Şagirdlərə nitq mədəniyyətini necə aşılayıram?
Mədəniyyətin ən vacib tərkib hissələrindən biri də nitq mədəniyyətidir. Bura danışıq və yazı mədəniyyəti daxildir. Bu mühüm keyfiyyətlərə yiyələnən şəxs yüksək ünsiyyət mədəniyyətinə, istifadə etdiyi sözləri seçmək bacarığına sahib olmalıdır. Elə bu baxımdan da şagirdlərin orta məktəbdə oxuduğu müddətdə nitq mədəniyyətinə yiyələnməsi məsələsi çox vacib sayılır.
Mövzunun tədrisində tədqiqata başlamazdan öncə dərsin motivasiya mərhələsində sözlər verirəm. Bir sütunda orfoqrafiya, digər sütunda isə orfoepiya qaydalarına görə. Bunları bir-birindən fərqləndirməyi tapşırıram.
ailə |
ayilə |
ədəbiyyat |
ədəbiyat |
müəllim |
mə:llim |
teatr |
tiyatr |
kitab |
kitap |
Şagirdlər bu fərqi izah etdikdən sonra soruşuram:
- Biz sözləri nəyin vasitəsilə tələffüz edirik?
- Cavab olaraq şagirdlər tərəfindən “nitq” deyiləndən sonra bildirirəm ki, bugünkü mövzumuz “Nitq mədəniyyəti”dir.
Sonra tədqiqat sualı ilə sinfə müraciət edirəm: “Nitq və nitq mədəniyyəti dedikdə nə başa düşürsünüz? Nitq neçə formada təzahür edir?
Fərziyyələr alındıqdan sonra tədqiqat başlanır. Azərbaycan dili dərsliklərində nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”.
Nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etməkdir. Eyni zamanda orfoqrafik və orfoepik qaydalar dedikdə məlum olur ki, nitq iki formada təzahür edir: yazılı və şifahi nitq. Bunları bir-birindən fərqləndirən xüsusiyyətlər şagirdlərin köməyi ilə açıqlanır.
Mövzu haqqında şagirdlərə məlumat verəndə bildirirəm ki, nitq mədəniyyəti ilk dəfə Yunanıstanda yaranıb. Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, düzgün, aydın, səlist, dəqiq danışmaq deməkdir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək çox vacibdir. Nitq mədəniyyəti bir elm kimi Azərbaycanda XX əsrin 20-ci illərindən formalaşmağa başlamışdır.
İndi görək biz nitq mədəniyyətinə yiyələnmək üçün nələri bilməliyik? Öz nitqimizi necə inkişaf etdirməliyik?
Mövzunun tədrisi zamanı şagirdlərə öyrədirəm ki, nitq mədəniyyətinin konkret predmeti yoxdur. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyət prosesidir, ünsiyyətin özüdür. Hər bir insan öz nitqini fərdi şəkildə zənginləşdirməlidir. Bunun üçün də dil ümumi, nitq fərdi hesab edilir. Dildən hamı eyni cür istifadə edə bilmir. Əgər insanın lüğət ehtiyatı zəngin olarsa, o, gözəl nitqə sahib ola bilər. Dərsdə şagirdlərə izah edirəm ki, hər bir insan çoxlu mütaliə etməli, dilinin lüğət ehtiyatını zənginləşdirməli, şifahi nitqində orfoepik, yazılı nitqində isə orfoqrafik qaydalara düzgün əməl etməlidir. Çünki irqindən, milliyyətindən asılı olmayaraq milli mədəniyyətin göstəricilərindən biri gözəl nitqdir. Gözəl nitq üçün iki şərt tələb olunur:
1. Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Mövzunun tədrisində bildirirəm ki, hər hansı dilin fonetik, leksik, qrammatik, eləcə də orfoqrafik və orfoepik qayda-qanunları vardır ki, onları dərindən öyrənmədən təmiz nitq mədəniyyətinə yiyələnmək mümkün olmur.
Dərsin gedişində şagirdlər öyrənirlər ki, nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, dilə şüurlu sevgisidir. Cəmiyyətdə də adamları tanımaq üçün ilk anda ünsiyyətə girmək və münasibətdə olmaq lazımdır.
Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan, danış, səni tanıyım”.
“Qabusnamə”də isə deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”.
Belə bir məqamda dərsin daha maraqlı və yaddaqalan olması üçün maraqlı sitatlar söyləyirəm. Məsələn, K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər”. Eyni zamanda bir latın atalar sözünü də misal çəkirəm. Burada deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Nəticədə şagirdlərə tam aydın olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Dərsin gedişində ədəbiyyat fənninə inteqrasiya edərək bildirirəm ki, uşaqlar, siz sözün qüdrəti haqqında hansı atalar sözü və ya şeirlər bilirsiniz? Şagirdlər Nizami Gəncəvinin “Az danışmağın gözəlliyi”, sözün qüdrəti haqqında atalar sözləri deyir: “Söz var kəsdirər başı, söz var kəsər savaşı”.
Bu cür dəyərli misallardan sonra şagirdlərdə fikir yaranır ki, nitq mədəniyyətinə dərindən yiyələnmək üçün dilin lüğət tərkibini mükəmməl bilmək lazımdır. Nə qədər çox söz bilsən, o qədər də fikrini gözəl və dəqiq ifadə edə bilərsən.
Dərsin yekununda onu da əlavə edirəm ki, şifahi nitqlə yanaşı, yazılı nitq mədəniyyəti probleminə, həmçinin orfoqrafiya və durğu işarəsi qaydalarına əməl edilməsi də daxildir.
Şifahi nitqdə isə jest və mimikaların rolu çox böyükdür. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, gələcək fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.
Dərsin sonunda Venn diaqramında dil və nitqin oxşar və fərqli cəhətləri müqayisə olunur. Yaradıcı tətbiqetmə olaraq esse yazmaq şagirdlərə tapşırılır.
Hökümə BAĞIROVA,
Bakıdakı 82 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi