Aysel Fikrət: “Məqsəd yaradıcı şagirdlərin inkişafına töhfə verməkdir”
Olduqca sevindirici haldır ki, Azərbaycan Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsində Balaca Yazarlar Birliyi Studiyası da fəaliyyət göstərir. Studiyaya ancaq istedadı, yaradıcılıq potensialı işartı verməkdə, necə deyərlər, cücərməkdə olan şagirdlər cəlb olunurlar. Gimnaziyada teatr və kino dramaturgiyası fənnini tədris edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazar Aysel Fikrət həmin studiyaya rəhbərlik edir. Yazıb-yaratmağın sirlərinə burada hədsiz həvəslə yiyələnən şagirdlərin yaradıcılıq potensiallarının inkişafı və ümumiyyətlə, studiya üzvlərinin ötən bu müddət ərzində qazandıqları uğurlar barədə daha çox məlumatlı olmaq arzusunda olduğumu bildirəndə Aysel Fikrət telefon əlaqəsi zamanı məmnuniyyətlə məni gimnaziyaya dəvət edib, özü və yetirmələri ilə canlı görüşüb söhbətləşməyi, fəaliyyətləri haqqında həqiqətləri təkcə onun deyil, hamının dilindən eşitməyi təklif etdi. Müəllimin dilindən bu sözləri eşitmək lap ürəyimcə idi. Odur ki, görüşümüz də elə studiyada növbəti məşğələ zamanı baş tutdu.
Tanınmış yazıçı və şairlərlə canlı təmasda
Bildiyiniz kimi, gimnaziyada istedadlı uşaqların sayı günü-gündən artmaqdadır. 2018-ci ilin oktyabrın 5-də gimnaziyanın teatr şöbəsində Balaca Yazarlar Birliyi Studiyası açıldı. Elə həmin gün studiya üç layihə təsdiq etdi: “Məşhurlarla müsahibə”, “Bizim əsgər”, “Futbol və biz”. Bu layihələr artıq fəaliyyətə başlayıb. Şagirdlər araşdırmalar nəticəsində çoxlu məşhurlarla, sənət adamları ilə müsahibə aparıblar. Verilişlərdə aparıcı olan şagirdlər gimnaziyada keçirilən bütün tədbirlər barədə qısa süjetlər, ssenarilər hazırlayıb təqdim edirlər, filmlər çəkir, hekayələr yazırlar. Bundan başqa studiyada ustad dərslərinə və ekskursiyalara da böyük önəm verilir. Dəfələrlə balaca yazarlarla Yazıçılar Birliyində olmuşuq. Uşaqlar tanınmış yazıçı və şairlərlə canlı təmasda olmaqdan xüsusi zövq alırlar. İndiyə qədər üzlərini görmədikləri, yaradıcılıq nümunələri ilə ancaq qəzet-jurnallar, kitablar, telekanallar vasitəsilə tanış olduqları şair və yazıçılarla artıq onların öz iş yerlərində görüşmələri, şeirlərini, başqa yaradıcılıq nümunələri məşhurların öz dillərindən eşitmələri uşaq və yeniyetmələr üçün olduqca əhəmiyyətlidir. Bu cür canlı ünsiyyətin hər iki tərəf üçün böyük effekti barədə saatlarla danışmaq olar. Doğrudan da yetişməkdə olan yaradıcı nəslin yaşlı yazar nəslin nümayəndələri ilə canlı təmasda olması əslində hər iki tərəf üçün kifayət qədər xeyirlidir. Bəlkə də bu, yaşlı nəsil üçün daha çox əhəmiyyət kəsb edir. Çünki onların da yeni dünyanın tələb etdiyi bucaqdan dünyanı bu istedadlı yeniyetmələrin gözləri ilə görmələrinə ehtiyac var ki, gələcək yaradıcılıqlarında artıq bu gün müasir gənclik üçün heç bir maraq kəsb etməyən arxaik mövzulardan daha müasir mövzulara rahatca keçid edə bilsinlər. Axı, gənc yaradıcı nəsil yeni nəfəs, yeni ruh, yeni həyat fəlsəfəsi ilə zəngin bir xəzinədir. Onlar həm də bir enerji mənbəyidir yaşlı nəsillər üçün.
Studiyanın əhəmiyyəti çox oldu
Əlbəttə, Studiyanın əhəmiyyəti çox oldu, özü də əhəmiyyətli dərəcədə. Məqsəd yaradıcılıq potensialı hiss olunan yeniyetmə və gənclərimizə bu sahədə kömək etmək idi, onu da elədik. İstər şair, yazıçı, istərsə də rəssam, yaxud musiqiçi olsun, istedadı olanlara kömək olunmalıdır ki, onlar həm öz seçimlərində yanılmadıqlarına əmin olsunlar, həm də seçdikləri sahələrdə inkişaf edə bilsinlər, uğurlara imza atsınlar. Mənim də bu studiyanı yaratmaqda məqsədim yaradıcı şagirdlərin inkişafına öz töhfəmi verməkdir. Artıq məqsədimə nail olmuşam. Bir məqamı da az qala unutmuşdum; Bilirsiniz ki, mən gimnaziyada şagirdlərə teatr dramaturgiyası fənnini də tədris edirəm. Studiyamızın istedadlı üzvlərinin hazırladıqları “Bizim əsgər” verilişi artıq yayımlanıb. Bu verilişin layihə rəhbəri Rufiz Quluzadədir. Müəllif özü öz verilişini təqdim etdi.
Kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüyürlər
Verilişin, necə deyərlər, canı Azərbaycanın Milli Qəhrəmanları- vətənpərvər oğullarıdır. Bu üsulla da biz gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə təkan verməyi qarşımıza məqsəd qoymuşuq. Bu cür verilişlər həm də uşaqlara kiçik yaşlarından Milli Qəhrəmanlarımızı tanıtdırır və böyüyəndə onlara bənzəmək ruhunda tərbiyə edir.
“Futbol və biz” verilişlərimizin aparıcısı isə Ayxan Məmmədəliyev və Eldar Kazımovdur. Onlar da öz araşdırmalarını, eyni zamanda futbolun insan sağlamlığında rolu barədə düşüncələrini bölüşürlər. Studiyada şagirdlərin özlərinin qələmə aldıqları süjetlər, kiçikhəcmli hekayələr əsasında filmlərin çəkilişləri də nəzərdə tutulub. Artıq Ayxan Məmmədəliyevin çəkdiyi “Bir qəribə əhvalat” adlı filmi hazırdır və baxış zamanı hamının xoşuna gəlib. İlk yaradıcılıq nümunəsi olan bu filmin maraqla qarşılanması studiya üzvlərinə böyük stimul oldu. Gələcəkdə studiyamızın uğurları daha çox olacaq.
15 şagirdin kiçik hekayələri bir kitabda
Şagirdlərin hekayələrindən ibarət “Hekayələr toplusu” adlı balaca bir kitabça çap olunub. Bakı Mətbuat Mərkəzində bu kitabın təqdimat mərasimi də keçirilib və çox da bəyənilib. Kitabda 15 balaca yazarın kiçik hekayələri təqdim edilib.Yeri gəlmişkən qeyd edim ki, gimnaziyada başqa şöbələrdə təhsil alan, gələcəkdə aktyor olmaq həvəsində olan uşaqların yazılarına da diqqət yetiririk. Sona Qurbanzadənin “Yanlış hərəkət”, Aytac İsmayılovanın “Yeni il şənliyi”, Murad Əbdülrəhmanovun “Qış fəsli”, Raul Qasımlının “Dostluq”, Sənan Əliyevin “Ömrün payızı”, Məlahət Kazımovanın “Qəhrəman”, Səid Məmmədovun “Savab iş”, Həmid Hacıbəylinin “Ana təbiət”, Məlik Əliyevin “Vətən uğrunda”, Mirrəvan Həsənlinin “Nənə və nəvə”, Eldar Kazımovun “Şəhidlər ölməz”, Filiz Quliyevanın “Cansunun etirafı”, Xədicə Kərimovanın “Gül kimi gül” və digərlərinin yazılarını oxuyarkən fantaziyalarına vurğun olmamaq mümkün deyil.
Cəsarətimiz artır, həyəcan arxada qalır
Xədicə Cəfərzadə: Yaradıcılıq studiyasının ən fəal üzvlərindən biriyəm. Burada yalnız yaradıcılıq qabiliyyəti olan uşaqlar tab gətirə bilərlər. Biz Bakının bir çox yerlərində ekskursiyalarda, gəzintilərdə olmuşuq. Bakı Kitab Mərkəzində keçirilən tədbirlərdə, yaradıcılıq müzakirələrində tez-tez iştirak edirik. Mən və yazar dostlarım öz yazılarımızı çəkinmədən dinləyicilərin müzakirələrinə təqdim edirik və bəyənilir də. Bu, həm də bizim könlümüzü açır, yavaş-yavaş cəsarətimiz artmağa başlayır, sıxıntı, həyəcan arxada qalır.
Balaca yazarlar Gürcüstanda
2018-ci ilin dekabrında biz balaca yazarlar Gürcüstan Yazıçılar Birliyinə dəvət olunduq. Gürcüstan Yazıçılar Birliyində Birliyin sədri, görkəmli yazıçı Baqatel Arabuli bizi əsl yazarlar kimi böyük sevinclə, hörmət-izzətlə qarşıladı. Biz də həmin görüşə əliboş getməmişdik. Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İlarion” əsərini və Azərbaycanın dilbər guşələri haqqında yazdığımız monoloqları da səhnələşdirib tamaşaçılara təqdim etdik. Çox da bəyəndilər.
Azərbaycanın tanınmış şair və yazıçılarının “aforizm və deyimləri” əsasında hazırladığımız kompozisiya hamını məmnun etdi. Mən Şamaxı rayonu haqqında yazdığım monoloqu söylədim. M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərindən parçalar nümayiş etdirdim. Hamı ayağa qalxıb məni alqışladı.
Gürcüstanda olarkən dilimizi bilməsələr də baxışlarından hiss olunurdu ki, bizi yaxşı başa düşürlər. Tamaşaçılar arasında azərbaycanlı məktəblilər də vardı. İngilis və rus dillərində sərbəst danışdığımız üçün xarici vətəndaşlarla da ünsiyyət qurmaqda problemimiz yox idi. Biz onlara öz kitablarımızdan hədiyyə etdik, onlarla ünsiyyət qurduq. Gürcülər və yaponlar Azərbaycana səfər zaman tarixi abidələrimizi ziyarət etdiklərini, onları qoruyub saxladığımız üçün bizə təşəkkürlərini bildirdilər. Orada 3 gün qaldıq. Bu müddət ərzində biz qədim adidələrlə də tanış olduq. Botanika bağına, park və xiyabanlara baş çəkdik. Xarici turistlər milli geyimlərimizi xoşladıqları üçün bizimlə xatirə şəkilləri çəkdirdilər. Səfərimiz çox uğurlu və yaddaqalan oldu.
Şölə Bəbirova: Gürcüstanda olarkən “Qarabağ” monoloqunu səsləndirdim. Bütün tamaşaçılar kövrəldi. Hər bölgə slaydlarla göstərilirdi. Tbilisidə olarkən M.F.Axundovun və tanınmış insanların məzarlarını ziyarət etdik. Vətənə üzüağ döndük. Gimnaziyanın direktoru Aytən Əhmədova bizimlə görüş keçirdi və qazandığımız nailiyyətlərə görə diplomlar təqdim etdi.
Rufiz Quluzadə: 2019-cu ilin martında UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi ilə keçirilən, Azərbaycandan isə "Resurs" Gənclərin İnkisafi Mərkəzinin, NUR ART HOUSE Qalereyasının, Educenter təskilatının birgə təskilatçılığı ilə baş tutan “Dunyanın səsini duyaq” adlı gənc istedadların birinci beynəlxalq müsabiqəsinə 5 yazar qatıldıq. Mən hekayə nominasiyası üzrə I yeri qazandım, qələm dostlarım Xədicə Cəfərzadə, Banu Abbasova, Səid Məmmədov, Həmid Hacıbəyli də qalib oldular. Dostlarıma yaradıcılıq uğurları arzulayıram.
Studiya rəhbəri Aysel Fikrətlə və onun istedadlı yetirmələri ilə həmsöhbət olmaqdan aldığım zövq əsas verdi və düşünüm ki, qaynar bir çeşməni xatırladan bu yaradıcılıq ocağında kim bilir, bəlkə də gələcəyin ən istedadlı yaradıcı yeniyetmələri yetişməkdədir.
Sifai SƏFƏROVA