Ağa Şeydayev: Təlimçi kimi telekanallarda iştirak etmişəm”
Paytaxt uşaqlarının ən çox sevdikləri məkandır A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı. Burada izlədikləri maraqlı tamaşalar onlarda həmişə xoş ovqat yaradır. Sevindirici haldır ki, bu xoş ovqatı onlarda yaradanlar da elə həmyaşıdları olan kiçikyaşlı aktyorlardır. Uşaqların könlünü ovsunlamaqla bərabər onlar öz istedadlarını da həvəslə nümayiş etdirirlər. Qəzetimizin növbəti nömrəsi üçün yazı hazırlamaq məqsədilə teatrın “Oyuq” studiyasına baş çəkdim və haqqında çox eşitdiyim balaca istedadlı aktyorlardan biri ilə - Ağa Şeydayevlə görüşüb həmsöhbət oldum.
Bildiklərimi dostlarımla bölüşür və dostlarımı maarifləndirirdim
Mən, Ağa Şeydayev 2009-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakı Avropa Liseyinin şagirdiyəm. Riyaziyyat və ana dili fənlərini çox sevirəm. Paytaxtdakı I nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yol hərəkəti qaydaları dərnəyinin üzvüyəm. Hər il mərkəzdə yol qəzaları qurbanlarının anım gününə həsr olunmuş tədbir keçirilir. Məqsədimiz yol qəzalarında həlak olanları yad etmək və yol hərəkəti qaydalarını uşaqlara çatdırmaqdır. Yol hərəkəti qaydalarını daha yaxşı öyrəndikdən sonra üzərimə yeni bir missiya düşürdü: bildiklərimi öz dostlarımla bölüşmək və dostlarımı maarifləndirmək.
Özüm də elə “Mən böyümüşəm”də böyümüşəm
İlk dəfə 2012-ci ildə AzTV-nin “Biləyən” verilişində çıxış etdim. Çəkilişdə Səməd Vurğun küçəsində yolda hərəkət edən piyadalara yol hərəkəti qaydalarını izah edirdim. Sonra dəfələrlə Space TV-nin “Mən böyümüşəm” verilişində iştirak etmişəm. Demək olar ki, özüm də elə “Mən böyümüşəm”də böyümüşəm. Bu verilişlərdə yol polisinin gənc köməkçiləri komandasının digər üzvləri də, yəni gənc polis dostlarım da iştirak edirdilər. İştirak etdiyim verilişlər maarifləndirici xarakter daşıyırdı.
“Uşaqlar yol qəzalarına yox dedilər!”
2013-cü ilin aprelində “Buta” uşaq bağçasında yol hərəkəti qaydalarına aid keçirilən tədbirdə “Buta”-nın uşaqları, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədov, müəllimim Fəridə Süleymanova, mərkəzin üzvləri və mən də iştirak edirdim. Həm bağça uşaqları, həm də yol polisinin gənc köməkçiləri komandası kiçik səhnəciklərlə yol hərəkəti qaydalarını izah edirdik. “Uşaqlar yol qəzalarına yox dedilər!” şüarı altında 2013-cü ildə “Park Bulvarda” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində, dövlət yol polisi işçiləri və mərkəzin üzvləri ilə birlikdə keçirilən tədbirdə də iştirak etdim. 2014-cü ilin mayında Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakıma görə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tərifnamə və diplomla təltif olunmuşam.
“Yol nişanları əlifbasını birlikdə öyrənək!”
İlk olaraq 2016-cı ilin aprelində uşaqlar və yol təhlükəsizliyi layihəsinə uyğun olaraq “Yol nişanları əlifbasını birlikdə öyrənək!” maarifləndirici seminarımı mərkəzdə böyük auditoriya qarşısında keçirdim. Bu seminarda sinif yoldaşlarım, dostlarım, bir çox məktəb şagirdləri iştirak edirdilər. Sonralar isə müxtəlif məktəblərdə - 157 nömrəli tam orta məktəbdə, Bakı Oksford məktəbində, təhsil aldığım liseyin ayrı-ayrı siniflərində keçirdim. Təlimçi kimi - AzTV, Xəzər, ATV, Lider, Space, İctimai telekanallarında, ARB-nin “Günəş” verilişində iştirak etmişəm. “Uşaqlar və yol təhlükəsizliyi layihəsi” adlı tədbirlərdə daim iştirakçı oluram. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mənə fəxri fərman verilib. Yaşımın az olmasına baxmayaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məsul işçisi, polkovnik Vaqif Əsədovun həm dostu, həm də köməkçisiyəm.
Azərbaycan və Avropa xalq nağıllarını oxumaq hobbimdir
5 yaşımdan Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının üzvüyəm. Azərbaycan və Avropa xalq nağıllarını, Erdal Çakırcıoğlunun, Qrim qardaşlarının nağıllarını, Jül Vernin “15 yaşlı kapitan”, “Kapitan Nemo”, “Sirli ada”, Ceyms Fenimor Kuperin “Sonuncu mogikan”, A.Sent Ekzüperin “Balaca şahzadə” və sair kitabları oxumuşam.
“Diqqət, uşaqlar!”
2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbirdə “Nağıl və debat” dərnəyinin üzvləri ilə birlikdə çıxış etmişəm və diplomla mükafatlandırılmışam. 2014-cü ilin oktyabrında 32 nömrəli tam orta məktəbdə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən “Diqqət, uşaqlar!” devizi altında keçirilən tədbirdə iştirak etdim. Fəal iştirakıma görə təşəkkürnamə və diplomla təltif olundum. Həmin məktəbin şagirdləri mənim maarifləndirici çıxışımı çox diqqətlə dinlədilər, öyrənib və əməl edəcəklərinə söz verdilər.
Şahmatla da məşğul oluram
İdmanı da çox sevirəm. I saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində şahmatla da məşğul oluram. 2016-cı ilin martında Respublika Şahmat Mərkəzində keçirilən “Bahar kuboku” turnirində 9 oyuna 6,5 xalla IV dərəcəmi aldım və hazırda mən də güclülər sırasındayam.
Teatr studiyasının həm aktyoru, həm də aparıcısıyam
2017-ci ilin sentyabrında isə “Oyuq” teatr studiyasına müsabiqə yolu ilə daxil olmuşam. Teatr studiyasının həm aktyoru, həm də aparıcısıyam. Burada mənə aktyorluğun bütün sirlərini öyrədirlər. Nitqin inkişaf etdirilməsi, səhnə hərəkətləri və başqa aktyorluq dərsləri öyrədilir. Məşqlər o qədər əyləncəli və maraqlı keçir ki, yorulmaq bilmirik. 2016-cı ilin noyabrında “Oyaq gözəl” tamaşasında Cırtdan obrazında rol aldım. Ən çox sevdiyim personaj Cırtdan obrazıdır, bəlkə də ilk rolum olduğuna görədir. Səidə müəllimin mənim üçün yazdıgı Cırtdana aid monoloqu hətta müxtəlif tədbir və verilişlərdə də məharətlə ifa edirdim. “Şahın xudpəsənd oğlu” tamaşasında Ələddin obrazı yaddaqalan rollarımdan biridir.
İfa etdiyim mahnı Prezidentimizin xoşuna gəldi
Teatr studiyamızda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə ərsəyə gətirilən “Sehrli dünya” adlı tamaşa-konsert oldu. Bu tamaşada Məlikməmməd obrazında idim, ilk dəfə idi ki, xüsusi qayğıya ehtiyacı olan bir dostla səhnəyə çıxırdım. Çox həyəcanlı idim. Amma dostum Rüfət çox sevinirdi. 2017-ci ilin aprelində Heydər Əliyev Mərkəzinin önündə “Oxu günü” adlı tədbir keçirilirdi, mən də “oyuq”çu dostlarımla tədbirdə iştirak etdik və gözəl bir mahnı səsləndirdik. Baku shoping festivalında müxtəlif yerlərdə, İçərişəhərdə, 28 Mallda, Gənclik Mallda, Park Bulvarda konsertlərdə çıxış edirdim. Sinif müəllimim Aytəkin xanımın ilk tamaşamda mənə “Oskar” mükafatı suvenirini verməsi unudulmazdır. Prezidentimiz İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi Novruz şənliyi tədbirində istedadımı nümayiş etdirmişəm. Mənim “oyuq”çularla birlikdə ifa etdiyim mahnı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanımın çox xoşuna gəldi, hətta onlar bizimlə şəkil də çəkdirdilər.
“Oyuq”çu dostlarımla çox mehribanıq
“Oyuq” teatr studiyası bir oyuq ailəsidir, ailə başçısı kimi Səidə müəllimi çox sevirəm, çünki o, çətin məşqlərdə, tədbirlərdə bizim qayğımıza qalır, hətta bizi ekskursiyalara, əyləncə mərkəzlərinə gəzintiyə aparır. “Oyuq”çu dostlarımla da çox mehribanıq. Onlarla beynəlxalq festivallarda iştirak edir, bir-birimizin uğurlarına sevinirik. Hazırda 2 serialda baş rolda iştirak edirəm. İlk serialım “Ürək ağrısı”, digəri “Kabusun gəlişi”. Klip və reklam çəkilişlərinə dəvət alıram. Çəkiliş zamanı gülməli və maraqlı hadisələr də olur. Məsələn, bir səhnənin çəkilişi zamanı texniki səbəblərə görə dublların sayı bir az çox oldu və mən “Ana, narahat olma, atam indi gələr” cümləsini o qədər təkrarladım ki, bir dublda da ana əvəzinə ata dedim, çox gülməli alındı. Əvvəllər bir təlimçi kimi telekanallarda verilişlərə çıxırdımsa, indi isə aktyor və aparıcı kimi verilişlərə dəvət alıram. 2017-ci ilin sentyabrından 26 nömrəli M.Maqamayev adına musiqi məktəbində kislofon-zərb alətləri ixtisası ilə də məşğul oluram.
Onun güclü yaddaşı, sərbəst, səlist nitqi var
Fəridə Süleymanova: Mən Ağanı gözəl siması və düşüncəli baxışına görə seçmişdim, ancaq zaman keçdikcə başqa qabiliyyətlərini də kəşf etdim. Onun güclü yaddaşı, səlist, sərbəst nitqi məni valeh edir. Rast gəldiyi hadisələri çox maraqlı, bədii təsvirlərlə danışır, özünəməxsus araşdırmalar aparır. Dəstəmizə yeni qoşulan uşaqlarla elə mehriban rəftar edir ki, sanki əvvəlcədən bunları tanıyırmış. Ağada həm də yumor hissi var. O, yol polisi gənc köməkçilər komandasına lap uşaq vaxtlarından qoşulub. Onun iştirakı ilə maarifləndirici verilişlər hazırlanıb. Ağada olan öyrənmək, öyrətmək qabiliyyətini xüsusilə qeyd edərdim. O, 3 ildir ki, təlimçi kimi yaşıdlarına yol hərəkəti qaydalarını öyrədir. Onun bu fəaliyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən fəxri fərmanla qiymətləndirilib. Təhlükəsizliyin təmin edilməsi, yol nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə təbliğat xarakterli verilişlərin hazırlanmasında Ağanın xüsusi əməyi var.
Ağa kimi fəal bir köməkçim var
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov: - Ağa Şeydayev haqqında söz demək, fikir söyləmək lap ürəyimcədir. O, öz çalışqanlığı ilə hamıda qürur hissi yaradır. Təbii ki, yol hərəkəti qaydalarına dair bilik və bacarığı, qabiliyyəti ilə hətta özündən yaşca böyük olan uşaqlardan belə fərqlənən Ağanın bu sahə üzrə müəllimi kimi onun haqqında çox danışa bilərəm. Əslində bu gün Ağa Bakı şəhəri Dövlət Yol Polisinin təbligat bölməsinin dostudur və azyaşlılar arasında təbliğat işinin aparılmasında yeganə şagirdlərdən biridir. Həmçinin telekanallarda canlı olaraq çıxışları ilə o, böyük nümunədir. Bakı şəhər məktəblərində maarifləndirici seminarların təşkil edilməsində Ağanın çox böyük əməyi olub. Mən onunla fəxr edirəm və sevinirəm ki, Ağa kimi olduqca fəal bir köməkçim var.
Sifai SƏFƏROVA