Epiqraf

 

İki bənna xərəklə addımlayır. Yoldan keçən biri hər ikisinə eyni sualla müraciət edir:

 

- Nə iş görürsünüz?

 

Birincisi cavab verir:

 

- Görmürsəm, daş daşıyıram!

 

İkincisinin cavabı:

 

- Şartr kilsəsini ucaldıram!

 

 

Giriş əvəzi

 

 

Əgər XII əsrin bu fransız rəvayətini müasir dövrümüzə ekstrapolyasiya etsək əminliklə demək olar ki, 2013-cü ildə Prezident sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi məhz ikinci qrup “bənna”ların üzərinə düşür. Həyatımda təhsillə bağlı bir sıra dövlət əhəmiyyətli sənədlərin, o cümlədən “Təhsil haqqında” Qanunun layihələrinin hazırlanmasında yaxından iştitak etmişəm. Bunların sırasında Təhsil Strategiyası xüsusi yer tutur. Fəxr edirəm ki, Strategiyanı hazırlayan işçi qrupunun tərkibində fəaliyyət göstərmişəm və təkidli səylərim nəticəsində dünya təcrübəsində özünü doğrultmuş, böyük gücə malik ölkələrin inkişaf sıçrayışına möhkəm zəmin yaratmış təhsil innovasiyalarının mühüm bir qismi (əfsuslar olsun ki, heç də hamısı deyil!) həmin sənəddə öz əksini tapmışdır.  

 

Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.

 

Strategiyanın reallaşdırılması təhsil məzmununun, pedaqoji kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.   

 

Obyektivlik naminə təsdiq etməliyik ki, təhsilə konseptual yanaşmanı hələ 1999-cu ilin avqustunda unudulmaz Prezidentimiz Heydər Əliyev vermişdir:

 

 

“Təhsil xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”

 

 

Heydər Əliyevin bu kəlamını təmtəraqla səsləndirən, pafosla dilinə gətirənlərin sayı-hesabı yoxdur. Reallıqda isə “gələcək” dedikdə yalnız hazırkı günü nəzərdə tutan, istənilən yenilikləri sözdə tərifləyən, əməldə isə ona gizli müqavimət göstərən müəllimlərimiz, rəhbər təhsil işçilərimiz az deyildir. Məndən heç kəs inciməsin, son 30 ildə dəfələrlə səsləndirdiyim bir fikri əminliklə bir daha təkrar edəcəyəm: təhsil islahatlarının həyata keçirilməsinə ciddi müqavimət göstərən ən konservativ təbəqə məktəb direktorlarıdır. Aydın məsələdir ki, “ən konservativ təbəqə” ifadəsi islahatları qəbul edən, onlar naminə fədakarcasına çalışan, idarə etdiyi pedaqoji kollektivi yeniliklərin uğurla həyata keçirilməsinə bacarıqla cəlb edən, daim axtarışda olan məktəb direktorlarımıza aid deyildir.

 

I.  Məktəb direktoru fenomeni.

 

Yan Amos Komenski dövründən əvvəl də, bundan sonra da, xüsusən də sovet dövlətində “müəllim - təhsil prosesinin təşkilində başlıca fiqur, əsas simadır” və buna bənzər ifadələrə tez- tez rast gəlmək olardı. Sözsüz ki, bu, bir həqiqətdir: axı sistemli təhsildə şagird və tələbələrlə ən sıx təmas imkanı kimə məxsusdur? Müasir dövrdə isə - təhsil quruculuğu və inkişafı mərhələsində ön sıraya ikinci əsas sima çıxmışdır: məktəb direktoru, təhsil müəssisəsinin birbaşa idarəedicisi. Rəhbəri yox, məhz idarəedicisi! 

 

Haqlı olaraq, Strategiyada təhsilin idarəedilməsində ciddi dönüşün təmin olunması 5 əsas inkişaf istiqamətindən biri kimi seçilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması nəzərdə tutulmuşdur. Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin qurulması, onlara idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsi, təhsil ocaqlarında strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması, idarəetmənin dövlət-ictimai xarakterdə və dövlət-biznes partnyorluğu əsaslarda təşkili, təhsil keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması və bunlardan başqa digər mühüm tədbirlərin həyata keçirilməsi də vacib hədəflər kimi müəyyən edilmişdir.

 

Bu mühüm islahatları uğurla həyata keçirmək üçün güclü idarəedicilər, xüsusilə də müasir tələblərə cavab verən, müəllimlərin pedaqoji fəaliyyətinin yüksək keyfiyyət səviyyəsində təşkilinə qadir olan məktəb direktorlarına ciddi ehtiyac vardır. Bu gün belə yanaşma yalnız avtoritar təhsil sistemindən imtina edib demokratik təhsilin təşkili yolunu tutmuş Azərbaycan üçün deyil, bütün ölkələr üçün aktualdır.  

  

2014-cü ilin fevralında ADA Universitetindən daxil olmuş müraciətə əsasən mən “Məktəb direktoru təhsil islahatlarının həyata keçirilməsində aparıcı qüvvə kimi” mövzusunda təqdimat hazırlayıb aprel ayında interaktiv mühitdə Bakı şəhərinin məktəb direktorları qarşısında çıxış etdim. Həmin ildə eyni təqdimatla Təhsil Nazirliyinin məktəb direktorları üçün təşkil olunmuş ilk hazırlıq kurslarının, Quba rayonunda “Təhsil üzrə gənc liderlər üçün yay məktəbi”nin müdavimləri, habelə ADPU tərəfindən 2018-ci ilin iyununda Şamaxıda təşkil olunmuş və 12 rayonun rəhbər təhsil işçilərini əhatə edən seminar iştirakçıları qarşısında da çıxış etmişəm.

 

Bu yaxınlarda 5 il əvvəl hazırladığım təqdimatı nəzərdən keçirdikdə onun hazırkı dövr üçün də aktual olduğunu dərk etdim. Hazırkı məqaləmdə həmin təqdimatda əks olunmuş mülahizələrimlə qısa tezislər şəklində bölüşmək istərdim.

 

II. Beynəlxalq təcrübə.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2006-2008-ci illərdə 22 ölkədə “Məktəb rəhbərliyini inkişaf etdiririk” (“Improving School Leadership”) mövzusunda beynəlxalq layihə həyata keçirmiş, bir sıra tədqiqatlar aparmışdır. Qeyd edim ki, bu işlər Avstriya, Avstraliya, Belçika, Böyük Britaniya, Cənubi Koreya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, Yeni Zelandiya, Norvec, İsveç, İsrail kimi inkişaf etmiş ölkələri əhatə etmişdir.

 

Araşdırmalar nəticəsində bu nəticələrə gəlinmişdir:

 

1. məktəb rəhbərlərinin funksiyaları ciddi şəkildə dəyişilmişdir;

 

2. onların hazırlanması və ixtisasartırması real tələblərə adekvat deyildir;

 

3. liderlik keyfiyyətlərinə və idarəetmə qabiliyyətlərinə malik bir çox mütəxəssislər məktəb rəhbəri işləmək üçün əmək şəraitini o qədər də cəzbedici hesab etmir;

 

4. məktəb direktoru vəzifəsinə təyin olunmaq təklifini rədd edənlər bunu bir sıra ciddi problemlərlə əlaqələndirir:

 

* məktəbin avtonom quruma çevrilməməsi; 

 

* məktəb direktoru öhdəliklərinin mürəkkəbləşməsi;  

 

* kurikulumların daim yenilənməsi, XXI əsrin tələblərinə uyğunlaşdırılması, bu səbəbdən müəllimlərin ixtisasartırmasına tələbatın artması;

 

* məktəbin yerli icma qarşısında məsuliyyətinin artması;

 

* məktəbdə yeni qiymətləndirmə mədəniyyətinin bərqərar olması;

 

* məktəb idarəetməsində strateji planlaşdırma və monitorinqin rolunun artması;

 

* məktəb siyasətində şagird və valideyn müxtəlifliyi, mədəni fərqliliyin ciddi aspekt kimi qəbul olunması. 

 

Bütün bu faktorlar təhsilin keyfiyyətinə təsir etməklə yanaşı məktəb rəhbərlərinin iş yükünü ağırlaşdırır, öhdəliklərinin həcmini artırır.

 

Dünya təcrübəsində ümumtəhsil məktəbinin direktoru üçün 4 əsas fəaliyyət sahəsi müəyyənləşdirilmişdir:

 

1. tədris və təlim keyfiyyətinin artırılması;

 

2. səlahiyyətlərin bölüşdürülməsi və məsuliyyət səviyyəsinin artırılması;

 

3. idarəetmə sahəsində strateji resursların inkişafı;

 

4. xarici maraqlı tərəflərlə qarşılıqlı əlaqələrin inkişafı.

 

Avropa Komissiyası (European Commission) rəqabətqabiliyyətli məktəbin missiyası və məqsədlərinin aşağıdakı tələblər əsasında qurulmasını tövsiyə edir:

 

* liderliyin inkişafı və dəyişikliklərin idarəolunması;

 

* strateji planlaşdırma;

 

* xarici tələblərin məktəb təcrübəsinə transferi;

 

* məktəb rolunun aydınlaşdırılması məqsədilə kommunikasiya;

 

* məktəb təhsilində ədalətlilik, qanunilik və demokratik prinsiplərin tətbiqi üçün etik standartların inkişaf etdirilməsi.

 

Müəllim və digər heyət üzvlərinin pedaqoji potensialının dəstəklənməsinə yönəlik mədəniyyətin formalaşdırılması prosesində müasir məktəb direktoru qarşısında aşağıdakı mühüm vəzifələr də durur:

 

* müəllim səriştələrinin artırılmasına dəstək; 

 

* komanda fəaliyyətinin qurulması və idarəetmə səlahiyyətlərinin bölüşdürülməsi;

 

* məktəb fəaliyyətinin müntəzəm təhlili və səmərəliliyinin qiymətləndirilməsi;    

 

* insan resurslarının səmərəli idarəolunmasının inkişafı;

 

* innovasiyaların yaradılması, eksperimental fəaliyyət, habelə diskussiya və peşəkar biliklərlə bölüşmə mədəniyyətinin formalaşdırılması. 

 

Məktəb işinin strukturlaşdırılması, planlaşdırma, insan və maddi-maliyyə resurslarının idarəolunması, kommunikasiya və qərarqəbuletmə prosedurlarının təkmilləşdirilməsi sahəsində yaradıcı məktəb rəhbərləri aşağıdakı məsələləri daim diqqət mərkəzində saxlamalıdırlar:

 

* məktəb liderliyi və menecmentinin inkişafı;

 

* pozitiv təşkilati mədəniyyətin inkişafı;

 

* səmərəli idarəetmə strukturunun qurulması;

 

* resursların səmərəli idarə olunması;

 

* qərarların qəbul olunmasında şəffaflığın təmin edilməsi. 

 

Partnyorlar və məktəbdənxaric dairələrlə (valideyn, təhsil orqanları, sosial, təhsil, mədəniyyət qurumları və s.) işlərin idarəolunması da müasir direktor üçün mühüm fəaliyyət sahələrindəndir. Buraya aşağıdakılar daxildir:

 

* valideynlər, yerli icma, təhsili idarəetmə strukturları ilə münasibətlərin qurulması və dəstəklənməsi;

 

* yerli, milli və beynəlxalq səviyyədə məktəbin xaricində olan agentlik və digər təşkilatlarla əməkdaşlıq, başqa məktəblərlə şəbəkələşmə.

 

III. Ümumtəhsil məktəbimiz: reallıqlar.

 

Şəxsi təcrübəmdən deyə bilərəm ki, zəif məktəb direktorunu əsasən aşağıdakı xüsusiyyətlər səciyyələndirir. O,

 

* məktəbin “ağası”dır;

 

* kabinet hərisidir;

 

* konservatordur;

 

* üzdə demokratdır;

 

* idarəetməni primitiv inzibatçılıq kimi dərk edir;

 

* islahatların həyata keçirilməsinə gizli müqavimət göstərir;

 

* “Ortabab” (ən yaxşı halda) müəllimdir;

 

* müasirlikdən uzaqdır;

 

* kompüterdən çap makinası kimi (ən yaxşı halda) istifadə edir;

 

* pedaqoji şurada daha çox formal məsələləri müzakirəyə çıxarır;

 

* idarəetmənin dövlət-ictimai xarakterdə təşkilinə mane olur;

 

* etibar edilən vəzifəni “şəxsi mülk” kimi qəbul edir;

 

* və s. və i.a.

 

IV. Strategiya və məktəb direktorları: yeni tələblər.

 

Müasir direktor:

 

* parlaq və yaradıcı şəxsiyyətdir;

 

* öz üzərində daim işləyir, peşəkar və şəxsi keyfiyyətlərinin inkişafına daim səy göstərir;

 

* şəxsi nümunəsilə pedaqoji kollektivi axtarışa və kəşflərə ruhlandıran liderdir;    

 

* özünə güvənəndir, hər şeyi bilir, hər şeyi bacarır, bilib-bacarmadıqlarını isə tez öyrənir; 

 

* problemlərin həllində qeyri-standart yanaşmalara üstünlük verir;

 

* innovativ idarəetmə texnologiyalarını yaratmağa və istifadə etməyə qadirdir;

 

* mövcud sosial şəraitə və resurslara əsaslanaraq növbəti 4-5-9-11 illər üçün məktəbin inkişaf perspektivlərini müəyyənləşdirməyə qadir strateqdir;

 

* bu gün üçün vacib olan, sabah daha da aktual olacaq problem və vəzifələri, ən əsası isə - onların həlli yollarını təyin edə bilir;

 

* məktəbin inkişaf rejimində fəaliyyət göstərməsini təşkil edir;

 

* müəllimləri daimi əsaslarda innovasiya fəaliyyətinə cəlb edir. 

 

Düşünürəm ki, hər bir məktəb direktoru öz fəaliyyətini müntəzəm şəkildə (hər gün olmasa da, həftədə azı bir dəfə) yuxarıda qeyd olunmuş meyarlarla - həm çatışmazlıq, həm də müasirlik baxımından - müqayisə etsə, bu, onun fəaliyyətində ciddi dönüş yaradar, inkişafına müsbət təsir göstərə bilərdi.

 

V. Məktəbin idarəolunması üzrə 9 əsas prinsip.

 

Fikrimcə, hazırda direktor vəzifəsində işləyənlər, habelə hazırlıq kurslarına cəlb olunan və həmin vəzifəyə təyinatı gözləyənlər aşağıda göstərilmiş prinsipləri yüksək səviyyədə mənimsəyib (bəlkə də əzbərləyib) onlara riayət etməlidirlər. 

 

1. Fərdi yanaşma: 

 

* hər bir müəllimin pedaqoji fəaliyyətinin dərindən öyrənilməsi;

 

* dinlənilən dərslərin təhlili keyfiyyətinin daim artırılması;

 

* müəllimlərin fərdi yaradıcı laboratoriyasının təşkili; 

 

* müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi;

 

2. Müəllimin “zənginləşməsi”:

 

* ixtisasartırma, özünütəhsil və digər peşəkar inkişaf modellərinin tətbiqi, operativ və perspektiv tələbatlara dair müzakirə və məsləhətləşmələrin aparılması; 

 

* müasir tədris metodikalarına dair seminar, “dəyirmi masa”lar və s.-in təşkili; 

 

* müasir tədris-metodik vəsaitlərə (çap məhsulu, internet resursları və s.) dair müvafiq müəllim qrupları ilə müntəzəm müzakirələrin təşkili;

 

3. Vahid status:

 

* statusundan asılı olmayaraq, bütün işçilər, müəllim və şagirdlər üçün eyni demokratik şəraitin yaradılması, qanun aliliyinin məktəb həyatında bərqərar olması;

 

4. Fasiləsiz peşəkar inkişaf:

 

* peşəkar inkişafın rəğbətləndirilməsi üçün maddi (imkan dairəsində) və mənəvi   stimulların müəyyənləşdirilməsi və qəbul olunmuş reqlamentə əsasən onlardan istifadə edilməsi;

 

* məktəbdaxili ixtisasartırmanın təşkili;

 

5. Konsensus:

 

* problemlərin müzakirəsi və qərarların qəbul olunmasında kollektiv üzvlərinin rəy və mövqelərinin dəyərləndirilməsi və nəzərə alınması;

 

* öz mövqeyinin kollektivin əksəriyyəti tərəfindən şüurlu qəbul olunması üçün onun dəqiq və məntiqli izah edilməsi;

 

* səhv rəy və təkliflərin amiranəliklə rədd edilməməsi, onlarda olan qüsur və uyğunsuzluqların məntiqi arqumentlərlə açıqlanması; 

 

6. Qərarların kollegial qaydada qəbul olunması:

 

* kollektiv qərarların yalnız mühüm, perspektiv və strateji məsələlər üzrə qəbul edilməsi;

 

* vacib qərarların onları icra edəcək işçilərin fəal iştirakı ilə müzakirə olunması və qəbul edilməsi;

 

* qərarların icrasına onlara qarşı çıxan “azlığın” cəlb olunması;

 

7. Müəllimlərin idarəetmədə iştirakı və səlahiyyətlərin ötürülməsi: 

 

* istəyi olmadan müəllimin idarəetmə prosesinə cəlb edilməməsi;

 

* idarəetmədə iştirakının müəllim tərəfindən ona göstərilən inam və peşəkar inkişafın bir mərhələsi kimi qəbul edilməsi; 

 

* tapşırılmış sahədə müəllimə qayğı və diqqətin göstərilməsi;

 

* müəllimin idarəetmə fəaliyyəti nəticələrinin ictimai rəğbətləndirilməsi;

 

8.  Şaquli əlaqələr:

 

* müəllimlərin qarşılıqlı əlaqələrinin gücləndirilməsinin əsasən şagird şəxsiyyətinin inkişafı üzərində qurulması; 

 

* fəaliyyətin kiçik komandalar tərkibində müxtəlif layihələr üzərində təşkili; 

 

9.  Daimi yeniləşmə:

 

* dəyişikliyə başlayarkən kollektivdə hazırlıq işləri və münasib psixoloji mühitin yaradılması;

 

* dəyişikliklərə göstərilən müqavimətlərdən çəkinməyərək onların həyata keçirilməsi üçün zəruri addımların atılması.

 

VI. Məktəb direktoru: Lider? Menecer? Müəllim?

 

Əminliklə deməliyəm ki, müasir direktor həm lider, həm menecer, həm də nümunəvi müəllim olmalıdır. Buna Finlandiyanın təcrübəsi bariz bir sübutdur. Əlbəttə,

 

Direktor:

 

* hər bir müəllim, işçi, şagird üçün əlçatan olmalıdır;

 

* idarəetmə prosesinə digər əməkdaşların cəlb olunmasının əhəmiyyətini anlayan, iş vaxtının böyük hissəsini məktəb heyətinə sərf edən, rəğbətləndirmə sisteminin tətbiqinə daim diqqət yetirəndir;

 

* kabinet idarəetməsi üslubunu qəbul etmir, problemlərin yerində müzakirəsinə üstünlük verir, eşitməyi və dinləməyi bacarır, qətiyyətli və inadkardır;

 

* tədris və təlim keyfiyyətinin idarəolunmasına prioritet diqqət yetirir;

 

* müəllimlərin sinifdaxili və sinifdənkənar fəaliyyəti, peşəkar inkişafı, innovativ pedaqoji texnologiyaların tətbiqi və s. tədbirlər üçün münbit şərait yaradır;

 

* iş vaxtını daha çox inzibati idarəetməyə deyil, müəllimlərin peşəkar inkişafına həsr edir; 

 

* istənilən problemin müzakirəsini xoşniyyətli tərzdə aparır;

 

* şagirdlər üçün sağlam və təhlükəsiz tədris, təlim, davranış mühiti və şəraitinin yaradılmasına cavabdehliyini dərk edir və buna böyük məsuliyyətlə yanaşır;

 

* açıq səsləndirilən əks-mövqeyə qarşı dözümlüdür, səlahiyyətlərini icraçılara bacarıqla ötürür, münasibətləri etibarlılıq əsasında qurur;

 

* məktəbin idarəolunmasına sistemli yanaşır, idarəetmə sistemləri yaradır;

 

* strateji və operativ fəaliyyətlərin, bu sahəyə cəlb olunan işçilərin və resursların səmərəli tənzimlənməsi və əlaqələndirilməsini təmin edir;

 

* hədəfləri dəqiq müəyyən edir, onlara çatmaq üçün səmərəli plan qurmağı bacarır;

 

* çətin anlarda günahkar axtarmır, kənaraçıxmaların səbəblərini araşdırır;

 

* amiranəlikdən uzaqdır, ciddi nəzarəti etibarla əvəzləyir;

 

* yeni ideyalara həmişə açıqdır, onların sərbəst səsləndirilməsini normaya çevirir;

 

* kollektivdə münbit psixoloji mühit yaradır;

 

* tolerant, nəzakətli, optimist, gülərüzdür, yumor hissinə malikdir;

 

* dəyişiklikləri təqlid etmir, pozitiv dəyişikliklərin tətbiqinə konkret fəaliyyətdə nail olur.

 

Məktəb direktoru mütləq:

 

* məktəb həyatını, uşaqlarla işləməyi hədsiz dərəcədə sevməli;

 

* şagird, valideyn və həmkarlarının dərin hörmət və məhəbbətini öz gərgin əməyi, yüksək peşəkarlığı ilə qazanmalı;

 

* lider müəllim kimi seçilməli, bunu uşaq və valideynlər, həmkarları ilə iş prosesində sübuta yetirməli;

 

* müasir texnologiyalardan ustalıqla istifadə etməyi, pedaqoji innovasiyaları yaratmağı və tətbiq etməyi bacarmalıdır.

 

Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə seçilmiş və direktor vəzifəsinə iddialı olan namizədlər üçün xüsusi treninqlərin təşkilini tam dəstəkləyirəm. Çoxillik təcrübəmə əsaslanaraq, düşünürəm ki, bu kursların proqramı əsasən yuxarıda sadalanmış peşəkar keyfiyyətlərin, səriştələrin aşılanması üzərində qurulmalıdır. Əmin olmaq istərdim ki, bu, elə belə də vardır. Yeri düşmüşkən və söhbətin məntiqi davamı olaraq,  

 

VII. Gənc direktora 9 tövsiyəm:

 

* özünü olduğun kimi qəbul et, özünə qarşı sevgi ilə yaşa, öz unikallığına inan; 

 

* başqalarının unikallığını da qəbul et;

 

* davranışını, emosiya və reaksiyalarını idarə etməyi bacar;

 

* əks fikri, mövqeyi, davranışı rədd etməzdən əvvəl onları anlamağa çalış;

 

*  xarakterini təhlil et, qüsur və çatışmazlıqlarını aradan qaldırmağa, ən azı onları nümayiş etdirməməyə çalış;

 

* konfliktləri dəf etməyi, konkret vəziyyəti adekvat dəyərləndirməklə ondan ləyaqətli çıxmağı öyrən;

 

* axırıncı sözünü əvvəlcədən demə, buna hər vaxt imkan tapılar;

 

* daxili narahatlıqlarını, qorxu hisslərini dəf etməyi bacar;

 

* bağışlamağı öyrən;

 

10-cu tövsiyəm isə bütün məktəb direktorlarınadır. Nəzərə alın ki, III-VI bölmələrdə əks olunmuş 78 tövsiyə heç də sizin idarəedici fəaliyyətinizi şərtləndirənlərin hamısı deyil. Əgər həqiqətən müasir direktor adını şərəflə daşımaq niyyətindəsinizsə, ən azı yuxarıda sadalanmış mülahizələri daim diqqət mərkəzində saxlamağı, hər zaman onlara riayət etməyinizi tövsiyə edirəm.

 

 

Yekun əvəzi: əlavə mülahizələrim

 

 

Yuxarıdakı qeydlərə xeyli şərhlər verə bilərdim. Yəqin, buna ehtiyac da vardır. Zənnimcə, şərhlərdən əvvəl belə əqli hücum yalnız məktəb direktorlarına deyil, digər təhsil müəssisəsi rəhbərlərinə də faydalı olardı. Əlavə deyəcəyim isə çox qısadır:

 

* ölkənin Təhsil Strategiyasının uğurla həyata keçirilməsi məktəb direktorlarının peşəkarlığı və mənəvi xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır!

 

* Azərbaycanın təhsil müəssisələrinin rəhbərləri sözdə deyil, konkret nəticə verən fəaliyyətdə Strategiyaya sadiq olduqlarını nümayiş etdirməlidirlər!

 

* hər bir təhsil müəssisəsinin stabillik rejimindən innovasiya əsaslı inkişaf rejiminə keçməsi günün tələbidir!

 

* heç kim məktəb direktoru doğulmur, əsl direktor olmaq isə mümkündür!

 

Ş.A.Amonaşvili: “Məktəbdə pedaqoji kakofoniya deyil, pedaqoji simfoniya səslənməlidir”.

 

 

Asif CAHANGİROV,

Əməkdar müəllim