Müəllimlər - günahkardırlar!
Məktəb - günahkardır!
Təhsil Nazirliyi - günahkardır!
Təhqiqat, istintaq başa çatmadan, məhkəmə qərarı olmadan hökm kəsildi, günahkarlar sosial şəbəkələrin müstəntiq, prokuror və hakimlərinin ortaq qərarına uyğun olaraq qarğış və təhqir cəzasına məhkum edildilər...
İmkanı və istəyi olanlar qəzəb və aqressiyalarını virtual məkanın divarlarına püskürüb rahatladılar... Beləcə, daha bir “buxarburaxma” mərhələsini adladıq. Xeyirli olmasın!
Bu yazıda hər kəsə bəlli olan intihar hadisəsinə, çoxsaylı virtual səhnələşdirmələrin personajlarının kimliyinə xüsusi diqqət ayırmayacağam. Məni narahat edən günahkar, yaxud suçlu elan edilən şəxslərin kimliyindən daha çox məktəbin və təhsilin kütləvi şəkildə “linç” edilməsidir. Təhsil müəssisələrində və təhsil sistemində problemlər kifayət qədərdir. Bu sahədə olan çatışmazlığın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin, atılan addımların sayı da, düşünürəm ki, problemlərdən az deyil... Mən təhsil islahatları ilə bağlı “bəy tərifi” deyilməsinin tərəfdarı deyiləm.
Digər tərəfdən, təhsil islahatları sonu olmayan bir prosesdir və bu baxımdan bu sahədəki dəyişikliklər, yeniliklər mövsümi xarakter daşımır, daimidir.
Problemlər də həmçinin... Mən “problemlərlə yanaşı yaşamağa alışmaq” lazımdır fikrini tam olaraq qəbul etmirəm. Bu, həddən artıq loyal yanaşmadır, insanın, cəmiyyətin müqavimət gücünü aşağı salır, onu laqeyd, məsuliyyətsiz bir fərdə, kütləyə çevirir. Problem varsa, onunla yanaşı yaşamaq yox, həlli yollarını tapmaq lazımdır. Bu yol isə təhqirdən, aqressiyadan, qarğışdan deyil, soyuqqanlı təhlildən, işlək mexanizmləri olan təşəbbüslərdən keçir.
Təhsil cəmiyyətin aynasıdır və hər kəs bu aynanın qarşısında dayanıb ilk növbədə ÖZÜNÜ görməlidir. Məgər valideyn, qardaş, bacı, əmi, dayı, bibi, xala... olaraq heç bir günahımız yoxdu? Bəlkə yenicə dünyaya göz açmış uşaqlarımıza, yaxud qonşunun, qohumun, yadın övladlarına qatı açılmayan söyüşlər öyrədib bundan xüsusi həzz alan, xoşbəxt olan biz deyilik?
Bəlkə uşaqlarımıza başqalarına nümayiş etdirmək üçün qiyməti az qala bir neçə aylıq maaşımıza bərabər olan ağıllı telefonlar alıb onları bu cihazlarla baş-başa buraxaraq rahatlıq tapanlar necə, başqa ölkədən gəliblər?
Bəlkə övladlarımıza gerçək təhsil, bilik, bacarıq, peşə, ixtisas əvəzinə diplom sevdası aşılayanlar necə ölkəmizə başqa planetdən gəliblər?
Bu “bəlkə”lərin sayını sonsuza qədər uzada bilərəm, amma vaxta heyfim gəlir, itirmək istəmirəm...
Bu gün ölkənin təhsil sistemində mövcud olan problemlərin böyük əksəriyyəti bizim təfəkkürümüzdən, dünyagörüşümüzdən, mentalitetimizdən, qondarma, saxta, feodal əxlaqının tör-töküntüsü olan “dəyər”lərimizdən qaynaqlanır. Aynaya tüpürmək, onu sındırmaq, boyamaq... heç nəyi dəyişməyəcək.
Problem varsa onu hədəfə almaq və həlli yollarını göstərmək lazımdır. Təhsili, məktəbi, universiteti “linç” etmək lazım deyil. Çünki təhsilin, məktəbin alternativi ən yaxşı halda “meyxana” və “çayxana” təfəkkürü, həyat tərzidir.
P.S. Mən aqressiyaya qarşı aqressiyanın, qəzəbə qarşı qəzəbin, nifrətə qarşı nifrətin əleyhinəyəm. Çünki bu qədər pisliklərin qarşı-qarşıya dayandığı cəmiyyət günlərin birində onillər boyu bərpa oluna bilməyəcək, olduqca dərin və ağrılı şəkildə çat verə bilər.
Dünyada nifrət üzərində köklənmiş dünyagörüşündən dəhşətli silah yoxdur!
Açın nəfəslikləri!
Havanı dəyişmək lazımdır.
Elçin MİRZƏBƏYLİ