Şəhid Hafiz Abdullayev: “Vətənim Azərbaycanın şərəfi naminə canımdan da keçməyə hazıram”
Vətən! Bu kəlmə nə qədər mənalı və dərindir. Deyilişi şirin, olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz hər birimiz vətən dedikdə ana, ana dedikdə vətənimizi düşünürük. Bizim vətənimiz Azərbaycandır!
Azərbaycanın - bu odlar yurdunun gözəllikləri haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazıb, bəstəkarlarımız çoxlu mahnılar bəstələyiblər. Son dövrlər zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycanda indi də canını vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə hazır olan igid oğullarımız və qızlarımız çoxdur. Bu mərd, mübariz vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda edib və gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli iz qoyublar. Belə fədakar oğullarımızdan biri də 4 mart 2019-cu il tarixində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşüb həlak olan gizir Hafiz Məhəd oğlu Abdullayevdir.
Hafizin ürəkləri param-parça edən acı həyat hekayəsi belə başlayır. O, 1984-cü il yanvar ayının 1-də Sumqayıt şəhərində sadə bir ailədə anadan olub. Ailədə 3 qardaş idilər. Hər üç uşaq Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alırdı. Evləri məktəbə çox yaxın idi. Valideynləri həmişə məktəbə gələr, uşaqları ilə maraqlanardılar. Hafiz ailədə böyük qardaş idi. İdmanla məşğul olurdu.Uşaqlıqdan hərbiçi olmaq istəyirdi. Həmişə hərbçi paltarı geyinərdi, oyuncaqları tapança, tüfəng, top olardı. Məktəbdə tədbirlər olanda həmişə istəyirdi ki, bayraq onun əlində olsun. Səhərlər himn oxunanda səsi hamıdan uca olardı. İdman dərslərində çox fəallıq göstərərdi. Axır ki, Hafizin illər boyu gözlədiyi zaman gəlib çatdı. 2002-ci ildə hərbi xidmətə yola düşdü. Evdə qohumlar, qonşular, dostları şadlıq məclisi təşkil etdilər, gülə-gülə onu yola saldılar.
Məktəbə də gəldi hamımızla, bütün müəllimlərlə görüşdü. Çox sevincək olmuşdu.
“Əsgər gedirəm, müəllim”
“Əsgər gedirəm e, müəllim”, - deyə sevinə-sevinə bildirdi. Hamımız arxasınca xeyir-dua verdik. Heyif ki, deyirlər: sən saydığını say, gör fələk nə sayır.
Həmin zamanlar Hafizin ana nənəsi qəflətən Yuxarı Salahlı kəndində dünyasını dəyişdi. Babası tək qaldı. Məhəd qardaşla Şövkət qohum idilər. Ona görə qərara aldılar ki, evlərini satıb rayona köçsünlər, orda dədə-baba yurdunda təsərrüfatla məşğul olsunlar. Bir müddətdən sonra Hafiz də əsgərlikdən gələcək, onlara kömək edəcəkdi. Pərviz də orta məktəbi bitirmişdi, xırda ticarətlə məşğul idi. Ailənin sonbeşiyi Əziz 6-cı sinifdə oxuyurdu. Ailə evlərini satıb Qazax şəhəri Yuxarı Salahlı kəndinə köçdü. Bir müddət sonra Hafiz hərbi xidmətdən qayıtdı. Yenə dost-tanış, qohum-əqraba onu sevinclə qarşıladı. Gədəbəy rayonunun Başkənd kəndində qulluq edirdi. Əsgəri xidmətdə olanda heç evə gəlmək istəmirdi. Valideynləri istəyirdilər ki, onu münasib bir işlə təmin etsinlər. Hafizə nə qədər dil tökdülərsə, xeyri olmadı. Son sözü bu oldu:
“Əzizlərim, mən qəti qərarımı vermişəm. Öldü var, döndü yoxdur. Ana, ata, qurban olum. Məni başa düşün. Biz müharibə şəraitində yaşayırıq. Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim qəlbim vətənə, xalqa, elə, obaya məhəbbətlə doludur. Bilin, agah olun, burda qalan deyiləm - Vətən çağırır məni”.
Valideynlər də gördülər ki, Hafizin fikri qətidir. Onu qucaqlayıb öpdülər və xeyir-dua ilə yola saldılar. Hafiz Naxçıvan şəhəri N saylı hərbi hissəyə yola düşdü. Orda hamı, bütün heyət onu mehribanlıqla qarşıladı, ürəkdən alqışladı. Onu Bakı şəhəri Salyan kazarmasına kursa göndərdilər. Müvəffəqiyyətlə kursu bitirib geri döndü. Naxçıvanda N saylı hərbi hissədə çalışdı. 2007-ci ildə ailə həyatı qurdu. Bu evlilikdən 2 oğul, 1 qız övladı dünyaya gəldi. Çox mehriban ailə idilər. Hafiz 2011-ci ilə qədər Naxçıvan şəhərində, 2011-ci ildən 2013-cü ilə qədər Lənkəran şəhərində, 2013-cü ildən 2015-ci ilə qədər Pereküşkül qəsəbəsində, 2015-ci ildən 2017-ci ilə qədər Tovuz şəhərində məxfi hissə rəisi vəzifələrində çalışıb. 2017-ci ildə isə Daşkəsən rayonuna dəyişdirilmişdi.
Bu illər ərzində xidməti vəzifəsini məsuliyyətlə icra edib. Ona görə də bir dəfə “Qüsursuz xidmətə görə”, sonra isə Milli Ordunun 100 illiyinə həsr olunmuş medallarla təltif olunub.
Həmişə iş yoldaşları, dostları, yaxınları arasında özünə hörmət qazanıb. Böyüklərlə, kiçiklərlə həmişə xoş münasibət qurardı. Heç kimin xətrinə dəyməzdi.
Qəfil gələn zəng
Hamının sevimlisi, əzizi idi. Oğlu İsmayıl və qızı Mahizər bir sinifdə - II sinifdə oxuyurdu. Kiçik oğlu isə yaş yarım idi. Mart ayının 6-da növbəti məzuniyyət vaxtı idi. Yoldaşı, uşaqları sevinirdilər. Nənə-babaları ilə birlikdə Novruz bayramını qeyd edəcəkdilər. Özü isə heç bir yerə getmək istəmirdi. Həmişə şərəflə, vicdanla xidməti vəzifəsini yerinə yetirməyə çalışırdı. Mart ayının 4-ü idi. Atası Məhəd kişinin də ad günü idi. Bacıları, yaxınları onlara toplaşmışdılar. Atası nədənsə fikir içində idi. Soruşanda deyirmiş: “Bilmirəm, artıq saat neçə olur. Hafizdən çıxmayan iş, niyə məni təbrik eləmir? Ola bilməzdi. Həmişə Hafiz bütün bayramlarda, ad günlərində bizi birinci təbrik edərdi”. Birdən qəflətən Məhəd kişiyə bir zəng gəlir ki, oğlunuz Hafiz bu gün qar uçqununa düşüb, tapılmayıb, itkin düşüb. Ata o qədər vüqarlı dayanır ki, evdəkilər heç onu başa düşmürlər. Daşkəsən rayonuna gəlir, hadisə ilə tanış olur. Çox məğrur dayanır və deyir: “Mən qurban olum vətənimə, Prezidentimə, Mehriban xanıma, müharibə şəraitidir. Mənim oğlum xidməti vəzifəsini yerinə yetirərkən bu faciənin qurbanı olub. O, vətəni sevirdi. Vətən yolunda da şəhid oldu. Ancaq onun nəşini istəyirəm aparım dəfn edim”.
Hafizin xidmət etdiyi hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Ədalət Hacıyev böyük bir axtarış qrupu yaradıb. Bir müddət sonra aprel ayının 12-də Hafizin nəşi tapıldı və ailəsinə təhvil verildi. Hafiz də illər boyu ürəyində bəslədiyi arzusuna çatdı, şəhid oldu. O, həmişə deyirdi:
“Şəhidlər ölmürlər, onlar xalqımızın vüqarıdır, qürurudur. Mən də xalqımızın, ailəmizin qurur mənbəyi olacağam”. Oldu da!
“Şəhidlər ölməz, Vətən bölünməz”
Aprel ayının 14-də Hafizin dəfn mərasimi keçirilib. Bu dəfndə minlərlə insan əllərində bayraq, gül-çiçəklə mütəşəkkil iştirak edirdi. Yer-göy qan ağlayırdı.
Hafiz el yolunda, vətən yolunda şəhid oldu. Şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdu. Vətənini belə sevən, vətən yolunda canından keçən oğullar heç vaxt unudulmur!
Hafizin dəfn mərasimində şəhər icra hakimiyyəti nümayəndələri, Müdafiə Nazirliyinin işçiləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri iştirak edirdilər. Bütün yol boyu toplaşan insanlar onun tabutunu gül-çiçəklə, bayraqla yola salırdılar.
Hafiz Yuxarı Salahlı kəndinin qəbiristanlığında uca bir təpədə dəfn olundu və çox sevdiyi bayraq valideynlərinə verildi. Atası uca səslə “Şəhidlər ölməz, Vətən bölünməz!” deyə bayrağı öpdü. Hamıya ailəyə dəstək olduqlarına görə minnətdarlığını bildirdi. Təhsil aldığı 16 nömrəli məktəbin pedaqoji kollektivi ilə Hafizin ailəsinə baş çəkdik.
Məktəbimizin 9-cu şəhid məzunu
16 nömrəli tam orta məktəbin direktoru Niyaz Süleymanovun dediklərindən: -Abdullayev Hafiz 1991-ci ildə 16 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunmuş və 2001-ci ildə XI sinfi bitirmişdir. Hafiz oxuduğu illərdə özünü nizam-intizamlı, tərbiyəli olduğunu göstərib, cəsur və mərd bir gənc kimi böyüyüb. Hafiz müddətdən artıq hərbi qulluqda xidmət edirdi, Vətənin sərhədlərini və təhlükəsizliyini qorumaqla özünün və ailəsinin, həm də el-obasının şərəfi keşiyində dayanır. Vətən torpağını qoruyarkən hərbi vəzifəsini şərəflə yerinə yetirib və Şəhid olub. O, bizim məktəbin doqquzuncu Şəhid məzunudur. Ailəsinə, qohumlarına, Yuxarı Salahlı kənd camaatına dərin hüznlə başsağlığı verir və bütün şəhidlərimizin ailələrinə səbr və təmkinlik diləyirəm. Əzizim Məhəd, başını dik tut, sənin oğlun Vətən uğrunda həlak olub. Onun üç övladını mərdliklə böyüt, onların qayğısını çək, gələcək üçün nüfuzlu insanlar kimi tərbiyə et, qoy onlar həmişə qəhrəman ataları ilə fəxr etsinlər. Qəhrəman övladımızın xatirəsini məktəbimizin pedaqoji kollektivi həmişə yad edəcək. Onun həyat və döyüş yoluna dair foto-stend hazırlayacaq, şagirdlərimizin bu sahədə məlumatlandırılmasını təmin edəcəyik. Şövkət anaya dözüm və səbr diləyirəm. Vətən üçün böyütdüyü övladı Vətən uğrunda qəhrəmancasına Şəhid oldu. Başını dik tut, Hafizin yadigarlarını, onun adına, nəslinizin adına layiq böyüt. Hafizin qoxusunu həmişə onlardan al! 5-6 il bundan əvvəl Hafiz məktəbə, yanıma gəlmişdi. Görüşdük, söhbət etdik, evi və ailəsi barədə hal-əhval tutdum. Dedi ki, Naxçıvanda hərbi hissədə işləyirəm. Məzuniyyətdə idim, indi geri qayıdıram. Ona uğurlar dilədim, salamlarımı ailəsinə çatdırmağı xahiş etdim. Eh, həyatdır, nə etmək olar?! Təsadüfi hadisələrin qarşısını əvvəlcədən almaq mümkün olsa idi, onda Hafiz də sağ olardı. Belə olmadı...
“Mən Hafizin oğluyam”
Həyətdə bizi ilk qarşılayan qarabuğdayı, şirin-şəkər, 7-8 yaşlı oğlan uşağı oldu və bizə dedi:
- “Məni tanıyırsınızmı?”. Mən Hafizin oğluyam!
Dəhşətə gəldim. Uşaq o qədər qürurlu danışırdı ki, adam az qalırdı sinəsinə sıxsın. Ailə çox qürurlu bir ailə idi. İlk dəfə bizi görəndə ağladılar. Bizi qarşılayanlar arasında Yuxarı Salahlı kəndinin icra nümayəndəsi Nəsib müəllim də var idi. Yaşca çox cavan idi. Ancaq söhbətə qoşulanda ağsaqqal kimi danışırdı. O da ürəkdolusu bu ailənin məğrurluğundan, Hafizin vətənpərvər olmağından danışırdı. Sonra dövlətimizlə, Prezidentimizlə, oğulları ilə fəxr etdiklərini söylədilər. Elə bu zaman mənim də yadıma bir şeir düşdü.
Bu ki bir qanundur, əbədi qanun,
Gələn getməlidir, gedən gələcək.
Vətənin uğrunda şəhid olanın,
Hər gün görüşünə Vətən gələcək.
Qanlı tarixlərə düşdü izləri
Harda döyüşdülər, harda qaldılar.
Həqiqət budur ki, onlar özləri,
Vətənin döşündə orden oldular.
Biz - 16 nömrəli tam orta məktəbin kollektivi də bütün şəhidlərimizin xatirəsini hər zaman əziz tuturuq. Məktəbin ikinci mərtəbəsində hərbi otaqda şəhidlərin böyüdülmüş şəkilləri, divarda Milli Qəhrəmanlarımızın, şəhidlərimizin adına stendlər asılıb. Hər zaman bu şəhidlərin ailə üzvləri ilə əlaqə saxlayırıq, məktəbdə təşkil edilən tədbirlərə onları dəvət edirik.
Hafiz məktəbimizin doqquzuncu şəhid məzunudur. 2 aprel 2016-cı ildə də məktəbimizin sevimli şagirdi Əbdül Məcid Axundov öz xidməti vəzifəsini yerinə yetirərkən Şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar bizim and yerimizdir!
Ruxsarə SÜLEYMANOVA,
Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin müəllimi