Bakı Musiqi Akademiyasının Məktəb-studiyası yubiley ərəfəsində


“Bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevral ayının əvvəlində, Azərbaycan mədəniyyəti və incəsənətinin nümayəndələri və Prezident mükafatına layiq görülən gənc istedadlarla görüşdə söylədiyi bu dəyərli sözlər elm və incəsənətin bütün sahələrində uğur qazanmaq üçün bir növ xeyir-dua kimi səslənmişdir.

 

Hər hansı bir yaradıcılıq sahəsinin hamılıqla tanınıb qəbul olunmasının əzəməti nə qədər böyükdür. İstedad, sərf olunan böyük bir zəhmət və təhsil - onun əsasını təşkil edir. Bu tərkib hissələrinin hər biri uğur və müvəffəqiyyətin təməlidir.

 

Azərbaycan musiqi mədəniyyətinin layiqli nümayəndələrinin yüksək istedadı, əməyi və təhsili sayəsində bu gün milli mədəniyyətimiz dünyada şan-söhrət tapmışdır.

 

Musiqi təhsili bu prosesin vacib hissəsidir. Respublikada musiqili-təhsil müəssisələri şəbəkəsi olduqca böyükdür: yeddi və on bir illik musiqi məktəbləri, incəsənət məktəbləri, musiqi gimnaziyaları, kolleclər və s.

 

Amma bu tədris ocaqları arasında özünün təcrübi fəaliyyət unikallığı və orijinal yenilikləri ilə fərqlənən bir məktəb vardır.

 

Söhbət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının unikal struktur hissəsi olan, “BMA-nın eksperimental laboratoriyası” adını haqlı olaraq daşıyan, bu yaxınlarda yaradılmasının 40-cı ildönümünü qeyd edəcək Orta xüsusi musiqi Məktəb-studiyasından gedir.

 

Əlamətdar haldır ki, məktəbin əsas fəaliyyət istiqamətlərindən biri - gənc nəslin milli ruhda təlim-tərbiyə məsələsi cənab Prezidentin sözləri ilə həmahənglik təşkil edir. Çünki ölkənin bütün musiqi məktəblərinin proqramında özünə möhkəm yer alan erkən yaşdan etibarən Avropa lad sistemi ilə bərabər əsasda həm də Azərbaycan lad sistemi ilə tanışlıq məhz Məktəb-studiyasına məxsusdur. Məktəb-studiyasında hər zaman yaxşı anlayırlar ki, insanın milli özünüdərki hər şeydən əvvəl milli mədəniyyətə mənsubluq, ona olan sevgi və qürur hissi ilə formalaşır. Milli təfəkkürün formalaşmasında musiqinin rolu xüsusən böyükdür. Öz xalqının milli musiqisinin gözəlliyini qiymətləndirərək ona dəyər verən və sevən, onunla tərbiyə olunan uşaq həm də Azərbaycan lad və muğamlarının bütün çətinliyini, onun müdrikliyini dərindən anlamalı və öyrənməlidir. Azərbaycan xalq incəsənəti və milli köklərə artan maraq mühitində boya-başa çatan uşaq mütləq öz milli mədəniyyətinin layiqli  nümayəndəsi kimi yetişəcək. Ona görə də sırf elmi dillə desək “Milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi” işinə Məktəb-studiyada çoxlu vaxt  və əmək sərf olunmuşdur.

 

Məktəb-studiyasındakı prioritetlərdən biri olan bu yenilik yeganə innovasiya istiqaməti deyil.

 

Dünya təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfrans və müsabiqələrin məktəb-studiyada işlənib hazırlanması musiqi pedaqogikasına yaxşı məlumdur. Onun əsas mahiyyəti müxtəlif  fənlərin ayrı-ayrı elementlərinin vahid tam sistem şəklində birləşdirilməsi, ifaçılıq nəzəriyyəsi və təcrübəsi arasındakı əlaqələrin möhkəmləndirilməsindədir. Elmi-ifaçılıq konfrans və müsabiqələr bizim Akademiyanın  xüsusiyyət təşkil edən orijinal alətidir. Kompleksli təhsilin bu unikal formasının hər bir yerdə intişar tapması üçün illər boyu müntəzəm surətdə keçirilməkdədir. Belə tədbir ilk dəfə 1983-cü ildə baş tutmuşdur. Tədbirdə müxtəlif peşə sahibi olan professional musiqiçilər iştirak etmişlər. Onlardan Xalq və Əməkdar artistlər, professor Zöhrab Adıgözəlzadə, Lütfiyar İmanov, Rafiq Quliyev, Sərvər Qəniyev, Elmira Əliyeva, Namiq Sultanov və bir çox başqalarının adlarını çəkmək olar.

 

Pianoçulardan professor Nərminə Quliyeva, professor Aida Hüseynova (ABŞ) və dosent Emil Xındrıstanski, Xalq artisti Şükür Səmədov (klarnet), Lalə Mustafazadə (Fransa), professor Töhfə Babayeva (skripka), arfa ifaçısı Qənirə Hüseynova (Türkiyə) və digərləri birinci və növbəti elmi-ifaçılıq müsabiqələrinin laureatı olmuşlar.

 

İllər ötdükcə bu elmi-yaradıcılıq müsabiqəsinin vüsəti artaraq hüdudları genişlənir və beynəlxalq miqyasa yüksəlir. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına Birinci beynəlxalq elmi-ifaçılıq müsabiqə-konfrans baş tutur.

 

2015-ci ildə isə P.İ.Çaykovski adına Moskva konservatoriyasında Məktəb-studiyanın direktoru, professor Tərlan Seyidovun müəllif layihəsi və sədrliyi ilə Beynəlxalq elmi-ifaçılıq konfransı keçirilmişdir. Bir çox ölkənin nümayəndələri ilə yanaşı, məktəb-studiyanın müəllim və şagirdləri burada uğurla iştirak edərək, Azərbaycanda işlənib hazırlanmış, elm və incəsənətin dialoquna əsaslanan yeni təhsil metodlarını nümayiş etdirmişlər.

 

Məktəb-studiyada yeni müasir təhsil metodları müntəzəm nəşr olunan dərs vəsaitlərində öz əksini tapır. Şagirdlərin kompleksli təhsilində yaxşı nəticə əldə edilməsi, musiqi ifaçılarının təhsilinin intellektuallaşdırılması, fənlərarası əlaqələrin inkişafı üçün məktəb-studiyada işlənib hazırlanmış və bu günə qədər heç bir yerdə tədris olunmayan “İfa olunan proqramın struktur və bədii təhlili” fənni daxil edilmişdir.

 

“Azərbaycan xalq musiqi yaradıcılığı” fənninin tədrisi çərçivəsində yuxarı sinif şagirdləri üçün qədim Azərbaycan xalq musiqi alətlərinin öyrənilməsi kursu daxil edilmişdir.

 

Bütün bu yeniliklər Mədəniyyət Nazirliyi tərəfindən bəyənilmiş və musiqi tədris müəssisələrində geniş tətbiq üçün tövsiyə olunmuşdur.

 

Məktəb-studiyada elmi-metodik işlər də səmərəli həyata keçirilir. Bütün bunlar məqsəd deyil, aramsız tədris prosesinə əlavə olub, onun təkmilləşdirilməsi üçündür. Bəstəkarlardan Qara Qarayevin (Üçsəsli fuqa, 1939), Soltan Hacıbəyovun (“İsgəndər və çoban”, 1945), Cahangir Qarayevin (fortepiano üçün sonata), Yevgeniya Perevertaylonun (Ü.Hacıbəylinin “Koroğlu” operasına uvertüranın iki fortepiano üçün konsert işləməsi) və digər müəlliflərin itmiş əlyazılarının bərpası, redaktəsi və nəşr edilməsi Məktəb-studiyaya məxsusdur. 2020-ci ildə 40 illik yubileyi münasibəti ilə musiqi təhsilinin ibtidai və orta mərhələlərində tədris olunan müxtəlif fənlər üzrə dərsliklərin yeni bir formada - kompakt proqram-konspekt şəklində işlənib nəşr edilməsi gözlənilir.

 

1980-ci ildə təşkil olunmuş Məktəb-studiya öz quruluşuna görə unikal tədris müəssisəsidir. Musiqi fənləri üzrə burada müxtəlif ümumtəhsil məktəb və liseylərdə təhsil alan uşaqlarla yanaşı, BMA və Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də təlim keçir. “Metodika və xüsusi pedaqoji hazırlıq” (kafedra müdiri, dosent Elnarə Məmmədova), “Konsertmeyster ustalığı” (kafedra müdiri, professor Leyla Abasquliyeva) və digər xüsusi kafedraların rəhbərliyi altında müstəqil pedaqoji işə cəlb edilmiş təcrübə keçən tələbə-praktikantlar ali təhsil müəssisəsində məktəb-studiyanın şagirdlərinin iştirakı ilə keçirilən dərslərlə gələcəkdə müəllim kimi müstəqil işin həyata keçirilməsini təmin edən həqiqi ixtisaslı pedaqoji təcrübə əldə edirlər.

 

Təbii ki, təkcə Məktəb-studiya müəllimlərinin səyi ilə sadalanan bütün bu elmi və yaradıcı axtarışları əhatə etmək qeyri-mümkündür. Məktəb-studiyanın yaradılmasından bu günə qədər BMA-nın rektorluğu və “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının rəhbərliyi Məktəb-studiyanın kollektivi ilə çiyin-çiyinə işləyərək, bu qeyri-adi, başqalarından fərqli və orijinal müəssisəni qurmuş və inkişaf etdirmişlər. Məktəb-studiya ilə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının arasındakı sıx yaradıcı əməkdaşlıq daha bir gözəl obyektin - Məktəb-studiyanın Uşaq Musiqi Teatrının yaradılması zamanı özünü ifadə etmişdir. 1986-cı ildə rəsmən açılan teatrın zəminində o vaxtdan bəri neçə-neçə gənc artistlər yetişmiş və bir-birini əvəz etmişdir. Bu gün Məktəb-studiyanın Uşaq musiqili teatrının öz peşəkar rejissoru (Elvin Mirzəyev), musiqi rəhbəri (Ofelya Axundova), şagirdlərdən ibarət solistləri və xoru vardır. Opera studiyasının səhnəsi teatrın tam istifadəsinə verilmişdir. Məktəb-studiyasında bu məsələyə də elmi-metodik nöqteyi-nəzərdən ciddi yanaşılmışdır. Bir neçə ildir ki, burada açılan “Opera hazırlığı” seçmə fənn kimi fəaliyyətdədir. Təkcə son iki-üç il ərzində tamaşaçılar “İsgəndər və çoban”, “Bremen musiqiçiləri”, “Mən səni sevirəm, Xəzər!”, “Ulduzlar enəndə”, “Buratinonun yeni sərgüzəştləri” və başqa tamaşaların premyerasında iştirak etmişlər.

 

Yubiley ərəfəsində görülən işlərə yekun vurmaqla bərabər, həm də yeni planlar haqqında düşünmək, yeni başlanğıclara yol açmaq gərəkdir. 40 il - nəzərdə tutulmuş bütün layihələrin həyata keçirilməsi ilə toplanılan güc və inam, yetkinlik və təcrübə çağıdır.

 

Məktəb-studiyanın ən yaxşı məzunları həm məktəbin özündə, həm də ölkənin digər musiqi təhsil müəssisələrində işləyirlər. Onlar eyni zamanda Bakı Musiqi Akademiyasında öz təhsilini təkmilləşdirməkdədirlər. Məktəbin məzunlarından bir çoxunun adı musiqi aləminə yaxşı tanışdır: dirijorlar - Fuad İbrahimov və Mustafa Mehmandarov, violonçel ifaçısı Ruslan Biryukov belələrindəndir. Pianoçular Nərgiz Kəngərli, Fəqan Həsənli, Mələk Qocayeva, Anna Biryukova, Nigar Hüseynzadə, Firuzə Nəcəf, Tamara Xəlilova, Murad Abasov, Vüsalə Babayeva nüfuzlu beynəlxalq müsabiqələr laureatıdır. Bir çox illərdir ki, elmi - tədqiqat işləri üzrə araşdırma aparılır: İmina Əliyeva (“Müasir musiqi nəzəriyyəsi kontekstində Azərbaycan ladlarının intonasiya sistemi”), Məktəb-studiyanın direktor müavini Sevda Məmmədova (“Tofiq Quliyevin yaradıcılığının milli xüsusiyyətləri”), elmi işçi Aytən İbrahimova (“Arif Məlikovun kamera yaradıcılığı”) fəlsəfə doktoru üzrə dissertasiya işləri müdafiə etmişlər. Müəllimlərdən Nuranə Zeynalova, Vəfa Həmidova dissertasiya üzərində işləyirlər. Dosent Mədinə Tuayevanın Məktəb-studiyanın geniş və hərtərəfli yaradıcılıq fəaliyyətinin öyrənilməsinə həsr olunmuş “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının şagirdlərinin kompleksli təlimi üzrə eksperimental işin məzmun və formaları” adlı dissertasiya işi xüsusi maraq kəsb edir.

 

Pianoçular - Elmira Mustafayeva, Nərgiz Mansurova, Nərminə Əliverdizadə, Dilarə Salayeva, musiqişünaslar - Gülbəniz Abdullayeva, Rəna Məmmədova, Esmiralda Cəbrayılbəyova məhsuldar pedaqoji və elmi-metodik işi uğurla həyata keçirirlər. Aişə Əliyeva “Əməkdar müəllim”, Mədinə Tuayeva, Sevinc Sultanova, Gülnarə Quliyeva, Elmira Pənahova dosent adına layiq görülmüşlər.

 

Şagird və tələbə-praktikantların təhsil prosesinin təşkili və koordinasiyası üzrə bütün bu geniş fəaliyyət spektrini tədris hissə müdiri Sevda Məmmədova, metodistlər Natavan Fərzəliyeva və Fidan Lazımova həyata keçirirlər. Nəsillər arasındakı tellər üzülmür və bu bağlılıq daha da möhkəmlənir. Odur ki, özünün 40 illik yubileyinə hazırlaşan  BMA-nın Məktəb-studiyası başda onu təşkil edib təməlini qoyan Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun rəhbərliyi altında yaşayıb-yaradır, yeni-yeni tədbirlər - konsertlər, opera tamaşaları, festivallar, müsabiqələr və prezentasiyalara hazırlaşır. Məktəbin beynəlxalq şöhrət tapmış nailiyyətləri əhəmiyyətlidir.

 

 

Fərhad BƏDƏLBƏYLİ,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor