Böyük Britaniyanın Sasseks Universitetində “Emergent Photonics Lab” (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.
www.hi-tech.mail.ru saytının məlumatına görə, müasir smartfon və digər naviqasiya qurğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu, istifadəçilərin peyk siqnalının əlçatanlığı sahəsində daima beynəlxalq siyasətdən asılı olduğunu göstərir. İstehsalçılar hesab edirlər ki, onların bu problemin universal həlli üçün təqdim etdikləri texnologiya insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq olunur. Bu, fiber-optik İnternet kabellərinin iş prinsipini xatırladır.
Yığcam atom saatları bir çox sahədə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya digər yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.