İnkişaf etmiş ölkələrin orta məktəblərində “məktəbli fəlsəfəsi” tədris olunur. Bu barədə diskussiyalar indi də davam edir. Fəlsəfənin bilik və elm sahəsi kimi gündəmə gətirilməsi ali məktəb tələbələri ilə yanaşı, orta məktəblərin yuxarı sinif şagirdləri üçün də aktuallıq kəsb edir.  

 

Bir dəfə yunan filosofu Pifaqordan soruşurlar ki, o, müdrikdirmi? Pifaqor belə cavab verir: “Mən müdrik deyiləm, filosofam”. Yəni müdrikliyi (sophia) sevirəm (phileo).

 

Fəlsəfə - yunan sözüdür və Azərbaycan dilində “müdrikliyə məhəbbət” deməkdir. Bu, eyni zamanda, həm qədim, həm də cavan elmlərdən biridir, çünki mütəfəkkirlərin irəli sürdükləri ideyalar heç vaxt qocalmır. Biliklər qocala bilər, lakin müdriklik, dünyaya təəccüblə baxmaq, heç kimin görə bilmədiyi şəkildə görmək bacarığı, özünün, bəşər cəmiyyətinin, tarixin mənasını dərk etməkdir. Bütün bunlar fəlsəfə deməkdir.

 

Fəlsəfənin öyrənilməsi bizə dərk olunmuş həyat, xeyir və şər haqqında müdrik məsləhətləri bilmək, özünün cəmiyyətdə yerini, vəzifəsini və insanın kainatda yerini dərk etmək, tale, xoşbəxtlik kimi fenomenlərə münasibətlərini işləyib hazırlamaq imkanı verir. Nə fizika, nə biologiya, nə də dilçilik belə məsləhətlər verir: bu elmlərin öyrənilməsi nəticəsində insan mütəxəssis kimi formalaşır, fəlsəfəni bilmək isə insanı daha ağıllı edə bilər. Ağıllı olmaq öz həyatından düzgün istifadə etmək, öz əməllərinin nəticələrini öncədən görmək, xoşbəxt olmaq, həyatda səhvsiz yaşamaq deməkdir. Görünür, orta məktəblərdə fəlsəfəni tədris edən Avropa ölkələri heç də yanılmayıb.

 

İnsanın mənəvi həyatı elm, din, incəsənət və fəlsəfəyə söykənir. Cəmiyyəti elmsiz və incəsənətsiz təsəvvür etmək mümkün olmadığı kimi fəlsəfəsiz də təsəvvür etmək olmaz. Filosoflar, yəni insanın, cəmiyyətin, bütövlükdə dünyanın mövcudluğunun son səbəblərini axtaran, bəşər cəmiyyətinin haraya istiqamətləndiyini, tarixdə tərəqqinin olub-olmamasını, yaxud idrakın kainatda daim mövcud olacağını: kainatın özünün nə olduğunu, insanın zamanda və məkanda, onun sonsuzluğunu və qanunlarını necə dərk olunmasını öyrədən -insanlar olmasa, cəmiyyət qeyri-mümkündür. Kainatın mənşəyinin və inkişafının qanunlarını öyrənən fizik, həyatın necə meydana gəldiyini və canlının cansızdan nə ilə fərqləndiyini başa düşmək istəyən bioloq, bəşər dillərinin qohumluğunu və bizim dillə danışmağımız yox, dilin bizim vasitəmizlə danışması qənaətinə gələn dilçi fəlsəfi düşüncə tərzinə malik olmalıdır.

 

Fəlsəfə insana deyir: düşün, nə üçün yaşadığını, nəyə görə dünyaya gəldiyini, müsibətlərinin, bədbəxtliklərinin səbəblərini, onlardan ötrü cəmiyyətin, yaxud özünün günahkar olduğunu başa düşməyə cəhd et; hamıdan yaxşı sənin özünün həyata keçirə biləcəyin işi axtar; nifrətə və qəzəbə yol vermə, məhəbbətlə yaşa və necə olursa-olsun yaxşılıq etməyə çalış; qoy qeyri-kamilliyin sənə əziyyət versin; özünə səmimi şəkildə baxmağı bacar, axı məziyyətlərinin və yaxşı cəhətlərinin böyük hissəsini özün uydurmusan, yaxşılıq etməyi bacar: bunun özü də bir sənətdir.

 

Beləliklə, fəlsəfə insana insan olmağı, dünyanı dərk etmək, insanların arasında yaşamaq, ölümdən qorxmamaq və cəsarətlə öz taleyinə baxmaq sənətini öyrədir. Biz fəlsəfəni öyrənərək, ola bilsin ki, ən vacib sənəti öyrənirik.

 

İnsanın kamilləşməsi missiyyasını təkcə fəlsəfə üzərinə götürməyib; bununla ədəbiyyat, təsviri incəsənət, musiqi, insanı tərbiyələndirən və onun xasiyyətinə yumşaqlıq gətirən din də məşğul olur. Onlardan fərqli olaraq fəlsəfə təbiətin və cəmiyyətin dərk olunması metodlarını tapmağa, bəşəriyyətin mənəvi təcrübəsini ümumiləşdirməyə və onların bəzi qanunauyğunluqlarını üzə çıxarmağa çalışır.  Bununla yanaşı, fəlsəfə özünü anlayış və kateqoriyalar sistemi vasitəsilə ifadə etməyə çalışır  ki,  bu baxımdan o, fizika və kimya kimi konkret elmlərə bənzəyir. Bu da çox vaxt fəlsəfəni elm adlandırmağa əsas yaradır. Lakin əgər elmdən danışarkən ciddi və dəqiq, məntiqi cəhətdən bir-birilə bağlı və təcrübədə yoxlanıla bilən anlayışları  və qanunları  nəzərdə tuturuqsa, fəlsəfə, əlbəttə, biliyin tamamilə xüsusi sahəsidir. Fəlsəfi müddəaların çoxu təcrübə yolu ilə sübut olunmur və təcrübənin nəticəsi deyil: təcrübə yolu ilə həyatın və şüurun inkişaf edən təbiətdən doğulduğunu, Allahın dünyanın əsası olduğunu, insan azadlığının zəruriyyət kimi insan təbiətindən meydana gəldiyini sübut etmək olmaz.

 

Yunan filosofu Platon fəlsəfəni tamın, ümuminin dərk edilməsi kimi başa düşürdü. Aristotel isə fəlsəfəni biliklərin universal sistemi hesab edir, bütün yerdə qalan elmləri onun hissələri adlandırırdı.

 

Alman filosofu, həyat fəlsəfəsinin görkəmli nümayəndəsi A.Şopenhauer hesab edir ki, fəlsəfə sənətlə elm arasında orta mövqe tutur, daha dəqiq desək, onları birləşdirir.

 

İngilis riyaziyyatçısı və filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bertran Rassel isə fəlsəfəni elmlə din arasında yerləşən sahə, yəni dəqiq biliklərlə dini biliklər arasında vasitəçi hesab edirdi.

 

Əgər fəlsəfə elm olmağa cəhd göstərir, elmi təqlid edir, elmi ifadələr və anlayışlarla silahlanırsa, deməli, elmi biliklərin daşıyıcısıdır. Lakin fəlsəfədə biliklər azdır: biz bu və ya digər filosofun həyat yolu ilə tanış oluruq. Antik və orta əsrlər mütəfəkkirlərinin öz ideyalarını ifadə etməyə cəhd göstərdikləri əsas anlayışlar və kateqoriyaları bilirik. Fəlsəfə sirr daşıyıcısı olduğuna görə sənətdir.

 

Sirr dərk oluna bilməyən, lakin yaşanan nəsnədir. Beynimizdə nə qədər hüceyrə olduğunu, orada hansı proseslərin getdiyini bilirik, ancaq başımıza fikrin hardan gəldiyini bilmirik. Bu, sirdir. Əgər bunu bilsəydik, hamımız dahi olardıq. Ən böyük sirr insanın özüdür və onun bütün həyatı onun nə olduğunu üzə çıxarmaq prosesidir. Bu aydınlaşdırma prosesində fəlsəfənin rolu danılmazdır.

 

Bir zamanlar bütün elmlər fəlsəfənin tərkibində idi. Əslində, heç bir elm yox idi, yalnız fəlsəfə vardı və ilk filosofları müdriklər adlandırırdılar. Öz  zəmanələri üçün onlar riyaziyyat, fizika, astronomiya sahələrində xeyli biliyə malik idilər, o cümlədən, fəlsəfə ilə də məşğul olurdular. Konkret biliklər artdıqca onları bir başda saxlamaq qeyri-mümkün oldu. Və elmlər fəlsəfədən ayrılmağa başladılar. Fizika və riyaziyyat, həmçinin həndəsə ilk müstəqil elmlər oldu. Yeni dövrdə biologiya və kimya müstəqil elmlər kimi meydana gəldi. Bu proses XX əsrə qədər davam etmişdir. Fizikin, yaxud bioloqun diplomunda “Fəlsəfə doktoru” sözləri yazılır, halbuki onların artıq fəlsəfə ilə heç bir əlaqəsi yoxdur.  Digər tərəfdən, bu, həmin elmlərin uzun illər fəlsəfənin tərkibində olmasını xatırlatmaqdır.

 

Əgər bütün elmlər fəlsəfədən ayrılıbsa, onda fəlsəfənin payına nə qalmışdır? Onun payına əbədi, ilk növbədə onların başlıcası - “insan nədir”, “onun mövcudluğunun mənası nədir” sualları düşür.  Bu suallarla müqayisədə bütün elmi, texniki və sosial nailiyyət  və ixtiralar uşaq oyuncaqlarıdır. “Özünü dərk et” bütün fəlsəfənin əsas çağırışıdır.

 

Lakin özünü dərk etmək heç də orqanizmimizdə fermentlərin sayı və yaxud baş-beyin nahiyəsində nə qədər neyron olduğunu bilmək demək deyil. Özünü dərk etmək nə fermentlərə, nə neyronlara, nə bizim fiziologiyamıza, nə də bizim psixologiyamıza müncər oluna bilən əsl təbiətimizi üzə çıxarmaqdır. Əsl insan təbiəti fövqəlinsanın təbiətidir. Bütün dinlər də belə bir müddəadan çıxış edərək göstərir ki, insan Allaha yaxınlaşdıqca daha çox insan olur, heyvana yaxınlaşdıqca insanlığını itirir.

 

Antik mütəfəkkirlər hesab edirlər ki, fəlsəfə təəccübdən başlayıb. Bizim bir çox keyfiyyətlərimiz - vicdanımız, ağlımız, sevgimiz, yaxşılığımız, azadlığımız  nə bizim biologiyamıza, nə fizionomiyamıza, nə də psixologiyamıza müncər oluna bilər. Yəni onlar nə maddi baxımdan, nə də təbii şəkildə şərtləniblər. Məhəbbət üçün təbii səbəblər mövcud deyil - mən sevirəm, çünki sevməyə bilmərəm: xeyirxah əməllər üçün təbii səbəblər mövcud deyil, mən onlara qol qoyuram, çünki mən xeyirxaham. Lakin pis niyyətli, fitnəkar əməllər üçün səbəblər mövcuddur (mən oğurladım, ona görə ki, ac idim, həyatımı xilas etmək üçün öldürdüm və s.).

 

Bu nöqteyi-nəzərdən bizi insana çevirən əsl bəşəri keyfiyyətlər (xeyirxahlıq, vicdan, məhəbbət və s.) mövcuddur. Onlar ölçmək, toxunmaq, təcrübədən keçirilməsi qeyri-mümkün olan duman kimidir. Onlar fiziki, yaxud fizioloji proseslər deyil, lakin əgər bu bəşəri keyfiyyətlər mövcud deyilsə, insanın özü də yoxdur. Bu mənada fəlsəfə insanı fövqəltəbii məxluq kimi öyrənir. Lakin buna heç bir dini məna şamil etmir.

 

 

Etibar ƏLİYEV,

“XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru