Öyrənmək nə deməkdir? Adam bu an öz fəaliyyət tərzini ona yönəlmişə uyğunlaşdıranda öyrənir. Öyrətmək öyrənməkdən çətindir, çünki tədrisin məqsədi öyrənmək imkanı yaratmaqdır.
Alman filosofu Martin Haydeqqer
Elmi ədəbiyyatda, məruzə və çıxışlarda təhsilin “humanistləşmə”si ilə yanaşı, “təhsilin humanitarlaşması” fikirləri də səslənir. Və bir çox hallarda bu iki fikrin mahiyyətcə eyni olduğunu söyləyənlər də var. Amma qeyd etməliyik ki, hər iki prinsipdə məqsəd oxşarlığı olsa da, onlar arasında müəyyən fərqli cəhətlər var. Professor Əjdər Ağayev “Təlim-tərbiyə işinin demokratikləşməsi və humanistləşməsi” adlı məqaləsində bu fərqlilikləri aşağıdakı kimi səciyyələndirib:
1. Humanistləşmə çoxəsrlik tarixə malikdir və bütünlüklə təhsil sistemini əhatə edir. Humanitarlaşma isə əsrimizin ilk onilliklərində meydana çıxmış ideyadır.
2. Humanistləşmə təhsil işinin bütün sahələrində, bütün mərhələ və pillələrdə təhsilin məzmununda, təşkilində, tədbirlərdə, müəllim-şagird (tələbə) münasibətlərində, ayrı-ayrı fənlərin tədrisində və s. nəzərdə tutulur. Humanitarlaşma isə başlıca olaraq təhsilin məzmununda: tədris planı, proqramı və dərsliklərdə, təlimdə öz həllini tapır. Humanitarlaşma elmi-texniki tərəqqinin indiki yüksək səviyyəsində sırf texniki biliklərə yiyələnən insanları ictimai-humanitar biliklər vasitəsi ilə cəmiyyət üçün hazırlamaq, onları şəxsiyyətcə hərtərəfli inkişaf etdirməklə elmi-texniki nailiyyətlərin əxlaqi-mənəvi bazaya söykənməsinə nail olmaq məqsədini daşıyır. Qeyd edək ki, humanitarlaşma da humanistləşmə prinsipinə sadiq olaraq tətbiq edilir.
3. Humanistləşmə bəşəri, ümumdünya mahiyyəti daşıyır. Hər bir ölkədə, hər bir təhsil ocağında bu prinsip bəşəri, sosial, mədəni ideyalara xidmət edir. Humanitarlaşma isə ona ehtiyac hiss edilən ölkələrdə və təhsil sistemlərində zərurətə çevrilir. Bir növ kadr-insan hazırlığında yol verilmiş deformasiyanı aradan qaldırır, tarazlaşmaya xidmət edir.
Bu müqayisəli izahdan aydın görünür ki, insanın təhsili, təlimi və tərbiyəsində xüsusi əhəmiyyət daşıyan humanitarlaşmanın təhsil sistemində öz “yerini alması” demokratikləşmə və humanistləşmə prinsipləri, proqram və dərsliklərin məzmunu, bu məzmunun şagirdlərə ötürülməsi metodologiyası ilə sıx bağlı olan uzunmüddətli prosesdir. Bu proses Şeyx Nizaminin əsərlərində irəli sürdüyü kamillik konsepsiyasının çağdaş dövrümüzdə də aktual olduğunu göstərir.
Kamil, gələcəyin insanını yetişdirmək hər bir dövlətdə təhsilin qarşısında duran ən vacib, ümdə məsələlərdəndir. İnformasiyanın, biliyin günbəgün artması məktəblərin tədris proqramlarının və dərsliklərinin məzmununa, metodologiyasına yeni yanaşmanı labüdləşdirir. Dünya təhsil sistemində izlədiyimiz qədər müəllimlərin eyni mövzunu müxtəlif meyil və marağa malik şagirdlərə öyrətməsi, sinifdə nə baş verdiyini, şagirdlərin səviyyə və xüsusiyyətlərini nəzərə almadan “mərkəzçi” mahiyyət daşıyan, emprik, optimal təlim mühitinə əngəllər yaradan proqram və dərsliklər öz dövrünü başa vurmaqdadır. “Ehtiyac”ın tələb etdiyi təhsilin məzmununu özündə ehtiva edən proqramların, dərsliklərin hazırlanması inkişaf etmiş ölkələrin təhsil siyasətində başlıca istiqamətlərdəndir. Nəinki dünənki, hətta bugünkü informasiya və bilik köhnəlmiş hesab edilərək gələcəyin proqram və dərsliklərinin hazırlanması praktik həyata keçirilməkdədir. Bu, dövrün tələbi olan, gələcəyin bilik və bacarıqlarını müəyyənləşdirmək, fərdə demokratik prinsiplər çərçivəsində müstəqillik aşılayan, milli və bəşəri əxlaqi-mənəvi dəyərlər aşılayan təhsilin əsas fəlsəfəsini təşkil edir. İbtidai sinif təhsilinin təşkilində nailiyyətlər qazanmış Yaponiya öz Ana Yasasından irəli gələrək proqram və dərsliklərin Milli standartlarını hazırlayıb. Və hər bir ibtidai və orta məktəb bu standartlar əsasında öz proqramlarını formalaşdırır. Türkiyədə də son dövrlərdə peşə liseylərinə “çərçivə proqramı” adı altında öz proqram və dərsliklərini hazırlamaq hüququ verilib.
Təhsilin məzmunu ilə bağlı olan, gələcəyə hədəflənmiş bu islahatlar öyrədən və tərbiyə edənlərin, bir sözlə, gənc nəsli yetişdirənlərin özlərinin də sosiallaşması, cəmiyyətlə bütövləşməsi üçün geniş imkanlar yaradır. Bu imkanlar nəticəsində təhsilverən demokratik idarəetmənin, humanist prinsiplərin hökm sürdüyü bir mühitdə ictimai-humanitar biliklər vasitəsi ilə cinsindən, irqindən, ali və ya orta, peşə təhsilindən asılı olmayaraq, cəmiyyət üçün faydalı insanlar yetişdirilməsində aparıcı rola malik olur.
Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru