Lamiya Bağırova: “Yetirmələrinin nailiyyətləri müəllimi daha şövqlə işləməyə ruhlandırır”
Lamiya Bağırova 1990-cı ildə Daşkəsən rayonunda anadan olub. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasının bakalavr pilləsini bitirib. 2018-ci il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. 51 bal toplayaraq Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi təyin olunub.
- Lamiya xanım, müəllim olmaq həvəsi sizdə necə yarandı?
- Uşaqlıqdan qız usaqları daha çox müəllimliyə meyillənir, hətta “Müəllim, müəllim” adlandırdığımız oyunu da oynayırlar. Müəllimlik hər zaman nəzərimdə ən ali, bəlkə də ən əlçatmaz peşədir desəm, yanılmaram. Hələ uşaqlıqda müəllim olmaq xəyalı ilə yaşamışam. Bu gün isə artıq arzuma çatmışam. Doğrusu, ingilis dili müəllimi olmağımın səbəbkarı bacımdır. O vaxt bacım universitet xatirələrindən, metodiki təcrübədən danışdıqca mən də özümü bu sahədə görməyə başladım.
- Şagirdlərlə ilk dərsiniz necə keçdi?
- İlk dərs mənim üçün çox həyəcanlı oldu. Fənnimi sevdirmək üçün şagirdlərin qəlbinə yol tapmalı idim. Hesab edirəm ki, bunu da bacardım. Şagirdlərlə isti münasibət və uğurlu fəaliyyət həyatımın ən yaddaqalan anı oldu.
- Özünə inam hissini şagirdlərdə necə yaradırsınız?
- Hər şeydən qabaq onlara bacardıqları tapşırıqları verməklə, öhdəsindən gələ bildiklərini göstərməklə aralarında rəqabət hissi yaradıram.
- Dərs prosesində daha çox hansı üsul və metodlardan istifadə edirsiniz?
- Daha çox əyləncəli oyunlardan, o cümlədən İKT-dən istifadə edirəm. Diskussiya, beyin həmləsi, debat, auksion və s. yeni üsullar, məncə, mövzuların mənimsənilməsində daha uğurludur.
- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?
- Hər bir şagirdin uğuru müəllim üçün ən böyük hədiyyədir. Bir də sənətini şərəflə yerinə yetirdiyin müddətdə şagirdin qəlbində kök salmaq özü elə hədiyyədir.
- Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Sizcə, bu müqayisə doğrudan da belədir?
- Bəli. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin nailiyyətləri müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.
- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?
- Bu peşə ən çətin, həm də ən şərəfli peşədir. Çünki həkimi, mühəndisi, hərbiçini müəllim yetişdirir. Unutmamalıyıq ki, təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.
Mikayıl MİKAYILLI,
Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi