Dünya İqtisadi Forumu yaxın 5 ildə dünyanı dəyişəcək trendləri müəyyənləşdirdi
Müasir texnologiyalardan hansıları sabahkı dünyanı formalaşdıracaq? Dünya İqtisadi Forumunun hazırladığı yeni məruzədə qlobal ictimai-sosial düzənə radikal təsirini göstərəcək bəzi sıçrayışlı innovasiyalardan bəhs olunur. İyulun 2-də Çin Xalq Respublikasının Dalyan şəhərində keçirilən Dünya İqtisadi Forumda (“Yay Davosu”) bizim dünyamıza müsbət təsir göstərə biləcək ən sıçrayışlı texnologiyaların siyahısı açıqlanıb. Siyahıya daxil olan texnologiyalar Forumun nüfuzlu ekspertləri tərəfindən bir sıra kriteriyalar nəzərə alınmaqla seçilib. Bu texnologiyalar cəmiyyətlərə və iqtisadiyyatlara böyük fayda verməklə yanaşı, həm də investorlar və tədqiqatçılar üçün cəlbedici olmalıdır. Ekspertlər qeyd edirlər ki, yaxın 5 il ərzində bu texnologiyalar əhəmiyyətli miqyasda təsir göstərəcək.
Ümumdünya İqtisadi Forumunun baş texniki direktoru Ceremi Yurgensin sözlərinə görə, "2019-cu ilin texnologiyaları innovasiyaların inkişafının sürətli templərini nümayiş etdirir və gələcək davamlı, hərtərəfli inkişafın necə olacağını göstərir". C.Yurgens qeyd edir ki, texnologiyalar gəlirlərin bərabərsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər dünyamızın tez-tez üzləşdiyi bir çox problemlərin həllinin axtarışında həlledici rol oynayacaq.
"Scientific American" jurnalının baş redaktoru və inkişaf edən texnologiyalar üzrə komitə sədri Mariyett Dixristinanın sözlərinə görə, "Bu gün meydana çıxan texnologiyalar tezliklə sabahkı dünyanı və gələcək iqtisadiyyatları, bütövlükdə cəmiyyəti formalaşdıracaqlar. İndi bizim dördüncü sənaye inqilabı dövründə yaşadığımız bir dövrdə çox əhəmiyyətlidir ki, biz bu texnologiyaları müzakirə edək və çalışaq ki, yeni innovasiyalar bəşəriyyətin çiçəklənməsinə xidmət etsin".
Beləliklə, 2019-cu ilin top-10 texnologiyası bunlardır:
1. Dairəvi iqtisadiyyatlar üçün bioplastiklər
2. Sosial robotlar
3. Xırda cihazlar üçün mini linzalar
4. Dərman maddələri kimi dağılmış zülallar
5. Ətraf mühitin çirklənməsini azaldan ağıllı gübrələr
6. Əməkdaşlıq, birgə teleiştirak
7. Qida məhsullarının ətraflı izlənməsi və qablaşdırma
8. Daha təhlükəsiz nüvə reaktorları
9. DNT məlumatlarının saxlanması
10. Bərpa olunan enerjinin daha səmərəli qorunması
Oruc MUSTAFAYEV