İlon Mask və Cek Ma süni intellekt təhlükəsində razılaşmadılar
Hazırda bütün dünyanın gələcəyini formalaşdıran iki ən nüfuzlu texnoloji liderlər kimi tanınan ABŞ-ın “SpaceX”, “Tesla” kompaniyalarının banisi İlon Mask və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma Şanxayda keçirilən süni intellekt konfransında (World Artificial Intelligence) bir araya gəliblər. Dünyanın Intel, IBM, Microsoft, Qualcomm kimi 300-dən artıq iri şirkət rəhbərlərinin, 2 Nobel mükafatı laureatının, alimlərin, çox sayda tədqiqatçının iştirak etdiyi tədbirdə müasir dövrün iki ağıllı biznesmeni, beyin insanı süni intellektin riskləri və potensial faydaları ilə bağlı bir-birinə zidd fikirlərini səsləndiriblər.
İlon Mask süni intellektdə təhlükə görür
İki parlaq şəxsiyyət dünyada süni intellektdən istifadəni əhatə edən çoxsaylı mövzulara və bu texnologiyanın insanların həyatında roluna toxunublar. İ.Mask süni intellektin bütün bəşəriyyətə fayda verəcəyini etiraf etsə də, onu birbaşa təhdid hesab edir. İ.Maska görə, kompüterlərin inkişafı gec-tez insanların onları anlamaq qabiliyyətini üstələyəcək. O, problemin özünəməxsus həllini təklif edib: tezliklə digər planetlərlə əlaqə yaratmaq və onları həyat üçün yararlı etmək. Onun hesablamalarına görə, bunun üçün dünya ÜDM-nin cəmi 1% - i tələb olunur.
Müzakirədən kənarda qalmayan başqa bir risk, süni intellektin insanların əksəriyyətini iş yerlərindən necə məhrum edəcəyi barədə məşhur bir nəzəriyyədir. Amerikalı biznesmen süni intellekt dövründə kütləvi işsizliyin real bir problem olduğunu irəli sürüb. İ.Mask məhz belə bir fikirdədir: kompüterlər özləri sərbəst şəkildə proqramlar yazacaqlar ki, bu da bir çox proqramçıları lazımsız edəcək. Bu səbəbdən insanlar insani fəaliyyətlərə və münasibətlərə yaxın olan peşələri seçməlidirlər, onda süni intellektin gəlişi onlara qorxulu olmayacaq. O, əlavə edib ki, insan sivilizasiyasının sona çatması və nəticədə həyatın yüksək növünün aralıq nöqtə kimi qəbul edilməsi təhlükəsi mövcuddur: “Bəşəriyyət haqqında rəqəmsal super kəşfiyyat üçün bioloji yükləmə kimi düşünə bilərsiniz. Və yükləyicilər var - kompüteri çalışdırmaq üçün tələb olunan minimum “kod-bit” kimi bir şey var. Siz silisium sxemlərini inkişaf etdirə bilməzsiniz. Oraya düşmək üçün biologiya lazım idi”.
İ.Mask belə bir təhlükənin qarşısını almaq məqsədilə beynimizi kompüterlərə bağlamaq məqsədilə bir yol tapmaq lazım olduğunu söyləyib və özünün son startaplarından birinin köməyi ilə bunu etməyə çalışdığını bildirib. Əks halda, o, xəbərdarlıq edib ki, süni intellekt insanlarla ünsiyyət qurmağa az çalışacaq, çünki biz onlarla müqayisədə daha ləng olacağıq. “Kompüter üçün insan nitqi balinaların səsləri kimi çox yavaş tonda səslənəcək”, - deyə İ.Mask bildirib. O, texnologiyanın insanların onu anlama qabiliyyətindən daha sürətli inkişaf etdiyini vurğulayıb.
Cek Ma İlon Maskla razılaşmır
“Alibaba” nın rəhbəri Cek Ma bir sıra məsələlərdə İlon Maskla çox da razı deyil. O hesab edir ki, insanlar hələ də süni intellektin inkişafı ilə yeni şəraitə uyğunlaşa biləcəklər. C.Ma süni intellektlə bağlı irəli sürülən proqnozların əksəriyyətinin səhv olduğunu deyib. O, süni intellektlə bağlı olduqca optimist olduğunu və ağıllı insanlara (özünü və İ.Maskı göstərib) süni intellektdən qorxmağa heç bir əsas olmadığını düşünür.
Süni intellektlə əlaqədar iş yerlərinin itkisi təhlükəsi ilə əlaqədar olaraq C.Ma bunda yalnız üstünlüklər görür.
C.Ma öz şərhlərinin böyük qismini maşın təliminin necə bir xeyirxah qüvvə kimi çıxış edə biləcəyinə yönəldib. “İnsanlar özlərini nə vaxt daha yaxşı başa düşdükdə, biz dünyanı daha yaxşı inkişaf etdirə bilərik”,- deyə o bildirib.
Bundan əlavə, C.Ma ehtimal edir ki, süni intellekt yeni iş yerlərini yaratmağa kömək edəcək və onlar yaradıcı vəzifələrin icrasına yönələcək. Onun fikrincə, işçilərə ehtiyacın itirilməsi ona gətirib çıxaracaq ki, insanlar gündə 4 saat olmaqla üç günlük iş həftəsinə keçəcəklər: “Hesab edirəm ki, insanlar həftədə üç gün, gündə dörd saat işləməlidirlər. Süni intellekt dövründə insanlar 120 il yaşaya bilərlər. Bu zaman bizim heç kimin etmək istəmədiyi çoxlu işimiz olacaq. Beləliklə, yaşlı insanlara qayğı göstərmək üçün bizim süni intellektə ehtiyacımız var. Bu, mənim məsələyə baxışımdır, bu barədə narahat olmayın, iş yerlərimiz olacaq”. C.Manın sözlərinə görə, əsas yük süni intellektin çiyinlərinə düşəcək. Süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. Süni intellektin tətbiqi ilə insanlar daha çox vaxt qazanacaq və insanlıqdan zövq alacaqlar. Bu, bəşəriyyətə daha xoşbəxt olmağa və insanın varlığından həzz almağa icazə verərdi.
C. Ma qeyd edib ki, süni intellektin fəlakətə yol açacağına inanmır və insanlar heç vaxt maşınlar tərəfindən idarə olunmayacaq.
Təhsildə islahatlar
İ.Mask və C.Ma debat gedişində təhsil islahatlarına da toxunublar. Müasir təhsil də “Alibaba” yaradıcısının ürəyincə deyil. O, əmindir ki, böyüməkdə olan nəsillər rəsm, oxuma və digər insanlara xas olan məşğələlər kimi yaradıcı və kreativ şeyləri daha çox öyrənməlidirlər. Təhsil haqqında danışarkən, C. Ma humanist yanaşma nümayiş etdirib və əsas diqqətin incəsənət və artan hikmətə yönəldilməli olduğunu söyləyib: “Kompüter yalnız bir oyuncaqdır. Kompüterin çipləri, insanın isə ürəyi var. Ürək hikmətin gəldiyi yerdir”.
Təhsildən bəhs edən İ.Mask isə əminliklə bildirib ki, tezliklə bilik birbaşa kompüterdən insan beyninə yüklənə bilər. Hazırda İ.Maskın belə bir interfeysi var – “Neuralink” bu işi yerinə yetirə bilər. “Neuralink” insanlara öz koqnitiv qabiliyyətlərini inkişaf etdirməyə kömək edəcək.
Əksinə, C.Ma hesab edir ki, süni intellekt incəsənət və musiqi sahəsində yaradıcılıq layihələrinin təcəssüm etməsi üçün insanları monoton işdən azad edəcək. Və nə vaxt ki, bu gün gələcək, onda daha çox insan beyinləri lazım olacaq. C.Ma əlavə edib ki, növbəti 10-20 ildə təhsildə islahatların aparılması lazımdır ki, gənclər həftədə 12 saat (həftədə üç gün, gündə dörd saat vaxt) tələb edən iş tapa bilsinlər. “Mövcud təhsil sistemini dəyişdirməsək, problemimiz olacaq” , - deyə çinli iş adamı bildirib. O vurğulayıb ki, indiki təhsil sistemi sənaye dövrünə görə geridə qalır və müasirliyə uyğun deyil. “Mən süni intellektin iş yerlərinə təsir etməsindən elə də narahat deyiləm. Gələcəkdə bizə çoxlu iş yerləri lazım olmayacaq”,- deyə C.Ma bildirib.
Kimdir ağıllı: insan, yaxud maşın..
Dünyanın ən uğurlu insanlarından olan biznesmenlər süni intellekt dövründə insan və maşınların rolu barədə fərqli fikirlər səsləndiriblər. İ. Mask hesab edir ki, artıq kompüterlər çox aspektlərdə insanlardan daha ağıllıdır və bu tendensiya qalmaqda davam edəcək. “Ağıllı insanların buraxdığı ən vacib səhv ondadır ki, onlar daha ağıllı olduqlarını düşünürlər. Kompüterlər artıq insanlardan daha ağıllıdır. Biz sadəcə çərçivələri genişləndirməkdə davam edirik”, -deyə İ.Mask bildirib. O, əlavə edib ki, insanlar bu gün süni intellekt üçün proqram təminatı yazır, gələcəkdə isə bunu maşın özü edəcək. O, insanların müasir kompüterlərdən daha çox "ağılsız " olduğunu deyib. İ.Mask şahmatda və Çin stolüstü oyununda süni intellektin uğurlarını misal çəkib və qeyd edib ki, mobil telefonla şahmat üzrə dünya çempionunu sözün hərfi mənasında əzmək olar. "Etiraf etməmiz lazım olan ilk şey odur ki, biz çox ağılsızıq. Biz mütləq bir çox əşyaları özümüzdən daha ağıllı edə bilərik", - deyə İ.Mask vurğulayıb. O, kompüterlərin gələcəkdə hər cəhətdən insanları üstələyəcəyinə əminliyini ifadə edib.
Lakin C.Ma söhbət zamanı İ.Maska dəstək verməyib. C.Ma onda təkid edib ki, kompüter heç vaxt insandan daha ağıllı olmayacaq, maşınları insanlardan ağıllı hesab etmək ağılsızlıqdır. Onun fikrincə, maşını insanla müqayisə etmək onu avtomobili sındırmağa çalışan insanla müqayisə edəcək qədər "mənasız"dır. İnsan maşını ona görə yaradıb ki, o, maşın kimi tez qaça bilmir. C.Ma vurğulayıb ki, bu o demək deyil ki, maşın insandan ağıllıdır. "Mən heç vaxt görmədim ki, kompüter insanı ixtira etsin. Mən həyatımda heç vaxt maşınların insanları idarə edəcəklərini sanmadım. Mən hətta bu barədə düşünmürəm. Bu, mümkün deyil", - deyə o bəyan edib. Onun sözlərinə görə, süni intellekt o qədər inkişaf edib ki, şahmatda insanı məğlub edə bilər. Ancaq o, maşınla oynamaq istəmədiyini də bildirib. O əlavə edib ki, kompüterlər ağıllı ola bilər, amma insanlar yenə də sürətli olacaqlar. Bu fikirlə razılaşmayan İ. Mask isə maşınların ağıl baxımından artıq insanları üstələdiyini söyləyib.
Onlar arasında maraqlı dialoq olub:
İlon Mask: kompüterlər bir çox ölçüdə insanlardan daha ağıllıdır.
Cek Ma: kompüterlər ağıllı ola bilər, lakin insanlar daha ağıllıdır. Biz kompüter icad etmişik, mən heç vaxt görmədim ki, kompüter insan icad etsin.
"Alibaba"nın lideri İ.Maskın Marsla bağlı xəyallarına cavab olaraq bildirib ki, onun ayaqları Yer üzündə çox möhkəm durur: "Mən Marsın tədqiqatı üçün sizin cəsarətinizə heyranam, amma Yer kürəsində həyatın yaxşılaşmasına səylər göstərən insanlara daha çox heyran oluram". Nəhayət, C.Ma Marsa uçmaq istəyinin olmadığını söyləyərək İ. Maskı məyus edib. O, nə qədər ki, gec deyil, planetimizin qayğısına qalmağın daha vacib olduğuna inandığını bildirib.
Demoqrafik kollaps
Onlar yalnız bir məsələdə ümumi razılığa gəliblər: dünyanın üzləşdiyi ən böyük problemlərdən biri demoqrafik kollapsdır. Milyarderlər bir fikirdə həmrəydirlər ki, 20 ildən sonra bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq. Liderlər dünya əhalisinin sayının azalmasından narahatlıqlarını ifadə ediblər. “ Mən planetdə insanların sayının həddən artıq çox olması barədə fikri köhnəlmiş sayıram. Düşünürəm ki, növbəti 20 il ərzində bəşəriyyətin üzləşəcəyi ən böyük problem, partlayış yox, demoqrafik kollaps olacaq”, - deyə İ.Mask bildirib. C.Ma bu fikirlə tam razı olduğunu deyib: “Əhali problemi böyük çağırış olacaq. Ola bilsin ki, Çində yaşayan 1,4 milyard insan böyük rəqəm kimi görünür, lakin bu növbəti bir neçə il ərzində Çinə böyük problemlər yaradacaq. Əhalinin azalması templəri artmaqda davam edəcək. Siz kollaps deyirsiniz, mən bununla razılaşıram”.
Qeyd edək ki, Ümumdünya Süni İntellekt Konfransı çərçivəsində bir araya gələn C.Ma və İ. Mask süni intellektin mümkün riskləri və imkanlarını müzakirə etsələr də, ortaq bir fikrə gələ bilməyiblər.
Müasir dövrün 2 zəka sahibinin dialoqu belə keçib. Prinsipcə yeni bir şeylər söyləməsələr də artıq bizə yaxın olan süni intellektin gələcəyi haqqında dünyamızın əhəmiyyətli fiqurlarının fikirlərini öyrənə bildik.
Oruc MUSTAFAYEV