Şagirdlərə bu bacarıqların aşılanmasında Ədəbiyyat fənninin imkanları
Şagirdlərin öyrənmə fəaliyyəti zamanı bilik və bacarıq əldə etməklə yanaşı, düşünmə, təhlil etmə, müqayisələndirmə, müstəqil qərar qəbul etmə bacarıqları da formalaşır. Bu idraki proseslər şagirdlərin yetişərək kamil insan olmasına təkan verir. Müstəqil fikir yürütmə “şagird şəxsiyyətinin” formalaşmasında mühüm rol oynayır.
Ətraf mühit: təbiət və cəmiyyət şagird qarşısında saysız-hesabsız suallar qoyur, baş verən hadisələr haqqında düşünməyə məcbur edir. Müəllim şagirdlərin həvəs və maraqlarının, müşahidəçilik qabiliyyətlərinin formalaşmasına şərait yaratmaqla yanaşı, həm də təhlil, müqayisəetmə qabiliyyətlərinin də formalaşmasına çalışmalıdır.
Bu baxımdan ədəbiyyat fənninin imkanları, deyərdim ki, daha çoxdur. Öyrənilən hər bir əsər, yeni, maraqlı bir cəhəti ilə fərqləndirilə bilər. Şagirdlər müstəqil olaraq, eyni zamanda müəllimin yönəltdiyi istiqamətdə fikir və mülahizələrini bildirir, yoldaşlarının fikirləri ilə müqayisə aparır və sonda müstəqil qərar qəbul etmə bacarığına yiyələnirlər.
Tədris prosesində yaradıcılığa geniş yer verilməlidir. Əsəri hissələrə ayırmaq, başlıq təyin etmək, hekayədə bəhs olunan qəhrəmanın yerinə özünü qoymaq, hadisələri dəyişmək, obrazlara münasibət bildirmək, esse yazmaq və s. kimi xüsusiyyətlər şagirdin yaradıcılıq keyfiyyətlərinə aiddir.
Şifahi xalq ədəbiyyatından başlayaraq, günümüzə qədər yaranan ədəbiyyat nümunələrini öyrənən şagirdlər pisi yaxşıdan, düzü əyridən ayırmağı bacarır. V sinifdə tədris olunan “Ana maral” əfsanəsi şagirdlərə təbiəti sevməyi, “Yetim İbrahim” nağılı isə fərasətin, ağılın qalib gəldiyini aşılayır. Kiçik yaşlı şagirdlərə “Vətən məhəbbəti”, “Yurd sevgisi” aşılamaq hər bir müəllim üçün böyük məsuliyyət, borc və fəxrdir. Əhməd Cavadın “Azərbaycan, Azərbaycan”, Əli Tudənin “Yaşayanlar görəcəkdir” əsərləri “Azərbaycançılıq” ideyasının aşılanmasında böyük rol oynayan əsərlərdəndir.
Bir yaranmış Azərbaycan.
Ayırsa da onu zaman,
Yaşayanlar görəcəkdir
Bu ölkəni bir can kimi!
Tarix dərslərindən öyrəndikləri “Vahid Azərbaycan” anlayışı bu şeirlərin timsalında şagirdlərin təhlil etmə bacarığını şərtləndirir. Şagirdlərin müqayisə qabiliyyətlərinin formalaşması baxımından yaradıcı tapşırıq olaraq “Bütöv Azərbaycan” xəritəsi işləməyi tapşırıram. Nəticə çox maraqlı olur - şagirdlər həm Cənubi, həm də Şimali Azərbaycanı tərtib etdikləri xəritədə fikrən tam olaraq görürlər. Nəticədə, o taylı, bu taylı Azərbaycan şəhərlərinin adlarını öyrənirlər. Bu da onlara vətənə məhəbbət hissini aşılayır.
“Ana dili mövzusu” - ədəbiyyat dərslərində xüsusi olaraq “Vətən” mövzusu ilə yanaşı öyrədilir. İstər aşağı, istərsə də yuxarı siniflərdə şairlərimiz, nasirlərimiz tərəfindən “Ana dili” mövzusunda yazılan çoxsaylı əsərlər tədris olunur.
XI sinif Ədəbiyyat dərsliyində Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili” qəzəli şagirdlər tərəfindən sevilə-sevilə əzbərlənir. Şagirdlərin bu mövzuda daha hansı əsərləri öyrəndiklərini soruşduqda Bəxtiyar Vahabzadənin “Ana dili”, Xəlil Rza Ulutürkün “Mənim dilim” şeirlərini xatırlayır, oxşar və fərqli cəhətlərini müqayisə, təhlil etməyi bacarırlar.
“Şəhidlik - ən yüksək zirvədir” anlamı Xəlil Rza Ulutürkün “Oğul həsrəti” şeirinin təhlilində şagirdlərə aşılanır. Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin həyat yolu öyrənilir. Şagirdlər çox böyük həvəslə Azərbaycanın digər Milli Qəhrəmanları haqqında da təqdimat hazırlayırlar. Vətənpərvərlik hissini aşılamaq, onları keçmişimiz, bu günümüz və gələcəyimiz uğrunda canından keçən qəhrəmanların, şəhidlərin nümunəsində tərbiyə etmək vacibdir.
Bəxtiyar Vahabzadənin “ Şəhidlər “ poemasında azadlıq uğrunda mübarizə aparan bir xalqın şəhid verməsi, vətənin igid oğul və qızlarının şəhidlik zirvəsinə yüksəlməsi qürürverici tarixi hadisə kimi dəyərləndirilir. Şagirdlər əsərin təhlilində “Azadlıq verilmir, vətənin igid və mərd övladlarının qanı bahasına alınır” - ifadəsini önə çəkirlər. Hər biri bir “Əsgərə” çevrilir - Vətənin müdafiəsinə qalxan “Əsgərə”.
Müasir yazarların “Qarabağ” mövzusundakı əsərləri şagirdlər tərəfindən maraqla oxunur. Elçin Hüseynbəylinin “Firuzə qaşlı xəncər”, Əli Səmədlinin “Qanlı bənövşə” əsərləri kiçik oxucularını təsirləndirməklə bərabər düşünməyə, təhlil aparmağa təhrik edir. Onları döyüşə, torpaqları azad etməyə, “Vətənin əsgəri” olmağa səsləyir. VII sinifdə tədris edilən Fikrət Qocanın “Anamın sözləri” şeirində deyildiyi kimi:
Oxuyub müəllim, həkim olsam da,
Mənə “igid oğlum” -deyəcək anam.
Oxuyub müəllim, hər kim olsam da,
Ay ana, mən sənin əsgər oğlunam.
Müharibənin törətdiyi fəsadlar Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi vasitəsilə çatdırılır. Şagirdlər II Dünya müharibəsi ilə müasir Qarabağ savaşı arasında müqayisə aparır. Hər bir halda müharibə pislənilir. Şagirdlər bu məzmunda mövzuların öyrənilməsinə daha çox həssaslıq göstərirlər. Onlar bu mövzuda müstəqil fikir söyləməyi, tarixi hadisələrə bu günün reallıqları baxımından qiymət verməyi bacarırlar.
Xeyirlə şərin mübarizəsi ədəbiyyat dərslərinin əsas mövzularındandır. Qədim dövr Azərbaycan ədəbiyyatından üzü bəri Zərdüştün “Avesta”sı, Əfzələddin Xaqaninin əsərləri, “Kitabi-Dədə Qorqud” eposu və digər nümunələrdə bu mövzuya toxunulur.
Şagird həqiqətlə yalan, tamahkarlıqla xeyirxahlıq, sevgi ilə nifrət təzadlarını bu əsərləri oxuduqca təhlil edə bilir, müqayisə aparır. O, insanın mənfi və müsbət keyfiyyətlərini fərqləndirməyi bacarır. Müstəqil olaraq obraza fərdi münasibət bildirir. Keçirilən debatlarda sanki obrazın vəkilinə çevrilir. Obrazların xarakterik xüsusiyyətlərini qabardır, onu müdafiə edir. Bu da müəllimi qeyri-şəksiz sevindirir. Yəni mövzular, yeni problemlər ətrafında müzakirə aparmağa həvəsləndirir.
Ədəbiyyatımızın günəşi - Nizami Gəncəvinin əsərlərini aşağı siniflərdən başlayaraq tədris edərkən “xeyirin şər üzərindəki qələbəsi” məsələsi önə çəkilməlidir. “Kərpickəsən kişinin dastanı” əmək mövzusunda işin aparılmasında mayak rolunu oynayır.
İlk anadilli ədəbiyyatın yaranmasını tədris edərkən şagirdlər İzzəddin Həsənoğlu, Zülfüqar Şirvani, Qul Əlinin “Qisseyi-Yusif” əsərləri ilə tanış olur. Şagird-tədqiqatçılar qədim köklərə əsaslanan Azərbaycan ədəbiyyatında nə üçün məhz XIII əsrdən ana dilində əsərlərin yaranması problemi haqqında təhlil aparırlar? Bu barədə Azərbaycan tarixi dərsliyindən topladıqları biliklər sayəsində müstəqil nəticəyə gələ bilirlər. Ancaq müəllimin düzgün istiqamətdə iş aparması şagirdləri “Azərbaycan dili mövzusu” barədə düşünməyə vadar edir.
XIV əsr Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığı və fəlsəfi dünyagörüşünün tədrisi məsələsi müəllimdən tarixi biliklərin bolluğunu tələb edir. Hürufi dünyagörüşünün şagirdlər tərəfindən başa düşülməsi təhlil işinin düzgün istiqamətdə aparılmasından asılıdır.
XVI əsrin böyük hökmdar-şairi Şah İsmayıl Xətainin mübarizələrlə dolu zəngin həyatını, vahid Azərbaycan dövləti yaratmaq siyasətini,Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırmasını, ana dilində yaranan şeirin inkişafına böyük önəm verməsini, şifahi xalq ədəbiyyatı nümunələrini klassik ədəbiyyata gətirməsini öyrətmək, təhlil etmək məqsədəuyğundur.
Fənlərarası inteqrasiya bu mövzuların tədrisində önəmli rol oynayır. Şagirdin müqayisə aparmaq qabiliyyətini formalaşdırır.
Üç dildə yazıb-yaradan Məhəmməd Füzulinin yaradıcılığını şagirdlərə tədris edərkən onun zəngin ədəbi irsinin - divanlarının, poemalarının, traktatının düzgün istiqamətdə təhlilinin aparılması vacib şərtlərdəndir. Onun dünyaca məhşur “Leyli və Məcnun” poeması şagirdlərə təmiz, ülvi hislər aşılayır, onları düşünməyə sövq edir.
XI sinifdə tədris edilən Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası “Azərbaycançılıq” ideyasını özündə ehtiva edən əsərdir. Yazıçının “Milli birlik” nə deməkdir? - sualı əsərin başlıca ideyasının cavabını axtarır. “Milli-mənəvi dəyərlər” anlamı şagirdi düşündürür, təhlil etməyə təhrik edir, qardaşlar arasında müqayisə aparır. Bu əsərin tədrisi rollu oyunlarla daha maraqlı alınır. Rüstəm bəyin, Səməd Vahidin, Mirzə Məhəmmədəlinin obrazlarının yerində olan şagirdlər maraqlı vəziyyətlərə düşürlər. Şagirdlər oxucu olaraq əsərdə qaldırılmış problemin həlli yollarını araşdırmağa çalışırlar.Bu problem aktual sayıla bilərmi? Bu problemləri aradan qaldıra bilərikmi? -hansı yollarla? Qardaşların böyük faciəsi nədir? və s.
M.Ə.Sabirin yaradıcılığını tədris edərkən onun fikir və düşüncələri ilə üz-üzə qalan şagirdlər haqsızlıq və ədalətsizliyə müəllif kimi barışmaz mövqelərini bildirirlər.
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,
Dildadeyi-irfanları neylərdin, ilahi?!
İnsan həyatına laqeydlik humanist şairi sarsıtdığı kimi şagirdləri də təəssüfləndirir, onların təhlil etmək qabiliyyətlərini formalaşdırır. Sanki məzlumların haqqının, hüququnun müdafiəçisi kimi çıxış edirlər.
İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi, İsmayıl Şıxlının “Dəli Kür” romanı, Səməd Vurğunun “Vaqif” əsəri tarixi mövzuların əvəzolunmaz inciləridir. Tarixi mövzuların ədəbiyyatda tədrisi şagirdlərdə Azərbaycan tarixini dərindən öyrənmək məsələsini önə çəkir. Bu əsərlərin təhlilinin düzgün aparılması şəxsiyyətyönümlü vətəndaş yetişdirməyə xidmət edir.
Bacarıq inkişaf etdikcə şagirdlər qarşıya çıxan problemləri analiz edir, onların həlli yolları haqqında düşünür, bu problemləri uğurlu şəkildə necə həll etməyi öyrənirlər.
Şagirdlərdə milli-vətənpərvərlik tərbiyəsini qüvvətləndirmək indiki dövrün ən başlıca məsələlərindən biridir. Müasir dövrün indiki mərhələsində xalqımıza kamil, şüurca yetkin insanlar daha çox lazımdır. Belə gəncliyin yetişməsində ədəbiyyat fənninin misilsiz əhəmiyyəti vardır. Şagirdləri vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün yüksək səviyyəli ədəbiyyat dərslikləri yazılır.
Ümumtəhsil məktəblərində dərsləri müasir tələblərə uyğun qurmağa çalışan biz - ədəbiyyat müəllimləri şagirdlərdə təhlil, müqayisə və müstəqil qərar qəbul etmə bacarıqlarını formalaşdırmağı qarşımıza məqsəd qoymalıyıq.
Ləman ABDULLAYEVA,
Şəki şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi