Aylar ötür, il dolanır,

 

Yaydan çıxmış oxmuş kimi.

 

Ölən var ki, ölməz, yaşar

 

 

Yaşayan var yoxmuş kimi.

 

 

Haqqında söhbət açacağım şəxs 1959-cu ildə Laçın rayonunun Alxaslı kəndində  dülgər ailəsində anadan olmuş Bəylərov Ələmdar Əhəd oğludur. O, doğma kəndində orta məktəbi, 1980-ci ildə isə Stepanakert (indiki Xankəndi) Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Həmin ildən kəndlərində müəllim, 1991-ci ildən isə təhsil aldığı orta məktəbdə direktor vəzifəsində çalışıb. Bir kitabın,  müxtəlif mətbuat orqanlarında dərc edilən yüzə yaxın bədii və publisistik yazının  müəllifidir. İki qız, bir oğul övladı onun şərəfli müəllimlik  yolunu layiqli davam etdirir. Qızı Dilşad Bəylərova Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin fizika müəllimidir. 2018-ci ildə təhsildə səmərəli fəaliyyətinə görə Təhsil nazirinin Fəxri Fərmanı ilə təltif olunub.

 

2010-cu il mart ayının 17-si  Ələmdar müəllimin vaxtsız ölümü onu tanıyanları sarsıtdı.

 

Mən Laçın rayonunun Qarakeçdi kəndindən olsam da, Alxaslı kəndində qohum evində qalıb orta məktəbi birinci sinifdən 11-ci sinfə kimi orada oxumuşam. 1-ci sinfi bitirməmiş dədə-baba yurd-yuvamızı,  doğma məktəbimizi itirdik.

 

1992-ci il  köçkünlüyün  ağır vaxtları idi. Məktəblilər oxumağa kitab, yazmağa qələm-dəftər tapmırdılar. Ələmdar müəllim Gəncə şəhər kitabxanalarından  kitabları çox böyük əziyyətlə  gətirib Ağcabədi ərazisindəki Alxaslı obasında şagirdlərin istifadəsinə verirdi. Yaponiyanın, ABŞ-ın, o cümlədən, beynəlxalq təşkilatların icmaları ilə əlaqə yaradıb şagirdlərə geyim-məktəbli forması, çanta, dəftər, qələm, karandaş və s. gətirdib  onların hər bir tələbatını qarşılayırdı.

 

Çətin şəraitdə işləməyib, respublikamızın ayrı-ayrı şəhər və rayonlarına üz tutan müəllimlərimizin  yerinə  məktəbimizə  kənardan ixtisaslı yaxşı müəllimləri çox böyük çətinliklə, xahiş-minnətlə   gətirərdi Ələmdar müəllim. İxtisas müəllimi olmadığı üçün 3 kilometr aralıda yerləşən Qarıqışlaq obasından  Rəfail Mirzəyevi məktəbimizə riyaziyyat müəllimi gətirmişdir. Rəfail müəllimin gəlişi ilə əlaqədar məktəbimizdə bir canlanma oldu. Həmin illərdə Alxaslı məktəbindən   mənimlə yanaşı onlarla şagird riyaziyyat müəllimliyinə və riyaziyyat istiqaməti üzrə müxtəlif ixtisaslara  yiyələndik. Sonralar  məktəbimizin  sevimlisinə çevrilən Rəfail müəllim söhbət edirdi ki, mən yolun uzaqlığına və hər gün piyada gəlib-getməyimə görə Ələmdar müəllimlə razılaşmadım. O gedəndən sonra atam  Ələsgər müəllim  (Allah ona  rəhmət eləsin)  dedi ki, Rəfail,  Ələmdar müəllim  bizdən incik getdi. Uman  yerdən küsərlər, get onunla işlə...

 

Beləcə onun şagirdlərinin oxumaq üçün məcburi köçkünlüyün  ağır vaxtlarında belə heç bir bəhanəsi yox idi. Biz başqa cür ola da bilməzdik. Çünki bizim millətini sevən, vətənpərvər ziyalı  Ələmdar Bəylərov kimi bir müəllimimiz var idi. O bizə azərbaycanlı balaların təhsil almaları üçün Qori Müəllimlər Seminariyasının  Azərbaycan şöbəsinin xalqımızın millətçi,  maarifçi ziyalı oğulları tərəfindən Gürcüstandan gizli yolla partalarına, kitabxanasına- hər bir ləvazimatına qədər  qatarla həyatlarını təhlükəyə ataraq Qazaxa gətirmələrini  ürək yanğısı ilə söhbət edirdi. Ələmdar müəllim dərs dediyi elə bir şagirdi olmazdı ki, Sabiri, Cəlili, Firudun bəy Köçərilini, Həsən bəy Zərdabini, Axundzadəni, Abdulla Şaiqi, Zakiri və b. ədiblərimizi dövlətimizin atributları qədər sevməsin. İndi bir müəllim kimi düşünürəm ki, elə Ələmdar müəllim bizim üçün həmin incilərdən idi və fəxr edirəm ki, o, mənim müəllimim olub. Eyni zamanda, təəssüflənirəm ki, kaş Ələmdar müəllimin şeirlə izah elədiyi, heyrətdən bizi haldan-hala saldığı Azərbaycan dili və ədəbiyyat dərslərinin çox deyil, beş dəqiqəlik videogörüntüsü olaydı. Özünün belə bir deyimi vardı: “Müəllim, tabaşiri əlinə götürüb lövhənin  qarşısına çıxanda  bilinir ki, əsl müəllimdir, ya müəllim deyil”. Ələmdar müəllim o pedaqoqlardan idi ki, şagirdlərində, onların  davranışlarında, dünyagörüşlərində öz izlərini qoyurdu. Yeri gəlmişkən, illər sonra mən artıq müəllim işləyirdim. Alxaslı kəndindən  bir gənc oğlan yanıma ali məktəbə  hazırlaşmaq üçün gəldi. O şagirdi bir az sorğu-sual etdim, cavablar məni tamamilə qane etməsə də,  nəsə şagirdin davranışı, münasibəti məni çəkirdi. Birdən ona içimdən gələn bir sualı verdim: “De görək, sənə Ələmdar müəllim dərs deyib? Səndən Ələmdar müəllimin iyi gəldi”-dedim. Artıq Ələmdar müəllim illər idi ki, rəhmətə getmişdi. Hər bir şagirdi kimi o da Ələmdar müəllimin adını eşitdikdə kövrəldi. “Mənim həm müəllimim, həm də məsləhət verənim  idi. Elə həmin il də o oğlan instituta, sonra da magistraturaya qəbul oldu.

 

Rayondaxili  və rayonlararası bilik yarışlarında,  məktəbin mədəni  tədbirlərinin,  şairlərin, yazıçıların, dövlət xadimlərinin yubileylərinin,  şeir gecələrinin keçirilməsində, istedadlı şagirdlərin üzə çıxarılmasında, onların hazırlanmasında, yer tutan şagirdlərin qiymətləndirilməsində şəxsən özü  zəhmətlə, yorulmadan, maraqla çalışardı Ələmdar müəllim.

 

Bu gün Ələmdar müəllim aramızda yoxdur. Bəlkə də direktoru olduğu məktəb onun vaxtından bəri xeyli dəyişilib, amma bilirəm ki, Ələmdar müəllimin bizim  kimi şagirdlərinin timsalında respublikamızın hər rayonunda, hər  kəndində bir canlı məktəbi var. O öz sağlığında kəndlərinin ən titullu, qocaman müəllimlərinin vəfatı, məktəbdə son vida mərasimləri, tədbirləri haqqında  danışardı. Ələmdar müəllim isə qaçqınlığın hərə bir diyarda olan vaxtında rəhmətə getdi. Uşaq, böyük, qoca, cavan hamını ağlatdı. Ələmdar müəllimin cənazəsini məktəbə izdihamla götürdük. Məktəblilər, müəllim yoldaşları, ətraf adamlar Ələmdar müəllimin şeirlərini deyib hönkür-hönkür ağlayırdılar. Çünki vaxtında, sağlığında o, həkim məsləhətindən, dava-dərmanından belə çox, onlara xoş  təsir  edən təskinliklər verib, ürəklərini alar,  vaxtını  sərf  edib  saatlarla  söhbətləşərdi. Bu söhbətləri Ələmdar müəllim elə gözəl qurardı ki, kənardan baxan hər kəs bu dialoqa qoşulmaq, qulaq asmaq istəyərdi. Qərənfil yağışı ilə cənazəni qəbiristanda torpağa tapşırdıq.

 

Mən indi  bir şagirdi olaraq ruhu eşidirsə deyirəm: “Əziz müəllimim,  qaçqınlığın bizi pərən-pərən salan vaxtında, sən ölümünlə hamını bir araya necə də tez topladın?  Uşaqla uşaq, böyüklə böyük, həkimlə həkim, dindarla dindar, alimlə alim olmağı, hətta onlara öz peşələrinin xırdalıqlarını öyrətməyi bacaran bir insan idi Ələmdar müəllim. Şagirdkən düşünürdüm, görəsən,  bütün peşələri Ələmdar müəllimin bu qədər dərindən bilməsinin sirri nədədir. Biz təzə müəllim kimi fəaliyyətə başlayanda o bizə deyərdi: “Artıq müəllimsiniz, şagird gəlib sizdən sual soruşanda  ona deyə bilməyəcəksiniz ki, mən filan fənnin müəllimiyəm,  bu sual mənim ixtisasıma aid deyil. Onunçün hər il dərslər başlayanda hər bir fənnin dərsliyini  qoyun qarşınıza oxuyun. 11-ci sinfə kimi həm yenilikləri öyrənin, həm də biliklərinizi möhkəmləndirin. Artıq bu biliyə necə böyük zəhmətlə sahib olduğunu, sanki canlı bir ensiklopediya formalaşdırdığının sirrini öyrənirdik Ələmdar müəllimimizdən. Ancaq biz bu məsləhətlərdən çox tez məhrum olduq. Vaxtsız əcəl Ələmdar müəllimi bizdən ayırdı.

 

Allahdan Ələmdar müəllimə  və onun itkisinə dözməyib tez  aramızdan köçüb ona qovuşan həyat yoldaşı Gülzar müəllimimizə rəhmət, yaxınlarına səbir diləyirəm. Sonda isə belə bir deyimi xatırlatmaq  istərdim:  Biz gözlə görülənlərin mində birini sözlə, sözlə söylənə bilən fikirlərin çox az bir hissəsini yazıya ala bilirik.

 

 

Şahəli ƏHMƏDƏLİYEV,

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin riyaziyyat müəllimi