Təlim mühiti kurikulum tapşırıqlarına və istehsalatın tələblərinə uyğun yaradılmalıdır
Səriştələrə əsaslanan peşə-təhsil texnologiyaları dərs vəsaitləri ilə yanaşı əlavə təlim materiallarının hazırlanmasını tələb edir. Bu tip materiallara nümunə olaraq təlim tapşırıqlarını, təlim üçün nəzərdə tutulan nəzəri materialları, məlumatlandırıcı materialları, işləniləcək layihələrin təsvirlərini, slaydları, videomaterialları və s. göstərmək olar. Lazımi təlim materiallarının olması tələbələrin müvəffəqiyyət qazanmalarında ən vacib amillərdən biridir. Öyrənənlərə həmin materialların əldə edilməsi həmişə əlçatan olmalı və onlara bu materiallardan istifadə üçün geniş imkanlar yaradılmalıdır. Bütün təlim materialları iki nüsxədən ibarət hazırlanmalıdır. Onlardan biri tələbələrin istifadəsi üçün nəzərdə tutulmalı, digəri isə təlim materiallarından istifadəyə nəzarət qovluğunda saxlanılmalıdır.
Təlim materialları aşağıdakı tələblərə cavab verməlidir:
* modul tapşırıqlarının və fəaliyyətlərin ardıcıllığının modul spesifikasiyasına uyğun olunması;
* materiallarda verilmiş ifadələr və şərhlər aydın başa düşülən və dəqiq olmalıdır;
* materiallarda müxtəliflik və fərqliliyin olması təmin edilməlidir;
* materialların tərtibatı cəlbedici olmalı və yaxşı dizayn olunmalıdır;
* materiallardan istifadə asan olmalıdır.
Təlim materialları qovluğuna mütləq qaydada nəzəri materiallar daxil edilməlidir. Bu materiallarda tələbələrə öyrəndiklərinə dair bacarıqların aşılanması üçün məzmun dərc edilmiş paylama materialları əksini tapmalıdır. Bütün nəzəri təlim materiallarının struktur tərkibi imkan verməlidir ki, tələbələrin öyrənməyə motivasiyaları yüksəlsin, digər alternativ mənbələrdən istifadə üçün axtarışlara az ehtiyacları qalsın, məlumatların mənimsənilməsi və istifadəsi tələbələr üçün daha əlçatan olsun.
Təlim materiallarının əsas funksiyalarına aşağıdakıları aid etmək olar:
* faktların mütəşəkkil və ardıcıl şəkildə təqdim edilməsi;
* tələbələrin fəaliyyətinin stimullaşdırılması;
* nəzəri biliklərin izahının verilməsi;
* təlimlərdə tələbələrin fəaliyyəti zamanı tədqiq olunanların təlim materiallarında konkret nümunələrlə verilməsi (məsələn, elektrik naqillərindən cərəyan keçərkən orada baş verən prosesləri bilmək avtomobilin elektrik avadanlığının təmirçi-çilingərinə nə üçün lazımdır?);
* təlim müxtəlif texniki vasitələrlə təchiz edilməlidir.
Yeni təlim materiallarının hazırlanması geniş əməktutumlu, insan və vaxt resurslarının kifayət qədər tələb edildiyi bir prosesdir. Ona görə də modullara təlim materiallarının hazırlanması üçün tələb olunan materialların müəyyən edilməsinə yardımçı ola biləcək tədris və metodiki materialların bir yerə toplanmasından başlanılmalıdır. Bundan sonra xüsusi bir modulun mənimsənilməsinin effektivliyini və keyfiyyətini təmin etmək üçün əlavə, yardımçı materialların hazırlanması işləri yerinə yetirilməlidir. Bütün materiallar praktik bacarıqların tələbələr tərəfindən fərdi və qrup şəklində öyrənilməsi üçün uyğunlaşdırılmalı, bundan sonra bu materiallardan istifadəyə dair dəqiq təlimatlar işlənilməlidir.
Modul təlimlərində öyrənməni əlçatan etməkdən ötrü və təlimlərdə istifadə üçün təlim materiallarını işəgötürən müəssisələrdə təlimlərin keçirildiyi dövrdə istifadə edilən sənədlərin, müxtəlif formaların və blankların nümunələrinə daxil edilməlidir.
Praktik və nəzəri komponentlərin inteqrasiyası zamanı təhsilalanların praktik bacarıqlarını inkişaf etdirməkdən ötrü təlimlərdə müxtəlif məzmunlu praktik tapşırıqlar, layihə işləri və s. bu kimi işlər yer almalıdır. Tapşırıqlar təlim materiallarının bir hissəsi hesab edilməli və təlimdə tələb olunan müvafiq prinsiplərə uyğun tərtib olunmalıdır. Tapşırıqlarda nəzərdə tutulan bütün addımlar tələbələrin moduldan və modulun ayrı-ayrı təlim nəticələrindən öyrəndiklərinə dair praktik bacarıqlarının miqyasının tədricən genişlənməsini təmin etməlidir.
Təlimlərin müsbət nəticəyönümlülüyünə təsir edən çoxsaylı amillərdən biri də əlverişli təlim mühitinin yaradılmasıdır. Təlimlər zamanı elə mühit yaradılmalıdır ki, öyrənənlər təlim prosesində özlərini tam sərbəst hiss etsinlər, müzakirə olunan məsələlər haqda öz fikirlərini və ideyalarını bildirməkdən çəkinməsinlər.
Bu deyilənlərə nail olmaqdan ötrü öyrədənlər təlimin gedişində maksimum səylə çalışmalı, müxtəlif təlim üsullarından və metodlarından istifadəyə geniş yer verməli və öyrənənlərin verdikləri sualları onların başa düşəcəkləri tərzdə cavablandırmalıdır.
Modulların təlim nəticələrinin praktik fəaliyyətlə öyrədilən hissəsi tələbələrə bir çox bacarıqlar: kollektivdə birgə işləməyi, müxtəlif saytərkibli qruplarda ümumi işin icraçılarından biri olmağı və işləri yerinə yetirərkən özünə inanmağı və tam sərbəst olmağı aşılayır. Ona görə də müəllim öyrənənlər üçün aşağıda qeyd olunan şərtlərə uyğun şəraiti təşkil etməlidir:
* öyrənənlərin müəllimlə vizual əlaqə imkanı;
* qrup şəklində fəaliyyət göstərmək imkanı;
* iş yerində rahat hərəkət etmək imkanı;
* öyrənənlərə səriştələrini inkişaf etdirmək imkanı;
* təhlükəsizlik imkanı.
Öyrənənlər üçün yaradılan təlim mühiti o zaman mükəmməl nəticə verə bilər ki, bu mühit kurikulum tapşırıqlarına və istehsalatın tələblərinə uyğun olsun. Odur ki, praktik təlimlərin keçirildiyi yerlər məşğələnin məqsədindən asılı olaraq bir neçə fəaliyyət zonasına ayrılmalıdır:
* müəllim və istehsalat təlimi ustası üçün stol və stulla təşkil edilmiş fərdi məsləhətləşmə zonası;
* təlim avadanlıqları, iş yerləri, lazımi materiallarla və s. təchiz edilmiş praktik fəaliyyətlərin yerinə yetirildiyi zona;
* öyrənənlərin yerinə yetirəcəkləri tapşırıqlara dair nəzəri materialları mənimsəmələri üçün lazımi təlim vasitələri ilə təmin edilmiş mühazirə yeri və qrupların təlimatlandırılması üçün yaradılan tədris zonası.
Adətən modulların tədrisində müəllim və istehsalat təlimi ustası birlikdə fəaliyyət göstərirlər. Onlar birlikdə çalışırlar və özlərinin fəaliyyətlərinə aid olan aşağıdakı işləri yerinə yetirirlər:
* modulun məqsədini və məramını izah edirlər;
* təlim prosesini təşkil edirlər;
* tapşırıqların texnoloji ardıcıllıqla və standartlara uyğun yerinə yetirilməsinə nəzarət edirlər;
* öyrənənlərə lazımi məsləhətlər verməklə onlara dəstək nümayiş etdirirlər;
* iş zamanı yaranan problemləri tələbələrlə birlikdə müzakirə edirlər;
* ümumi xarakterli problemlər və çətinliklər yarandıqda isə əlavə olaraq mini-mühazirə təşkil edirlər.
Sıralamadan da göründüyü kimi müəllimlər öyrənənlərin tapşırıqları fərdi və ya qrupla necə yerinə yetirmələrinə nəzarət edirlər, onlara yeri gəldikcə lazımi tövsiyələr verirlər, tələbələrə veriləcək yeni tapşırıqlar üzərində işləyirlər. Başqa sözlə, onlar tələbələrə modul addımlarını öyrətməklə deyil, eyni zamanda təlim proqramından irəli gələn tələblərin təkmilləşdirilməsi istiqamətində işlər görürlər.
Təlim mühitinin kifayət səviyyədə mövcud olması öyrənənlərdə peşələrinə dair səriştələrə dərindən yiyələnmə tempini aşılayır ki, onlar praktik təcrübələrin yerinə yetirilməsində əsaslı çətinliklə üzləşməsinlər, rast gəlinən çətinlikləri də onların özləri fərdi qaydada dəf etməyi bacarsınlar.
Hikmət CAMALOV,
Abşeron-Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri