Yeni təlimdə tədqiqatçılığın inkişaf yolları


Milli kurikulumun tətbiqindən on ildən çox zaman keçir. Bu müddət ərzində bu təhsil konsepsiyasını hər kəs eyni cür qarşılamayıb, müxtəlif yanaşmalarla dərk edilməyə çalışıldı. Ənənəvi metodika ilə yanaşı özünüdərketmənin həyat şərtləri adekvat qavrama və onların müxtəlif sahələrdə inteqrasiyası hər bir fənnin ayrılmaz hissəsi oldu. Yeni təhsil konsepsiyasının əsasını dioloji təlim tutur. Kurikulumun əsas istiqamətlərindən biri də şagirdlərin müstəqil fəaliyyətinin, bacarıq və vərdişlərinin inkişaf etdirilməsidir. Və buna görə də şagirdlərə düşən işlər çoxluq təşkil edir. Buna ən çox öyrədən-öyrənən əməkdaşlığı desək daha məqsədəuyğun olar. Bu zaman çox əhəmiyyətli keyfiyyətlər formalaşmağa başlayır. Onlarda iş birliyi, anlaşma, məqsədə yönlülük, hörmət, təşəbbüskarlıq, zamana dəyər vermək kimi amillər qarşılıqlı bir vəhdətin meyarı üzərində qurulmuş bir işdir. Yuxarıda sadalananları öyrənənlərə şamil etsək, bu, onlarda hər şeyə daha yaradıcı yanaşmasına gətirib çıxarar. Şagirdlərdə maraq və  həvəsli olmaq kimi keyfiyyətləri aşılasaq və onları bu yönümdə formalaşdırsaq bu, onların yaradıcı düşünməsinə səbəb olar. Daha hansı kriteryalar var ki, bu da tədqiqatçılıq qabiliyyətni artırar?

 

Əgər şagird ətraf mühitə öz-özlüyündə  müşahidəçi kimi baxarsa, harda nəyi təhlil etməyi, düşdüyü problemlə ətraf mühit arasında əlaqə yarada bilərsə, bu, onun yaradıcı olma səbəbinin biri sayılar. Demək ki, biz şagirdin mühitində baş verən ani dəyişikliyə reaksiya verməsini, ona önəm verib dəyərləndirməsini, daha açıq baxışla baxmasını formalaşdırmalıyıq. Məsələn, gündəlik gedib-gəldiyi, gəzdiyi müşahidəçi daha sonra isə özünü bu təbiətin və onun təsvirinin bir parçası, bir hissəsi  kimi hiss etməli və bunu qələmə alanda, təbii ki, ortaya müxtəlif məcazlarla rənglənmiş, peysajlarla əhatələnmiş bədii bir mətn çıxar. Müşahidəçi öyrənəndə interaktivlik mühüm vasitə kimi çıxış edir. Bu, öyrənənlərin intellektual hazırlığına çox böyük təsir göstərir.

 

Müasir informasiyalaşdırılmış cəmiyyətimizdə kitabxanaların rolu danılmazdır. Doğrudur, informasiya bolluğu, internet imkanlarının genişliyinə baxmayaraq, kitab əsas bilik mənbəyi kimi qalmaqdadır. Məşhur ingilis alimi Bekonun hələ XVI əsrdə dediyi “kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsildən-nəslə daşıyan fikir gəmisidi” sözləri bu gün də öz qiymətini itirməmişdirsə, demək ki, şagirdlərin tədqiqatçılıq yolunun böyük hissəsi kitabxanalardan keçir. Onların yol bələdçisi, insanın ruhunun qidası olan kitaba münasibəti cəmiyyətin mədəni səviyyəsi kimi qəbul edilməlidir. Məktəb kitabxanası ilə müntəzəm əlaqənin, onların  bir mövzuya müxtəlif aspektlərdən yanaşmasının, bədii təfəkkürünün, yaradıcı qabiliyyətinin formalaşmasının nə qədər mühüm yerdə olduğunu söyləyə bilərəm. Təbii ki, mütaliə mədəniyyəti şagirdin tərbiyəsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynamaqla, həmçinin onun söz ehtiyatını artıraraq  nitq mədəniyyətinə yiyələnməsinə gətirir ki, bu da hər bir tədqiqatçının fikrini daha səlist  çatdırmasına səbəb olur. Kitabxanalarla əlaqə, kitablara bağlılıq, mütaliənin inkişafı üçün bir neçə yollara da əl atmışam. Məsələn, təqdim etdiyim ədəbiyyat siyahısını tam bitirənə bir günlük dərs yönətçisi olmasını vəd verdim. Bu da uşaqlarda maraq doğurdu.

 

İnkişaf edən, dəyişən cəmiyyətimizdə dövrün tələbinə uyğunlaşmaq zəruridir. Tədqiqatın aparılmasında yalnız kitablar və ya digər resurslar kifayət etmir, həmçinin İKT-dən istifadə aktual olmalıdır. Fasilitatorun müəyyən etdiyi parametrlərdə tədqiqatçı  öz mövzularına və araşdırmalarına tam nəzarət  edə bildiyindən nəticəyə gəlmədə onlar üçün çətinlik yaratmayacaqdır. Müxtəlif çeşidli seçimlər onların maraq dairəsini zənginləşdirməyə töhfə verər.

 

Yaradıcı təfəkkür üçün digər tərəfdən dəstəkləyici mühit, düzgün seçilmiş forma və üsullar da böyük rol oynayır. Fərdi tapşırıqlar ilk addım olur. Tək işləməklə o, bacarığını müəyyənləşdirir, müstəqil fikir yürütməyin nə dərəcədə əhəmiyyətini başa düşür. Mən yaradıcı təfəkkürü formalar üzrə Blum taksanomiyalarının inkişaf xəttinə bənzədirəm. Beləliklə, fərdi forma bilmə pilləsinə uyğundur. Daha sonra cütlərlə iş-qarşılıqlı fikir yürütmə ilə izah edib anlayır və şaxələndirərək analiz edir. Kiçik qruplarla iş aparılması mahiyyət etibarı ilə eyni olanların sintezini aparıb xarakterizə etməklə, azad fikirləri müzakirə edib ortaq qərara gəlinir. Nəhayət, kollektiv iş - bu zaman tədqiqatçıların  vəhdəti, ideya çıxartmaq, nəticəyə gəlmək kimi mühakimə yürütməyə  gətirir ki, bu da tədqiqatçının həyat fenomeni ilə dərsi ümumiləşdirərək dərk olunmasına zəmin yaradır. Bu formaların doğru zamanda, yerində işlətmək isə fasilitatorun öhdəsinə düşür.

 

Üsullara gəldikdə isə debat və müzakirələr yaradıcı yanaşmanın əsasıdır. Çünki tədqiqatçı nitqi ilə debatı və ya müzakirəni şaxələndirərək elə bir səviyyəyə gətirir ki, bir şəbəkə yaradır. Məsələn, antonimlər mövzusunu tədris edərkən isti, soyuq, ilıq və siyah, qara, ağ sözlərinin hansının antonimlik yarada bilməsi  haqqında müzakirə qoydum. Bu şagirdlərin müxtəlif fikirlər yürüdərək maraqlı qənaətə gəlmələri ilə nəticələndi. Onlardan  antonimlərin ritmlə səslənmələri, tərəflərinin  alınma və milli olmaları fikrinə gələnlər də oldu.

 

Tədqiqat yönümlü tapşırıqların seçiminə də müəllim diqqət yetirməli, onların çətinlik sferasına nəzər etməlidir. Onların təfəkküründə məntiqi və tənqidi yanaşmalara imkan yaratmalıdır. Bu zaman sosial bacarıqlar daha qabarıq üzə çıxar. Məsələn, sifətin dərəcələri mövzusunda  tədqiqatçılardan bütün sifətlərin  eyni üsulla dərəcəyə düşə bilərmi və dilimizdə dərəcəyə düşməyən (burada çoxaltma və azaltma dərəcələri nəzərdə tutulur) sifətlər varmı sualına cavab tapmağa çalışdılar, nəticədə maraqlı, dolğun cavablar alındı. Mövzu mətnlə bağlı olduqda isə mətnin giriş, əsas və nəticə hissəsini elə dəyişin ki, ideya dəyişməsin. Əlavə abzaslar qurun və s.

 

Söz - sərrast seçilmiş, müdrikliklə dolu, inandırıcı, kəsərli, obrazlı olduqda daha böyük gücə malik olur. Söz yalnız məfhumun varlıq forması deyil, eyni zamanda təfəkkür vasitəsidirsə, demək ki, o, nitqdə yaradıcı ola bilər. Elə mövzular var ki, onlar müzakirə olunaraq açılır və yalnız dərinliyinə o zaman varılır. Bu zaman nitq əldə bir silah kimi qarşısındakını inandırır və məğlub edir. Bu məqamda Keykavusun “Qabusnamə”sindən bir ibrətamiz tövsiyəni  xatırlasam yerinə düşər, “Ey oğul, bütün sənətlər içərisində ən gözəli natiqlikdir. Dilini gözəl danışmağa öyrət. Dili xoş olanın havadarı çox olar. Onu da bilməlisən ki, söz dörd cürdür, birini nə deyərlər, nə bilərlər. Birini bilərlər, amma deməzlər. Birini deyərlər, lakin bilməzlər. Birini də həm bilərlər, həm də deyərlər”.

 

İnteqrasiya imkanlarını genişləndirməklə bu bacarığı formalaşdırmaq olar. Belə ki, tədqiqatçı müxtəlif fənlərə inteqrasiya edərək yaradıcı fikir yürüdə, problemlərlə üzləşərkən daha tez və sərfəli yolların həllinə nail ola bilər.

 

Müasir təlimin tələblərinə uyğun olaraq tədqiqatçılıq metodu xüsusi əhəmiyyətə malikdir. Şagirdlərdə həyati bacarıqlarının inkişafı onların nəzəri eksperimental tətbiqinə gətirib çıxarır. Birinci onlarda özünə inam olur ki, bu da hər bir insana lazım olan amillərdən biridir. Onlarda müxtəlif emosiyaların formalaşması inkişafı zamanı özünü kəşf etməyin sevincini yaşadıgı anda büruzə verir. Bildiklərini tətbiq etdikcə, yeniliyə can atdıqca şagirdlərdə sevincin, yaradıcılıq istəyinin artmasına gətirir. Daim axtarış həyəcanı və bəzən gözlənilməz sonluq onların kəşf sevincini daha da artırır. Demək ki, tədqiqatçılıq şagird psixologiyasına müsbət təsir edən faktorlardan biridir. Demokratik mühitin yaranması amirlik sisteminə son qoyur və tədqiqatın baş tutması üçün əlverişli şəraitlə nəticələnir.

 

Zəif şagirdlərin işə cəlb olunması tədqiqatçılığın əhəmiyyətini bir daha göstərir. Bu tip şagirdlərin maraq daairəsini artırmaq, onların bilinməyən, gizlində qalan tərəflərini üzə çıxarmağa xidmət edən bu prosesin faydalı olmasını bir daha qeyd edə bilərəm. Məsələn, tədqiqat aparılan zaman zəif şagirdlərə yaradıcı tətbiq etmənin  müxtəlif incəsənət sahələrində - ağac üzərində oyma, aplikasiyalarla işləmə, tikiş işləmələrində də təqdim edə biləcəklərini söyləyə bilərik. Bu da  peşə təhsilinə bir dəstək forması ola bilər ki, dövlətimizin bu sahəyə verdiyi önəmin bir göstəricisi kimi təqdim edilər.

 

Tədqiqatçılığın digər gərəkliliyi də şagirdin daim ünsiyyətdə olması, insanlarla təmasıdır. Günümüzün və dövrümüzün müxtəlif əlaqə vasitəsi var. Ancaq canlı söhbətin, müzakirənin yerini  heç nə əvəz etməməsini bildirirəm. Axı biz şəxsiyyətə hörmət edən, insani dəyərlərə önəm verən insan yetişdiririk. Bu fikirdən də çıxış edərək tədqiqatçılığı ünsiyyət mərkəzi kimi görür və onun inkişaf yollarını daim genişləndirirəm.

 

Məşhur rus pedaqoqu  A.S.Makarenko deyir: “Uşaqları sevməyən, onları güldürməyi  bacarmayan, özü də ürəkdən gülməyən  müəllimdən müəllim olmaz”. Demək ki, müəllimlik qəlbdən gələn, sevgiylə yoğrulan bir peşədir. Əgər bu sevgi olmasa, o, heç zaman yeniliyə can atmayacaq. Ustad müəllim hər zaman öz şagirdini labirintə salmağı bacaran, hər şeyə hazırlıqlı  olandır. Bir də müəllim özü yaradıcı olmalıdır ki, yaradıcı tədqiqatçı yetişdirə bilsin. Demək ki, müəllim şagirdin gözündə tədqiqatçılıq simasıdır. O, nəyi görürsə onu da götürür. Öyrənməyi öyrənir.

 

Şagirdin mövqeyi  kəşf edəndir. Onlar faktlar toplayır, fərziyyələr irəli sürür, tətbiq edir, öyrəndiyi anlayışın mahiyyətini dərk edir və öz bacarığını nümayiş etdirir. Bunu onlar istər toplu, istər fərdi formada  yerinə yetirməklə müstəqil qərar verməsinə, həyatda üzləşdikləri çətinliklərə artıq hazır olmalarına zəmin yaradır. Ümumiyyətlə, bu sadalanan amillərin hamısı yaradıcı təfəkkürün, tədqiqatçılıq qabiliyyətinin inkişaf yollarıdır. Hər bir amil şəxsiyyətyönümlü təhsilin əsas meyarıdır.

 

 

Elnurə KAZIMOVA,

Beyləqan rayon 1-ci Şahsevən kənd 1 nömrəli orta məktəbin ədəbiyyat müəllimi, “Həmkardan-həmkara” layihəsinin qalibi