Süni intellekt qlobal İT sahəsinin inkişafında ən mühüm istiqamətlərdən biridir. Almaniyanın “IPlytics” tədqiqat şirkəti qeydiyyatdan keçirilmiş patentlərin sayına görə lider şirkətləri müəyyənləşdirib.

 

www.dailycomm.ru saytının məlumatına görə, 2019-cu ilin yanvar ayına olan statistikaya əsasən, “Microsoft” korporasiyası patentlənmiş süni intellekt texnologiyalarının (18365) sayına görə birinci yeri tutub. ABŞ-ın “IBM” korporasiyası reytinqdə ikinci yerdə qərarlaşıb. Belə ki, sözügedən şirkətin aktivində 15046 patent mövcuddur. Cənubi Koreyanın “Samsung” korporasiyası 11243 patent göstəricisi ilə üçüncü olub.

 

İlk onluqda ABŞ-ın 5 şirkəti yer alıb. “Qualcomm” (10178 patent) və “Google” (9536 patent) şirkətləri müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda Yaponiyanın iki şirkəti - “Sony” (8-ci yer, 5526 patent) və “Canon” (10-cu yer, 3996 patent) qərarlaşıb. Cənubi Koreya, Niderland (“Philips”, 6-cı yer) və Almaniya (“Siemens”, 7-ci yer) ölkələrinin hər birindən bir şirkət reytinqdə yer alıb.