan distant təhsilin tətbiqində çox ləngiyir: “Distant təhsil layihəsi artıq ötən əsrin 80-ci illərindən ABŞ-da və Qərbdə tətbiq olunur və kifayət qədər uğur qazanmış bir təhsil formasıdır. Azərbaycanda da ənənəvi təhsillə yanaşı distant təhsilin tətbiqinə başlanılması müsbət nəticələr verə bilər. Son illər Azərbaycanda bir çox universitetlərdə ciddi islahatlar aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, professor-müəllim heyətinin təkmilləşməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, imtahanların şəffaf şəkildə keçirilməsi istiqamətində ciddi işlər görülüb. Bu cür islahat aparılan universitetlərdə düşünürəm ki, distant təhsil layihəsi daha böyük uğur qazana bilər. Çünki belə universitetlərimiz distant təhsilə başladıqda yalnız ölkə daxilindən deyil, həm də xaricdən xeyli sayda tələbə cəlb edə biləcək. Yəni, həmin universitetin nüfuzu, reytinqi olmalıdır ki, distant təhsil üçün tələbə toplaya bilsin. İslahatlar aparılmayan universitetlərdə distant təhsilin qurulması çətinlik yarada bilər”.
E.Əliyevin sözlərinə görə, UNEC Eksterndə distant təhsil üçün hər bir şərait yaradılıb: “UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Əminliklə söyləmək olar ki, bu universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Bu nümunədən digər universitetlər də istifadə edə bilər”.
Ekspert bildirib ki, distant təhsilin qiyabi təhsili əvəz etməsi ilə bağlı fikirləri də doğru hesab etmir: “Distant təhsil tamamilə başqa formada tətbiq olunan təhsil növüdür. Burada elə bir mühit yaradılmalıdır ki, tələbə özünü əyani təhsildəki kimi auditoriyada hiss etsin. Düşünürəm ki, həm UNEC Eksterndə yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı, distant təhsilin bu formada verilməsi üçün şərait yaradır”.
Ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” Qanunda distant təhsilin tətbiqi ilə bağlı müddəaların da əks olunmasını zəruri hesab edir: “Parlamentin komitə sədri İsa Həbibəyli “Ali təhsil haqqında” Qanun layihəsinin artıq hazır olduğunu bildirir. İnanıram ki, ölkədə distant təhsilin tətbiqi o layihədə öz əksini tapacaq. Düşünürəm ki, deputatlar da bunu dəstəkləməlidir. Nəzərə almaq lazımdır ki, bu, həm də universitetlərimizin gəlir əldə etməsi, xaricdən Azərbaycan ali məktəblərinə tələbə axını baxımından da əhəmiyyətlidir. Müasir dövrdə tələbələrin təhsil üçün başqa bir ölkəyə getməsi, həmin ölkədə yaşaması heç də asan deyil. Eyni zamanda bir çox universitetlərimizin yataqxanası olmadığından, tələbə cəlb etməkdə çətinlik çəkir. Bu baxımdan distant təhsilin tətbiqinin olduqca böyük əhəmiyyəti var”.