- Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması son dərəcə vacib məsələdir. Ölkə başçısının imzaladığı müvafiq sərəncama əsasən, Milli Məclis “İctimai iştirakçılıq haqqında” qanun qəbul edib. Bu qanunda nəzərdə tutulur ki, qəbul olunan qərarlarda ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, təhsil ekspertlərinin, müvafiq ixtisas sahiblərinin geniş iştirakı təmin olunsun. Yəni, onlar bu prosesin iştirakçılarıdır. Buna görə də ictimai rəyin öyrənilməsi son dərəcə vacibdir. Bu baxımdan, ölkə başçısı tərəfindən mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılmasına dair müvafiq sərəncam imzalandıqdan sonra bir sıra universitetlərdə, nazirlik və komitələrdə belə ictimai şuralar yaradıldı. Mən özüm 10-15 ictimai şuranın üzvüyəm.

Ali məktəblərdə şuraların yaradılması və şura üzvlərinin imtahanlarda, sessiyalarda (ora hətta valideynlər, media nümayəndələri də  dəvət olunur) iştirakı tələbələrdə, valideynlərdə müəyyən arxayınçılıq yaradır ki, burada şəffaflıq, demokratiklik var. Tələbələrin özündə də bir inam, ümid yaranır. Ona görə də məhz Təhsil Nazirliyinin nəzdində belə bir şuranın yaradılması xüsusilə əhəmiyyətlidir.

Bilirsiniz ki, müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-sosial, iqtisadi sahədə müəyyən boşluqlar əmələ gəlmişdi. Həmin boşluqlar özünü, o cümlədən təhsili də əhatə edirdi. Məsələn, “Təhsil haqqında”  Qanun 15 ilə qədər gecikdi və s. Ona görə də 1999-cu ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” qəbul olundu. Proqramda bu məsələ öz əksini tapmışdı ki, qəbul olunan qərarlarda ictimaiyyətin geniş rəyi nəzərə alınsın və qərarlar üzərində ümumi nəzarət yaradılsın. Bu baxımdan, bu gün İctimai Şuranın yaradılması çox faydalı və əhəmiyyətlidir.

 

Nadir İSRAFİLOV,

təhsil eksperti