Sülh nə deməkdir?


VII dərs

 

Mövzu:

 

 

Sülh nə deməkdir?

 

Fənn:

 

Sosial araşdırmalar, Vətəndaşlıq, Həyat bilgisi

 

Təlim məqsədi:

 

* Sülhün bir neçə tərifini öyrənmək.

 

* Vətəndaş fəallarının fəaliyyətinin və simvollarının xüsusiyyətlərini araşdırmaq.

 

* Sinifdə və həyatda dinc birgə yaşam prinsiplərinin tətbiqi üsullarını müəyyənləşdirmək.

 

Hazırlıq:

 

* Əlavə 1-i oxuyun.

 

* Şagirdlərə tanış olan dinc və münaqişəli situasiyaları əks etdirən fotoşəkilləri seçin.

 

* Şagirdlərin vətəndaş fəalları haqqında tədqiqat aparmaq üçün lazım olan kitab və saytlara çıxış imkanı olduğuna əmin olun və ya əlavədəki məlumatları çap edin.

 

Müəllim üçün qeyd:

 

Bu dərs bəzi həssas məsələlərə toxunduğundan müəllim şagirdlərin hisslərinə ehtiyatla yanaşmalıdır.

 

Ümumi vaxt: 60 dəq.

 

Yaş həddi: 8-11 yaş.

 

Təlim tapşırığı - 5 dəq.

 

Dinc və münaqişəli situasiyaları əks etdirən (məsələn, dua etməyi, dostlar arasında söhbəti, qışqıran və özlərini aqressiv aparan insanları, insanların dinc nümayişini, tankları, polisin cəlb olunması ilə keçirilən etiraz aksiyasını) fotoşəkilləri seçin.

 

Şəkillər ehtiyatla seçilməlidir.

 

Şəkilləri şagirdlərə göstərin və onlardan hər bir şəkli ifadə edə biləcək 1-3 söz yazmağı xahiş edin. Şəkillərin onlarda oyatdığı hissləri əvvəlcə cütlüklərlə, sonra isə bütün siniflə müzakirə etməyi təklif edin.

 

Şagirdlərin diqqətini dinc və münaqişəli situasiyaları ifadə etmək üçün istifadə olunan sözlərə yönəldin və onlara  “Sizin fikrinizcə, münaqişəli situasiyalar nə səbəbdən baş verir?” sualını verin:

 

Dərsin mövzusunu və məqsədlərini elan edin

 

Təlim tapşırığı - 10 dəq.

 

Sülh nə deməkdir?

 

Şagirdlərə aşağıda verilən təriflərdən doğru və ya onların fikirləri ilə oxşar olanını seçməyi təklif edin:

 

* “qayğı və problemlərdən azad olmaq”;

 

* “mənəvi və ya emosional rahatlıq hissi”;

 

* “müharibənin olmadığı və ya bitdiyi dövr”.

 

Şagirdlər sülhü necə təsvir edir?

 

Şagirdlərin ideyalarını inkişaf etdirmək məqsədi ilə aşağıdakı suallardan istifadə edin:

 

* Müxtəlif insanlar üçün sülh müxtəlif məna kəsb edə bilərmi? Nə üçün belə ola bilər?

 

* Biz münaqişələri necə həll edirik? Münaqişələrin həlli üçün hansı dinc yollar mövcuddur?

 

* Biz sülhü daxilimizdə  və ya ətrafımızda hiss edirikmi?

 

Cavabları soruşmazdan əvvəl şagirdlərə düşünmək üçün bir neçə dəqiqə vaxt verin.

 

Şagirdlərin cavablarından bir neçə açar sözü və ideyaları lövhədə və ya flipçartda qeyd edin. Sülhün tərifi ilə bağlı əlavə məlumat əldə etmək üçün bu qısa məqaləni oxuyun: http://www.international-alert.org/what-peace.

 

İnternetə çıxışı olmayan şagirdlər paylayıcı materiallardan istifadə edə bilər (Əlavə 1).

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

11 yaşdan yuxarı və daha hazırlıqlı şagirdlər üçün siz insan hüquqları üzrə Ümumdünya Bəyannaməsindən aşağıdakı bəyanatı sitat gətirə bilərsiniz:

 

“Azadlığın, ədalətin və sülhün əsasını insan ailəsinin hər bir üzvünə və onların bərabər, ayrılmaz hüquqlarına xas olan ləyaqətin tanınması təşkil edir”.

 

“Bəyanat nə ifadə edir?” sualı ətrafında düşünməyi və müzakirə etməyi şagirdlərə təklif edin.

 

Bu müzakirəni fəallarla bağlı sonrakı tapşırıqla uzlaşdırmaq olar: fəalların əlavə 2-də verilən qısa tərcümeyi-halları  insan hüquqları ilə bağlıdır.

 

Təlim tapşırığı - 20 dəq.

 

Vətəndaş fəallarının həyatının tədqiqi.

 

Şagirdləri 3-4 nəfərlik qruplara bölün. Qruplara vətəndaş fəallarının  adları  qeyd olunan xüsusi vərəqələr paylayın və ya hər qrupa bir vətəndaş fəalını təklif edin. Fəal qismində Kərim Vəsfi, Leyma Qbovi, Mahatma Qandi, Malala Yusufzay və Nelson Mandelanı qeyd etmək olar.

 

Şagirdləri qruplar üzrə bölüşdürməyin optimal variantını seçin.

 

Şagirdlərə əlavə 2-dən materialları paylayın və ya internetdən istifadə edərək fəalların tərcümeyi-hallarını araşdırmağı təklif edin. Bəzi şagirdlər üçün məlumatı kompüter ekranından deyil, çap olunmuş material və kitablardan götürmək daha rahat ola bilər.

 

Seçiminizdən asılı olaraq mövzu ilə bağlı başqa fəalın tərcümeyi-halı da istifadə oluna bilər. Lakin nəzərə alın ki, bəzi fəallar müəyyən ölkə və ya region kontekstində siyasi xadim sayıla bilər. Ona görə də onları ehtiyatla seçin.

 

Şagirdlərə vərəq və ya plakat kağızı, yazı ləvazimatı verin. Fəalın həyatı ilə bağlı mühüm faktları və onların nəyə görə mübarizə apardıqlarını əks etdirən plakat hazırlamağı şagirdlərdən xahiş edin. Fəalın fotoşəklini çap etməyi və şəklini çəkməyi təklif edin.

 

Aşağıdakı sualları cavablandırmağı tapşırın:

 

* Sizin vətəndaş fəalınız kimdir? Onun adı nədir? O haradandır?

 

* Onun məqsədi nədir?

 

* O məqsədinə necə nail oldu və yaxud nail olmağa çalışır?

 

* Nə üçün onun metodları dinc metodlar sayılır?

 

* O hansı xüsusiyyətlərə malikdir?

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

Bəzi şagirdlər üçün ayrılıqda vətəndaş fəalını araşdırmaq çətin ola bilər. Belə halda alternativ olaraq bir və ya iki fəalı seçin və bütün siniflə birgə onların həyatını araşdırın.

 

Təlim tapşırığı - 10 dəq.

 

Təqdimatlar

 

Qruplara plakatların təqdimatı üçün 1-2 dəqiqə vaxt verin. Fəal haqqında bildiklərini və ya onun fəaliyyətini plakatdan oxumaq əvəzinə yaradıcı şəkildə nümayiş etdirməyi şagirdlərə (məsələn, qısa səhnəcik vasitəsilə) təklif edin.

 

Təlim tapşırığı - 10 dəq.

 

Şagirdlər tərəfindən sülhün müəyyən edilməsi

 

Şagirdlərə vərəqələr paylayın və onlardan sülhün nə olduğu barədə öz fikirlərini yazmağı xahiş edin. Fikirlərini sözlə ifadə edə bilməyənlərə sülhü təsvir etməyə icazə verin.

 

Vərəqələri yığın (anonin qalmaq istəyənlər vərəqələrdə adlarını qeyd etməyə bilər). Onlardan bir neçəsini sinfə oxumaq və ya göstərmək üçün seçin.

 

Müxtəlif təriflər verilən vərəqələri seçməyə çalışın.

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

Kiçikyaşlı və ya daha az hazırlıqlı şagirdlər üçün sülhün tərifini verərkən istifadə edə biləcəyi şəkil, söz və ifadələri seçib hazırlaya bilərsiniz.

 

Məsələn, Sülh... Hamının xoşbəxt olduğu, insanların bir-biri ilə müharibə aparmadığı bir dövrdür.

 

Vərəqələri sinifdə tematik sərgi təşkil etmək üçün istifadə etmək olar. Məsələn, şagirdlərdən sülhü və ya onun vacibliyini şərh edən digər sitat, şəkil və şeirlər tapmağı xahiş etmək olar.

 

Bu, digər şagirdlərə və məktəbin qonaqlarına sizin şagirdlərinizin nəyi öyrənib, müzakirə etdiyini anlamağa imkan yaradır.

 

Təlim tapşırığı - 5 dəq.

 

Siniflə birgə müzakirə.

 

* Biz bu gün nə öyrəndik? Davranışımız və dostlarla ünsiyyətimiz sinifdə nə kimi dəyişiklik edə bilər?

 

* Yer kürəsinin daha dinc və rahat məkan olması üçün biz nə edə bilərik?

 

Şagirdlərə bu sualları cütlərdə müzakirə etmək üçün vaxt ayırın, sonra isə onların bəzilərinə fikirlərini bölüşmək üçün şərait yaradın.

 

Qeyd edin ki, şagirdlər mövcud situasiyanı dəyişə, hətta kiçik işlər görməklə planetimizi daha dinc və rahat məkana çevirə bilərlər.

 

Digər tapşırıqlar üçün əlavə 3-ə baxın.

 

Diferensiasiya və alternativ tapşırıqlar

 

Bütün şagirdlərin dərsdə keçilənləri dərk etdiyini yoxlamaq üçün alternativ olaraq sualları yazılı şəkildə cavablandırmağı xahiş edin.

 

Qlobal Məqsədlərə çatmaq üçün fəaliyyətə başlayın.

 

Müəllim olaraq sizin şagirdlərin müsbət enerjisini düzgün istiqamətləndirmək və onları aciz olmadıqlarına, dəyişikliyin mümkün olduğuna inandırmaq imkanınız var.

 

“Design for Change” hərəkatı tərəfindən keçirilən “Mən bacarıram” məktəb müsabiqəsi uşaqları əməkdaşlığa çağıraraq öz mühitlərində dəyişikliklər etməyə və öz təcrübələrini dünyadakı uşaqlarla bölüşməyə dəvət edir. Başlamaq üçün www.dfcworld.com saytına daxil olun.

 

“Design for Change”in dərslər və ya şagirdlərə sərbəst fəaliyyətləri üçün www.globalgoals.org/worldslargestlesson sayta daxil olun.

 

Əlavə 1

 

Sülh nə deməkdir?

 

Sülhün müxtəlif təsvir üsulları var. Qlobal nöqteyi-nəzərdən sülh - münaqişələrin zorakılıqsız həll olunması və həyat keyfiyyətinin yaxşılaşmasıdır. www.international-alert.org saytına əsaslanaraq “Sülh:

 

* hər kəs təhlükə, qorxu və zorakılıq olmadan yaşayır və zorakılığın bütün formaları qanunla qadağan olunub;

 

* hər kəs qanun qarşısında bərabərdir, məhkəmə strukturlarına inanır, ədalətli və güclü qanunlar insan hüquqlarını müdafiə edir;

 

* hər kəs siyasi qərarların formalaşdırılmasında iştirak edə bilər və hökumət xalq qarşısında hesabat verir;

 

* hər kəs qida məhsulları, təmiz su, yaşayış yeri, təhsil, səhiyyə və layiqli həyat səviyyəsi kimi əsas tələbatlara ədalətli və bərabər çıxış imkanına malikdir;

 

* cinsindən, etnik mənsubiyyətindən və digər aspektindən asılı olmayaraq hər kəs işləmək və pul qazanmaq imkanına malikdir”.

 

Tənqidi təfəkkürü inkişaf etdirən suallar:

 

1. Nə üçün sülh bizim üçün vacibdir?

 

2. Yer kürəsi sülhsüz necə olardı? Dəyişərdi, yoxsa olduğu kimi qalardı?

 

3. Sizin üçün sülh nə deməkdir?

 

4. İnsan hüquqları haqqında eşitdiyinizlə sülhün bu cür tərifi arasında nə kimi oxşarlıq var?

 

Əlavə 2. Vətəndaş fəalları - Leyma Qbovi və Mahatma Qandi

 

Leyma Qbovi kimdir?

 

Leyma Qbovi 2003-cü ildə Liberiyada II vətəndaş müharibəsinə son qoyan, sülh uğrunda qadın hərəkatının lideri olaraq gördüyü işlərə görə 2011-ci ildə Nobel mükafatı almışdır.

 

Vətəndaş müharibəsi bir ölkə daxilində müxtəlif insan qrupları arasında aparılan müharibədir.

 

Leyma 1972-ci ildə mərkəzi Liberiyada anadan olmuşdur.

 

I vətəndaş müharibəsi başlayanda o öz valideynləri və bacıları ilə Liberiyanın paytaxtı Monrovi şəhərində yaşayırdı.

 

Leyma I vətəndaş müharibəsinin başlandığı ilk günü yaxşı xatırlayır. “İyul səhərlərindən birində, mən 17 yaşında idim, həkim olmaq arzusu ilə universitetə gedirdim, birdən döyüşlər başlandı”.

 

Leyma Qbovi nə edib?

 

Müharibənin liberiyalılara təsirini görərək o, müharibə şəraitində yaşayan uşaqlara kömək etmək üçün postravmatik sindrom üzrə psixoloq olmağı qərara aldı. Postravmatik sindrom üzrə ixtisaslaşmış psixoloqlar müharibə, zorakılıq və ya ekstremal situasiyalarda zərər çəkmiş insanlara, onları təqib edən kədərli xatirələrdən azad olmağa kömək edir.

 

O, tanıdığı xristian qadınlarını sülh naminə hərəkata cəlb etmişdir. Sonra isə müsəlman qadınları ilə işləyərək bu qrupları bir araya gətirmişdir.

 

Leyma həmin qrupun nümayəndəsi, bir neçə həftə davam və minlərlə insanları əhatə edən qadınların etiraz aksiyasının lideri olmuşdur. Leyma Liberiya qadınlarının hərəkatı tərəfindən təşkil olunmuş sülh naminə ictimai etiraz aksiyalarına başçılıq etmişdir. Liberiyanın prezidenti Çarlz Teyloru fəallarla görüşməyə və Qanada keçirilən rəsmi sülh danışıqlarında iştirak etməyə vadar etmişdir. Leyma Liberiyada yerləşən, onun adını daşıyan Afrika Sülh Fondunun təsisçisi və prezidentidir. Onun fondu Qərbi Afrikada qız, qadın və gəncləri təhsil və liderlik qabiliyyətlərinin inkişafı sahəsində dəstəkləyir.

 

 

Mahatma Qandi kimdir?

 

Mahatma Qandi 1869-cu il oktyabrın 2-də Hindistanda varlı ailədə anadan olmuşdur. Atası yerli ictimai xadim idi. O, oğlunun hüquqşünas olmasını arzulayırdı və 19 yaşında Londona təhsil almağa göndərmişdi. Üç ildən sonra o, Hindistana qayıtdı və şəxsi hüquq firmasını açdı, lakin uğursuzluğa düçar oldu. O digər hüquq firmasında işə düzəlməyi qərara aldı və Cənubi Afrikaya köçdü. Afrikada olarkən o, hindlilərə qarşı olan irqi ədavəti özündə hiss etdi. 20 il ərzində o hindlilər əleyhinə olan ayrı-seçkilik qanunvericiliyinə qarşı çıxış etdi. Bu ayrı-seçkilik Qandinin vətəndaş hüquqları uğrunda mübarizəyə başlamasına təkan verdi.

 

Mahatma Qandi nə edib?

 

1941-ci ildə vətəninə qayıdan Mahatma Qandi Hindistanı Böyük Britaniyanın müstəmləkəçiliyindən azad etmək uğrunda mübarizəyə tam hazır idi. O, Hindistan Milli Konqresinə başçılıq edərək ədalətsiz vergilərə və diskriminasiyaya qarşı mübarizə aparmaqda kasıb fermerlərə və fəhlələrə kömək edirdi. Onun digər məqsədləri kasıblığın azaldılması, qadın və kişilər arasında bərabərsizliyi aradan qaldırmaq idi. Bu məqsədlərə nail olmaq üçün o, vətəndaş itaətsizliyi aksiyaları təşkil edirdi.

 

Bu aksiyalar zamanı böyük insan kütlələri işləməkdən imtina edərək, küçələrdə oturub məhkəmələri boykot edirdilər. Bu aksiyalar eyni zamanda keçirilsə, bütün ölkənin işini iflic edə bilərdi. Bu etirazlar qeyri-qanuni olduğu üçün Qandi bir neçə dəfə həbs olunmuşdur. O, həbsdə olan zaman aclıq elan edirdi. Nəhayət, 1931-ci ildə Britaniya hökuməti onu azad etdi. Hindlilər onu çox sevirdilər. Çünki Qandi vətəndaş hüquqları uğrunda mübarizə aparırdı. Ömür boyu Qandi təvazökar həyat tərzi sürmüşdür. O, etirazlara çox əhəmiyyət versə də, həmişə zorakılığın əleyhinə olmuşdur. Qandi bu günə qədər dünyanın bir çox vətəndaş fəalları üçün böyük ilham mənbəyi olaraq qalır.

 

 

Əlavə 3

 

 

Əlavə tapşırıqlar:

 

 

Siniflə birgə “Sülh sazişini” hazırlayın:

 

* Şagirdlərlə birgə sinifdə sülh və əmin-amanlıq şəraitini qorumaq üçün zəruri tədbirləri müəyyənləşdirin. Sazişi vərəqə yazın və ya çap edin. Şagirdlərdən onu imzalamağı xahiş edin.

 

“Böyük xeyirxahlıq” müsabiqəsi:

 

* “Xeyirxahlıq aktları” üçün vasitələr siyahısını daxil etməklə “Böyük xeyirxahlıq” məktəb müsabiqəsində iştirak edin.

 

* Fərdi qaydada iştirak edin: www.greatkindnesschallenge.org/event.html

 

*  Məktəbinizi qeydiyyata salın və onu daha xeyirxah məkana çevirməyi öhdənizə götürün: www.greatkindnesschallenge.org/School/event.html