Hindistanın Əhmədabadda yerləşən Ürək Tədqiqatları İnstitutunun həkimi Tejas Patel ondan 35 km məsafədə olan xəstənin ürəyindəki qan damarlarına stent quraşdırmaq üçün əməliyyat həyata keçirib. O, tarixdə ilk dəfə belə şəraitdə tətbiq edilən “CorPath GRX” robot-cərrahını idarə edib.
www.techcult.ru saytının məlumatına əsasən, əvvəlki testlərdə həkim-operator bilavasitə robota daha yaxın yerdə - qonşu otaqda olub. Hazırda idarəetmə pultuna əməliyyat zamanı vəziyyətin yoxlanılması məqsədilə bir neçə videokamera əlavə olunaraq yüksək sürətli İnternet vasitəsilə robota qoşulub. Təhlükəsizliyin təmin olunması üçün iki cərrah növbədə dayansa da, onların müdaxiləsinə ehtiyac qalmayıb.
Bu əməliyyat distant tibbi yardımın fəaliyyəti istiqamətində yeni üfüqlər açır. Qeyd edək ki, NASA hələ 1999-cu ildə Beynəlxalq Kosmik Stansiya üçün teletibb sisteminin yaradılması barədə düşünüb. Amerika Xəstəxanaları Assosiasiyasının məlumatına görə, 2017-ci ildə ABŞ-da xəstəxanaların 76%-i artıq distant tibbin bu və ya digər formasını tətbiq edib. Hind həkimlərinin təcrübəsi göstərir ki, bu texnologiya başqa ölkələrdə də müvəffəqiyyətlə tətbiq edilə bilər.