Nəsimi fəlsəfəsinin kökündə dünyəviliklə qovuşmuş azərbaycanlı mədəniyyəti və əxlaqı durur


Azərbaycan, ərəb və fars dillərində şeirlər divanı yaratmış İmadəddin Nəsimi böyük din alimi, filosof və mütəfəkkir bir şəxsiyyət idi. Yaşayıb yaratdığı zamandan 650 illik bir dövr keçsə də, o, sanki bu günün və sabahın şairidir, müasirimizdir. Xalq ruhu, xalq dünyagörüşü və idrakı Nəsimiyə qədər heç bir şairdə bu qədər çoşqun və sönməz bir ilhamla, sonsuz məhəbbət və dolğunluqla öz əksini tapmamışdır.

 

Nəsimi yaradıcılığı ilə yaxından tanış olduqda görmək olur ki, o, nə qədər ülvi və yüksək ideallar səmasında bərq vuran bir ulduzdursa, o qədər də xəlqidir, sadədir, anlaşılandır, xalq məfkurə və idealına yaxındır, əlçatandır. Onun baharın gəlişinə həsr etdiyi bu misralara diqqət edək:

 

 

Bahar oldu və açıldı üzündən pərdə gülzarın,

 

İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.

 

 

Bu gün bazar edər gülşən səməndən laləvü güldən,

 

Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.

 

 

Baharın təsvirinə həsr edilmiş bu beytlərdə nə qədər təbiilik və reallıq varsa, bir o qədər də dil və üslub sadəliyi, ifadə gözəlliyi mövcuddur.

 

Nəsimi əxlaqı və fəlsəfəsinin kökündə dünyəviliklə qovuşmuş sırf azərbaycanlı mədəniyyəti və əxlaqi durur. Bu kökünə və milli varlığına bağlılıq Nəsimi yaradıcılığına qida və ölməzlik verən ən başlıca mənbə və cövhəridir. Böyük şair sələflərinin elmi və bədii yaradıcılığından, xalqının bilik xəzinəsi olan folklordan aldığı təəssüratları əsərlərində yaradıcı şəkildə dönə-dönə əks etdirməklə bu mövzuları daha da zənginləşdirmiş, inkişaf etdirmişdir.

 

Nəsimi istər adi bir fərd, bəşər övladı, istərsə də müqtədir bir şəxsiyyət kimi öz varlığını və insani missiyasını dərindən dərk edir, dünya və cəmiyyət haqqında düşündüklərini oxucularına bədii fəlsəfi bir üslubda anlatmağa çalışırdı. Sanki bu missiya onun boyuna biçilmişdir. O, bir kamil insan kimi haradan gəlib haraya getdiyini, qadir bir varlıq olan insanın bu dünyada nə etməli olduğunu, nələr edə biləcəyini dəqiq bilən alim, təriqət və cəmiyyət lideri idi:

 

 

Yarəb ol pakizə gövhər kim, bəşərdir surəti,

Qanğı aləmdən gəlir, adı nədən insan olur? -

 

söyləyən şair insana böyük dəyər verməklə yanaşı, onun doğru bir amala, əqidəyə sahib olmasını da vacib sayırdı. Şairə görə o adam arifdir, irfan əhlidir ki, Allahını, haqq olanı tanıyır. Ona görə kim ki, haqqı bilmir, o, şeytan kimi Allaha və onun hökmünə biganədir:

 

Arif biləndir rəbbini, gəl rəbbini gör, arif ol,

 

Həqdən bu gün məhcub olan, şeytan kimi biganədir.

 

 

Nəsimi əsl elm və irfan sahiblərinə yüksək dəyər verərək bəzilərinin bu adı doğrultmadığını, zahirdə özünü alim kimi təqdim etsə də, əslində cahilin biri olduğunu həmişə ifşa edir və göstərir ki, bizim belələri ilə daim mənəviyyat davası aparmağımız bütün xalqa bəllidir:

 

 

Aliməm dedin və lakin cəhlin oldu aşikar,

 

Gördülər cümlə xəlayiq məniyi-dəvamızı.

 

 

Xalqımızın belə bir gözəl deyimi var: “ağzı əyri adam boynunun ardından tanınar”. Yaxud əsil-nəcabətin insan həyatında həlledici rolunu bildirmək üçün bu cür yığcam ifadədən istifadə olunur: “əsli huy-nəsli huy”. Nəsimi bu deyimləri yüksək sənətkarlıqla nəzmə çəkərək belə bir aforizm yaratmışdır:

 

 

Hər kişinin sorman əslin, izzətindən bəllidir,

 

Söhbəti-irfan görənlər xidmətindən bəllidir.

 

 

Sorsalar məndən rəqibi, sən nəsindən biləsən

 

Mən bilirəm, sözü əgri ənsəsindən bəllidir.

 

 

Şair tənbəl, aciz və cahil insanları ardıcıl olaraq tənqid edir və onları silkələyib qəflət yuxusundan ayıltmağa, ömrünü faydalı bir işə sərf etməyə, boş həvəs ardına düşməməyə çağırırdı:

 

İtirdin Cami-Cəmşidi, oyan uyxudan ey qafil,

 

Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil?

 

 

Hava camından əsriksən, həvəs ardına düşmüsən,

 

Bu ağulu şərabı qoy kim, oldun şərbəti-qatil.

 

 

Bu dünyanı fani, müvəqqəti sayan Nəsimi dünya malından ötrü nəfsinin qurbanı olanları qınayır, onları gözütox olub qənaətlə yaşamağa dəvət edirdi. Şairə görə, tamah insan bədənində çox ağır bir xəstəlikdir və onun dərmanı yalnız qənaətcil olmaqdır:

 

 

Dünyada cavidan evi kimsə üçün yapılmadı,

 

Keç bu keçən xərabədən, qoy bu fəna imarəti

 

 

Tamah adəm vücudunda bəğayət zişt illətdir,

 

Qənaət nuşidarudur ki, dəf eylər bu illəti.

 

 

Bəziləri bir tikə ruzi üçün min yalan və hiyləyə əl atır və sonda məlum olur ki, çəkdiyi bu zillət, düşdüyü bu rəzalət əldə etdiyi mənfəətə qətiyyən dəyməzmiş:

 

 

Zərqü riya təriqinə düşməvü nəfsə uyma kim,

 

Kimsəyə assı eyləməz sol səfərin ticarəti.

 

 

Bu cür məsləhət və tövsiyələr, aforizmlər Nəsimi yaradıcılığında yetərincədir və o bu mövzuya dönə-dönə müraciət etməkdən yorulmur. Özünə və başqalarına dönə-dönə hansı keyfiyyətin yaxşı, hansı adətin pis olduğunu təlqin edərək doğru yolu göstərən nəsihətə qulaq asmağı, əməl etməyi vacib sayırdı:

 

 

Nəsimi sən yəqin əhli-nəzərsən

 

Bu üç nəsnəyi qıl kəndinə adət:

 

Biri lütfü kərəm, həm xülqi-niku

 

Biri heç kimsəyə baxma həqarət.

 

Bu sözlər xoş nəsihətdir bilənə,

 

Səadətdir, vəli eyni-səadət.

 

 

Təbii ki, kiçik bir məqalədə Nəsimi yaradıcılığında elm və irfan problemini yetərli bir səviyyədə şərh etmək imkan xaricindədir. Söylədiklərimiz böyük şair və filosofun yaradıcılığı fonunda dəryadan bir damla timsalında olduğundan Nəsimi yaradıcılığına mütəxəssislərin dönə-dönə müraciət etməli olduqlarını vurğulamaqla sözümüzə ara veririk.

 

 

Bəsti MEHRALIYEVA,

Bakı şəhəri 194 nömrəli tam orta məktəbin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim