2014-cü ildə Hans Feks dostları ilə birlikdə “Mini Museum” startapına start verib. Cəmi 38 min dollar toplamağı hədəfləyən Feks 1,8 milyon dollar əldə edib. Məlum olub ki, əsl artefaktlar (sənət əsəri) və təəccüb doğuran əşyalardan ibarət şəxsi kolleksiyaya malik olmaq ideyası onun özü kimi, bir çox insanı da cəlb edib. Onları əlçatan etmək və bu dəyərləri riskə atmamaq üçün yığcam qurğu hazırlanıb.

 

www.techcult.ru saytının məlumatına görə, arxeoloqlar tərəfindən tapılmış bütün dinozavr sümükləri rekonstruksiya üçün istifadə edilməyəcək, onların bir hissəsi orijinal və qədim olaraq qalacaq. Buraya həm də qeyri-adi maşınların qəzadan sonra qırılmış hissələri, tanınmış insanların istifadə etdikləri məişət əşyaları və s. aiddir. Məsələn, Məhəmməd Əlinin məşq etdiyi boks torbasından və ya 3 min yaşı olan buz nüvəsindən bir parça götürməklə elmə, tarixə, heç kəsə və heç nəyə zərər dəyməyəcək. Bu kimi kiçik əşyalarla “Mini muzey” anbarlarını doldurmaq mümkündür.

 

Belə “cib muzeyi”nin 4-cü versiyası 29 orijinal və dəyərli parçanın həkk olunduğu 13x10x2,5 sm ölçülü akril lövhədən ibarətdir. Burada kainatda ilk aminturşular, tarixdə ən dağıdıcı püskürmə yerlərindən götürülmüş maqma, qədim misir muncuqları, naməlum yırtıcının sümükləri və s. yer alıb. Nümunələri qurğunu sındırmadan çıxarmaq olmaz.

 

Hər bir nüsxəsi əllə hazırlanmış “mini-muzey”in üzərində onun orijinallığını göstərən lazer oyması var. Qurğu özü də faktiki olaraq, dünya tarixi və mədəniyyətinin bir hissəsi, yüz illərlə yaşamaq üçün nəzərdə tutulmuş artefaktdır. Qiyməti cəmi 299 dollar təşkil edən “Mini museum” əsl xəyalpərəstlər və kolleksionerlər üçün mükəmməl hədiyyədir.

 

Samirə KƏRİMOVA