Yeni tədqiqata əsasən, davamiyyətə mənfi təsir göstərir
ABŞ-da yerləşən “Harris Insights & Analytics” konsaltinq şirkəti “LEGO Education” ilə əməkdaşlıq çərçivəsində dünya ölkələrində məktəblilərin davamiyyətinə təsir edən faktorların təhlilinə dair tədqiqat aparıb. “Öyrənmə prosesində əminlik” (Confidence in Learning Poll) adlı qlobal tədqiqatın nəticələrinə əsasən, davamiyyət sahəsində dünyada ən çox stress keçirən şagirdlər Rusiya məktəblərinin payına düşür. “Tədqiqatın nəticələri göstərir ki, rusiyalı məktəblilər məktəbdə təhsil sahəsində uğurlara görə daha çox stressə məruz qalır. Bu barədə respondentlərin 79% - i bildirib. İkinci yeri Çin tutur - 64%. Üçüncü yerdə isə Almaniyadır - 61%. Tədqiqat, həmçinin narahatlıq və qeyri-müəyyənlik hissinin uşaqların və yeniyetmələrin təhsilinə mane olduğunu da təsdiqləyib. Rusiya müəllimlərinin 68% - i bu fikirlə həmrəydir”, - deyə araşdırmada bildirilir.
Araşdırmaya əsasən, şagirdlər, müəllimlər və valideynlər belə bir fikirdədirlər ki, məhz qiymətləndirmələr və bir şagirdin səylərinin nəticələrini digər sinif yoldaşlarının uğurları ilə müqayisə etmək stressə səbəb olan əsas amildir. ABŞ-da şagirdlərin 66%-i, Rusiyada 55%-i , Almaniyada isə 39% -i - “məni digər şagirdlərlə müqayisə etdikdə, özümü narahat hiss edirəm” kimi cavab verib.
Testlər və imtahanlar da məktəblilərin narahatlığına və həyəcan keçirməsinə səbəb olur. Bu sorğunun nəticələrinin faiz göstəriciləri bütün ölkələrdə yüksəkdir: Rusiyada 57%, Yaponiyada 58%, ABŞ-da 64%, Almaniyada 66%, Çində 73%.
Araşdırmaya görə, rusiyalı məktəblilərin 80%-i uğursuzluqların öyrənmə prosesinin bir hissəsi olduğunu düşünür. Digər ölkələrdə də uğursuzluqlara oxşar münasibət var: Almaniyada 82%, Yaponiyada 83%, ABŞ - da 86%.
Müəllimlərə gəldikdə isə tədqiqatın müəllifləri qeyd edirlər ki, müəllimlər uğursuzluqların şagirdlərdə özünə inam hissini formalaşdırmağa kömək etdiyinə qəti əmindirlər. “Müəllimlərin 91%-i iddia edir ki, şagirdləri uğursuzluqlara dözməyi öyrətmək lazımdır ki, gələcəkdə onların öhdəsindən gələ və daha uğurlu ola bilsinlər”, - deyə tədqiqatda vurğulanır.
Qeyd edək ki, qlobal tədqiqat 6-28 fevral 2019 tarixləri arasında Amerika, Almaniya, Çin, Rusiya və Yaponiyadan 5002 şagird, 2001 valideyn və 1152 müəllim arasında keçirilmiş sorğunun nəticələrini ehtiva edir. Tədqiqat gedişində 5 yaşdan 18 yaşa qədər olan uşaqlar (5-10, 11-13, 14-18 yaş qruplarında) sorğulanıblar.
Oruc MUSTAFAYEV