Onun elmi araşdırma arealı heyrət doğuracaq genişlikdədir
Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir.
Azərbaycan Elmər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyində məktəb yaratmış alimlərimizdən biridir.
Onu xüsusi vurğu və məmnuniyyət hissi ilə xatırlatmaq istərdik ki, böyük alimin həyatının və elmi axtarışlarının çox böyük hissəsi Azərbaycan ali məktəbləri arasında özünəməxsus yerini bütün zamanlarda da qoruyub saxlamış Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə sıx bağlı olmuşdur.
Azərbaycan dilçilik elmini şərti olaraq iki mərhələyə ayıran professor Ağamusa Axundovun bölgüsü ilə razılaşaraq onu deməyi zəruri hesab edirik ki, müasir dilçilik elminin fundamental əsasları ikinci mərhələdə qoyulubdur. Həmin əsaslar şərqşünas, tarixçi, türkşünas, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazımbəyin 1839-cu ildə Demidov Mükafatına layiq görülən “Türk-tatar dillərinin ümumi qrammatikası” adlı fundamental elmi monoqrafiyası ilə yarandı. Bu əsərində Kazımbəy osmanlı, Azərbaycan və digər türk dillərinin və ya o zaman deyildiyi kimi, dialektlərinin fonoloji, morfoloji və sintaktik təhlil və müqayisəsini aparırdı.
Bu kitabın ən böyük uğuru isə ondan ibarət idi ki, burada Azərbaycan dilinin tədqiqi Avropa qrammatikalarının tələbləri səviyyəsində tədqiqata cəlb olunurdu, başqa sözlə desək, ondan sonra gələcək tədqiqatlar üçün istiqamət müəyyənləşdirmişdi.
Beləliklə, XX əsrin əvvəllərində Budaqovun “Praktiçeskoye rukovodstvo tureçsko-azerbaydjanskoqo nareçiya”, Nəriman Nərimanovun “Samouçitie tatarskoqo yazıka azerbaydjanskoqo nareçiya” kitabları Mirzə Kazımbəydən başlanan axtarışların davamı oldu. Daha sonra, ötən əsrin 20-ci illərində İsmayıl Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, Cavad Əfəndizadə, Mustafa Tofiq və başqaları bu axtarışlara qoşuldu.
Ötən əsrin 20-ci illərində isə Bəkir Çobanzadənin “Mirzə Fətəli Axundov və azəri ləhcəsi”, Abdulla Tağızadənin “Türk dilçiliyi və əski türk dilləri” və digər əsərlərlə başlanan bu iş həmin əsrin 30-cu illərində Əbdüləzəl Dəmirçizadənin “Azərbaycan ədəbi dil tarixi xülasələri” kitabı ilə davam etdirildi. Onun sonradan yazaraq nəşr etdirdiyi “ “Kitabi- Dədə Qorqud” dastanının dili” monoqrafiyası ilə davam etdirilən bu iş böyük tədqiqatlar üçün stimul verdi.
Söhbət həmin Dəmirçizadədən gedir ki, Azərbaycan dilçiliyində yeni bir dalğa yaradan, lakin sonradan repressiyanın qurbanına çevrilmiş Bəkir Çobanzadə və Abdulla Tağızadənin yarımçıq qoyduğu işləri davam etdirdi.
1936-cı ildə yazdığı “Türk dili” kitabı ilə o vaxtkı elmi ictimaiyyətin diqqətini cəlb edən Dəmirçizadənin iki ildən sonra çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixinin xülasələri” əsəri onu gələcək elmi uğurlarına aparacaq yola təsadüfən çıxmadığını göstərəcək. Təsadüfi deyil ki, bu kitabı ilə o, Azərbaycan sərhədlərini aşaraq zəmanəsinin ən böyük alimlərinin- türkoloq, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Yevgeniy Bertels və şərqşünas-türkoloq, qədim türk runik yazılarının tədqiqatçısı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Sergey Malovun diqqətini cəlb etdi. 1940-cı ildə filologiya elmləri namizədi olan Dəmirçizadə cəmi dörd ildən sonra fundamental elmi axtarışların nəticəsi olan “Azərbaycan dilinin tarixi” əsərini nəşr etdirdi. Eyni mövzu üzrə doktorluq dissertasiyası müdafiə edən alim bir ildən sonra professor vəzifəsinə təyin edildi. Onu qeyd edək ki, Əbdüləzəl Dəmirçizadənin bu kitabı dövrünün ən böyük alimləri, SSRİ Elmlər Akademiyasının həqiqi üzvləri İvan Meşaninov və Vasiliy Struvenin diqqətini cəlb etdi və nəinki Azərbaycan dilçiliyində, ümumiyyətlə, türkologiyada hadisəyə çevrildi.
Sadalanan faktlar Əbdüləzəl Dəmirçizadənin elmə gəldiyi ilk on ilin nəticələridir. 1943-cü ildə o zamankı Azərbaycan Pedaqoji İnstitutunda “Azərbaycan dilçiliyi” kafedrasına rəhbərlik etməyə başlayan və 36 il müddətində həmin kafedranın müdiri vəzifəsində çalışan alim bu illərdə elmi axtarışlarla intensiv şəkildə məşğul olmaqla bərabər, pedaqoji fəaliyyətinə də ara vermədi.
1955-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilən Əbdüləziz Dəmirçizadə Azərbaycan dil tarixini fundamental tədqiqata cəlb edərək tarixin müxtəlif mərhələlərinə məxsus dil hadisələrini öyrənmiş, türkdilli ailəyə mənsub olan Azərbaycan dilinin müqayisəli təhlilini apara bilmiş, özünün qazandığı elmi nəticələrlə bərabər, yeni yetişəcək və özlərini “Dəmirçizadə məktəbi”nin nümayəndələri hiss edən alimlər üçün yeni tədqiqatın üfüqlərini göstərmişdir. Elmi axtarışlarını 20-dən artıq kitabda və 200-dən artıq elmi və elmi-pedaqoji məqalədə ümumiləşdirən Əbdüləzəl Dəmirçizadənin elmi araşdırma arealı istənilən alimi heyrətləndirəcək genişlikdədir. Bunun üçün onun Azərbaycan dilçiliyinin tədqiqata cəlb edilmiş sahələrinə baxmaq kifayət edər. İstər dil tarixi, fonetika və ya orfoepiya, istər etimologiya, yaxud üslubiyyat, hansı sahələr olursa-olsun, Dəmirçizadə ardıcıldır və həmin ardıcıllığın bəhrini hər məqamda görmək olur. Professor haqlı olaraq hesab edirdi ki, dil canlı orqanizm olmaqla bərabər, özünün dərin qatlarında mənsub olduğu xalqın tarixini yaşadan ən başlıca faktordur. Bu, onun gələcəkdə də tədqiqatları zamanı sadiq qalacağı başlıca elmi postulatlardan biri, bəlkə də birincisi idi. Təsadüfi deyil ki, ilk vaxtlardan Dəmirçizadənin elmi araşdırmalarının istiqaməti də əsasən dil tarixinin öyrənilməsinə yönəlmişdi. Onun “Azərbaycan dili tarixi xülasələri”, “M.F. Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “”Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azəri ədəbi dilinin tarixi” kitablarında alim, təxminən, min illik yol qət edərək qənaətlərini təsdiq edə bilmişdi.
Yeri gəlmişkən, Azərbaycan dilinin tarixi qrammatikasını araşdırarkən professor Dəmirçizadənin söykəndiyi mənbə XI əsrin ən böyük tükoloq-filoloqu, etnoqraf, ilk türk ensiklopedisti və türkologiyanın banisi Mahmud Kaşğarinin əsərlərindəki dil nümunələri olmuşdur. Bu, ötən əsrin 30-cu illərində elmi axtarışlara başlayan gənc alimin, sözün birbaşa mənasında müəllimi Bəkir Çobanzadənin başladığı, lakin Stalin repressiyasının yarımçıq qoyduğu elmi tədqiqatların verdiyi ilkin nəticələr idi. Alim ömrünün sonunacan həmin nəticələrin etibarlılığı üçün çalışdı. Onun elmi- tədqiqatlarının məntiqi yekunu olaraq ötən əsrin 60-cı illərinin sonunda nəşr etdirdiyi “Azərbaycan dilinin tarixi qrammatikası” və ölümündən sonra çap olunmuş “Azərbaycan ədəbi dilinin tarixi (II hissə)” kitabları yalnız Azərbaycan dilçiliyi üçün deyil, türkologiya üçün də dəyər daşıdı.
Professor Dəmirçizadənin sonrakı araşdırma sahələri sırasında üslubiyyat başlıca yer tutur.
Üslub haqqında onun gəldiyi nəticə belə idi: “Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir, sistemidir”.
Bu, professor Əbdüləzəl Dəmirçizadənin elmi qənaətidir və zaman keçdikcə, o qənaət daşlaşmış həqiqətə çevrildi. “Üslub fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu vardır”- bu fikir də görkəmli alimə məxsusdur. O, haqlı olaraq hesab edirdi ki, insanlar müəyyən xüsusiyyətlərinə görə seçilib, fərqləndiyi kimi, danışıq üslubuna görə də nə qədər eynilik olsa belə, fərqlidirlər .
Buna görə də professor birmənalı olaraq, belə fikirləşirdi: dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır. Dil vahidlərinin üslubi imkanlarından söhbət açan professor Əbdüləzəl Dəmirçizadə yazırdı: “Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük”. Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatik normaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan, oxuyan və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin edir. Bunlar da alimin əsaslandırılmış elmi mülahizələridir. Onu qeyd etməyi hökmən lazım bilirik ki, dilçiliyimizdə üslubiyyatin fundamental olaraq tədqiqata cəlb edilməsi, öyrənilməsi işində Əbdüləzəl Dəmirçizadə birincilər cərgəsindədir. Alimin 1962-ci ildə nəşr etdirdiyi “Azərbaycan dilinin üslubiyyatı” adlı kitabı buna görə də nəşr olunduqdan dərhal sonra dilçiliyimizdə hadisə kimi qəbul edildi. Professor həmin kitabın müəyyən bölmələrini Azərbaycan dilinin lüğət tərkibinin tədqiqinə həsr etmişdir. O, bu əsərlərində söz və məna, sözün lüğəvi və qrammatik mənası, lüğət tərkibi, lüğət tərkibinin əsas və əlavə hissələri, onların hər birinin ümumi zəruri və xüsusi xarakter əlamətləri barədə fikirlərini ümumiləşdirə bilmişdi. Lüğət tərkibinin inkişaf və zənginləşmə qaydalarını öyrənmək üçün bu əsərdən kifayət qədər məlumat almaq mümkündür. Professor Dəmirçizadənin ədəbi dil ilə bağlı gəldiyi elmi mülahizələri, bu problemə yanaşmaları ibrətamiz idi. Həmin ibrətamizlik alimin “Azərbaycan dilinin üslubiyyatı” kitabında belə ifadə olunur: “Bəziləri ədəbi dil dedikdə ancaq yazılı dili qəbul etmişlər, bu sıraya şifahi ədəbi dili aid etmək isə ağıllarına gəlməyib. Buna görə də ədəbi dil və onun inkişafı dedikdə ancaq yazılı sənədlərin, nəhayət, kitabların dilini tədqiq etməkdən uzağa getməyiblər. Bu isə “yazısı olmayan xalqın ədəbi dili ola bilməz” kimi yanlış anlayışı meydana çıxarmış, yaxud bu və ya digər xalqın ədəbi dilinin başlanğıcını həmin xalqın yazıya malik olduğu dövrdən hesab etmək kimi yanlış praktikanı yaratmışdır” O, dilin qrammatik quruluşu - morfologiya və xüsusən sintaksislə bağlı problemlərin ilkin tədqiqi sahəsində böyük iş görmüşdür. Digər sahələrdə olduğu kimi, burada da fikir və mülahizələr orijinaldır.
Dilimizin sintaktik quruluşunun tədqiqinə aid yazılarında onun orijinal dəst-xətti daha aydın görünür.
O, qrammatik quruluşun ümumi məsələləri ilə ayrıca məşğul olmuş, dilin qrammatik quruluşunun təşəkkülü, morfem - morfologiya, sözün tərkibi və quruluşu kimi məsələləri ətraflı şərh etmiş, dilin milli orijinallığının qorunub saxlanmasında qrammatik quruluşun böyük rolunu xüsusi nəzərdən keçirərək onu dilin əsas sistemi kimi qiymətləndirmişdir.
Bütün bunlarla bərabər, professor Dəmirçizadə şərəfli bir müəllim ömrünün də nümunəsi ola bildi. O, pedaqoji fəaliyyəti müddətində tələbələrin sevimli müəlliminə çevrilməyi bacardı, uzun illər rəhbərlik etdiyi “Azərbaycan dilçiliyi” kafedrasını istedadlı tələbələrin elmi laboratoriyasına çevirə bildi. Birbaşa Əbdüləzəl Dəmirçizadənin elmi rəhbərlik etdiyi namizədlik və doktorluq işlərinin sayı 50-dən artıq idi. Tələbkar elmi rəhbərin rəyi ilə müdafiəyə buraxılan həmin işlər sonradan Azərbaycan dilçiliyində yeni elmi axtarışlara vüsət verirdi.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, filologiya elmləri doktoru Dəmirçizadə 1979-cu ildə dünyasını dəyişdi.
O, Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edildi.
Görkəmli alim, böyük vətənpərvərin Azərbaycan xalqı və elmi qarşısındakı xidmətləri heç vaxt unudulmur. Bakıdakı küçələrdən biri bu gün onun adını daşıyır, vaxtilə yaşadığı binanın fasadına isə xatirə lövhəsi vurulub.
Bu gün də Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr Əbdüləzəl Dəmirçizadənin dərs vəsaitləri əsasında dilin əsaslarını öyrənir, tədqiqatçılar isə professorun kitablarını ən etibarlı mənbə kimi istifadə edirlər.
Onun özü də eləcə olub və elmə ən sadiq, etibarlı insanlardan biri kimi yadda qalıb.
Mahirə HÜSEYNOVA,
filologiya üzrə elmlər doktoru, professor ADPU-nun Filologiya fakültəsinin dekanı