Özünü başqasının yerinə qoy...
“Kompasito” dərs icmalları
Fəslin mövzusu:
Ayrı-seçkilik (diskriminasiya), səhhət və rifah, yoxsulluq və sosial təcrid.
Çətinlik dərəcəsi: II dərəcə.
Yaş həddi: 8-13 yaş.
Tələb olunan vaxt: 60 dəqiqə.
İştirakçı sayı: 16 - 20 uşaq.
Oyunun növü: Gerçək hadisələrin müzakirəsi.
Xülasə: Uşaqlar həyatdan götürülən eyni hadisənin 3 müxtəlif rəyini oxuyurlar və insanlar haqqında yaranmış səhv fikirləri müzakirə edirlər.
Vəzifələr:
* Ünsiyyət qurmaq və müşahidə etmək, bacarıqlarını təcrübədə tətbiq etmək.
* Digər insanın halına acımağı tərbiyə etmək.
* Qərəzli qərarların olduğunu dərk etmək.
* Fərdi təcrübənin subyektivliyini (tək bir şəxsə məxsus olduğunu) başa düşmək.
* Təhsil, asudə vaxt və sağlamlıq hüququnun müzakirəsi.
Hazırlıq:
* Nəzərdə tutulmuş hadisələri uşaqların həyatına və ya məşğələnin məqsədlərinə uyğunlaşdırın.
Materiallar:
* 3 gerçək hadisənin mətni.
Təlimat:
1. Qrupda söyləyin ki, üç uşaq keçən yay düşərgədə yaşadığını gündəliklərində qeyd edib və bizə həmin gündəliklərin oxunmasına icazə verib. Uşaqları 3 qrupa bölün və hər qrupa bir hadisənin mətnini paylayın.
2. Mətnləri oxuduqdan sonra uşaqları bir yerə toplayıb paylanmış mətnlərin əsasında “Düşərgənin bir günü” mövzusunda müzakirə aparın (məsələn, tapmaca tapmaq, nahar, futbol məşqi, salın qurulması, çayı keçmə). Hər hadisə ilə tanış olduqdan sonra kiçik bir fasilə edin. Uşaqlardan soruşun: hadisənin qəhrəmanları nə edirdilər, nə düşünürdülər, hansı hissləri keçirirdilər? Bu mərhələdə uşaqlara hadisə qəhrəmanlarının etdiklərinin və hisslərinin səbəblərini izah etmək lazım deyil.
3. Qrup üzvlərindən xahiş edin ki, onlar oxuduqları hadisənin müəllifini təsvir etsinlər. Eyni hadisələrə üç uşağın belə fərqli yanaşmasının səbəblərini müzakirə etmək üçün aşağıdakı sualları verin:
a) Nə üçün uşaqlar bir-birini düzgün anlamayıblar?
b) Siz necə düşünürsünüz, onlar bir-birlərinin həyatı ilə daha yaxından tanış olsaydılar, özlərini başqa cür aparardılar? Bunu necə təsvir edərdiniz?
c) Onların bir-biri haqqında hansı yanlış təəssüratları var idi?
d) Həmin səhvlərə necə yol vermişdilər?
e) Siz digər şəxs haqda nə zamansa yanlış fikirdə olmusunuz?
f) Başqaları haqda səhv fikirdə olanda nə baş verir?
g) Başqa insanların haqqımızda səhv düşünməmələri üçün nə etməliyik?
Təhlil və qiymətləndirmə
1. Aşağıdakı sualların köməyi ilə oyunu təhlil edin:
a) Bu 3 hekayə haqda nə düşünürsünüz?
b) Günün bu cür keçməsi sizin xoşunuza gələrdimi? Cavabınızı əsaslandırın.
c) Bu hekayələr həqiqətə bənzəyirmi?
d) Siz özünüzü həmin uşaqlardan birinə bənzədə bilərsinizmi? Hansına? Niyə?
e) Əgər siz kasıb olsaydınız və oxumağı bacarmasaydınız, dostunuz olardımı?
f) Dostluq nədir?
g) Sizin məhəllənizdə kasıb insanlar yaşayırmı? Kimlərdir?
h) Bu vəziyyəti dəyişmək üçün biz nə edə bilərik?
2. Oyunu insan hüquqları ilə uzlaşdırmaq üçün suallar verin:
a) Düşərgədə uşaqların hansı insan hüquqları var idi?
b) Evdə hansı insan hüquqları var?
c) Hansı uşağın hüququ pozulur?
d) Hüquqların pozulması uşaqlara necə təsir edir? Bu, onların gələcəyinə necə təsir edə bilər?
e) Bu cür hüquq pozulmalarının qarşısını almaq üçün nələr etmək olar?
Davamı üçün təkliflər
* Hekayə hadisələrini rəsmlərdə təsvir edin (məsələn, “Böyük macəralar günü”nün hadisələri, uşaqlar ev şəraitində və b.).
* “Kimin üçün daha vacib” və “Yeni torpaqlara səyahət” oyunlarında bir vəziyyətlə bağlı fərqli hərəkət və dəyərlər haqda danışılır.
Fəaliyyət üçün ideyalar
Qrupda anlaşılmazlığın qarşısını almaq üçün uşaqlarla birlikdə ünsiyyət qaydalarını işləyin.
Aparıcılara məsləhətlər
* Bəzi uşaqlara hekayələr yad və ya gerçəklikdən uzaq görünə bilər. Həyatda baş vermiş hadisələri və uşaqların problemlərini əks etdirmək üçün, həmçinin bəzi uşaqları digərlərindən təcrid etməmək və onlara yaxın situasiyalarla pis vəziyyətə salmamaq üçün hekayələrdə bəzi dəyişikliklər etmək lazımdır.
* Yoxsul ailələrdən olan uşaqlara özünüdərk məsələlərində xüsusi həssaslıqla yanaşın. Qrupunuzda yoxsul ailələrdən olan uşaqların problemlərini müzakirə etməyə imkan yaradın, amma mütləq vurğulayın ki, bütün uşaqların istədikləri həyatı yaşamaq imkanı olmalıdır və onların hüquqları qəbul olunmalıdır.
* Bəzi uşaqlar özlərini hekayələrin qəhrəmanlarına bənzədə bilərlər. Bu səbəbdən oyun dərin təhlil tələb edir. Hekayələrin bəzi uşaqlarda stereotiplərin və tənqidi yanaşmanın yaranmasına səbəb ola biləcəyini unutmayın. Bu, həm imtiyazlı uşaqlara münasibətdə (məsələn, “Onların problemləri yoxdur”, “Onlar snobdurlar”), həm də yoxsul uşaqlara münasibətdə (məsələn, “Ailələri onlara kömək etmir”, “Onlar tənbəldirlər”) özünü büruzə verə bilər. Bu hekayələrin mənası ondadır ki, uşaqlar düşünsünlər: niyə bəzi insanlar yanlış fərziyyələr əsasında tələsik nəticələrə gəlirlər.
* Müzakirələrdə qəhrəmanın nə etdiyi, nə düşündüyü və nə hiss etdiyi arasında fərq qoyun.
Variantlar
* Hekayələri ucadan oxuyun və ya xahiş edin ki, uşaqlar özləri oxusunlar. Sonra hekayələri təlimatın 3-cü addımındakı kimi müzakirə edin. Təhlil üçün hər hekayədən sonra suallar verin.
* Qruplara tapşırın ki, yay tətilini düşərgədə keçirən 3 uşağın gündəlik həyatını canlandırsınlar. Onlardan bu zaman nə hiss etdiklərini söyləməyi xahiş edin. İki nəfərdən hekayələrdəki hər uşağın obrazını canlandırmağı xahiş edin: biri oxuduğunu ətrafdakılar üçün danışır, başqası isə uşağın düşüncələrini və hisslərini ucadan ifadə edir.
Uyğunlaşdırma
* Gün ərzində düşərgədə baş verənləri yadda saxlamaq üçün azyaşlı uşaqlara əyani material gərəkdir. Məlumatın çox olması azyaşlı uşaqlarda diqqətin yayılmasına və müzakirə zamanı çətinliklərin yaşanmasına gətirə bilər. Uşaqların bir hekayəni anladıqlarından əmin olun, sonra isə növbəti hekayənin müzakirəsinə keçin.
Paylama materialı
Uşaqların çoxu yayda düşərgələrə gedir. Aşağıda verilən hekayələri biz birinci dəfə yay düşərgəsində rastlaşan üç uşağın gündəliyindən götürmüşük. Onlar yaşıddırlar və eyni oyunlarda iştirak edirlər. Bir dəfə dəstə rəhbəri “Böyük macəralar günü” oyununu keçirirdi. Həmin gün axşamçağı üç uşaq oyun zamanı baş verənləri öz gündəliyində yazmışdı.
Marqaret bu hekayəni yorğanın altında fənərin işığında yazıb.
Əziz gündəlik!
Necə gözəl bir gün idi. Biz ağlagəlməz şeylər eləmişdik və mən düşünürəm ki, bu, mənim həyatımın ən gözəl günü idi. Biz çox maraqlı və bəzən təhlükəli oyunlarda iştirak etdik. Amma mənə heç qorxulu deyildi. Məndən fərqli olaraq oyun dostlarımın xoşuna gəlmədi. Hərçənd ki, mən əksinə, ümid bəsləyirdim.Təəssüf ki, Elza və Rikardo bu gün çox qəribə idilər.
Gəlin hekayəmi ən başdan başlayım.
Biz yuxudan ayılanda rəhbərimiz bizi müxtəlif qruplara böldü. Mən, Elza və Rikardo bir qrupa düşdük. Onların hər ikisindən xoşum gəlir: dünən də biz bir qrupda idik və müxtəlif zarafatlar edib xeyli gülmüşdük. Rəhbərimiz bizə 3 şifrə olunmuş məktub verib onların şifrələrini açmağı tapşırdı. Mən tapşırığın öhdəsindən birinci gəldim. Bir azdan Rikardo da öz tapşırığını yerinə yetirdi, Elzanın işi isə ləngiyirdi. Mən ona öz köməyimi təklif edəndə, o mənə cavab verdi ki, oyun onun xoşuna gəlmir və şifrənin açılması maraqsız bir işdir. Mən gördüm ki, o, vərəqi tərsinə tutub və güldüm. Dedim ki, o, şifrəni heç vaxt açmayacaq. O mənə hirsli baxdı və vərəqi tullayıb dedi: “Mən oynamaq istəyirəm, bunu oxumaq istəmirəm”. Mən düşünürəm ki, o, çox da ağıllı deyil. Ümumiyyətlə, görəsən Elza oxumağı bacarır? Bu mənə qəribə gəldi, çünki mənim yaşıdlarımın əksəriyyəti oxumağı və yazmağı bacarır. Buna baxmayaraq, nəhayət, 3 şifrənin hamısını qıra bildik. Sonra biz futbol oynadığımız rəqib komanda ilə çayın sahilinə yollandıq. Vaxtımız çox şən keçdi. Qalib gələcəyimizə az qalmışdı, amma məhz Elzanın səhvi üzündən uduzduq. Hər dəfə top ona yaxınlaşanda Elza ona əli ilə toxunurdu, başqa uşaqları ayağı ilə vururdu və milyon səhv buraxırdı. Elə bil ki, o, əvvəllər heç vaxt futbol oynamamışdır. Bu, qəribə idi, çünki biz hamımız dərsdən sonra futbol oynayırıq. Gələn dəfə mən Elza ilə ayrı-ayrı qruplarda olmaq istəyirəm.
Nahardan sonra (burada yemək çox pisdir) biz çayı keçmək üçün bir sal düzəltməli idik. Bu, çox maraqlı idi, çünki biz ağac parçalarını axtarmalı idik, sonra ipdən müxtəlif düyün vurmalı idik. Elza və mən yaxşı odun tapırdıq, Rikardo isə yalnız nazik çubuqlar gətirirdi. Mən ona dedim ki, o oğlan olduğundan bizdən qat-qat yaxşı işləməlidir. Rikardo cavab verdi ki, onun başı gicəllənir və beli ağrıyır. Mən düşünürəm ki, bu, işləməmək üçün bir bəhanə idi. Biz tapşırığı bitirəndə ən yaxşı bizim sal hesab olundu. Hətta dəstə rəhbərimiz də bunu qeyd etdi. Sonra o, “Bir, iki, üç!” komandası verdi və biz hamımız sala hoppanıb çayı bir yerdə keçməyə hazırlaşdıq. Mən birinci hoppandım, amma suya düşdüm. Brrrr... su həddindən artıq soyuq idi, hətta mən əvvəlcədən qışqırdım. Xoşbəxtlikdən dəstə rəhbərimiz mənə sudan çıxmağa kömək etdi, sonra biz hamımız gülüşdük. Mən yoldaşlarıma suyun necə soyuq olduğunu danışanda Rikardo dedi ki, səyahəti davam etmək istəmir. Mən düşünürəm ki, o, soyuq sudan qorxdu. Mən heç bilməzdim ki, o, belə zəifdir! Əvvəl odunlar, indi də su. Mən deyəndə ki, bir az cəsarətli olmaq lazımdır, o, ağlaya-ağlaya qaçdı. Heç düşünmürəm ki, mən bir daha onunla eyni qrupda olmaq istəyəm. Bəli, gələn dəfə rəhbərdən xahiş edəcəm ki, məni ayrı qrupa salsın, çünki Elza səfeh, Rikardo isə sadəcə zəifdir. Ondan sonra mən Elza və Rikardo ilə danışmadım və ... oy, deyəsən, dəstə rəhbərlərimiz bizim otağa gəlirlər. Gecən xeyrə qalsın, əziz gündəliyim. Sabah sənə yenə təzə xəbərlər çatdıracam.
Sevgi ilə, Marqaret.
Növbəti gündəlikdə qeydləri Elzanın əvəzinə rəhbər etmişdir.
Gündəliyim, salam!
Sən mənim ilk gündəliyimsən, mən isə Elzayam. Ümid edirəm ki, sən mənimlə uzun müddət bərabər olacaqsan. Mən dəstə rəhbərindən xahiş etdim ki, bu səhifəni mənim əvəzimə yazsın. O dedi ki, böyüyəndə düşərgədə nə etdiyimi mən özüm oxuya biləcəm. Bu fikir mənim xoşuma gəldi. Biz başqa uşaqlardan kənarda oturmuşuq, çünki mən istəmirəm kimsə bilsin ki, rəhbər mənə kömək edir.
Bu gün tədbirlərlə zəngin bir gün idi. Səhər mən Marqaret və Rikardo ilə eyni qrupda olmalı idim. Mənim Rikardodan daha çox xoşum gəlir. Cünki Marqaret həmişə hamıdan çox bildiyini düşünür.
Hər şey şifrənin açılması tapşırığından başladı. Hələ yazıb oxumağı tam yaxşı bacarmadığım üçün belə tapşırıqlardan xoşum gəlmir. Marqaret isə daima qışqırıb digərlərini tələsdirirdi. Mən çox istərdim ki, yaxşı oxuyum. O zaman mən yer üzündəki bütün kitabları oxuyaram. Amma atam gedən gündən mən evdə oturmalı oldum və anam işdən gələnədək evin kiçik uşaqlarına baxmalı idim. Mən həqiqətən də məktəbə getməyi çox istəyirəm. Amma anam həmişə deyir ki, kitab oxumağı bilməkdənsə, yemək tapmaq daha vacibdir. Mən istəmirdim Rikardo və Marqaret mənim oxuya bilmədiyimi başa düşsünlər. Ona görə də özümü elə aparırdım ki, guya şifrəni açmağa çalışıram. Amma sonra Marqaret mənə güldü və mən buna görə həm dilxor oldum, həm də ki, əsəbiləşdim. Sonra eyni hal futbolda da yaşandı. Mən komandamızın qalib olmasını çox istəyirdim. Amma nə edirdimsə, hamısı səhv olurdu. Məndən başqa hamı bu oyunu bilir. Mən uşaqların məktəbdən qayıdan zamanı necə futbol oynadıqlarını görürəm. Amma anam deyir: “Əgər sənin oynamağa vaxtın varsa, deməli işləməyə də vaxtın var”. Ona görə də mən futbol oynamağı öyrənə bilmədim.
Nahardan sonra biz çayı keçmək üçün sal hazırlamalı idik. Düşünürdüm ki, mən bu işdə Rikardo və Marqaretdən yaxşıydım. Çünki mən düyün bağlamağı və möhkəm salın düzəltməsi üçün hansı ağac parçalarının lazım olduğunu bilirəm. Amma Rikardo özünü çox qəribə aparırdı. Marqaret suyun necə soyuq olduğunu dedikdə qorxusundan onun rəngi dəyişdi. Ümid edirəm ki, biz sabah yenə eyni qrupda olacağıq. Onlara sübut etmək istəyirəm ki, mən çox şeyi bacarıram! Və düşərgəmizin dəstə rəhbərləri mənim çox xoşuma gəlir!
Hələlik, gündəlik. Sabahadək.
Rikardonun bir neçə il ərzində yazdığı böyük gündəliyi var. “Böyük macəralar günü” haqqında yazdıqları bunlardır.
Mənim əziz gündəliyim!
Mən necə üzgün və kədərli olduğum haqqında danışmaq üçün yenə sənə yazıram. Səhər mənim sevdiyim oyunlarda iştirak edirdik. Şifrə mənim üçün çox asan idi, çünki evdə mən tez-tez sehrli şifrələrin açması ilə məşğulam. Futbolda isə həmişəki kimi qapıçı oldum. Nahar əla idi, bəlkə də mənim indiyədək yediklərimdən daha dadlı idi. Burda mən çoxlu yeyirəm, evdə isə kiçik qardaş və bacılarımın yeyib qurtarmasını gözləməli oluram. Amma burda belə deyil! Mən hətta təkrar-təkrar yeyə bilərəm. Bu, mənim elə xoşuma gəlir ki! Düşünürəm ki, mən hətta sağalacam. Artıq evə gedəndə cılız oğlan olmayacam.
Amma günün ikinci yarısı dəhşətli idi. Biz ağır odunları daşımalıydıq, sonra isə soyuq suya girməli idik. Bu, mənim xoşuma gəlmədi, cünki mən 100 faiz xəstələnə bilərdim. Və mən bu işlə daha məşğul olmaq istəmədim. Mənim atam demişdi ki, o, yeni iş yeri tapan kimi məni xəstəxanaya aparacaq və mən yenə sağlam olacam. O deyir ki, onda mənim istədiyim bütün oyunlarda iştirak etməyə imkanım olacaq və daha bütün günümü yataqda keçirməyə məcbur olmayacam. Mən çox istəyirdim ki, atam günü sabah özünə iş tapsın. Onda mən tez sağalaram! Mən düşərgədəki başqa uşaqlara bu haqda demək istəmirəm. Çünki o zaman onlar biləcək ki, bizim evdə pul yoxdur və buna görə mənə güləcəklər.
Əziz gündəlik, mən nə zaman sağalacam? Mən başqa uşaqlar kimi olmaq istəyirəm. Mən də oynamaq, qaçmaq və hoppanmaq istəyirəm. Ümid edirəm ki, bu, tezliklə baş verəcək. Amma qorxuram ki, bu, heç zaman olmayacaq.
Əziz gündəliyim, gecən xeyrə qalsın. Sabah mən sənə yenə nəsə danışacam. Mənim sirlərimi yalnız sən bilirsən.
Rikardo