Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Bakıda Təhsilin İnkişafı Forumu keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan forumun məqsədi, istiqamətləri və əhatə dairəsi ilə bağlı Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib.

 

- Elnur müəllim, forum haqqında məlumat verməyinizi xahiş edirik.

 

- İlk növbədə, qeyd edim ki, Təhsilin İnkişafı Fondu Elm və Təhsil Nazirliyinin tabeliyində 14 iyul 2021-ci  ildə  ölkə Prezidentinin müvafiq fərmanı ilə yaradılıb. Məqsədimiz dövlət-özəl tərəfdaşlığını, təhsilin iqtisadiyyata inteqrasiyasını dəstəkləməkdir. Eyni zamanda da təhsil sahəsində innovativ layihələri, proqramları həyata keçirməkdir.

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100  illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq 2023-cü ilin noyabrında keçirilib. Forum bu il oktyabrın 8-də Bakı şəhərində keçiriləcək. Təhsilin İnkişafı Forumu bir gün davam edəcək. Oktyabrın 9-da isə çoxsaylı qonaqların forumda iştirakından istifadə edərək “dəyirmi masa” da təşkil olunacaq. Məqsəd forum zamanı müzakirə olunan məsələlərin nəticələrini, növbəti addımları müzakirə etməkdir.

 

- Təhsilin İnkişafı Forumunu təşkil etməkdə məqsəd nədir?

 

- Qeyd edim ki, forumun konsept mesajı ötən il “Təhsildən Tərəqqiyə” idi. Bu il isə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə çıxış edəcəyik.

 

Tərəfdaşlıq üçün dialoq olmalıdır, dialoq üçün platforma yaratmalıyıq. Forumun əsas məqsədi də bu platformanı təşkil etməkdir. Həm də dialoq davamlı və dayanıqlı olmalıdır. Biz ötən ildə olduğu kimi, bu il də istəyirik ki, proses 365 gün davam etsin. Məsələn, ötən il forumdan sonra Sumqayıt Dövlət Universiteti və STP arasında layihələr həyata keçirilməyə başlandı. BP bir sıra ali təhsil müəssisələri ilə daha sürətli layihələr həyata keçirdi. Azərbaycan Texniki Universiteti bir sıra robototexnika, innovasiya və Türkiyənin şirkətləri ilə daha sıx dövlət-özəl tərəfdaşlığına başladı. Bu il də bizim məqsədimiz ali təhsil müəssisələri, elmi dairələr, tələbələr, tədqiqat institutları, beyin mərkəzləri, sənaye şirkətlərinin nümayəndələri və dövlət qurumları arasında onları bir araya gətirmək və müxtəlif layihələrin müzakirəsidir. Bunların nəticəsi olaraq da istəyimiz forumdan sonra bir sıra  tərəfdaşlıqlara dəstək verməkdən ibarətdir.

 

- Dövlət-özəl tərəfdaşlığı nə vəd edir?

- Dövlət və özəl-dövlət və universitet-sənaye tərəfdaşlığının üstünlüyündən biri də akademik mühitin müasirləşməsidir. Təhsilin əsas məqsədlərindən biri əmək bazarına kadr hazırlamaqdır. Amma əmək bazarına kadr hazırlayarkən biz bilməliyik ki, əmək bazarı, sənaye hansı kadrları gözləyir.

 

Ali təhsil müəssisələrinin tədris proqramlarının məzmununun müasirləşməsi və yenilənməsinə ehtiyac var. Məsələn, onlara necə mühəndis lazımdır? Hansı biliklərə malik mütəxəssislərə ehtiyac var? Bunun üçün dialoq lazımdır. Bu dialoqu da biz forum vasitəsilə və forumdan sonra təşkil etmək istəyirik.

 

- Hansı üstünlükləri var bu cür tərəfdaşlıqların?

 

- Biri var nəzəri bilikləri universitetlərdə, elmi-tədqiqat institutlarında istehsal edirik, biri də var həmin nəzəri bilikləri dəyərə çeviririk, onları sənayedə tətbiq edirik. Ona görə də bu il keçiriləcək forumun birinci paneli “biliyi dəyərə çevirə bilən sinerji, yəni, əməkdaşlıq adlanır.

 

- Tələbələr universitetlərin əməkdaşlıqlarından yararlana bilirlərmi?

 

- Məsələn, STP ilə “Zərif mühəndislər”, eyni zamanda “NEQSOL Holding” ilə “Parla” proqramlarımız var. Hər iki proqrama 50 qız cəlb olunub. Onlar  regionlardan olan, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qızlarımızdır. Demək olar ki, 50 qızın 40-dan çoxunu həmin şirkətlər işlə təmin edib.

 

-Təhsilalanların təcrübə və mentorluq vasitəsilə biliklərinin artırılması prosesinə necə dəstək verirsiniz?

 

- Tələbələrimiz universitetlərdə təhsil alır, müəyyən biliklərə sahib olurlar. Ancaq onları haradasa təcrübədən keçirməlidirlər. Bunun üçün biz tələbələrə şərait yaradırıq ki, onlar müəyyən şirkətlərə gedib öyrəndiklərini təcrübə etsinlər, mentorluq proqramından keçsinlər. Bu, tələbələrin uğurlu karyeralarına dəstəkdir.

 

Sənaye təcrübəsindən istifadə də innovativ layihələrin həyata keçirilməsi, sahibkar universitetlərinin formalaşdırılması, iş yerində öyrənmə modelləri ömürboyu təhsil strategiyasına uyğundur. Bütün bunlar ona xidmət edir ki, təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə reputasiyaları artacaq. Bu, bizim məqsədlərimizdir.

 

- Bəs bu il necə, foruma maraq artıb?

 

- Bu il də foruma böyük maraq var və daha böyük sayda şirkətlər burada iştirak edəcək. Tədbirin özəlliyi ondan ibarətdir ki, Təhsilin İnkişafı Fondunun və ya dövlətin heç bir vəsaiti bu forumun təşkilinə sərf olunmur. Deməli, forum bütünlüklə özəl sektorun maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsilin İnkişafı Forumu 2023-cü ildə də belə təşkil olunmuşdu. Bu il də belə olacaq.

 

- Elnur müəllim, forumda hansı dövlət və özəl tərəfdaşların iştirakı gözlənilir?

 

- SOCAR, bp, “Kapital Bank”, “Bestcomp”, “Veysəloğlu”, “Lenovo”, STP, NEQSOL şirkətləri, böyük holdinqlər və demək olar bizim bütün tərəfdaşlarımız forumda iştirak edəcəklər.

 

- Forumun gündəliyi nədən ibarət olacaq?

 

- Forumun ilk günü elm və təhsil naziri tədbirimizi açıq elan edəcək və ondan sonra üç paneldə müzakirə olacaq.

 

Panel müzakirəsinin mövzusu “Biliyi dəyərə çevirən sinerji” olacaq. Burada dövlət qurumlarımızın rəhbərləri çıxış edəcəklər: Elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və SOCAR-ın prezidenti Rövşən Nəcəf.

 

İkinci panelimizin mövzusu isə “Tədqiqatdan inkişafa gedən yol”u əhatə edəcək. Panel təhsil və tədqiqat institutlarının sənaye tərəfdaşlığına həsr olunacaq. Üçüncü panelimizin mövzusu “Gələcəyi gənclərə necə hazırlamalı?” olacaq.

 

Həmin panel kadr hazırlığı, insan kapitalının inkişafı ilə bağlıdır. Orada da çox maraqlı müzakirələrimiz olacaq.

 

- Ötən il keçirilən forumun nəticələri sizi qane etdimi?

 

- Burada bir sıra müsbət nəticələr barədə danışa bilərik. Bu, ilk növbədə, ali təhsil müəssisələrimizin sənaye inkişafı ilə cari vəziyyəti, onların proqramlarının durumu ilə bağlıdır. Yenilənməyə ehtiyac varmı? İqtisadiyyatı təhsilə necə inteqrasiya edə bilərik? Bu məsələlərdə nəticə əldə etdik. Dövlət-özəl tərəfdaşlığın inkişaf perspektivlərinə dair hansı imkanlar var? Bu, müzakirə olundu. Bizim ali təhsil müəssisələrimiz nə qədər tez, nə qədər sürətli sənaye ilə özəl sektorda iqtisadiyyatla inteqrasiya etsələr, bu, onların və tələbələrinin də gələcəyinin xeyrinədir. XXI əsrdə sahibkar universitet termini var və onu inkişaf etdirmək lazımdır.

 

- Təqaüd proqramları barədə yeniliklər nəzərdə tutulurmu?

 

- Hazırda 180 nəfərə təqaüd veririk. Qızların təhsilinə dəstək layihəsi çərçivəsində onlardan 80 qız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər 100 qız isə NEQSOL və STP ilə birgə reallaşdırdığımız proqramdan yararlanırlar.

 

50-yə yaxın yeni xanımın müraciəti var. İndi bunun maliyyə tərəflərini müzakirə edirik. Planımızda var ki, bunların sayını artıraq. Bu, bir istiqamətdir. İkinci istiqamət, yəqin ki, görürsünüz, tərəfimizdən sosial çarxlar çəkilir: qızların təhsili, erkən evlilik və bullinq, inklüziv təhsillə bağlı. Biz təşviq edirik ki, bu tipli məsələləri cəmiyyətə yayaq.

 

- Bəs yeni layihələr varmı?

 

- Yeni layihələrimiz planlaşdırılır, özəl sektorla müzakirələrimiz davam edir. Biz istəyirik ki, yalnız qızlar üçün deyil, oğlanlar üçün də belə  proqramlar olsun. Ali təhsil müəssisələrimizdə olan məzunlarımızı və tələbələrimizi əmək bazarına rahat şəkildə, daha lazımi istiqamətlərdə inteqrasiya edə bilək. Ali təhsil müəssisələrində davamlı inkişaf mərkəzləri açılır. Davamlı inkişaf mərkəzləri Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində var. ADNSU və Sumqayıt Dövlət Universitetində də belə mərkəzlərin açılması və şirkətlərin ora dəvət edilməsi nəzərdə tutulur.

 

Günel ABBAS