Gəlimli-gedimli dünyada daha bir dost itkisinin ağrısını-acısını duyduq. Xanım ziyalıların sırasında sayılıb-seçilən, sözü-söhbətiylə diqqəti cəlb edən, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Rəfiqə Şahgül qızı Mustafayeva bu dünyaya, doğmalarına, həmkarlarına əlvida, qalanlara salam olsun dedi!

 

Respublikamızda və onun hüdudlarından kənarda da yaxşı tanınan, 2002-ci ildən Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü kimi səmərəli fəaliyyət göstərən Rəfiqə xanım özünəməxsus dəst-xətti, problemlərə yanaşma tərzi, natiqlik məharətiylə həmişə, hər yerdə heyranlıq yaradırdı. Vaxtilə ali təhsil aldığı Bakı Dövlət Universitetini, aspirantı olduğu, həmişə ata evi bildiyi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunu (indiki Təhsil İnstitutunu), orada çalışanları, düzgün istiqamət verənləri minnətdarlıqla xatırlayırdı.

 

Bakıdakı 100, 182 nömrəli orta məktəblərdə müstəqil pedaqoji fəaliyyətə başladığı illərin uğurlarından da fərəhlə söhbət açırdı. Düz edirdi. Əslinə qalsa, həmin təhsil ocaqlarında çalışdığı illərdə tanındı, necə deyərlər, pərvazlandı.

 

Keçən əsrin 60-cı illəri idi. Azərbaycan Dövlət Universitetinin məzunu olan istedadlı filoloq Rəfiqə Mustafayeva müəllim kimi müstəqil əmək fəaliyyətinə başlamışdı. Özü də bünövrədən, təhsilin ilk mərhələsindən, ibtidai siniflərdən. Bir müddətdən sonra isə yuxarı siniflərdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başladı. Çox keçmədi ki, orijinallığı və zənginliyi ilə diqqəti cəlb edən fənn kabineti yaratdı. Hər hansı mövzunu - tədris materialını dərsdə - sinifdə öyrətməyin əsasını qoydu. Gənclik eşqi, yaradıcılıq həvəsilə çalışdı. Hər bir ədəbiyyat dərsini bir aktyorun teatrına, sözün həqiqi mənasında, ədəbi-bədii kompozisiyaya çevirməyə adət edən novator müəllimin sorağı o vaxtlar Respublika Maarif Nazirliyinə rəhbərlik edən akademik Mehdi Mehdizadəyə də çatdı. Mehdi müəllim öz ənənəsinə, iş üslubuna uyğun olaraq yolunu 182 nömrəli məktəbdən saldı, Rəfiqə xanımın iş təcrübəsi, yaratdığı fənn kabineti ilə yaxından tanış oldu. Onda xoş təəssürat, aydın təsəvvür yarandı. O ərəfədə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kino Studiyasında “Xalq şairi Səməd Vurğun” adlı tədris filminin çəkilişinə hazırlıq görülürdü. Filmdə istinad ediləcək iş təcrübəsini müəyyənləşdirmək məqamı gələndə nazir M.Mehdizadə Rəfiqə müəllimin dərslərinə əsaslanmağı məsləhət bildi. Yenilik, yaradıcılıq əzmilə çalışan Rəfiqə xanım əmək fəaliyyəti dövründə istedadlı pedaqoq, metodist kimi tanınırdı. Bununla belə, pedaqogika elminin bir sıra nəzəri məsələlərini mükəmməl mənimsəmək üçün aspirantura yolu ilə təhsilini davam etdirmək arzusunda idi. Sevimli müəllimləri, dostları, həmkarları onun bu arzusunu, bu niyyətini yüksək qiymətləndirdilər. 1970-ci il... Məhz həmin ildə, necə deyərlər, arzusu çin oldu. Neçə-neçə görkəmli pedaqoq, psixoloq alimin həyat yoluna işıq tutan Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (o vaxt institut belə adlanırdı) aspiranturasına daxil oldu. Namizədlik dissertasiyasını vaxtından əvvəl tamamlayaraq uğurla müdafiə etdi. Sonrakı illərdə yaradıcı əmək fəaliyyətini Maarif Nazirliyində və Respublika Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun (sonralar bu institut Azərbaycan Müəllimlər İnstitutu adlandırıldı) pedaqogika kafedrasında baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışdı. 1987-ci ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müdafiə etdi. Azərbaycanın pedaqoq alimləri sırasında ilk qadın elmləri doktoru kimi tanındı.

 

1990-cı ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verildi. Geniş, çoxcəhətli elmi-pedaqoji fəaliyyəti ilə rəğbət qazandı, nümunə göstərildi.

 

Professor Rəfiqə Mustafayeva pedaqogikanın ən aktual sahələri üzrə yüzlərlə elmi - metodik əsərin, tədris vəsaitlərinin müəllifi kimi tanınır. Bununla belə, onun elmi-pedaqoji fəaliyyətində kadr hazırlığı - aspirant və dissertantlara elmi rəhbərlik xüsusi yer tutur.

 

Professor Rəfiqə Mustafayeva pedaqoji elmlər namizədi - pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan onlarla gənc tədqiqatçının elmi rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcəsi alanların isə rəsmi opponenti olub. Minnətdarlıq hissi ilə deməliyik ki, indi onlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Lənkərandakı universitetlərdə, digər ali və orta ixtisas məktəblərində əzmlə çalışır, səmərəli fəaliyyət göstərirlər. Bununla belə ağır itkinin ağrı-acısını duyurlar. Çətindir, çox çətindir. Ancaq nə etmək olar? 

 

Gəlimli-gedimli, son ucu ölümlü dünyanın əzəl qanunu belədir. 21 iyun 1936-cı ildə dünyaya gəldi. 20 avqust 2019-cu ildə dünyasını dəyişdi Rəfiqə Şahgül qızı. Bir dünya ömrü o dünyaya apardı. Daha neyləmək olar? Bizə o qalır ki, səmimi qəlblə deyək: ən ali elmi-pedaqoji məclislərdə həmişə, hər an yeri görünəcək. Ruhu şad, yeri cənnətməkan olsun!..

 

 

Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim