Kurikulumlar bizim kim olduğumuzu, hansı səviyyəyə çatdığımızı bizə bildirən məqamlardan biridir.

 

ABŞ sosioloqu C.Dreyk

 

 

Biz tez-tez müxtəlif mövzularda keçirilən tədbirlərdə məktəblərdə tətbiq edilən kurikulumların (proqramların) lazımsız, təhsilin keyfiyyətinə mane olan yanlış bir proqram olduğu haqqında şikayətləri eşidirik. Latın sözü olub “yol” mənasını verən kurikulum, əslində, şikayətlərdə deyildiyi mahiyyəti daşımır. Fikrimizcə, narazı olanlar ilk olaraq bu “yol”a çıxmağı zəruri edən səbəbləri özləri üçün müəyyənləşdirməlidirlər. İnformasiya bolluğu ilə müşayiət olunan, elm və texnikanın sürətli inkişafı, inteqrasiya, qloballaşma, şəxsiyyət azadlığı, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, cəmiyyətdə yeni ictimai münasibətlərin yarandığı bir dövrdə, əlbəttə, nəinki sovetlərdən qalma, hətta dünənki dərslik və metodlarla işləmək qeyri-mümkündür.

 

Kurikulum məktəb və ümumiyyətlə, təhsillə bağlı olan bütün sahələri-planlaşdırmanı, öyrənmə nəzəriyyəsini və praktikasını, idarəetməni özündə ehtiva edən proqramdır. Əsas elementləri bütün icbari təhsil üçün Öyrənmə və Qiymətləndirmə standartlarıdır. Bu proqram akademik tədris ili üçün yerli səviyyəni nəzərə alaraq nəticəyə əsaslanan ümumi planlaşdırmanın aparılmasına, yerinə yetirilməsinə yaradıcı yanaşmanı təmin edir. Kurikulumun “nəyi, necə və nə üçün” düsturu şagirdlərin əsas bilik və həyati bacarıqlarının formalaşmasına, onların sosiallaşmasına geniş imkanlar verməklə müəllimlərin öyrətmə prosesinə yaradıcı yanaşmasına şərait yaradır. Fikrimizcə, yaradıcı müəllimlərin istədiyi də budur. Müəllim “nəyi tədris etməlidir?” (təhsilin məzmunu) və “necə tədris etməlidir?” (metod, üsul, forma), “nə üçün?” (şəxsiyyət yetişdirmək) düsturuna əsaslanaraq öz gündəlik fəaliyyətini planlaşdırmaqda kifayət qədər müstəqildir. Və bu proses təlim-tərbiyənin məzmununda müxtəliflik, rəngarənglik yaradaraq həm təhsilverənlərdə, həm də təhsilalanlarda məsuliyyət hissini artırır.

 

Göründüyü kimi, XXI yüzilliyin insanı fərqli bilik və sosial davranışlara malik olmalıdır. Bu, sürətlə dəyişən dünyanın, zamanın cəmiyyətə verdiyi sosial sifarişdir. Bu keyfiyyətlərə malik insanların yetişdirilməsinin ağırlığı isə orta məktəblərin üzərinə düşür. Təhsil qanununda göstərilən şəxsiyyətin -insanın yetişdirilməsi üçün bəzilərinin arzuladığı dərslik və metodlar artıq öz dövrünü yaşamışdır.  Dünyanın bir çox ölkələrində tətbiq olunan kurikulumlar məktəbə və müəllimə şagirdə bilik+bacarıq+dəyər+ sosial keyfiyyətlər+vərdişlər + kompetensiyaları aşılamaq  yollarını göstərir. Proqram və onun yerinə yetirilməsi heç də öz-özlüyündə “çətin” deyil. Fikrimizcə, kurikulumların tətbiqində nailiyyət qazanmağın açarı proqramın əsas elementi olan Öyrənmənin məqsədinin cəmiyyətin sifarişinə uyğun və ölkənin gələcəyinə hesablanmış olmasındadır. Bu sözü fərqli şəkildə verməyim təsadüfi xarakter daşımır. Öyrənmə öz-özlüyündə şagirdin həyatında uzun bir prosesdir. Və bu prosesin məqsədinin düzgün müəyyənləşdirilməsi lazımdır. Biz birlikdə bir suala cavab verməliyik: Öyrənmə prosesində şagirdə oxumağımı, yoxsa düşünməyimi öyrətməliyik? Təklifimizi daha dəqiq ifadə etmək üçün bir nümunə vermək istəyirəm: məsələn, bizim nəslin məktəbində tədrisin çağırışı “oxumaq, oxumaq,  yenə də oxumaq” idi. Bu gün hələ də sovetlərdən qalmış bu stereotip yaşamaqdadır. Amma İkinci Dünya müharibəsində paramparça olmuş Yaponiyada “düşünmək, düşünmək, yenə də düşünmək”, Türkiyədə isə “xəyallar qur və onu gerçəkləşdirmək üçün düşün” tədrisin əsas çağırışıdır. Gəlin, bu çağırışları ifadə edən sözlərin məna çalarlarına diqqət yetirək: oxumaq mövcud informasiyanın (yəni mövzunun) sadəcə mənimsənilməsinə yönəlmiş fəaliyyətdir. Düşünmək isə mövcud informasiyalara  (yəni mövzuya) yaradıcı yanaşmağa, onları inkişaf etdirməyə imkan yaradır, adamın idraki intellekti inkişaf edir və eyni vaxtda tədqiqatçılıq bacarığı və s. keyfiyyətləri formalaşır. Hər iki ölkə təhsilinin, elminin inkişaf dinamikasına ötəri bir nəzər salsaq, müsbət nəticənin “düşünən”lərin tərəfində olduğunu görərik. Məhz kurikulumlar da bizlərə oxumağı yox, düşünməyi öyrətməyi təlqin edir. 

 

Müvəffəqiyyətin qazanılmasında tədris edilən fənlər və onların məzmunu da mühüm əhəmiyyət kəsb edir. Keçən yazımızda qısa də olsa proqram və dərsliklərdən bəhs etmişdik. Bu yazımda tədrisi vacib olan fənlərdən bəhs etmək istərdim. Bu fənlər futurologiya elminin əsas nüvəsi olaraq bir çox ölkələrin orta və ali məktəblərində tədris olunmaqdadır. Ensiklopediyalarda bəşəriyyətin və cəmiyyətin gələcəyi haqqında  təsəvvürlər toplusu kimi izah edilən futurologiya bir elm kimi alman sosioloqu O.Fletheymin gələcəyin fəlsəfəsi ideologiyası əsasında formalaşmışdır. Sovet dönəmində marksizm-leninizm ideologiyası ilə uyğun gəlmədiyi üçün birmənalı olaraq bu elmin öyrənilməsindən imtina edilmişdir. Burjua ideologiyası adı ilə tədris planlarına “yaxın buraxılmayan” bu elm sahəsi 60-cı illərin sonlarından dövri pedaqoji mətbuatda tez-tez xatırlanmağa başlandı. Bu, o dövr idi ki, sovetlər birliyində dissident ədəbiyyatını və elmini formalaşdıran Anna Axmatova,  Aleksandr Soljenitsin, Lev Qumilyov kimi ünlü ziyalılar öz sözlərini demişdilər. Zaman-zaman təcrübə olaraq bəzi məktəb və universitetlərdə onun tədrisinə “yaşıl işıq” yandırılsa da, dayanıqlı sistem halına gətirilməmişdir. Çünki fəlsəfə, məntiq, vətəndaşşünaslıq, cəmiyyət və insan, ekoloji hüquq, milli etika, din tarixi, familistika, embrional pedaqogika, demokratik pedaqogika kimi fənlərin məzmunu sovet ideoloji kursuna zidd məsələlər idi. Bu gün sadaladığım fənlərin bir çoxu XX yüzilliyin sonlarında müstəqilliyini qazanmış ölkələrdə bir elm kimi öyrənilməkdədir. Məsələn, Estoniyada I-XII siniflərdə “Vətəndaşşünaslıq”, Türkiyədə  Fəlsəfə, Əxlaq və mənəviyyat və s. fənlər tədris olunmaqdadır.

 

Şahidi olduğum bir hadisəni qeyd etmək yerinə düşərdi. 15 il bundan qabaq  xarici ölkələrdən birinin Bakıda fəaliyyət göstərən ümumtəhsil məktəbinin X siniflərində fəlsəfə fənni tədris edilirdi. Lakin ikinci il Təhsil Nazirliyi tədris planına ağırlıq gətirdiyi, uşaqların həftəlik dərs yükünün çox olmasını səbəb gətirərək fənnin tədris planından çıxarılmasına nail oldu. Təhsil eksperti Etibar Əliyevin “Məktəbli fəlsəfəsi” adlı məqaləsində fəlsəfənin insan yetişdirilməsində böyük əhəmiyyət kəsb etdiyi geniş bir şəkildə ifadə olunmuşdur. Əlavə şərhə yer vermədən hesab edirik ki,  fəlsəfənin tədrisi də kurikulumlar kimi bizim hara getdiyimizi göstərən bir yoldur.

 

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru