Balaca Yazarlar Birliyi Studiyası

Olduqca sevindirici haldır ki, Azərbaycan Milli  Konservatoriyanın  tərkibində İncəsənət  Gimnaziyasının   teatr  şöbəsində Balaca Yazarlar Birliyi Studiyası da fəaliyyət göstərir.  Studiyaya  ancaq  istedadı, yaradıcılıq potensialı işartı verməkdə, necə deyərlər, cücərməkdə  olan şagirdlər cəlb olunurlar. Gimnaziyada  teatr və kino  dramaturgiyası  fənnini tədris edən, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazar Aysel Fikrət  həmin studiyaya rəhbərlik edir. Yazıb-yaratmağın sirlərinə burada hədsiz həvəslə yiyələnən  şagirdlərin  yaradıcılıq potensiallarının  inkişafı və  ümumiyyətlə, studiya üzvlərinin  ötən bu müddət ərzində qazandıqları uğurlar barədə   daha çox məlumatlı olmaq arzusunda olduğumu bildirəndə Aysel Fikrət telefon əlaqəsi zamanı məmnuniyyətlə məni gimnaziyaya dəvət edib,  özü və yetirmələri ilə canlı  görüşüb söhbətləşməyi, fəaliyyətləri haqqında həqiqətləri təkcə onun deyil, hamının  dilindən eşitməyi  təklif etdi. Müəllimin dilindən bu sözləri eşitmək lap ürəyimcə  idi. Odur ki, görüşümüz də elə  studiyada  növbəti məşğələ zamanı baş tutdu. 

 

 

Tanınmış yazıçı və şairlərlə canlı təmasda

 

 

Bildiyiniz kimi, gimnaziyada istedadlı  uşaqların sayı  günü-gündən artmaqdadır.    2018-ci ilin oktyabrın 5-də  gimnaziyanın teatr şöbəsində Balaca  Yazarlar Birliyi  Studiyası açıldı. Elə  həmin gün studiya üç layihə təsdiq etdi: “Məşhurlarla müsahibə”, “Bizim əsgər”, “Futbol və biz”.  Bu layihələr artıq fəaliyyətə başlayıb. Şagirdlər araşdırmalar nəticəsində çoxlu  məşhurlarla, sənət adamları ilə müsahibə aparıblar. Verilişlərdə aparıcı  olan şagirdlər gimnaziyada keçirilən bütün tədbirlər barədə qısa süjetlər, ssenarilər hazırlayıb təqdim edirlər, filmlər çəkir, hekayələr yazırlar. Bundan başqa studiyada  ustad dərslərinə  və ekskursiyalara da böyük önəm verilir. Dəfələrlə  balaca  yazarlarla Yazıçılar Birliyində olmuşuq. Uşaqlar tanınmış yazıçı  və şairlərlə  canlı  təmasda olmaqdan xüsusi zövq alırlar.  İndiyə qədər üzlərini görmədikləri, yaradıcılıq nümunələri ilə  ancaq qəzet-jurnallar, kitablar, telekanallar  vasitəsilə tanış olduqları şair və yazıçılarla  artıq onların öz iş yerlərində görüşmələri, şeirlərini, başqa yaradıcılıq nümunələri məşhurların öz  dillərindən eşitmələri uşaq və yeniyetmələr üçün olduqca əhəmiyyətlidir. Bu cür canlı ünsiyyətin hər iki tərəf üçün  böyük effekti barədə saatlarla danışmaq olar. Doğrudan da yetişməkdə olan yaradıcı nəslin yaşlı yazar nəslin nümayəndələri ilə canlı  təmasda olması əslində  hər iki tərəf  üçün kifayət qədər  xeyirlidir. Bəlkə də bu,  yaşlı nəsil  üçün daha  çox əhəmiyyət kəsb edir. Çünki  onların da yeni dünyanın tələb etdiyi bucaqdan dünyanı bu istedadlı yeniyetmələrin  gözləri ilə görmələrinə ehtiyac var ki, gələcək yaradıcılıqlarında  artıq bu gün müasir gənclik üçün heç bir maraq kəsb etməyən arxaik mövzulardan daha müasir mövzulara rahatca keçid edə bilsinlər. Axı, gənc yaradıcı nəsil yeni nəfəs, yeni ruh, yeni həyat fəlsəfəsi  ilə zəngin bir xəzinədir. Onlar həm də bir enerji mənbəyidir yaşlı nəsillər üçün.

 

 

Studiyanın əhəmiyyəti çox oldu

 

 

Əlbəttə, Studiyanın əhəmiyyəti çox oldu, özü də əhəmiyyətli dərəcədə. Məqsəd yaradıcılıq potensialı    hiss olunan  yeniyetmə və gənclərimizə bu sahədə kömək etmək idi, onu da elədik. İstər  şair, yazıçı, istərsə də rəssam, yaxud musiqiçi olsun, istedadı olanlara kömək  olunmalıdır ki, onlar həm öz seçimlərində yanılmadıqlarına əmin olsunlar, həm də seçdikləri sahələrdə inkişaf edə bilsinlər, uğurlara imza atsınlar. Mənim də bu studiyanı yaratmaqda məqsədim yaradıcı şagirdlərin inkişafına öz töhfəmi verməkdir. Artıq məqsədimə nail olmuşam. Bir məqamı da az qala unutmuşdum; Bilirsiniz ki, mən gimnaziyada şagirdlərə teatr dramaturgiyası fənnini də tədris edirəm. Studiyamızın istedadlı üzvlərinin hazırladıqları “Bizim əsgər” verilişi  artıq yayımlanıb. Bu verilişin layihə rəhbəri Rufiz Quluzadədir. Müəllif özü öz verilişini təqdim etdi.

 

 

Kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüyürlər

 

 

Verilişin, necə deyərlər, canı  Azərbaycanın Milli Qəhrəmanları- vətənpərvər oğullarıdır. Bu üsulla da biz  gənc nəslin vətənpərvərlik  ruhunda böyüməsinə təkan verməyi qarşımıza məqsəd qoymuşuq. Bu cür verilişlər həm də uşaqlara kiçik yaşlarından Milli  Qəhrəmanlarımızı tanıtdırır və  böyüyəndə onlara bənzəmək ruhunda tərbiyə edir.

 

“Futbol və biz” verilişlərimizin aparıcısı isə Ayxan Məmmədəliyev və  Eldar Kazımovdur. Onlar da öz araşdırmalarını, eyni zamanda futbolun insan sağlamlığında rolu barədə düşüncələrini bölüşürlər. Studiyada şagirdlərin özlərinin  qələmə aldıqları  süjetlər, kiçikhəcmli  hekayələr əsasında filmlərin çəkilişləri də nəzərdə tutulub. Artıq  Ayxan Məmmədəliyevin  çəkdiyi “Bir qəribə əhvalat” adlı filmi  hazırdır və baxış zamanı hamının xoşuna gəlib. İlk yaradıcılıq  nümunəsi olan  bu filmin  maraqla qarşılanması studiya üzvlərinə böyük stimul oldu. Gələcəkdə studiyamızın uğurları daha çox olacaq.

 

 

15 şagirdin kiçik hekayələri bir kitabda

 

 

Şagirdlərin hekayələrindən ibarət “Hekayələr toplusu” adlı balaca bir kitabça çap olunub.  Bakı Mətbuat Mərkəzində bu kitabın  təqdimat mərasimi də keçirilib və çox da bəyənilib. Kitabda 15 balaca yazarın kiçik hekayələri  təqdim edilib.Yeri gəlmişkən  qeyd edim ki, gimnaziyada  başqa şöbələrdə təhsil alan, gələcəkdə aktyor olmaq həvəsində olan uşaqların yazılarına da diqqət yetiririk. Sona Qurbanzadənin “Yanlış hərəkət”, Aytac İsmayılovanın “Yeni  il şənliyi”, Murad Əbdülrəhmanovun “Qış fəsli”, Raul Qasımlının “Dostluq”, Sənan Əliyevin “Ömrün payızı”, Məlahət Kazımovanın “Qəhrəman”, Səid Məmmədovun “Savab iş”,  Həmid Hacıbəylinin “Ana təbiət”, Məlik Əliyevin “Vətən uğrunda”, Mirrəvan Həsənlinin “Nənə və nəvə”, Eldar Kazımovun “Şəhidlər ölməz”, Filiz Quliyevanın  “Cansunun etirafı”, Xədicə Kərimovanın “Gül kimi gül” və digərlərinin yazılarını oxuyarkən  fantaziyalarına vurğun olmamaq mümkün deyil. 

 

 

Cəsarətimiz artır, həyəcan arxada qalır

 

 

Xədicə Cəfərzadə:  Yaradıcılıq  studiyasının ən fəal üzvlərindən biriyəm.   Burada yalnız yaradıcılıq  qabiliyyəti olan uşaqlar  tab gətirə bilərlər. Biz  Bakının bir  çox yerlərində ekskursiyalarda,  gəzintilərdə  olmuşuq. Bakı Kitab Mərkəzində keçirilən tədbirlərdə,  yaradıcılıq müzakirələrində  tez-tez iştirak edirik.  Mən və yazar dostlarım öz yazılarımızı  çəkinmədən dinləyicilərin müzakirələrinə təqdim edirik və bəyənilir də. Bu, həm də bizim  könlümüzü açır, yavaş-yavaş cəsarətimiz artmağa başlayır, sıxıntı, həyəcan arxada qalır.

 

 

Balaca yazarlar Gürcüstanda

 

 

2018-ci ilin dekabrında  biz  balaca  yazarlar Gürcüstan Yazıçılar Birliyinə dəvət olunduq.  Gürcüstan Yazıçılar Birliyində Birliyin sədri, görkəmli yazıçı  Baqatel Arabuli bizi əsl yazarlar kimi  böyük sevinclə, hörmət-izzətlə  qarşıladı. Biz də həmin görüşə əliboş getməmişdik. Nodar Dumbadzenin “Mən, nənəm, İliko  və İlarion”  əsərini və Azərbaycanın dilbər guşələri haqqında yazdığımız monoloqları da səhnələşdirib  tamaşaçılara təqdim etdik. Çox da bəyəndilər.

 

Azərbaycanın tanınmış şair və yazıçılarının “aforizm və deyimləri” əsasında hazırladığımız  kompozisiya  hamını  məmnun etdi.  Mən  Şamaxı rayonu haqqında yazdığım  monoloqu söylədim.  M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərindən parçalar nümayiş etdirdim.  Hamı ayağa qalxıb məni alqışladı.

 

Gürcüstanda olarkən dilimizi bilməsələr də baxışlarından hiss olunurdu ki, bizi yaxşı başa düşürlər.  Tamaşaçılar arasında azərbaycanlı məktəblilər də vardı. İngilis və rus dillərində sərbəst danışdığımız üçün xarici vətəndaşlarla da ünsiyyət qurmaqda problemimiz yox idi. Biz onlara öz  kitablarımızdan hədiyyə etdik, onlarla ünsiyyət  qurduq.  Gürcülər və yaponlar Azərbaycana səfər zaman tarixi abidələrimizi ziyarət etdiklərini, onları qoruyub  saxladığımız   üçün  bizə təşəkkürlərini  bildirdilər. Orada 3  gün qaldıq. Bu müddət ərzində  biz  qədim adidələrlə də tanış olduq. Botanika  bağına, park və xiyabanlara  baş çəkdik. Xarici turistlər milli geyimlərimizi xoşladıqları üçün bizimlə xatirə  şəkilləri  çəkdirdilər. Səfərimiz çox uğurlu və yaddaqalan oldu.

 

Şölə Bəbirova:  Gürcüstanda olarkən “Qarabağ” monoloqunu  səsləndirdim. Bütün  tamaşaçılar kövrəldi. Hər bölgə slaydlarla göstərilirdi. Tbilisidə olarkən M.F.Axundovun  və  tanınmış insanların  məzarlarını ziyarət etdik. Vətənə üzüağ  döndük. Gimnaziyanın direktoru Aytən  Əhmədova bizimlə görüş keçirdi və  qazandığımız nailiyyətlərə görə diplomlar təqdim etdi.

 

Rufiz Quluzadə: 2019-cu ilin martında UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi ilə keçirilən, Azərbaycandan isə "Resurs" Gənclərin İnkisafi Mərkəzinin, NUR ART HOUSE Qalereyasının, Educenter təskilatının birgə təskilatçılığı ilə baş tutan “Dunyanın səsini duyaq” adlı gənc istedadların birinci beynəlxalq müsabiqəsinə 5 yazar qatıldıq. Mən  hekayə nominasiyası üzrə I yeri qazandım, qələm dostlarım Xədicə Cəfərzadə, Banu  Abbasova, Səid Məmmədov, Həmid Hacıbəyli də qalib oldular. Dostlarıma yaradıcılıq uğurları arzulayıram.

 

Studiya rəhbəri Aysel Fikrətlə və onun istedadlı yetirmələri ilə həmsöhbət olmaqdan aldığım zövq əsas verdi və düşünüm ki,  qaynar bir çeşməni xatırladan bu yaradıcılıq ocağında kim bilir, bəlkə də gələcəyin ən istedadlı yaradıcı yeniyetmələri yetişməkdədir.

 

Sifai SƏFƏROVA

 



27.04.2019 | 12:53