Göyüş Bəylərov: “Vicdanıma dərs keçirəm”


Bu gün II Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü tamam olur. Bu qələbənin qazanılmasında Azərbaycanın da böyük payı var. Bu payı artıran ürəkli oğulları, cəsarətli qızları idi. Müharibə başlayanda peşəsindən, vəzifəsindən asılı olmayaraq əli silah tutan hər kəs savaşa getdi. Onların arasında müəllimlər lap çox idi. Göyüş müəllim də onlardan biri oldu. Beləcə, ucqar kənd məktəbinin müəlliminin parta arxasında oturan uşaqlara rus dilində çoxlu sözlər öyrətmək cəhdi yarımçıq qaldı.

 

 

Müəllimlikdən komandirliyə

 

 

Göyüş Oruc oğlu Bəylərov orta ixtisas təhsili müəssisəsini bitirmişdi. Laçın rayonu, Mişni kənd orta məktəbində təzəcə rus dili müəllimi kimi fəaliyyətə başlamışdı. Uşaqlara rus dilində “mir” sözünün mənasını öyrətməyə fürsət tapmadan uşaqlar “voyna” sözünü öyrəndilər. Özü də ona ehtiyac qalmadan.

 

Yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Müharibənin başlaması ilə bir də baxıb gördü ki... O bir batalyonun önündə rus dilində hücum əmri verir. Verdiyi hər əmr isə hansısa dostunun ölməsi, silahdaşının yaralanması ilə nəticələnə bilərdi. Ancaq başqa çarəsi də yox idi. Hər döyüş müəllim olmaq istəyən bir gəncin ürəyində dərin iz buraxırdı. Bu iz illər sonra da sağalmadı. Elə bunun nəticəsidir ki, müharibə qəhrəmanı uzun zaman xatirələrini danışarkən ən çox döyüşlər zamanı dostlarının yanında necə öldüyünü, yaralandığını xatırlayıb, gördüklərindən az qala ürəyinin parçalandığından söz açırdı. Azərbaycanlı döyüşçü bir gün özü də yaralandı. Çoxlu qan itirdiyindən yaşamasına ümid az idi. Elə ona görə də onu ölü sanıb morqa qoydular. Təsadüfən tibb bacılarından biri onun üzündə həyata dair bir işarə gördü. Hələ sağ olduğunu bilən kimi ona yardım əlini uzatdı. Milliyyətcə rus olan tibb bacısı yaralı əsgəri öz evində uzun müddət müalicə etdi.    

 

 

Sağ ikən “qara məktub”

 

 

Müalicənin davam etdiyi həmin müddətdə əsgərin ailəsinə “qara məktub” da göndərilib. Ancaq bu məktub ailəyə yetişməyib. Müharibə dövrünün ənənəvi halı Bəylərovların da başına gəlib. Ailəsinin yeganə oğlu olduğu üçün kəndin poçtalyonu məktubu Sovet döyüşçüsü Göyüş müəllimin anasına verməkdən çəkinib. Bəlkə o poçtalyon kəndə gələn nə qədər “qara xəbəri” verməkdən imtina etmişdi, bunu bilmirik. Müharibənin qarışıq dövründə, görəsən, nə qədər insan ailəsinə yollanan o məktubların çatmadığına sevinib? Göyüş müəllim də onlardan biridir. Niyə də sevinməsin. Axı, anası bircə balasının ölümünə dözməzdi!

 

Tibb bacısı sovet əsgəri olan Göyüş müəllimi sağaldıb ayağa qaldırır. O da vətənə olan borcunu tamamlamaq üçün yenidən müharibəyə qayıdır. Döyüşdən-döyüşə atılır, qələbədən-qələbəyə gedir. Axır müharibə bitir və o, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilərək kəndə qayıdır. Müharibə iştirakçısı Göyüş Bəylərov yenidən müəllim olur.

 

 

Komandirlikdən yenidən müəllimliyə

 

 

Həmin illərdə Pircahan kəndinin ağır günləri çox olur. Müharibə dövrünün ağır çətinliyini aşmamış kənddə qış ayları da ağır keçir. Çox vaxt uşaqları məktəbə gətirmək mümkün olmur. Amma hər gün məktəbin qapıları açılır, müəllim sinfə girir... 

 

Qışın yenə şaxtalı günlərindən biri idi. Bakıdan Laçın rayon Pircahan kənd məktəbinə nümayəndələr göndərmişdilər. Bakıdan təxminən 450-500 km. uzaqlıqda yerləşən ucqar kənd məktəbində tədrisin vəziyyəti, məktəbin şəraiti yoxlanılmalıydı.  Güclü qar kəndin onsuz da gediş-gəlişi az olan yollarını daha da keçilməz eləmişdi. Nə 2 metrədək hündürlükdə yağan qar, nə şaxtalı qış günü bu kəndin sakinləri üçün təəccüblü deyildi. Hər qış günü olduğu kimi, bu gün də heç kim uşağını məktəbə buraxmamışdı. Hər tərəf ağappaq qarla örtülmüş, ətrafda bir insan hənirtisi belə hiss olunmurdu. Bakıdan gələn qonaqlar məktəbə gedib çıxmalıydı. Məktəbə gedən yolda, sadəcə bir cüt ayaq izi vardı. Bu izlə kəndin qonaqları da məktəbə gedib çıxdı. Məktəbə xas olmayan sakitliyi bir səs yarıb ətrafa yayılırdı. Kimsə çox həyacanla danışır, sual verir, cavabını gözləmir, yenidən davam edirdi. Yavaş-yavaş səsin gəldiyi tərəfə gedən bakılı qonaqlar gördüklərindən təəccüblənir, bir-birinin üzünə baxırdılar. Gələnlərə fikir verməyən müəllim isə danışır, dərsini yarımçıq saxlamaq istəmirdi. Axı, onun dərsini müharibə uzun müddət kəsmiş, onu müəllimliyə ara verməyə məcbur eləmişdi. Daha fasilə verəcək vaxt yox idi. Göyüş müəllimin hələ öyrədəcəyi çox söz vardı, axı.

 

Təəccüblü baxışlarını Göyüş müəllimə zilləyən qonaqların ilk ağlına gələn müəllimin psixoloji probleminin olması idi. Onu dəli sanıb, “Sinifdə şagird yoxdu, kimə dərs keçirsiniz?”, - deyə soruşdular. Özünü çox gözlətməyən cavab düşüncələrindən keçən fikri bir andaca darmadağın edir: “Vicdanıma dərs keçirəm”.

 

 

Günel ƏHMƏDOVA