Tarix müəlliminin yeni yanaşmalarından bəhs edən kitab
Hər bir ölkənin milli təhsil sistemində onun sosial-iqtisadi və mədəni-mənəvi inkişafı səviyyəsinə uyğun, yerli mentalitetə və dəyərlər sisteminə əsaslanan kurikulumun hazırlanması, müvafiq ümumi və xüsusi metodikalardan istifadə olunması vacib hesab edilir. Kurikulumların hazırlanması ideyası həm də müstəqillik illərində ölkəmizdə təhsil sahəsində aparılan araşdırmaların nəticəsi kimi meydana çıxıb. Ötən əsrin 90-cı illərinin sonunda beynəlxalq və milli səviyyədə ekspert və məsləhətçilərin araşdırmaları yeni qurulan Azərbaycan cəmiyyətinin tələbləri əsasında təhsil sisteminin yenidən yaradılmasını zəruri bir tələbat kimi qarşıya qoyub. Ötən dövrün təcrübəsini kütləvi halda mənimsəyən çoxsaylı təhsil işçilərinin günümüzün aktual problemləri ilə ayaqlaşması və ya onu mənimsəyə bilməsi mümkün olacaqdımı? Müəllim və şagirdləri, ümumilikdə təhsil sisteminin inkişafını XXI əsrdə nə gözləyirdi? Təhsil sistemi hansı istiqamətdə qurulmalı idi? Bu suallarla bağlı araşdırmaların nəticəsi olaraq yeni təhsil islahatı - kurikulumun həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
Ötən dövrdə Azərbaycan Respublikasının digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında çalışan ümumtəhsil məktəblərinin müəllimləri də islahatın tələbləri istiqamətində axtarışlarında dəyərli təcrübə qazanıblar. Yeni metodikaya uyğun səmərəli təlim üsullarının öyrənilib ümumiləşdirilməsi və yayılması isə təhsil sisteminin yeniləşdirilməsində önəmli rol oynayıb. Belə qabaqcıl və təşəbbüskar müəllimlərimizdən biri də Naxçıvan MR-in Əməkdar müəllimi, ömrünün 32 ilini pedaqoji sahəyə həsr etmiş tarixçi pedaqoq İmmi Hüseynovadır. İmmi müəllimi digərlərindən fərqləndirən ən mühüm cəhət qazandığı uğurları əks etdirən metodik yenilikləri peşə yoldaşları ilə bölüşməsi və yeni uğurlara can atmasıdır. Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyeva İmmi müəllimin qabaqcıl iş təcrübəsini hərtərəfli araşdırıb və kitab şəklində pedaqoji ictimaiyyətə təqdim edib.
“Qabaqcıl müəllimlərimiz: İmmi Hüseynova” adlı həmin kitabı vərəqlədikcə ömrünü şagirdlərinin yurdsevər vətəndaş, yetkin şəxsiyyət kimi formalaşmasına həsr edən bir müəllimin pedaqoji aləmdəki axtarışları və səmərəli təlim üsulları göz önündə canlanır. Bu nəşr təhsil islahatının uğurla gerçəkləşdirilməsi örnəyi kimi dəyərli metodik vəsait sayılmağa layiqdir. Burada bir müəllimin həyat amalına çevrilən dərs prosesinin bütün incəlikləri öz əksini tapıb.
Kitabda qeyd edildiyi kimi, aydın düşüncə tərzi, güclü məntiqi və yaddaşı ilə seçilən İmmi müəllim hələ 1981-ci ildə Bakıdakı 220 nömrəli məktəbi qızıl medalla bitirib və Bakı Dövlət Universitetinin tarix fakültəsinə müsabiqədənkənar imtahan verərək əla qiymətlə daxil olub. Bu ali məktəbi də yüksək qiymətlərlə bitirən gənc tarixçi Bakı şəhərindəki 1 nömrəli respublika internat məktəbində əmək fəaliyyətinə başlayıb. İmmi Hüseynova 2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar Naxçıvan şəhərindəki akademik M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbə dəyişilib və pedaqoji fəaliyyətinin sonrakı illərini muxtar respublikada təhsil həyatı ilə bağlayıb.
İ.Hüseynova sonralar Naxçıvan Dövlət Universitetində və Müəllimlər İnstitutunda da dərs deyib, şəhərdəki V.Zeynalov adına rus dili təmayüllü 3 nömrəli tam orta məktəbdə tarix dərslərini rus dilində tədris etməyə başlayıb. Təcrübəli tarix müəllimi təkcə dərs deməklə kifayətlənməyib, tədris prosesində təhsil islahatının qarşıya qoyduğu tələblərə uyğun səmərəli təlim mühiti yaratmağa da çalışıb. Kurikulumla bağlı mətbuat səhifələrində tez-tez elmi-metodik mövzularla çıxış etməsi, qazandığı təcrübəni həmkarları ilə bölüşməsi İmmi müəllimə işlədiyi kollektivlərdə və Naxçıvanın pedaqoji mühitində nüfuz və hörmət qazandırıb. Onun hər bir uğurunu həmkarları diqqətlə izləyir, ondan öyrənməyə çalışırlar.
Belə müəllimlərin səylərinin nəticəsi idi ki, 2015-ci ildə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbi “İlin məktəbi” adına layiq görüldü. İmmi müəllim həmişə fəxrlə bildirir: “Mən çox sevinirəm ki, məktəbimizin qazandığı uğurlarda, xüsusən “İlin məktəbi” adını almasında mənim də payım var. Müstəqil, gənc dövlətin tarixini olduğu kimi, tarixi araşdırmalar aparmaqla tədris etmək olduqca gərəkli və şərəfli bir işdir”.
İmmi Hüseynovanın qabaqcıl iş təcrübəsinə həsr olunan bu kitab 11 bölmədən ibarətdir. Tarixçi pedaqoqun “Tarix dərslərində İKT-dən istifadə”, “Tarix dərslərində portfolio sistemi,” “Tarix dərslərində fənlərarası əlaqənin əhəmiyyəti”, “Yeni pedaqoji texnologiyaların tətbiqi”, “Azərbaycan tarixi fənnindən layihə dərsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” mövzularında apardığı dərslərdən, “Şəmsəddin Eldəniz necə Azərbaycan hökmdarı oldu?”, “İntibah mədəniyyəti” mövzularında “açıq dərs”lərindən bəhs edən bölmələrdə onun ümumi bilik səviyyəsindən və çoxillik təlim məharətindən qaynaqlanan pedaqoji təcrübə incələnib və ümumiləşdirilib. “Tarixi şəxsiyyətlərin tanıdılmasında tarix dərslərinin əhəmiyyəti”, “Muzeylərdə keçirilən “açıq dərs”lərin təlim-tərbiyə prosesində əhəmiyyəti” bölmələrində İmmi müəllimin bu mövzuların tədrisinə yüksək milli-mənəvi meyarlarla yanaşması əksini tapıb. “Həmkarlarının İmmi müəllim haqqında rəyləri” bölməsində verilmiş mülahizələr də qabaqcıl müəllimin pedaqoji sahədə qazandığı uğurların çevrəsini tamamlayıb.
Yuxarıda göstərilən hər bölmə üzrə İmmi Hüseynovanın tarix dərslərində istifadə etdiyi istiqamətlərdən və problemlərin qoyuluşundan ətraflı bəhs edilib. Məsələn, Tamara Baxşəliyeva kitabda göstərir ki, İmmi müəllimin mühüm təcrübələrindən biri “Portfolio” hesabatlar və nailiyyətlər portfelidir. Onun vasitəsi ilə müəllim şagirdin müəyyən şəraitdə və təhsil aldığı dövr ərzində əldə etdirdiyi fərdi nailiyyətlərin qeydə alınmasını, toplanmasını və qiymətləndirilməsini həyata keçirmək üçün şərait yaradır. Portfolionun əhəmiyyətli cəhəti ondadır ki, o, şagirddə özünüqiymətləndirmə bacarığının artmasına xidmət edir və şagirdin fərdi xüsusiyyətlərini əks etdirir. Müəllif İmmi Hüseynovanın “Sənədlər portfoliosu”, “İşlər portfeli”, “Rəylər portfeli”nin də rolunu və önəmini yığcam şəkildə şərh edib.
Yeni təhsil islahatının qarşıya qoyduğu mühüm istiqamətlərdən biri də fənlərarası əlaqənin yaradılmasıdır. Kitabın bu məsələdən bəhs edən bölməsində verilmiş “Qədim Misirdə mədəniyyət” və “Finikiya” mövzularının fənlərarası əlaqə istiqamətində İmmi Hüseynovanın təcrübəsinin təhlili də tarix müəllimləri üçün gərəklidir.
Kitabın “Yeni pedaqoji texnologiyaların tətbiqi” bölməsində İKT-nin şagirdlərin tədqiqatçılıq bacarığını inkişaf etdirməsindən geniş söhbət açılır. Göstərilir ki, fəal təlim dərsin düzgün planlaşdırılmasından başlayır. Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm də forması ilə şərtlənir. Dərs o zaman səmərəli olur ki, şagirdlərdə maraq, kəskin reaksiya doğursun. Bu baxımdan kitabda nümunə dərsləri olaraq “Azərbaycan tarixi” fənnindən layihə dərslərinə də yer verilib.
İmmi müəllimin çoxillik pedaqoji fəaliyyətinin və zəngin təcrübəsinin bütün istiqamətlərini əhatə etmək bir yazıda imkan xaricindədir. Təkcə onu demək kifayətdir ki, ömrünü uşaqların təlim-tərbiyəsinə həsr edən hər bir müəllim xoşbəxtdir. İmmi Hüseynova da məhz belə müəllimlərdəndir.
Həsənəli EYVAZLI,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti