Əslində başlıq təsadüfi deyil. Biz medianın sanitar funksiyasından xəbərdarıq. Problemləri üzə çıxaran, ictimai nəzarət edən və faydalı düşüncə paylaşımlarının daşıyıcısı. Bəli, daşımaq felindən olmaqla daşıyıcı ictimai rəyi müəyyənləşdirir, ümumi ahəngin rəngini ifadə edir. Medianın artan rolu ilə bu nüanslara yardım etməli olduğu bilinəndir. Bəs əslində nə baş verir?
Məktəbli Elinanın intihar səhnəsinin görüntüsünü günlərlə manşet xəbər olaraq saxlayan və bunu milyonlarla oxucunun gözlərində canlandıran media. Elə bir media ki, əslində araşdırma faktları ilə daha çox olan hadisələrin mahiyyətinə işıq salmalı, məsələnin səbəb-nəticə bağlantısını soyuq mühakimənin ixtiyarına verməli olduğu halda, sosial medianın dəyirmanında üyüdülən tullantı “xəbər kütləsi” ilə nəfəs alaraq ictimai rəydə şər qoxulu diffuziya yaradır, çaşqın auditoriya formalaşdırır. Peşə ölçüsü, yazı məsləyi ancaq ani ajiotaj effektinə xərclənir. Jurnalistikanın sütun yanaşması olan niyə sualı ancaq bayağı gəzişmələrlə ifadə olunur. Və həm də yeni “Verter effekti” yaradır mediamız. Kimi kimisə vurmaq üçün, kimi kiminləsə şərik olduğu üçün, kimi sadəcə çaparaq oxunan xəbər olduğu üçün - beləcə məktəbi intihar, zorlanma, dalaşma başlıqlarına tuş gətirir, bundan sanki zövq alır. Bəs bu mazoxist ləzzətin kimə faydası var? Oxunmayan xəbər tullantısı ilə tirajlanan sayt redaktoru “məktəbdə intihar” başlığı ilə nə qazanır? Gəlin görək, dogrudan da nə qazanır? Məktəbli Elinanın ölümündən keçən təxminən bir ay ərzində məktəblərimizdə baş verən bu tip hadisələrin skrinşotlarını təqdim etmək yerinə düşər.
Bəs əslində nə baş verir? Əslində o baş verir ki, hələ psixo-emosional vəziyyəti sabitləşməyən yeniyetmə bu tip hadisələrin media inkiasını görür və şüuraltı olaraq onu imitasiya etmək istəyir. Bu, psixoloji refleksiyadır. Ona görə də dünyanın sivil mediaformatları bu tip hadisələri ya xüsusi örtüklə verir, ya da ki, medianın vacib manşetinə çevirmirlər.
Söyləmək istədiyim medianı qınamaq deyil. Məqsədim odur ki bizim media quruluşları bu tip hadisələri işıqlandırmağın beynəlxalq təcrübəsini öyrənsinlər. Yazar bu tip olaylarda təkcə yazdığının əlahəzrət fakt olduğuna diqqət etməməlidir, onun psixoloji –emosional yan təsirlərini də bilməli və ona əməl etməlidir. Yoxsa yazımın əvvəlində qeyd etdiyimi kimi, cəmiyyəti psixologiyada “Verter effekti” deyilən sindromla üzə-üzə qoyacaq.
Məlumat üçün deyim ki, məşhur alman mütəfəkkiri İohan Hötenin “Gənc Verterin iztirabları” əsərindən sonra özünüqəsd epidemiyası bütün Avropanı bürüyür. Eləcə də bu günlərdə oxuduğum bir mənbədə qeyd edildiyi kimi, 1947-1962-cı illərdə ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlqaləndirən məşhur amerikan sosioloqu Devid Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, bundan sonra intiharların sayı silsilə ilə artıb. Bu halın mediada geniş işıqlandırılması intihar epidemiyasına səbəb olur.
Bu epidemiya ilə şüuraltı olaraq hamının yaxını üzləşə bilər. Ona görə bu mövzuda yazanda bir daha diqqət edək, növbəti qurbanımız kim olacaq?!
Professor Hikmət Əlizadə