Fəal təlim şagirdlərin idrak fəallığını artırır, onları müstəqil qərarlar çıxarmağa yönəldir


Məlumdur ki, yeni kurikulumların tətbiqi bu gün təlimin nəticələr üzərində qurulmasını və interaktiv formada təşkilini tələb edir. Bu da şagirdlərin həyati bacarıqlar qazanmasına, müasir təfəkkürə malik şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Bu gün ümumtəhsil məktəblərində təhsilə yanaşma dəyişmişdir. Belə ki, artıq təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Yəni, şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədinə çevrilib. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amil sayılır.

 

Yeni proqlamlar yalnız sistemin, məzmunun dəyişdirilməsini deyil, həm də şagirdlərdə idrak proseslərinin maksimum dərəcədə inkişaf etdirilməsini vacib bir məsələ kimi qarşıya qoyur. Bu da təsadüfi deyil. Çünki uzun illərdən bəri diqqət başlıca olaraq müəyyən vərdişlərin aşılanmasına yönəlirdi. Nəticədə müəyyən qaydalar, qanunlar şagirdlər tərəfindən o qədər də şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki surətdə əzbərlənilirdi. Buna görə də şagirdlərin hafizəsi az-çox dərəcədə inkişaf etsə də onlarda ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmirdi. Şagird oxunmuş materialdan müəyyən nəticəni çıxartmağı, onu bu və ya digər nöqteyi-nəzərdən qiymətləndirməyi tələb edən suallarla rastlaşdıqda çaşıb qalırdı. Buna görə də hazırkı dövrdə təlim prosesində lazımi elmi  məlumatlar verilməklə yanaşı, şagirdlərdə müşahidəçilik, müstəqil və tənqidi düşünmək və s. kimi idrak qabiliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

 

Müstəqil öyrənmək üçün şagirdlər, hər şeydən əvvəl, qarşılarına müəyyən məsələlər qoymaqla, həmin məsələlərin həlli yollarını, üsullarını tapmaq bacarığına malik olmalıdırlar. Bu məqsədlə şagirdlərdə, hər şeydən əvvəl, dərin müşahidəçilik, məsələnin mahiyyətinə nüfuz  etmək qabiliyyəti inkişaf etdirilməlidir.

 

Müşahidə çox mürəkkəb bir proses olmaqla yanaşı, həm də şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Müşahidə həmişə qarşıya müəyyən məqsəd qoymaqla bağlıdır. Bunun üçün ilk növbədə obyektin müəyyənləşdirilməsi və onda  hansı cəhətlərin şagirdlərə öyrənilməsi dəqiqləşdirilməlidir.

 

Yeni proqramın tələbinə görə təbiət hadisələri üzərində müşahidə aparmaq sinif şagirdlərinin gündəlik idrak fəaliyyətinin ayrılmaz hissəsi olmalıdır. Müşahidə olmadan şagirdlər səma, torpaq, su, bitkilər, bərk cisimlər, insanların əmək alətləri, əmək fəaliyyətləri və s. haqqında lazımi bilik əldə edə bilməzlər.

 

Müşahidə zamanı şagirdlərin fəallığını təmin etmək də zəruridir. Onların fəallığı, əsasən, iki şəkildə özünü büruzə verir:  bunlardan biri fikri fəallıqdır. Fikri fəallıq prosesində müxtəlif müqayisələrdən, tutuşdurmalardan, ümumiləşdirmələrdən geniş istifadə edilir. Hərəki fəallıq zamanı isə şagird cisimlə əməli surətdə təmasda olmağa meyil edir; məsələn, əgər müşahidə obyekti mexanizmdirsə, onu hərəkətə gətirməyə, işləmə prinsipini öyrənməyə, onun hissələrinin, bu hissələr arasındakı münasibəti və s. müəyyən etməyə çalışır.

 

Təlim prosesində şagirdlərin təfəkkürünü fəaliyyətə gətirməkdə müəllimin suallarının böyük əhəmiyyəti var. Bəzi müəllimlər şagirdlərin yaradıcı düşüncəsinə inanmır, onlara həddindən artıq bəsit və heç bir fikri axtarış aparmadan cavab verməsi mümkün olan suallar verirlər. Təcrübəli müəllimlər isə şagirdlərdən tələb edirlər ki, verdikləri hər bir cavabı əsaslandırsınlar, sübutlar gətirsinlər, müvafiq nəticələr çıxarsınlar.

 

Müəllim suallar vasitəsilə həm şagirdlərin təlim materialını necə mənimsədiklərini yoxlayır, həm də onların biliklərini dərinləşdirir. Suala cavab axtarmaq prosesində hər bir şagirdin fikri fəallığı və müstəqilliyi təzahür edir, sual vasitəsilə şagirdin oxuduğu parçanı şüurlu surətdə mənimsətmək, orada olan fikirləri və bunlar arasındakı əlaqələri başa salmaq, uşağı yeni nəticələrə gətirmək mümkündür.

 

Təcrübəli müəllimlər təlim prosesində daha çox aşağıdakı tipli suallardan istifadə edirlər:

 

* hadisənin səbəbini söyləməyi tələb edən suallar;

 

* öyrənilən mətndə mühüm və başlıca məsələni ayırmağa kömək edən suallar;

 

* cisim və hadisələri müqayisə etməyi tələb edən suallar;

 

* müşahidə edilən faktları ümumiləşdirməyi tələb edən suallar;

 

* söylənilmiş mülahizəni əsaslandırmağı, sübut etməyi tələb edən suallar və s.

 

Deməli, təlim prosesində, xüsusən sorğu zamanı müxtəlif düşündürücü  suallar verməklə şagirdlərdə təfəkkürü fəaliyyətə gətirmək, inkişaf etdirmək mümkündür.

 

Öyrənmənin hərəkətverici qüvvəsini şagirdlərin idraki fəallığı təşkil edir. Şagirdlərdə öyrənməyə tələbatın formalaşdırılması müəllimin pedaqoji ustalığından, öyrədənin öyrənənlərə hörmət və tələbkarlığa əsaslanan münasibətindən, təlimin metod və üsullarının düzgün seçimindən, şagirdlərdə öz qüvvələrinə inamın aşılanmasından və s. asılıdır.

 

Təlim metodu aşağıdakı spesifik xüsusiyyətlərə malikdir: 

 

* Təlimin subyekt xarakter daşıması;

 

* Şagirdlərin fəal öyrənmə mövqeyi, təfəkkürün müstəqilliyi və sərbəstliyi;

 

* İştirakçıların bütün dərs zamanı fəallığı;

 

* Dərsin əvvəlində problemli situasiyanın yaradılması və dərs prosesinin problemin həllinə yönəldilməsi;

 

* Düşündürücü və istiqamətləndirici suallar vasitəsi ilə şagirdlərin yeni biliklərin müstəqil kəşf  edilməsinə yönəldilməsi; 

 

* Təlimin tədqiqat üsulu vasitəsi ilə keçirilməsi;

 

* Dərsin dialoq şəklində aparılması, əks əlaqənin yaradılması;

 

* Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət;

 

* Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.

 

Təlimin əsas üstünlüyü - biliklərə yiyələnmək həvəsinin yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır. Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir. Bütün bunlar şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

 

Təlimin səmərəliliyinin (daha qısa müddətdə daha çox informasiyanı mənimsəmək imkanının) artırılmasının aşağıdakı səbəblərini göstərmək olar:

 

* şagirdlərin idrak fəaliyyəti və təlim motivasiyası hesabına;

 

* təfəkkürə əsaslanaraq biliklərin müstəqil, məhsuldar və yaradıcı şəkildə əldə edilməsi və mənimsənilməsi sayəsində.

 

Bəs təlim prosesinə emosional iradi xarakteri necə aşılamaq olar?

 

Təlim prosesinın emosionallığı şəraitində şagirdlərdə idrak fəaliyyətinə maraq və daxili tələbat yaranır. Bunun üçün biz müəllimlər müxtəlif didaktik metod və üsullardan istifadə etməliyik. Müəllim “müqayisə edin”, “ümumiləşdirin”, “təhlil edin”, “fərqləndirin” kimi produktiv fəallığa təhrik edən suallar hazırlayaraq düşündürməyə vadar edən tapşırıqlar verməlidir. Müəllimin əsas məqsədi dərsə maraq formalaşdırmaqdır ki, buna sadə priyomların növbələşdirilməsi, digər fənlərə inteqrasiya, müəllimin fəallığı, emosionallığı, dərs boyu maraqlı fakt və misalların, nümunələrin çəkilməsi ilə nail olmaq olar.

 

Bildiyimiz kimi, fəal (interaktiv) təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Fəal təlim müasir prinsiplərə əsaslanmaqla tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:

 

* müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyasının yaradılması;

 

* problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;

 

* şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.

 

Mütəxəssislərin fikrincə, fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.

 

Təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində həmçinin: 

 

- biliklər daha müstəqil, sərbəst qavranılır və mənimsənilir;

 

- məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə vərdişlər formalaşdırılır; 

 

- elmi-tədqiqat vərdişləri formalaşdırılır;

 

- qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.

 

Təlim prosesində şagirdlərin fikri fəallığını artırmağa meydan vermək üçün ziddiyyətli vəziyyət yaratmaq üsulları da çox əhəmiyyətlidir. Bu halda ki, şagirdlər ziddiyyətdən çıxış yolu axtarmağa daha fəal surətdə qoşulur, bunu həll etmək üçün dərindən düşünməli olurlar. Onlar faktları ölçür-biçir, qarşılaşdırır, hansı faktın nə ilə əlaqədar olduğunu müəyyən etməyə, hər bir həyati faktı müəyyən nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd göstərir, nəhayət, hər hansı bir fikrə gəlirlər. Mühüm cəhət odur ki, dərs zamanı ziddiyyətli vəziyyət yaradıldıqda şagirdlərdə müxtəlif rəylər əmələ gəlir. Hər kəs çalışır ki, öz fikrinin düzgünlüyünü əsaslandırsın, onu sübut etsin. Belə vəziyyətdə rəylər toqquşur, hər kəs öz fikrini əsaslandırmaq üçün müxtəlif dəlillər gətirməyə can atır və buna nail olduqda öz fikri fəaliyyətindən çox razı qalır. Sözün əsl mənasında inkişafetdirici, düşündürücü təlim də elə budur.

 

Şagirdləri “həqiqət axtarmaq”, onu əsaslandırmaq və sübut etmək prosesinin iştirakçısı edən müəllim öz işinin həqiqi ustası hesab edilməyə layiqdir.

 

 

Vaqif MAHMUDOV,

177 nömrəli tam orta məktəbin müəllimi,