Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçıları proqrama klassik riyazi olimpiada tapşırıqlarını həll edən süni intellektin hazırlanması üçün müsabiqə keçirilməsi təklifi ilə çıxış ediblər. Belə ki, alqoritm “Lean” dilində yazılmalıdır. Bu barədə “IMO Grand Challenge” adlı müsabiqənin səhifəsində deyilir.
Beynəlxalq Riyaziyyat Olimpiadası hər il müxtəlif ölkələrdə keçirilən yuxarı sinif şagirdləri arasında riyaziyyat üzrə dünya çempionatıdır.
www.hightech.fm saytının məlumatına görə, ilk olimpiada 1959-cu ildə Rumıniyada 7 ölkənin iştirakı ilə keçirilib. Son illər olimpiadada 5 qitəni təmsil edən 100-dən çox ölkə iştirak edir. Beynəlxalq Riyaziyyat Olimpiadası Şurası yarışmanı qəbul edəcək ölkəni təsdiq edir, qaydalara riayət olunmasını izləyir və olimpiada ənənələrini dəstəkləyir. Bu zamana kimi məktəblilər bütün tapşırıqları proqram təminatından istifadə etmədən müstəqil həll edirdilər. Hazırda isə təşkilat komitəsi tərəfindən tapşırıqların kompüter həlletmə metodlarının hazırlanması üçün müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Şagirdlər yeni müsabiqədə iştirak üçün alqoritmi ictimaiyyətə təqdim edərək olimpiadanın başlanmasından 1 gün əvvəl onu təşkilat komitəsinə göndərməlidirlər. Alqoritm internetsiz işləməlidir. Ona tapşırıqların həlli üçün digər müsabiqə iştirakçılarına verilən qədər vaxt, yəni hər üç tapşırıq dəsti üçün 4,5 saat veriləcək.
Samirə KƏRİMOVA