III yazı

 

 

Məktəb  humanizm emalatxanasıdır.

 

Yan Amos Komenski

 

 

 

Keçən dəfə “İctimai fəal məktəblər: imkanlar və perspektivlər” başlıqlı yazımızda məktəbin dövlət-ictimai idarəçiliyində dünyada geniş yayılmış modelinin üç baza komponentinin ən mühümü olan məktəbin demokratikləşməsindən söhbət açmışdıq. Bu vacib prosesin həyata keçirilməsi  humanistləşmə və humanitarlaşma ilə sıx bağlıdır. Çünki hər üç proses birlikdə cəmiyyətin müasir tələblər baxımından inkişafında mühüm rol oynayan insan resurslarının yetişdirilməsində ən vacib amildir. Çünki demokratik prinsiplər əsasında mövqe, baxış, iş üslubu olmadan humanistləşməni, humanitarlaşdırmanı reallaşdırmaq mümkün deyil. Bu amil cəmiyyəti təşkil edən və formalaşdıran insanın təhsili, təlimi və tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də “demokratik baxış və ideyalar humanistləşməni doğurmuşdur” fikrini söyləyənlərlə razılaşmamaq mümkün deyil. Bu fikir bir sistem halını alaraq inkişaf etmiş ölkələrin təhsil sistemlərində daha qabarıq şəkildə özünü göstərməkdədir. Məhz bu proses nəticəsində cəmiyyətin ali sərvəti olan insan amili ön plana çəkilir, məktəb sosial təsisat kimi yalnız dövlət deyil, dövlət-ictimai sistemi olur. O, dövlətin və cəmiyyətin qarşılıqlı fəaliyyəti nəticəsində inkişaf edir. Müəllim inhisarçılıqdan çıxır, xalqın müvəkkili olur, təlim-tərbiyənin məzmununda, forma və metodlarda yeknəsəklik aradan qalxır, onların rəngarəngliyi, çoxvariantlılığı təmin edilir. Məktəbin uşağa dönümü, yaşından asılı olmayaraq, onun  şəxsiyyətinə hörmət, etimad prosesi baş verir. Bir şəxsiyyət kimi şagirdin meyil və marağı, tələbatı nəzərə alınır. Bir sözlə, şagirdə bir “obyekt” kimi baxılmasına son qoyulur, məktəbdə sağlam təlim-tərbiyə mühiti yaradılır.

 

Əks halda cəmiyyətdə və düşdüyü ictimai-siyasi mühitə adaptə oluna bilməyən, tənqidi təfəkkürə, ünsiyyət qurmaq, müzakirə aparmaq və s. qabiliyyətlərinə malik olmayan insanlar yetişəcəkdir. ABŞ sosioloqu K.Feryer aşağıda  gətirdiyim sitatda  sovet məktəbi timsalında bu tip məktəbləri xarakterizə edərək yazır: 

 

- Uşaq təbiəti sevir, ancaq onu dörd divar arasında qapadılar

 

- Uşaq düşünəndə ki, onun işi hansısa məna kəsb edir, onda hər şeyi elə təşkil etdilər ki, onun fəallığı heç bir xeyir gətirməsin

 

- Uşaq hərəkətsiz qala bilmir, ancaq onu buna vadar etdilər

 

- Uşaq əli ilə işləməyi sevir, lakin ona nəzəriyyəni və ideyanı öyrətdilər

 

- Uşaq danışmağı sevir, amma ona susmağı əmr etdilər

 

- Uşaq düşünməyə can atır, ancaq ona əzbərləməyi öyrətdilər

 

- Uşaq istəyir ki, bilik axtarsın, ancaq ona bunu hazır vəziyyətdə verdilər

 

Onda uşaqlar başqa şəraitdə öyrənmədikləri şeyi - yalanı və riyakarlığı öyrəndilər. Ona görə də görün bir nələr baş verdi, insanlar solub-saraldı, ölüvay və passiv oldu, həyata qarşı həvəsi itirdilər. Onlar xoşbəxtlikdən və sağlamlıqdan məhrum oldular, sevgi və məhəbbəti itirdilər, fikirləri quru və boz oldu, qəlbləri sərinləşdi, ürəkləri daşlaşdı. Elə şeytan da bunu istəyirdi və şeytanın belə bacarıqla fikirləşib tapdığı məktəb “çiçəklənməyə” başladı”.

 

Fikrimcə, sosioloq sovetlər birliyi məktəbinə ən doğru qiyməti verib. Totalitar rejimdə siyasi bir alətə çevrilmiş, 70 ildən artıq yaradıcı, düşünən, mühakimə yürüdən, demokratik dünyagörüşünə malik şəxsiyyətin formalaşmasında böyük maneələr yaratmış bu məktəbdə təhsil almış yaşlı nəsil oxucuları yəqin ki, mənimlə razılaşarlar.

 

Amma dövr dəyişib. Dəyişən dövr təhsil sistemi qarşısında XXI əsr vətəndaşını yetişdirmək kimi ali məqsəd və vəzifə qoyur. Bu vəzifəni isə problemə nəzəri və praktiki cəhətdən fundamental yanaşma ilə yerinə yetirmək olar.

 

 

Məlahət MÜRŞÜDLÜ,

pedaqogika üzrə fəlsəfə doktoru