Kağız üzərində yazı yazmaq kifayət qədər sadə insan bacarığı kimi görünsə də əslində o son dərəcə mürəkkəb bir prosesdir.
Yazı prosesində hərəkətlərin müxtəlifliyinə baxmayaraq Braun Universitetinin tədqiqatçıları robota yazı sistemini “öyrətməyə” müvəffəq olublar. Hazırda o qısa müddət ərzində yazı lövhəsinə müxtəlif dillərdə söz yazmaq, hətta sadə şəkilləri eyniylə köçürə bilmək imkanına malikdir.
www.nanonewsnet.ru saytının məlumatına görə, alqoritmi robota tətbiq edən müəllif Atsunobu Kotani adlı tələbədir. Hazırlanan təlim sistemi “lokal” və “qlobal” olmaqla iki modeldən ibarətdir. “Qlobal” model robota konkret söz və ya simvolun yazılması üçün göndərmə nöqtəsinin mümkün yerini müəyyənləşdirməyə kömək məqsədilə şəkli tam görməyə imkan verir. “Lokal” model isə robota üzərində işlədiyi rəsmi və ya çertyoju tamamlamağa şərait yaradır.
Samirə KƏRİMOVA