“Dərs deməyi sevən müəllimlər uşaqlara öyrənməyi sevməyi öyrədirlər”. Məşhur ingilis pedaqoqu Robert John Meehanın bu fikri çox ibrətamizdir. Çünki həyatdaki bütün uğurların, xoşbəxtliklərin əsasında (nüvəsində) sevgi dayanır, özü də böyük sevgi!

 

Dahi Nizami “Kim nə qədər və necə sevirsə, onun insan kimi qiyməti də o qədərdir və elədir”, - deyir. Robert John Meehan da “Dərs deməyi sevən müəllim, - deyir, yəni öz peşəsini, sənətini sevən müəllim. Şagirdlərə öyrənməyi sevməyi öyrətmək üçün müəllim özu də öyrənməyi sevməlidir. Biz elmin və texnikanin xarüqələr və fəlakətlər yaratdığı bir dövrdə yaşayırıq. Telefon, internet şəbəkəsi məlumat, informasiya mənbəyi olmaqla yanaşı, həm də uşaq və yeniyetmələr üçün təhlükə mənbəyinə çevrilib.

 

Müasir dövr biz müəllimlərdən daha çox əzmkarlıq, çalışqanlıq, yeniliklərlə ayaqlaşmağı və onları öz fəaliyyətimizdə tətbiq etməyi tələb edir. Kurikulum yeni təhsil proqramı olmaqla dünya təhsilinin qabaqcıl təcrübəsini öyrənmək, mütərəqqi cəhətləri tətbiq etmək, ümumi təhsilin keyfiyyətini yüksəltmək, bazar iqtisadiyyatının tələblərinə cavab verməklə ölkəmizdə şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin gerçəkləşməsinə nail olmaq vəzifəsini irəli sürür. Şübhəsiz ki, bu sahədə əsas yük pedaqoji ictimaiyyətin, müəllimlərin üzərinə düşür.

 

Fəal təlimdə istifadə olunan təlim üsulları qarşımızda duran şərəfli vəzifələrin yerinə yetirilməsinə şərait yaradır. Öz təcrübəmdə müəyyənləşdirmişəm ki, bəzi sadə üsullar belə yüksək nəticələr almağa, şagirdlərdə öyrənməyə maraq-həvəs yaratmağa gözəl təsir edir. Fikrimi bir neçə nümunə ilə aydınlaşdırmaq istəyirəm.

 

Sinfə müraciət edib hər qrupa öz nümayəndəsini lövhənin qarşısına göndərməyi tapşırıram. Sonra qrup üzvləri digər qrup nümayəndələrinə öz suallarını ünvanlayırlar. Cavablar lövhədə “+” və “-” işarələri ilə qiymətləndirilir. Sonda qalib şagird sinif tərəfindən alqışlanır. Bu üsul kiçikyaşlı məktəblilər (5, 6, 7-ci siniflər) arasında daha effektli nəticələr verir. Şagirdləri daha məntiqi, nisbətən çətin suallar axtarışına, qalib gəlmək üçün isə daha çox çalışıb geniş informasiyaya malik olmağa sövq edir.

 

Dərsliklərdə verilmiş məşhur şəxsiyyətlər haqqında təqdimatlar hazırlamaq da şagirdləri, hətta ən zəif oxuyanları belə fəallaşdırır. Diqqətli olmaq lazımdır ki, şagirdlər müzakirədə öz fikirlərini, iradlarını bildirsinlər. Təqdimatlar bir-birini təkrarlamasın. Belə olanda məktəblilər daha çox mənbələrə müraciət edir, cəlbedici bir təqdimat hazırlamağa çalışırlar. Ən yaxşı təqdimatlar hökmən qiymətləndirilməlidir. Adicə əl çalıb qalibi alqışlamaqla, gözəl sözlər söyləməklə və s.

 

Şagirdlərin öyrənərkən çətinlik çəkdikləri bölmələrin, bəhslərin təkrarı zamanı qruplara suallar tərtib etməyi tapşırıram. Bu, yuxarı siniflərdə də gözəl effekt verir. Belə ki, şagirdlər həm sual tərtib etmək, həm də onların qruplarına veriləcək sualları cavablandirmaq üçün bölməni yenidən nəzərdən keçirir, təkrar öyrənirlər.

 

Heç şübhəsiz ki, hər bir müəllimin öz təlim metodu, yanaşma üsulu var.  L.Tolstoy bu fikri çox gözəl ifadə edib. “Ən yaxşı metodika sənin malik olduğundur”.

 

Müəllim çalışmalıdır ki, öyrənmə zamanı şagird təkcə yeni biliklərlə yaddaşını zənginləşdirməsin. Bu yeni bilikləri özü müstəqil şəkildə əldə etsin. Belə olduqda uşaqlarda öyrənməyə həvəs və maraq artır. Bu zaman müəllim şagirdlərlə əməkdaşlıq edir: problemli vəziyyət yaradır, tədqiqatın aparılmasında şagirdlərə istiqamət verir, biliklərin mənimsənilməsi yollarını öyrədir. Demək, müəllimin vəzifəsi-öyrənməyi öyrətməkdir. Mənim fikrimcə, bu, günümüzün ən mühüm problemlərindən biri, təhsilimizin qarşısında duran ən çətin məsələlərdəndir. Həlli çox vacib məsələlərdən! Ümummilli liderimiz Heydər Əliyev “Təhsil millətin gələcəyidir!” - demişdir. Təhsilimizi müasir dövrün tələblərinə uyğun inkişafı üçün cəmiyyətin təhsildə maraqlı olan bütün təbəqələrinin nümayəndələrinin birgə fəaliyyəti zəruridir. Ancaq bu sahədə müəllimin əsas aparıcı sima olması danılmazdır. Ona görə ki, öyrənəni-şagirdi ən yaxşı tanıyan odur!

 

Şübhəsiz ki, hər bir şagirdin, hətta ən zəif oxuyan şagirdin belə özunəməxsus müsbət xüsusiyyətləri, dəyərləri vardır. Bu dəyərləri üzə çıxarıb onlardan bir motivasiya kimi istifadə etməklə şagirdə öyrənməyə maraq yaratmaq olar. Əgər müəllim hər bir şagirdinin güclü və zəif cəhətlərini bilirsə, ona öz bacarığını göstərmək üçün imkan yaradır, onu həvəsləndirir. Müəllim sinifdəki müxtəlifliyi dəyərləndirib, hər bir şagirdin ehtiyac və maraqlarına həssas yanaşmalıdır. Onun uşaqlara xeyirxah münasibəti, onlara inandığını göstərməsi uğursuzluq qorxusunu, inamsızlıq hissini aradan götürür, şagirdlərin idrak fəallığını artırır, gözəl nəticələrə imkan yaradır.

 

Əlbəttə, təlimə təsir edən amillər çoxdur. Şagirdlərdə müxtəlif inkişaf xüsusiyyətləri, bədəndə olan fizioloji dəyişikliklər, öz yoldaşları ilə əməkdaşlıq, birgə öyrənməyə həvəsin yaranması və s. Pedaqoji ədəbiyyatda qeyd edildiyi kimi, ilkin yetkinlik dövründə baş verən fiziki və şəxsi inkişaf insan həyatında ən böyük inkişafdır. Bu, həm vaxt və həm də sürət baxımından böyük dəyişikliklərə səbəb olur. Öz təbiətləri etibarı ilə bu dövrdə uşaqlarda öyrənmək istəyi çox olur və onlar bir qədər də macərapərəst olurlar. Lakin bu uşaqlar müstəqillik və sərbəstlik istəyir, böyüklərlə ünsiyyət qurmaqdan xoşlanırlar. Tez də təsir altına düşürlər. Bugünkü yeniyetmələrin bir hissəsinin özünü cəmiyyətdən ayrı hiss etməsi də mühüm problemlərdəndir. Dünya və özü haqqında məsələlərə olan maraqlarını nəzərə alıb yeniyetməlik yaşındaki şagirdlərlə ünsiyyət, yaxınlıq yaratmaq vacibdir. Belə uşaqlar ətrafdakılar tərəfindən qəbul olunmağı, daim diqqət mərkəzində olmağı arzulayır. Onların əhvali-ruhiyyəsi tez-tez dəyişir, böyüklərin onu başa düşmədiyini düşünürlər. Öz səhvlərini asanlıqla qəbul etmirlər, ancaq başqalarının nöqsanlarını görə bilirlər. Tənqidə qarşı çox həssas olurlar. Ona görə müəllim belə yaşda olan uşaqlara daha çox sevgi və qayğı ilə yanaşmalıdır. Ancaq bu yolla elmə, təhsilə maraq oyatmaq, şagirdin inamını qazanmaq olar. Bəli, şagird müəllimin onun qayğısına qaldığını hiss etməlidir.

 

Hər bir məktəblinin fərdi xüsusiyyətlərə malik olduğunu da unutmaq olmaz. Yaxşı müəllim şagirdlərlə əməkdaşlıq etməyi bacarmalıdır. Öz fikir və düşüncələrini ifadə edə bilmək üçün, özünü yaxşı mənada göstərmək üçün ona müvafiq şərait yaratmalıdır.

 

Valideynlərlə əlaqə, uğurlu qiymətləndirmə sisteminin qurulması da öyrənmək həvəsini artırır. Şagirdlərdən hər birinin fərqli öyrənmə tərzləri olduğu şübhəsizdir. Öyrənmə imkanı məhdud olan uşaqlara qarşı həssas münasibət isə xüsusilə vacibdir. Onların uğurlarının adicə sözlə belə alqışlanması xoş təəssürat yaradır. Şagirdlərə qayğı ilə yanaşıb öz işində məsuliyyətli olan müəllim öz iradəsi sayəsində bütün çətinlikləri aradan qaldıra bilər. Həqiqətən də, yaxşı deyiblər ki, həyatda səcdəyə layiq ən böyük qüvvə iradədir.

 

Hansı fənni tədris etməsindən asılı olmayaraq, müəllimin işi yalnız dərs keçməklə məhdudlaşmır. Tərbiyəedici məktəb mühiti şagirdləri daha çox öyrədir. Onlarda öyrənməyə maraq və həvəsi artırır. Bu mühitin əsas siması isə, şübhəsiz ki, müəllimdir. Öyrənməyi və öyrətməyi sevən müəllim!..

 

 

 

Zəhra MİRZƏYEVA,

Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi