Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Heydər ƏLİYEV,
ümummilli lider
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır.
Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi.
Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir. Nizami rayonundakı 113 nömrəli uşaq bağçası və körpələr evində olduğu kimi.
Bağçanın müdiri Flora Bayramova ömrünü uşaqların tərbiyəsinə həsr edib desək, yanılmarıq. Çünki 43 ildir ki, bu sahədə çalışır. Bağçanın həyətində bəzi şeylərə təəccüblə baxdığımızı görən Flora xanım dedi ki, bax, bu gördüyünüz “Quş mətbəxi”dir. Bağcada fəaliyyə göstərən 8 qrupun hər biri quş qəfəsi düzəldib. Ətrafına da səkkiz su qabı qoyub. Ətrafdakı quşlar hər gün uşaqların gözü qarşısında onların düzəltdikləri “quş mətbəxi”ndə qidalanırlar. Uşaqlar bundan zövq alır.
Sonra həyətyanı sahədə əkilmiş kənd təsərrüfatı məhsullarını göstərərək deyir ki, bunların hamısını tərbiyəçi-müəllimlərin rəhbərliyi və köməkliyi ilə uşaqlar yetişdirirlər. Burada yetişdirilən məhsulların hamısı nahar vaxtı uşaqlara verilir. O cümlədən, həyətyanı sahədə yetişdirilən meyvələr də uşaqlara verilir. Uşaqlar həm meyvələrin, həm də kənd təsərrüfatı məhsullarının necə yetişdirildiyini, onlara vaxtlı-vaxtında qulluq göstərildiyini, toplanma qaydasını öyrənirlər. Müxtəlif gül kolları da uşaqların iştirakı ilə yetişdirilib.
Ümumiyyətlə, burada 8 qrup fəaliyyət göstərir. Onlardan 3-ü rus qrupudur. 150 uşağın tərbiyə aldığı uşaq bağçasında 16 tərbiyəçi-müəllim fəaliyyət göstərir. Ümumilikdə 40 nəfərdən ibarət olan kollektivdə uşaqlar üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq keçirilən “Açıq qapı” günündə valideynlər uşaq bağçasına gəlir, tədbirlərdə iştirak edir, uşaqların gün ərzindəki məşğuliyyətlərini izləyirlər.
Uşaqların müxtəlif müsabiqələrdə iştirakını əks etdirən şəkillərə, qazandıqları mükafatlara, fəxri fərmanlara baxanda burada tərbiyəvi işlərin düzgün qurulduğu açıq şəkildə özünü büruzə verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3 nominasiya üzrə keçirdiyi müsabiqənin 2 nominasiya üzrə qalibi 113 nömrəli uşaq bağçası və körpələr evi olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar arasında rəsm sərgisində bağçanın 3 uşağı qalib olub və diplomla təltif edilib. Bir neçə il əvvəl uşaqların ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş 90 dibçəkdə 90 bənövşəni əkməsi və bu güllərin Nizami rayonundakı parkların birində nümayiş etdirilməsi hələ də yaddaşlarda qalıb.
Müxtəlif tədbirlərin uşaqlar tərəfindən təntənəli keçirilməsi, bununla əlaqədar hazırlanan tamaşalar valideynlər və digər iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş tədbir xüsusi qeyd olunmalıdır. Dahi bəstəkarın bir neçə əsərindən, xüsusilə “O olmasın, bu olsun” komediyasından bəzi hissələrin uşaqlar tərəfindən səhnələşdirilməsi alqışlarla qarşılanıb.
F.Bayramova dedi ki, 22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar uşaqların hazırladıqları ədəbi-bədii kompozisiya bütünlüklə ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında aparılan təbliğat işlərinə həsr olunmuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliynin, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, həmçinin valideynlərin də iştirakı ilə keçirilən tədbir uşaqların istedadını bir daha nümayiş etdirdi. Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlxalq Yer Günü ilə əlaqədar keçirilən tədbirlər sırasında 113 nömrəli uşaq bağçası və körpələr evinin hazırladığı ədəbi-bədii kompozisiya ən yaxşı hesab olunmuşdur.
“Ekoloji cığır”, “Ana təbiət, bayramın mübarək!” tədbirləri də bütünlüklə təbiətin qorunmasına həsr olunmuşdu. Həmin tədbirlərdən sonra uşaqlar hətta küçə və parklarda əkilmiş gül-çiçəkləri də qorumağa vərdiş ediblər.
“Milli irsimizi qoruyaq” adı ilə keçirilən silsilə tədbirlər uşaqlarda ölkəmizin qədimliyi barədə tam təəssürat yaradıb. Uşaqların tərbiyəçi - müəllimlərin köməyi ilə düzəltdikləri “Qobustan qayaları”, “Yanar dağ”, “Şah dağ”, “Palçıq vulkanı”, “Qaval daş” , “Qız qalası”, “Xudafərin körpüsü” maketləri bağçaya gələnlər tərəfindən böyük maraqla qarşılanır.
Ömrünü uşaqlara həsr edən F.Bayramova ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqlara göstərdikləri xüsusi diqqət və qayğıdan razılıqla danışdı. Sonra dövlətimizin başçısının 113 nömrəli uşaq bağçasının uşaqları ilə çəkdirdiyi şəkli göstərdi. Dedi ki, bütün bunlar onları daha da ruhlandırır. Axı uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidirlər.
Əliqismət BƏDƏLOV