“Hər bir şagirdin uğuru ən böyük hədiyyədir”

Lamiya Bağırova 1990-cı ildə Daşkəsən rayonunda anadan olub. 2007-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasının  bakalavr pilləsini  bitirib. 2018-ci il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib.  51 bal toplayaraq Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbinə ingilis dili müəllimi təyin olunub.

 

- Lamiya  xanım, müəllim olmaq həvəsi sizdə necə yarandı?

 

- Uşaqlıqdan qız usaqları daha çox müəllimliyə meyillənir, hətta  “Müəllim, müəllim” adlandırdığımız oyunu da  oynayırlar. Müəllimlik hər zaman nəzərimdə ən ali, bəlkə də ən əlçatmaz peşədir desəm, yanılmaram. Hələ uşaqlıqda müəllim olmaq  xəyalı ilə yaşamışam. Bu gün isə artıq  arzuma çatmışam. Doğrusu, ingilis dili müəllimi olmağımın səbəbkarı  bacımdır. O vaxt  bacım universitet xatirələrindən, metodiki təcrübədən danışdıqca mən də özümü bu sahədə görməyə başladım.

 

- Şagirdlərlə ilk dərsiniz necə keçdi?

 

 

- İlk  dərs  mənim üçün çox həyəcanlı  oldu.  Fənnimi sevdirmək üçün şagirdlərin qəlbinə yol tapmalı idim. Hesab edirəm ki, bunu da bacardım. Şagirdlərlə isti münasibət və uğurlu fəaliyyət həyatımın  ən yaddaqalan anı oldu.

 

- Özünə inam hissini şagirdlərdə necə yaradırsınız?

 

- Hər şeydən qabaq onlara bacardıqları tapşırıqları verməklə, öhdəsindən gələ bildiklərini göstərməklə aralarında rəqabət hissi yaradıram.

 

- Dərs prosesində daha çox hansı üsul və metodlardan istifadə edirsiniz?

 

- Daha çox əyləncəli oyunlardan, o cümlədən İKT-dən istifadə edirəm. Diskussiya, beyin həmləsi, debat, auksion və s. yeni üsullar, məncə, mövzuların mənimsənilməsində daha uğurludur.

 

- Bir müəllim üçün ən gözəl hədiyyə, sizcə, nədir?

 

- Hər bir şagirdin uğuru müəllim üçün ən böyük hədiyyədir. Bir də  sənətini şərəflə yerinə yetirdiyin müddətdə şagirdin qəlbində kök salmaq özü elə hədiyyədir.

 

- Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Sizcə,  bu müqayisə   doğrudan da belədir?

 

- Bəli. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi  kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən  dağa dönür. Müəllimlərimiz  ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət  açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin nailiyyətləri müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.

 

- Müəllim olmaq istəyənlərə nə deyərdiniz?

 

- Bu peşə ən çətin,  həm də ən şərəfli peşədir. Çünki həkimi, mühəndisi, hərbiçini müəllim yetişdirir. Unutmamalıyıq ki,   təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.

 

 

Mikayıl MİKAYILLI,

Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


 



14.07.2019 | 12:43