Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhvali-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.
www.belta.by saytının məlumatına görə, adıçəkilən universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, “bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Bu qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır”.
İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.
Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.
Həkimlərin qənaətinə görə, sınaqların nəticəsi ümidvericidir.