Raziyət Hacıyeva: “Yetirmələrimin üzərində çəkdiyim əziyyətin hədər getmədiyindən sevinc duyuram”


Onun haqqında çox eşitmişdik. Vaxtilə dərs dediyi şagirdlərinin  bu qocaman müəllimin adını necə ehtiram və hörmətlə çəkdiyinin dəfələrlə şahidi olmuşuq. Və o zamanlardan bizlərdə sevimli şagirdlərinin  yaddaşlarında  həmişəlik həkk olunan bu müəllimlə tanış olmaq arzusu var idi.  Qismət elə gətirdi ki, bu günlərdə onunla elə yaşadığı kənddə - Balakən rayonu Katex kəndində  görüşmək imkanımız  yarandı. Söhbət uzun illər Katex kəndinin təhsilinin inkişafında  əvəzsiz xidmətləri olan “Tərəqqi” medallı müəllim Raziyət Hacıyevadan gedir. Ömrünün 55 ilini böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsinə həsr edən hazırda təqaüddə olan 85 yaşlı  müəllimin qonağı olmaq, onunla söhbətləşmək olduqca maraqlı idi. Nə xoş təsadüf ki, bu ağbirçək ananın evinə  həmin gün bizdən başqa onun  öz həmkar yoldaşları da qonaq gəlmişdi. Hamı Raziyət müəllimin ətrafına toplaşmışdı.

 

 

Ömür yoluna qısa nəzər...

 

 

Raziyət Cəmaləddin qızı Hacıyeva 1934-cü ildə Zaqatala rayonunun Qəbizdərə kəndində müəllim ailəsində anadan olub. Ailədə 3 uşaq olublar.  Məktəb illərinin müəyyən dövrü Böyük Vətən müharibəsi  illərinə təsadüf edib. Müharibənin nə demək olduğunu yaxşı bilən,  onun ağrılı-acılı günlərini yaşayan Raziyət Hacıyeva təhsil almaqdan əsla vaz keçməyib. Həmin günləri özü belə xatırlayır: “Əvvəl  Zaqatala rayonu 1 nömrəli məktəbdə oxuyurdum.  Atam Balakəndə müəllim kimi işləməyə başladığından  mən də 9-cu sinifdən  Katex orta məktəbində  təhsilimi davam etdirdim.  1952-ci ildə  V.İ.Lenin  adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil oldum.  Ali təhsilimi başa vurduqdan sonra 1957-ci ildə sentyabrın 1-də təyinatla Zaqatala rayonu Makov kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başladım. Müəllimlik fəaliyyətimin ilk təməli  bu məktəbdə qoyuldu. Makov azsaylı xalqlardan birinin -avarların yaşadığı kənddir. Burada 3 il avarlı şagirdlərə  çox sevdiyim Azərbaycan dili və ədəbiyyat fənnimi tədris etdim.

 

Ailə həyatı qurduqdan sonra 1960-cı ildə Balakən rayonu Kortala orta məktəbində işləməyə başladım.  1962-ci ildə Zaqatala rayonunun Uzuntala kənd səkkizillik  məktəbinə direktor vəzifəsinə təyin edildim. 4 il burada çalışdıqdan  sonra övladlarım çox kiçik olduğundan onlara daha çox zaman ayırmaq  istəyirdim. Ona görə də direktorluq vəzifəsindən bir müddət ayrılaraq Katex səkkizillik məktəbində müəllim kimi çalışdım. Həmin təhsil müəssisəsi hazırda  Katex 2 nömrəli tam orta  məktəbdir. Bu məktəbdə müəllim kimi fəaliyyətim çox uzun sürmədi. İki ildən sonra mənə yüksək etimad göstərilərək  adıçəkilən məktəbə direktor təyin edildim. 18 il direktor vəzifəsində çalışdım”.

 

Raziyət müəllim  işlədiyi təhsil müəssisələrində hər zaman böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində bilik və bacarığını əsirgəməyib, ona olan etimadı layiqincə doğruldub. Məhz onun direktor kimi fəaliyyəti dövründə məktəbdə təhsil alan şagirdlər də nümunəvi davranışları,  yüksək əxlaqi keyfiyyətləri ilə hər zaman seçiliblər.

 

Öz ərizəsi ilə direktorluqdan çıxdıqdan sonra  bu təcrübəli təhsil işçisi  müəllimliyini   yenidən davam etdirməyə başlayıb. Raziyət müəllim  peşəsini hər zaman sevib və bunu öz peşəkar fəaliyyəti ilə daim sübut edib. Sənətinin fədaisi, vurğunu olan qocaman təhsil işçisi bir gün belə sevimli peşəsindən ayrı qalmağı heç ağlına belə gətirməyib: “Bu məktəbin həm direktoru,  həm də müəllimi olmuşam. Səhhətimlə əlaqədar direktorluq vəzifəmdən ayrılsam da, müəllimlikdən ayrılmağı heç düşünmədim.  On ildən artıq müəllimlik fəaliyyətimi davam etdirdim.  Və nəhayət, 2012-ci ildən artıq yaşımla əlaqədar uzun illər fəaliyyət göstərdiyim doğma məktəbimdən ayrılmağı qərara aldım. Bu qərar mənim üçün nə qədər çətin də olsa müəllimlik estafetimi gənc həmkarlarıma verdim. 7 ildir ki, qaynar məktəb həyatından uzaqlaşsam da qəlbimdə hər zaman müəllimliyin öz yeri var və ömrümün sonuna qədər də belə olacaq. Mən hər zaman deyirəm:  “Mənim sevimli sənətim, mənim doğma məktəbim, nə qədər ömrüm var  səninlə yaşayacağam”... 

 

 

Tələbkar direktor, əxlaqi dəyərlərə xüsusi önəm verən müəllim

 

 

“Valideynlər dünyada ən əziz, ən qiymətli varlıq olan uşaqlarını   biz müəllimlərə etibar edir. Bu etibarı doğrultmaq bizim əsas vəzifəmizdir”, - deyir Raziyət müəllim.  Bəzən valideynlər el arasında “çətin” adlandırılan öz ərköyün, sözə baxmayan,  nadinc uşaqlarını  məhz onun direktoru olduğu məktəbə qoyurdular. Bilirdilər ki, onların övladları əmin əllərdədir. Raziyət müəllimin olduğu yerdə nizam-intizam, davranış qaydalarına riayət yüksək səviyyədədir. Belə də olurdu. Müəyyən vaxt keçdikdən sonra həmin uşaqlar məktəbin ən nümunəvi şagirdlərinə çevrilirdi. Bu isə,  peşəkar təhsil işçisinin səbri, təmkini,  məktəbdə müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, ən əsası isə pedaqoji ustalığı sayəsində olurdu.

 

Raziyət müəllim deyir ki, direktor rəhbərlik etdiyi kollektivinə, müəllim isə öz şagirdinə nümunə olmalıdır. Məktəbdə müəllim-şagird münasibətlərinə xüsusi diqqət verilməlidir.

 

Müəllim hər bir şagirdini yaxından tanımalı, onun hansı bilik və bacarıqlara sahib olmasını müəyyənləşdirməyi bacarmalıdır. Şagird müəlliminə inanmalı, onu özünə arxa, dayaq bilməlidir.

 

Məhz onun direktor kimi məktəbə rəhbərlik etdiyi vaxtlarda bu məsələlər hər zaman diqqətdə olub. Valideynlərlə mütəmadi əlaqələr saxlanılıb, uşaqlarla psixoloji işlər aparılıb. O, həmçinin şagirdlərinin vətənpərvərlik ruhda tərbiyəsinə həmişə önəm verib.   Bununla bağlı  fikirlərini bölüşən pedaqoq vurğulayır ki, hər bir gənc vətənpərvər, torpağına, Vətəninə bağlı olmalıdır. İşlədiyi bu illər ərzində məhz böyüməkdə olan nəslin vətənpərvərlik,  dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiq  ruhda tərbiyə olunması onun fəaliyyətinin əsas istiqamətini təşkil edib. “Vətənpərvər gənclər ölkəmizin parlaq gələcəyinin təminatçısıdır” - söyləyir  peşəkar pedaqoq.

 

 

Onu yaxından tanıyanlar deyir ki...

 

 

Raziyət müəllimlə söhbət etdikcə onun sənətindən  necə vurğunluqla danışmasına heyran qalmamaq mümkün deyil. Yaşının bu çağında belə gözəl danışıq qabiliyyətinə, diksiyaya  malik ağbirçək ananın hər sözü nəsihət xarakterli idi,  fikirlərini Azərbaycanın görkəmli şairlərinin şeirləri, klassiklərimizin  müdrik kəlamları ilə bitirirdi. 

 

Elə onun qonağı olan həmkarları da təcrübəli pedaqoqun istər direktor, istərsə də müəllim kimi yaradıcı,  daim axtarışda olan, hər zaman güclü mütaliəsi ilə seçilən, həm də çox tələbkar, öz işinə məsuliyyətlə yanaşan biri kimi xarakterizə edirlər.

 

Rəfiqə Xatatiyeva  Katex zavod kənd tam orta məktəbinin direktorudur. Raziyət müəllimdən  bir təhsil işçisi kimi öyrəndiyi  çox şeylərin olduğunu etiraf edir: “Mən onun tələbkar olduğu qədər, eyni zamanda   insanlarla səmimi ünsiyyətinə, davranışına  hər zaman heyran qalmışam. Məktəbi idarə etmək direktordan yüksək idarəçilik bacarığı, peşəkarlıq tələb edir. Raziyət Hacıyevanın fəaliyyətində  bunların  bir-birini  necə uğurla tamamlandığının şahidiyəm. Bu qocaman pedaqoqda müəllimliyə xas bütün keyfiyyətlər cəmlənib. O, həm də pedaqoji xəzinədir. Hər bir gənc müəllim onun uzunillik təcrübəsindən faydalana bilər”.

 

30 ildən artıq Katex 2 nömrəli tam orta məktəbində  ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş,  hazırda təqaüddə olan Mesed Xatatiyevanın isə Raziyət müəllim həm direktoru, sonradan isə müəllim həmkarı olub. “Direktor kimi bizə qarşı çox tələbkar və ciddi  idi. Mütəmadi olaraq dərslərimizdə otururdu. Hər zaman  üzərimizdə işləməyi tapşırırdı. Bəzən dərslərimizlə bağlı  iradları da olurdu. Görürdük ki, bizə tutduğu iradlar doğrudur. Biz də deyilənlərdən nəticə çıxardırdıq. Gələn dəfə onları təkrarlamırdıq.  Dərslərimizə daha məsuliyyətlə yanaşırdıq. İstər müəllimlərə, istərsə də şagirdlərinə qarşı çox qayğıkeş olub.    Yaxşı, savadlı  bir müəllim kimi ad qazanıb”.

 

Azərbaycan dili və ədəbiyyat  fənnini  sevə-sevə şagirdlərinə öyrədən Raziyət müəllim bu illər ərzində neçə-neçə yetirməsinin üzərində çəkdiyi zəhmətin bəhrəsini görüb və hazırda da görməkdədir.  Məhz ana dilimizin saflığının  qorunmasında, təbliğində əvəzsiz rolu olan  peşəkar müəllim onun düzgün şəkildə şagirdlərinə çatdırılmasında yorulmadan çalışıb. Müəllim kimi dərslərində şagirdlərin mütaliə mədəniyyənin formalaşdırılmasına nail olmaqla yanaşı, onların doğma ana dilimizdə səlis danışmaqlarını təmin edib. Mütəmadi olaraq Azərbaycanın tanınmış şair və yazıçılarına, klassiklərinə  həsr olunan ədəbi-bədii gecələr təşkil edib. O,  neçə illərdir ki, məktəb həyatından uzaqlaşmasına baxmayaraq ölkə təhsilində baş verən yeniliklərdən də xəbərdardır.Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri,  xüsusilə ümumtəhsil məktəblərində  şagirdlərin mütaliəyə həvəsinin artırılması, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, böyüməkdə olan gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə reallaşdırılan layihələri yüksək qiymətləndirir.

 

 

Əməyinin bəhrəsini görəndə illərinin hədər getmədiyini özün üçün yəqinləşdirirsən

 

 

 

Hər bir peşə sahibi əməyinin qiymətləndirilməsindən sevinc duyur.

 

Bu qiymətləndirmə yüksək səviyyədə, dövlət başçısı tərəfindən olduqda isə təbii ki, sevincinin dərəcəsi də yüksək olur. Uzunillik pedaqoji təcrübəyə malik Raziyət Hacıyevanın da  fəaliyyəti diqqətdən kənarda qalmayıb.  Belə ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə  “Tərəqqi” medalına layiq görülüb.

 

Təcrübəli pedaqoq söyləyir ki, əməyinin bəhrəsini görəndə illərinin hədər getmədiyini özün üçün yəqinləşdirirsən: “Tərəqqi” medalını alanda sevincimin hədd-hüdudu yox idi.  Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən dünyada müəllim adından yüksək, şərəfli heç bir ad tanımıram”. Bilirsiniz, mən də fəxr edirəm ki, ömrümü əbədiyaşar liderimizin bu cür yüksək qiymət verdiyi müəllim peşəsinə həsr etmişəm”.

 

 

Nə xoş mənə...

 

 

O, eyni zamanda gözəl ana, qayğıkeş nənədir. Bir oğlunu cavan ikən itirən, hazırda iki oğul, bir qız anası olan Raziyət müəllim həm də 7 nəvə və 6 nəticə sahibidir.

 

Bəli, onun yetirmələri bu gün istər respublika,  istərsə də ölkə hüdudlarından kənarda müxtəlif  sahələrdə uğurla fəaliyyət göstərirlər.  Təbii ki,  öz doğma müəllimlərini də heç zaman yaddan çıxartmırlar. Kəndə gələn kimi birinci baş çəkdikləri ünvanlardan biri sevimli müəllimlərinin yaşadığı ev olur: “Yetirmələrimin müxtəlif vəzifələrdə, hər hansı bir mövqe sahibi olduğunu görərkən onların üzərində  çəkdiyim əziyyətin hədər getmədiyindən sevinc duyuram. 

 

Vaxtı ilə dərs dediyim insanlar məni harada görsələr öz diqqət və sevgilərini göstərməyə çalışır. Bir müəllim üçün yetirmələrinin  ona olan sevgisindən, onu hər zaman ehtiramla xatırlamasından gözəl nə ola bilər ki? Nə xoş mənə ki, məktəbdən ayrılsam da əvəzolunmaz müəllimlik  hissini, onun mənə illər boyu yaşatdığı xoş duyğuları bu gün də  yaşayıram”.

 

 

 

Samirə KƏRİMOVA

Foto Rəşad ZİYADOVUNDUR