“Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil” - söyləmişdi böyük fransız yazarı Onore de Balzak. Çox doğru fikir. Millətin millət kimi formalaşmasında, ictimai şüurunun yaranmasında onun maarifinin necə böyük rol oynadığını zaman sübut etdi. Bizi o maarif işığına qərq edən isə ömrünü-gününü şam kimi əridən müəllimlərdir. O müəllimlər ki, qəlbimizə, şüurumuza “ana, vətən, millət sevgisinin toxumlarını” əkdilər. Onun haqqında çox eşitmişdim. Həssas və xeyirxah insandır, istedadlı və tələbkar müəllimdir, yüksək idarəçilik qabiliyyətinə malikdir, xeyir-şər adamıdır, sədaqətli ömür-gün yoldaşıdır, mehriban, qayğıkeş atadır, babadır. Hər dəfə eşitdiyim bu xoş sözlər qəlbimdə ona qarşı bir daha böyük hörmət və ehtiram hissi yaradırdı.
Ömrünün-gününün 50 ilindən çoxunu Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinə bağlayan, peşəsinin fədaisı olan Yaqub Həmid oğlu Tahirovla bu günlərdə görüşüb, söhbət etdik. Söhbət zamanı bir daha əmin oldum ki, Tanrı onu məhz bu peşə üçün yaradıb. Çox yüksək insani keyfiyyətlərə malik olan Yaqub müəllim təpədən-dırnağa bir əxlaq təcəssümüdür. Sözlərindən, üz-gözündən bir paklıq süzülür... Hiss etdim ki, qarşımda bir zaman müqəddəs sandığımız (küçədə-bayırda görəndə yerişimizi, danışığımızı itirdiyimiz (hörmət əlaməti olaraq) əsl müəllim dayanıb. O müəllim ki, bizlərə təkcə yazıb-oxumaq dərsi keçmədi, həm də həyat, əxlaq, insanlıq dərsi aşıladı...
Əslində bu, belə də olmalıdır. “Ot kökü üstə bitər”- əbəs yerə deyilməyib. Həmid kişi eldə-obada zəhməti, hörməti, böyük-kiçik yeri bilməsi ilə çoxlarına nümunə idi və övladlarını da elə yetişdirdi. Odur ki, bu gün təkcə Nohurqışlaq kəndində, Qəbələ rayonunda deyil, hətta respublikada Həmid kişinin “uşaqları” böyük hörmət-izzət sahibidirlər. Onların arasında alimi də, həkimi də, müəllimi də var və xoşbəxtlikdən hər biri yalnız öz peşəsi ilə deyil, həm də ədəb-ərkanı ilə bu nəslə baş ucalığı gətirir.
1951-ci ilin dekabrı. Güclü qar kəndi-kəsəyi ağ örpəyə bürüsə də, Həmid kişi öz işində-gücündə idi və axşam çağı aldığı şad xəbər bütün yorğunluğunu ona unutdurur, bir oğul övladı dünyaya gəlir. O oğul ki, illər sonra bir evin yox, bir elin sayılıb-seçilən oğlu olur. 1969-cu ildə Nohurqışlaq kənd orta məktəbini əla qiymətlərlə başa vuran Yaqub sənədlərini BDU-nun tarix fakültəsinə verir və yüksək qiymətlərlə universitetə qəbul olur. Bitib-tükənməz arzularla, qayğılarla dolu olan tələbəlik illərini başa vuran gənc tərəddüd etmədən öz doğma kəndinə üz tutur.
Yaqub müəllim böyük həvəs və ehtirasla müəllimlik fəaliyyətinə başlayır, bir müddət sonra ona etimad göstərilir, bir necə il Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin icra nümayəndəsi və Nohurgöl kolxozunun sədri işləyir. Amma bu, onun ürəyincə deyildi. Gənc müəllimin arzusu uzun illər xalqına yanlış təbliğ edilən tariximizin qaranlıq səhifələrinə işıq salmaq, onları təbliğ etmək idi. Elə bu arzu ilə də yenidən Nohurqışlaq kənd orta məktəbinə qayıdır və ömrünü birdəfəlik bu peşəyə bağlayır.
Təməli 1922-ci ildə qoyulan Nohurqışlaq kənd məktəbi əvvəl 7 illik məktəb kimi fəaliyyət göstərib, 1954-cü ildən tam orta məktəbə çevrilib. 2006-cı ildə isə kənddə yeni məktəb tikilib istifadəyə verilib və 2012-ci ildən bu məktəbə Yaqub müəllim rəhbərlik edir. 13 il keçməsinə baxmayaraq məktəbdə aparılan səliqə-sahman işləri onun sanki bu gün təhvil verilməsini xatırladır. 1 hektar sahəsi olan məktəbin həyətində yeni qurğularla yanaşı, meyvə bağı da salınıb. İdman zalı yeni avadanlıqlarla təmin edilib. Keçən il məktəbin istilik sistemində dəyişiklik edilərək qazlaşdırılıb.
Ən əsası Nohurqışlaq məktəbində istər dərs zamanı, istər dərsdən sonra müəllim-şagird kollektivi arasında çox böyük nizam-intizam var. Tərbiyə və təhsil qoşa aparılır. Təbii, bu işdə məktəb rəhbərliyi ilə yanaşı, kollektivin də böyük əməyi var. Hazırda məktəbdə 529 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Onlardan Sara Əzimova, Mahluq Məmmədova, Səbinə Səlimova, Fazil Atakişiyev məktəbin bütün tədbirlərində fəallıq göstərirlər. F.Atakişiyev ötən il “Maarif əlaçısı” döş nişanı ilə təltif edilib.
Ötən tədris ili bütövlükdə məktəb kollektivi üçün çox uğurlu olub. 2018-ci ildə rayonlararası keçirilən “Kim? Harada? Necə?” yarışmasında (Qax rayonunda) Nohurqışlaq məktəbi I yeri tutaraq rayon turuna çıxıb. Elə həmin il Qəbələ rayon orta məktəblərində Təhsil nazirinin əmri ilə rayonlararası təcrübə mübadiləsi keçirilib. Yarışda rayon üzrə cəmi beş məktəb iştirak edib ki, həmin məktəblərdən biri də Nohurqışlaq kənd tam orta məktəbidir. Bu il “Xəzər” TV-də keçirilən “Əlaçı” yarışmasında məktəbin şagirdi Bilal Haqverdiyev I yer qazanaraq mükafatlandırılıb. Türkiyənin İzmir şəhərində keçirilən idman yarışında fəal iştirakına görə məktəbin şagirdi Samid Əhmədov “İzmir futbolunun əlaçısı” medalı ilə təltif edilib. Məktəbdə mütəmadi olaraq rayon təhsil şöbəsinin və təcrübəli müəllimlərin iştirakı ilə “açıq dərs”lər keçirilir. Bu təcrübə rayonun digər məktəblərində də yayılır. Bu və ya digər nailiyyətlərinə görə məktəbin kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının medalına layiq görülüb.
Məktəbdə yüksək səviyyədə qurulan nizam-intizamın və keyfiyyətli təhsilin nəticəsidir ki, məktəbin məzunları hər il ən yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə qəbul olurlar. Məktəbin 18 şagirdi 600 bal toplayıb. Zeynəb Hacıyeva (683 bal), Nərgiz Tahirli (677 bal) rayon üzrə ən yüksək balla tələbə adını qazanıblar. Hazırda məktəbin iki məzunu Prezident təqaüdü alır. Üç nəfər isə fənn olimpiadasının qalibi olub. İkisi qızıl, biri gümüş medalla mükafatlandırılıb. 2010-2011-ci tədris ilində məktəb pedaqoji nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” adına və 10 min manat mükafata layiq görülüb.
Əlbəttə, bütün bu uğurların qazanılmasında daha çox Yaqub müəllimin əməyi var. Çünki istər hər bir ailədə, istər hər bir müəssisədə sağlam mühitin yaranmasında, təlim-tərbiyənin qurulmasında onun böyüyünün rolu danılmazdır. Təbii ki, burada əsas rolu Yaqub müəllimin böyüdüyü ailə ilə yanaşı, bu gün özünün ağsaqqalı olduğu ailə də mühüm rol oynayır. Üç oğul, bir qız atasıdır. İşi kimi ailəsi də çoxlarına nümunədir. Əlbəttə, həyat yolunda rastlaşdığı çətinliklərin də, ailə qayğılarının həllində ömür-gün yoldaşı Müşgünaz xanımın da rolu böyükdür. Uzun illərin sınağından üzüağ çıxan ailədə qarşılıqlı hörmət hər şeydən üstün olub ki, bu gün onlar xoşbəxt baba və nənədirlər...
Yaqub müəllimdən ayrılarkən rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir” sözlərini xatırladım. Nə xoş ki, o məktəbdə, o ailədə Yaqub müəllim kimi ziyalı var. Var olun, Yaqub müəllim! Nə yaxşı bu gün sizin kimi bu peşənin fədailəri var.
Qərənfil DÜNYAMİNQIZI,
Əməkdar jurnalist